Sentyabrın 9- da mədəniyyət naziri Adil Kərimli anadan olmasının 95 illiyi ilə əlaqədar Xalq rəssamı Tofiq Ağababayevlə görüşüb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.
Səmimi keçən görüşdə Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, mədəniyyət nazirinin müavinləri və nazirliyin əməkdaşları iştirak ediblər.
Nazir Adil Kərimli rəngkarlıq məktəbimizin görkəmli nümayəndəsini 95 illik yubileyi münasibətilə təbrik edib, onun Azərbaycan mədəniyyətinə, təsviri sənətinə verdiyi töhfələri, həmçinin zəngin mədəniyyətimizin təbliğ edilməsində səmərəli fəaliyyətini vurğulayaraq rəssama mədəniyyət nazirliyinin kollektivinin təbriklərini və ən xoş arzularını çatdırıb. Nazir Azərbaycan mədəniyyətinin inkişafında və təbliğində verdiyi töhfələrə görə nazirliyin Fəxri diplomunu fırça ustasına təqdim edib.
Tofiq Ağababayev göstərilən diqqətə görə təşəkkürünü bildirib.
Qeyd edək ki, Tofiq Ağababayev monumental dekorativ-tətbiqi sənət, qrafika və boyakarlıq sahəsində əsərlər yaradıb. Bakı şəhərinin ilk baş rəssamı vəzifəsində çalışıb. Paytaxtımızın simvolik açarının düzəldilməsi də sənətkarın adı ilə bağlıdır.
“Ədəbiyyat və incəsənət”
(11.09.2023)