Xəbər verdiyimiz kimi, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə 1-3 sentyabr tarixlərində Azərbaycan Dili və Ədəbiyyatı Forumu keçiriləcək.
Bu münasibətlə avqustun 30-da Mədəniyyət Nazirliyində foruma qatılacaq panel iştirakçıları və məruzəçilərlə görüş təşkil olunub.
“Ədəbiyyat və incəsənət” portalı xəbət verir ki, görüşdə mədəniyyət naziri Adil Kərimli, nazir müşaviri Orxan Fikrətoğlu, Xalq yazıçısı Çingiz Abdullayev, Xalq şairi Sabir Rüstəmxanlı, akademiklər Nizami Cəfərov, Rəfael Hüseynov, yazıçılar Aqil Abbas, Elçin Hüseynbəyli, Varis, İlqar Fəhmi, şairlər Əkbər Qoşalı, Aqşin Yenisey, Qəşəm Nəcəfzadə, naşirlər Şəmil Sadiq, Şahbaz Xuduoğlu, milli kitabxananın direktoru Kərim Tahirov, Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı və digər şəxslər iştirak ediblər.
Görüşdə forumun mövzuları və tədbirin proqramı ilə bağlı müzakirələr aparılıb, fikir və təkliflər səsləndirilib, müvafiq qeydlər nəzərə alınıb.
Bildirək ki, Azərbaycan Dili və Ədəbiyyatı Forumu sabah - sentyabrın 1-də Şamaxı şəhərində işə başlayacaq, sentyabrın 2-3-də Bakıda, “Gülüstan” Sarayında davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(31.08.2023)