Nobel mükafatçısı Azərbaycan barədə gözəl sözlər söyləyib Featured

X Qlobal Bakı Forumunda iştirak etmək üçün Bakıya səfər etmiş Nobel sülh mükafatı laureatı, hindistanlı Kailaş Satyartini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbul etmişdi. Həmin görüşqn təfərrüatını az sonra xatırladacağıq. İndi isə əsas xəbər:

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Nobel sülh mükafatı laureatı Kailaş Satyarti tviter hesabında Azərbaycanın xeyrinə “Azərbaycan mədəniyyətlərin və sivilizasiyaların bir-birinə qovuşduğu məkandır” kəlmələrini

yazıb.

Onun sözlərinə görə, İçərişəhərdə gəzinti keçmişə səyahət kimidir.

"II əsrdə tikilmiş Atəşgah məbədi qədim parsilərin və müsəlmanların ibadət yeri olub. Sonralar, XVI əsrdə bura indusların və sikxlərin məbədi olub", - paylaşımda deyilir.

İndi də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kailaş Satyartini qəbul etdiyi günü xatırlayaq. 

Həmin görüşdə Kailaş Satyarti X Qlobal Bakı Forumunun əhəmiyyətindən danışıb, özünün dediyi kimi, bu cür tarixi bir tədbirin yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısına minnətdarlığını bildirib, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə sıx əməkdaşlıq etməkdən məmnunluğunu ifadə edib. Qonaq qeyd edib ki, dünyada hazırkı zamanda bu tədbir çox böyük önəm daşıyır. O deyib: “Hazırda dünyada mədəniyyətlər arasında parçalanmanın baş verdiyi və bu sahədə ciddi təhdidlərin mövcud olduğu bir dövrdə Sizin rəhbərliyinizlə bu önəmli Forum çox lazımlı bir vaxtda təşkil edilib”.

Xoş sözlərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı Nobel sülh mükafatı laureatı Kailaş Satyartinin bu Forumda iştirakını və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə fəal əməkdaşlığını yüksək qiymətləndirib.

Prezident İlham Əliyev ölkəmizin Qərblə Şərq arasında mədəni körpü qurulması işinə töhfə verdiyini vurğulayaraq, Azərbaycanın mütəmadi olaraq mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini bildirib və gələn il BMT ilə birgə Mədəniyyətlərarası Dialoq Forumunun da keçiriləcəyini diqqətə çatdırıb.

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan multikultural dövlətdir, ölkəmizdə tarixən müxtəlif mədəniyyətlərin və dini konfessiyaların nümayəndələri dinc yanaşı yaşayıblar. Bununla da, Azərbaycan müxtəlif sivilizasiyaların bir araya gəlməsində mühüm rol oynayır.

X Qlobal Bakı Forumunun önəminə toxunan Azərbaycan Prezidenti çox sayda ölkədən tanınmış siyasi və ictimai xadimlərin, digər nümayəndələrin burada iştirakını tədbirin nüfuzunun göstəricisi kimi dəyərləndirib.

Görüşdə Azərbaycanın zəngin tarixi və mədəni irsi barədə danışılıb.

 

“Ədəbiyyat və incəsənət”

(15.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.