Turizm elə bir sahədir ki, daim özünə yeni-yeni coğrafiyalar cəlb etməkdə maraqlıdır. Dövlət Turizm Agentliyi də bu qanunauyğunluğu əsas tutaraq ən müxtəlif ölkələrdə bizim turizm potensialımızın prezentasiyalarını həyata keçirir.
Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə bu dəfə Cənubi Koreyanın paytaxtı Seulda ölkəmizin turizm potensialının təbliği məqsədilə tədbir təşkil olunub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin mediaya açıqlamasında deyilir.
Tədbirdə 2025-ci ilin may ayından etibarən Seuldan Bakıya həftədə bir dəfə olmaqla cümə günləri Cənubi Koreya tur operatorları tərəfindən təşkil ediləcək birbaşa uçuşların anonsu verilib. 2025-ci ilin iyul ayının ortalarına kimi həyata keçirilməsi planlaşdırılan uçuşlar AZAL tərəfindən icra ediləcək.
Tədbirdə çıxış edən Azərbaycanın Koreya Respublikasındakı səfiri Ramin Həsənov birbaşa uçuşların iki ölkə arasında əlaqələrin inkişafına, qarşılıqlı tanıtıma və turist mübadiləsinə töhfə verəcəyini bildirib.
Şəbəkələşmə tədbirində Koreyanın turizm sənayesinin təmsilçiləri, media nümayəndələri ilə yanaşı, Azərbaycanın aparıcı turizm şirkətlərinin nümayəndələri də iştirak ediblər.
Qarşılıqlı əməkdaşlıq imkanlarının müzakirə olunduğu görüşdə Azərbaycanın təbiəti, tarixi məkanları, maddi və mədəni irs nümunələri, Bakının müasir memarlıq nümunələri, UNESCO-nun irs siyahısına daxil edilmiş abidələr və müxtəlif turizm növləri haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, cari ilin 10 ayı ərzində ölkəmizə gələn Cənubi Koreya vətəndaşlarının sayında ötən ilin eyni dövrü ilə müqayisədə 91 faiz artım müşahidə olunur.
“Ədəbiyyat və incəsənət”
(27.11.2024)