Katoliklik Bakıda “Müqəddəs Məryəmin nuru”nu təqdim edib
Azərbaycan həqiqətən də tolerant ölkədir. Burada məscidlər, kilsələr və sinaqoqlar yan-yana fəaliyyət göstərir, başqa dinlərin nümayəndələri rahatlıqla ibadət edirlər.
Ötən gün “Müqəddəs Məryəm Ana Katolik Kilsəsi”ndə “Müqəddəs Məryəmin nuru” adlı rəsm əsərin təqdimatı olub. Əsərin müəllifi rəssam, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi Gülarə Salayevadır. Rəssamın əsas fəaliyyət istiqaməti bədii toxuculuqdur. Yaradıcılığında ənənəvi janr və texnikaların sintezinə meyilli olan Salayevanın əsərləri Azərbaycanda və digər ölkələrdə nümayiş olunur.
İndi qayıdaq təqdimat mərasiminə. Mərasimdə ölkəmizdəki müxtəlif dini konfessiyaların nümayəndələri iştirak ediblər.
Gülarə Salayeva Müqəddəs Məryəmin təsviri olan əsəri kilsəyə hədiyyə edilib. Əsərin üzərində mavi geyimli və incə qatlarla verilən baş örtüyünün fonunda 12 şüalı günəşli tac, həmçinin onu əhatə edən eyni saylı qızıl ulduzlar vurğulanır.
Rəssam qeyd edib ki, Müqəddəs Məryəm obrazı bəşəriyyət tarixi-ictimai düşüncəsində mühüm və əhəmiyyətli yerə malikdir. İdeallıq haqqında təsəvvürləri öz surətində ifadə edən bu universal obraz xristianlıq tarixində dəqiq qanunlara əsaslanaraq müvafiq tərzdə vizuallaşıb.
Mərasimdə çıxış edənlər tolerantlıq nümunəsi olan Azərbaycanda multikultural dəyərlərə və ənənələrə həssaslıqla, hörmətlə yanaşıldığını vurğulayıblar. Bildiriblər ki, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan, eyni zamanda, millətlərarası və dinlərarası münasibətlərin inkişaf etdirilməsi baxımından da nümunəvi ölkə kimi xarakterizə olunur. Ölkədə milli və dini müxtəliflik bəzi dövlətlərdən fərqli olaraq insanlar arasında fərq yaradan amil kimi deyil, əksinə, tolerantlıq mühitinin əsas komponentləri olaraq çıxış edir.
“Ədəbiyyat və incəsənət”
(06.01.2023)