Faciələr yaşamış Azərbaycan gözəlinin hekayəti Featured

 

Leyla Bədəlbəylinin anadan olmasının 103-cü ildönümü tamam oldu

 

Bazar günü Azərbaycan teatrının görkəmli nümayəndəsi, milli kino sənətimizin bənzərsiz siması Leyla Bədirbəylinin anadan olmasının 103 illiyi tamam oldu. “Azərbaycan gözəli” adını almış aktrisanın  çox maraqlı, həm də faciəli bir həyat tarixçəsi var. 

 

Leyla Bədirbəyli fitri istedada malik teatr ustası kimi ifa üslubundakı səmimiyyət, məlahət və təbiilik sayəsində dramaturqlarımızın və dünya ədəbiyyatı klassiklərinin çox sayda qadın qəhrəmanına zəngin boyalarla parlaq səhnə həyatı verib.

Xalq artisti, Dövlət mükafatı laureatı Leyla Bədirbəyli yaratdığı təkrarsız obrazlarla öz adını Azərbaycan sənət tarixinə yazdırmağı bacaran sənətkarlardandır.

O, 1920-ci il yanvarın 8-də Bakıda dünyaya göz açıb. Anası Bikə xanım Şəmkirdə Musa xanın qızı, atası Ağalar bəy isə həmin bölgənin kənd bəylərindən olub.

Balaca Leylanın uşaqlıq illəri Bakıda, daha doğrusu, İçərişəhərdə keçib. Leyla Bədirbəylinin sənətə gəlməyində anası Bikə xanımın böyük rolu olub. Belə ki, həmin illərdə Əli Bayramov klubundakı qadınlar dərnəyinə gedən Bikə xanım böyük qızı Leylanı da özü ilə aparırmış. Rəqsə böyük marağı olan gələcəyin məşhur aktrisasının istedadını üzə çıxardığı ilk sahə də məhz rəqs olur. Belə ki, fərqli xarici görünüşə və rəqs bacarığına sahib olan L.Bədirbəyli Azərbaycan Dövlət Filarmoniyasına dəvət edilir. Filarmoniyada çalışdığı illərdə “Ayna” və “Bakının işıqları” filmlərində rol alan Leyla Bədirbəyli 1941-ci ildə 21 yaşında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına dəvət olunur. O, 33 il bu sənət məbədinin səhnəsində bir-birindən fərqli qadın obrazları yaradıb. Azərbaycan teatrının inkişafında Leyla Bədirbəylinin xidmətləri həmişə xatırlanır. O, milli teatrımızın səhnəsində yaratdığı Sara (“Solğun çiçəklər”), Solmaz (“Od gəlini”), Şəlalə (“Yalan”), Dezdemona (“Otello”), Liza (“Canlı meyit”), Nərminə (“Göz həkimi”) və digər bu kimi obrazları ilə mədəniyyət tariximizin qızıl səhifələrini yazıb.

Kinoda Leyla xanımın parlamağında Üzeyir Hacıbəylinin böyük rolu olur. Belə ki, 1945-ci ildə “Arşın mal alan” filmi çəkilərkən Rza Təhmasib Gülçöhrə rolu üçün gözəl xarici görünüşə malik qız axtarırmış. Məhz Üzeyir Hacıbəylinin tövsiyəsindən sonra Leyla Bədirbəyli bu rola təsdiqlənir.

Leyla Bədirbəylinin Azərbaycan kinosunun inkişafındakı fədakarcasına xidməti təkcə Gülçöhrə ilə bağlı deyildir. İstedadlı aktrisa 50-yə yaxın filmdə, o cümlədən “Səbuhi”, “Fətəli xan”, “Dəli Kür”, “Sevil”, “Onun böyük ürəyi”, “Dərviş Parisi partladır” filmlərində unudulmaz, eləcə də yaddaqalan obrazlar yaradıb.

Leyla Bədirbəylidən Tanrı heç nəyi əsirgəməmişdi. Çox gözəl idi, istedadlı idi. Onu sevən, anlayan, qiymətləndirən və həyatın  bütün təzyiqlərindən qoruyan həyat yoldaşı vardı. 55 il bir yerdə xoşbəxt, qayğısız həyat sürmüşdülər. İki qız övladları vardı. Bütün bunlar Leyla xanımın təravətli qalması üçün stimul idi. Bir gün həyat yoldaşı ona “sənə yeni maşın almaq üçün Almaniyaya gedəcəm” deyir. Leyla xanım maşınları olduğu üçün etiraz edir, “neyniyirsən yeni maşını, mənə bu da bəsdir” deyir. Kamil “o maşın daha sənə yaraşmır” cavabını verir və səhəri Almaniyaya yola düşür. 

O gedir, maşını alır, yol uzun olduğu üçün məsuliyyəti öz boynuna çəkməyib orda yaşayan bir dostu ilə Bakıya doğru yola çıxırlar. Yağışlı havada necə olursa maşın sürüşüb yoldan çıxır və hər ikisi qəzada həlak olur. Onun cənazəsi Bakıya gələndə Leyla xanım dərddən üzülür. 

 Ərini ürəkdən sevən həyat yoldaşı üçün bu itkiyə dözmək çox çətin olur. Ancaq bu, bəs etmirmiş kimi, dərd üzərinə daha bir dərd gəlir... Heç bir il keçməmiş buna bənzər daha bir faciə baş verir. Leyla Bədirbəylinin böyük qızı Lalə xanımı Kukla Teatrının qabağında maşın vurur. Övlad itkisi də ananın ürəyinə dağ çəkir. İki böyük itki Leyla xanımın ömrünü şam kimi əritməyə başlayır. Bu iki ölümdən sonra o özü də tədricən sağkən ölməyə başlayır. Həyatdan küsür. Ər, övlad itkisindən sonra özünə qapanır. 3-4 il isə ümumiyyətlə, evdən çölə çıxmır. Onun üçün artıq heç nəyin marağı yox idi. Nə televizora baxırdı, nə də mütaliə edirdi. Hətta heç kimlə görüşüb danışmaq belə istəmirdi.

Bunu eşidən ölkə başçısı o vaxt Leyla Bədirbəyliyə istiqlal ordenini təqdim etmək üçün onu evdən çıxarda bilir. İllər ərzində bu görüş, bu evdən çıxma ilk və son dəfə olur. Yenə özünə qapanır. Onu həmin təqdimetmə mərasimindən görənlər Leyla xanımın niyə evə qapıldığını yaxşı anlayırdılar. Azərbaycan gözəli belə dərd içində, yaşlı, miskin kimi yaddaşlarda qalmaq istəmir. Onu əvvəlki, Gülçöhrəli Leyla kimi xatırlamalarını istəyir.

 1999-cu il noyabrın 23-də Leyla Bədirbəyli gözlərini əbədi olaraq yumur. Dünyasını dəyişən gün də o, heç kimlə danışmayıb. Hamıdan, həyatdan, taleyindən küskün kimi sadəcə gözlərini yumub və gedib.

 İndi onun adını kiçik nəvəsi daşıyır.

 

Görkəmli aktrisanın fəaliyyəti dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilib. Prezident İlham Əliyev 2019-cu ilin dekabrın 29-da imzaladığı Sərəncamla ölkəmizdə Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.