Baxın, bizim müəssisələr havaya zəhər buraxır, biziç flora və faunanı qırıb çatır, su hövzələrini, küçələri, təbiəti - hər yeri zibilləyirik. Halbuki insan dağıtmaq üçün deyil, qurmaq üçün yaranıb.
“Ədəbiyyat və incəsənət” portalının diqqətini həftəsonu baş verən bu hadisə cəlb etdi: Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Azərbaycan Fotoqrafları Birliyi”nin təşkilatçılığı və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin dəstəyi ilə dəniz sahilinin məişət tullantılarından təmizlənmə aksiyası keçirilmişdi.
Demək, aksiyanın keçirilməsində əsas məqsəd Xəzər dənizində son illər baş verən təbii proseslərdə dəniz sahilində suyun çəkilməsi ilə əlaqədar yaranan vəziyyətlə bağlı tədbirlərə qoşulmaq və ictimaiyyətin fikrini bu tipli aksiyalara cəlb etməkdən ibarət olub.
Aksiyada “Azərbaycan Fotoqrafları Birliyi”nin üzvləri, həvəskar fotoqraflar, Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllim və tələbə heyəti, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin əməkdaşları və Abşeron Milli Parkının könüllüləri iştirak ediblər.
Abşeron Milli Parkının Şah Dili Qoruğu sahil zolağında “Təbiətə bir gün” devizi altında məişət tullantılarından, plastik və dəmir qablardan təmizləmə işləri aparılıb, toplanmış tullantılar tullantı məntəqəsinə təhvil verilib.
Bu təşəbbüsə hamı qoşulsa necə əla olar!
“Ədəbiyyat və incəsənət”
(01.05.2023)