Göydən yazıq alimə düşən almanı başqası qapıb apardı… Featured

Sadiq Qarayev, “Ədəbiyyat və incəsənət” üçün

 

Bu gün tezdən işə gedəndə bir alim yoldaş gördüm, məndən öndə gedirdi. Əlində köhnə balaca, qara çanta var idi. Asanca bildim ki, içində köhnə, ola bilsin 2- 3 gün əvvəldən, bəlkə də dinozavrların dövründən qalmış  dolma, ya kartof soyutması var, yarı da bölünmüş soğan, aparır günortaya çatmamış işdə pıxsın. 

Necə oldusa, ayağı deyəsən büdrəyən kimi oldu, yana, sonra geri çöndü, məni gördü. Onun köhnə paltonun içindəki bədəni sanki yay kimi rəqsi hərəkət etdi, amma yıxılmadı, üstəlik mənə salam da verdi. Onda zənn etdim ki, alimlər qiyamət tufanında, ana balasına sahib çıxa bilməyəndə də öz mənəvi müvazinətlərini, ideya və əqidələrini itirməyəcəklər.

Axşam da işdən gələndə uzaqdan bir alim yoldaşın dayanacaqda mənə tərəf gəldiyini, bəlkə də uçduğunu gördüm. Bu yoldaş az qala mənə dəyirdi, amma sanki görmürdü. Bəlkə tezdən olsa görərdi? Onda göydə yox, yerdə idi.  İndisə gün ərzində işlədiyi fikirin, ideyalarının  qanadlarında  asanlıqla dünyanı gəzməyə çıxmışdı. Öz aləmində idi. Dikisindirib, gətirdim, yer kürəsinə... Yanımızdan keçən bahalı, qara ayıya oxşayan maşınlara baxa-baxa xeyli danışdı yeni ideyalarından.

Qulaq asdım, paltosuna baxa-baxa. Onun da paltosu köhnə idi. Deyirdi, filan qurğular, reaktivlər olsa lap əla olar. Soruşdum, neyləyəcəksən, dedi, filan şeyi axtaracam, filan nəticəni alacam. Dedim, yaxşı, ondan sonra nə olacaq, durub prizmadan keçib 7 rəngə  ayrılan ağ işığa bənzər baxışlarla üzümə baxmağa başladı. Düşündüm ki, nahaq elədim, onu göydən endirib, yer kürəsinə gətirdim.

Avtobus gəldi, böyük kimi ona yol verdim, önə keçsin. Yenə duruxdu, hərəkətini yavaşıtdı...

Dərhal anladım ki, "O qabaqlar idi yol böyüyün olardı, avtobusa minəndə yol kimin kartında pul varsa onun olar, alim balası".

Önə keçdim, kartı vurdum ikimiz də keçdik. Üzünə baxıb, güldüm. Soruşdu nəyə gülürsən?

Dedim, sən elə bir icad edə bilərsən ki, kartı yaxınlaşdıranda pul çıxmasın, əksinə oradan geri, karta pul köçsün?

Yenə qəribə rəngli baxdı mənə.

 

Əslində gülməyimin səbəbi o deyildi. 

Şərurdan Bakıya gəlirdik qatarla. İkinci mərtəbədə uzanmışdım, mürgüləyürdüm.

Dədəm siqret çəkməkdən qaydıb, girdi kupeyə.

Qoca bibim də alt mərtəbədə oturub, əl- qolunu, başını qoymağa yer axtara-axtara mürgüləyirdi.. 

Qarayev (atamı soyadla çağırıram) bir ona,  bir mənə baxdı:

-Ə, sən nə mədəniyyətsiz adamsan, arvadı burda qoyub, özün qalxmısan yuxarı...- dedi.

Əslində mən düşünmüşdüm ki, yaşlı adamdı, ordan yıxılar. Amma deməzsınmiş, bibi də aşığda yatmaqdan utanırmış, axı kupedə bir nəfər başqa kişi də vardı.

Kişi də deyəndə nəvəsi yaşda bir gənc.

İndi yadıma düşmüşdü ki, bu alim yoldaşı avtobusda irəli buraxmağı dədəm görsəydi eyni sözü təkrarlayıb "bəlkə kartında pulu yoxdur" deyərdi.

Avtobusda  asanlıqıa inandım ki, bu alimlər qıl körpüsündən "aftoşluq" edib keçəcəklər, çiyinlərində də "qabadayılar" kimi atdıqları paltolar olacaq. 

Amma köhnə paltolar.

Onlara kvarklar kiçikliyindən kainat sonsuzluğuna qədər dünyanı gəzmək, hüceyrlərin içinə girmək, İşıq sürətilə "gəzmək" asan, təzə paltonun içinə girmək çətindir...

Göydən üç alma düşməyə başladı, alim yoldaş almaları təhlil, analiz etməyə başlamışdı ki, yanımzda gedən "qara ayının" içindən qızıl saatlı bir qol çıxıb, bir anda almaları tutub, qırmızıdan keçib getdi...

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.