Bakı başdan başa şərab dükanlarına bürünür. Hər addımda birinə rast gələrsən. İnsanlar sürətlə dimdən, imandan uzaqlaşmaqda, şairlər də gileylənməkdədir.
“Ədəbiyyat və incəsənət” portalı şair Rəfail İncəyurdun “Şərab” adlı satirik şeirini təqdim edir.
Çox güclüdü, bərki boşa döndərir,
Sevən qəlbi qara daşa döndərir.
Ya çarəsiz bir əyyaşa döndərir,
Qapılarda yallandırır adamı, - deyərək şair şərabın insana vurduğu zərəri beləcə ifadə edir.
Şeiri oxuyaq və ibrət dərsi alaq.
Şərab nədir?
-Hər nədirsə axırda
şirin-şirin hallandırır adamı.
Ya ağıya döndərir bir salamı,
Ya “bəh-bəh”nən ballandırır adamı.
Gah buludun göz yaşıdı quraxda,
Gah ən ağır bir söyüşdü qulaxda.
Gah quzuya döndərir bir qıraxda,
Gah şir kimi qallandırır adamı.
Çox güclüdü, bərki boşa döndərir,
Sevən qəlbi qara daşa döndərir.
Ya çarəsiz bir əyyaşa döndərir,
Qapılarda yallandırır adamı.
Haqq əhlinin çaralıdı qapısı,
Qonaqlıdı-qaralıdı qapısı.
Eşq ilə gir, aralıdı qapısı –
Yaxın dosta qullandırır adamı.
Baxmalısan öncə evə-eşiyə,
Baxmalısan zamanında hər şeyə.
Yeyib-içmək yaraşmaz hər kişiyə,
Yaraşdıqca bollandırır adamı.
Yaxşı yığnaq kimin gəlməz xoşuna?
Yamanına düşən gərək daşına.
Artıq şərab yad vərdişin başına
Pərvanətək dolandırır adamı.
Kim nə görüb? Çatan varmı axıra?
Kim dinləyə? Kim susa? Kim çığıra?
Gec-tez salıb haqq etdiyi cığıra
Öz yerinə yollandırır adamı.
(19.11.24)
“Ədəbiyyat və incəsənət”
(27.11.2024)