Kuturyelərdən biri, gərək ki, Versaçe demişdi ki, moda birləşdirir. Həqiqətən də eyni zövqlü adamlar həmişə oxşar üslubda geyinir, bir çox cəhətdən birləşirlər. Amma moda tək fərdləri deyil, mədəniyyətləri də bəzən birləşdirməyi bacarır.
Şuşa şəhərinin Türk dünyasının Mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə layihəsi əsasında Daşkənddə keçirilən "Şuşa günləri" çərçivəsində Qarabağ geyimlərinin moda sərgisi təqdim olunub.
“Ədəbiyyta və incəsənət” portalı Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə istinadən xəbər verir ki, Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynerlər Assosiasiyasının üzvü, modelyer-dizayner Gülnarə Xəlilovanın "Qarabağ" adlı kolleksiyası Daşkənddə böyük maraqla qarşılanıb. Defiledə Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun tələbələri iştirak ediblər. Qeyd edək ki, Gülnarə Xəlilova özü də defiledə
öz tikmələrini nümayiş etdirib.
Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Azərbaycan Milli Məclisinin deputatı Vüqar İsgəndərov, Özbəkistan Ali Məclisinin deputatı, şair İqbal Mirzə, Türk dövlətləri Parlament Assambleyasının Baş katibi Mehmet Sureyya Er Türk, Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun rektoru Eldor Şermanov Azərbaycan və Özbəkistan arasında yüksələn xətlə inkişaf edən əlaqələr, tarixi və qardaşlıq münasibətlərindən bəhs edib, “Şuşa günləri”nin əhəmiyyətini vurğulayıblar.
Həmçinin konsert proqramı təqdim olunub.
Gülnarə Xəlilovanın kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç və digər ölkələrdə moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş etdirilməsi, xüsusən “Qarabağ” kolleksiyasının xaricdə təbliği olduqca sevindirici haldır.
Öndə qeyd etdik axı, moda birləşdirir.
“Ədəbiyyat və incəsənət”
(17.04.2023)