Olduqca məşhur səyahət saytı “TripAdvisor” istifadəçilərinin rəyinə əsasən ölkəmizin 220 cəlbedici məkanı sırasında ən yaxşısını müəyyənləşdirib. Nəticə sizin gözlədiyiniz kimi deyil. Olsun ki, bu məkanı siz heç tanımırsınız da. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyi ölkəmizin ən cəlbedici məkanları sırasında birinci yerdə qərarlaşıb.
Bu barədə ASCO-dan mediaya məlumat verilib.
Qeyd edək ki, “TripAdvisor” platformasında dünyanın hər bölgəsində yerləşən istirahət və turizm mərkəzləri dəyərləndirilir. Turistlər bu saytı özlərinə “səyahət məsləhətçisi” bilirlər.
Dənizkənarı Milli Park ərazisində yerləşən “Suraxanı” gəmi-muzeyi qədim dənizçilik ənənələrinə malik müasir Azərbaycanın keçmişi ilə gələcəyi arasında körpü rolunu oynayır. Gəmi-muzeyin ekspozisiyasında nümayiş olunan istər audio-video, istərsə çap materialları Azərbaycan, ingilis və rus dillərində sərgilənir. Burada təşkil edilən ekskursiyalar da 3 dildə aparılır.
Gəmi-muzeyində turun qiyməti isə cəmi 12 manatdır.
İndi də sizi “Suraxanı” gəmi-muzeyinə digital səyahətə dəvət edirik.
“Ədəbiyyat və incəsənət”
(24.01.2023)