Azərbaycandan Dubaya turist axını xeyli artıb

Ötən ilin yayında Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında viza rejiminin ləğv edilməsi iki ölkə arasında turizmin inkişafına faydalı təsir göstərib. 

 

Xüsusilə, təkcə 2023-cü ildə Azərbaycandan Dubaya turist axını 2022-ci il ilə müqayisədə 69 faiz artıb. Bu barədə Dubay İqtisadiyyat və Turizm Departamentinin Bakıda təşkil etdiyi tədbirdə deyilib.

Dubayın İqtisadiyyat və Turizm Departamentinin Asiya-Sakit Okean regionunda beynəlxalq əməliyyatlar üzrə regional direktoru Şahab Şayan AzərTAC-a  bildirib ki, bu tendensiya 2024-cü ildə də davam edəcək: bu ilin ilk altı ayında Azərbaycandan gələn turistlərin sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 62 faiz artıb, bu da Dubayın artan cəlbediciliyindən xəbər verir. Dubay və Bakı arasında birbaşa uçuşların mövcud olması şəhərlər arasında əlaqələri daha da gücləndirir. 

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri əməkdaşlığı gücləndirir və bu, turizm seqmentində də baş verir: “Azərbaycan Dubay üçün getdikcə perspektivli bazara çevrilir və biz bu prosesin şahidi olmaqdan şadıq. Bu irəliləyiş regionlar arasında əlaqələrin güclənməsini və Dubayın aparıcı turizm istiqaməti kimi statusunu təsdiqləyir. Biz turizm infrastrukturunu daim təkmilləşdirir və Azərbaycandan olan səyahətçilər üçün istirahəti unudulmaz, rahat və təhlükəsiz etmək üçün unikal təəssüratlar təklif edirik”.

Onun sözlərinə görə, Dubaya beynəlxalq turist axını da artmaqda davam edir. 2023-cü il rekord il oldu - əmirlik 17,15 milyon xarici turist qəbul edib. Turizm artımı 2024-cü ildə də davam edib: yanvar-iyun aylarında 9,31 milyon beynəlxalq turist Dubayı ziyarət edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz çoxdur. 

Azərbaycandan və dünyanın hər yerindən gələn turistləri Dubayda tarixi və mədəni yerləri ziyarət etmək imkanı cəlb edir. Dubayın şərq koloriti ilə zəngin bazarları da turistlərdə eyni dərəcədə maraq doğurur. 

BƏƏ-də kruiz turizmi sektoru da fəal inkişaf edir. Hazırda Dubaya 8 kruiz marşrutu təklif edən 8 kruiz layneri gəlir. Onlardan biri turistlər üçün çox cəlbedici olan BƏƏ ətrafında kruiz təklif edir.

Qeyd etmək lazımdır ki, Dubayın yüksək nailiyyətləri beynəlxalq səviyyədə tanınıb: 2024-cü ilin əvvəlində şəhər ardıcıl üçüncü dəfə “Tripadvisor Travellers’ Choice Awards” tərəfindən tərtib edilən ən yaxşı turizm istiqamətləri siyahısında birinci yerdə qərarlaşıb. 

Dubay dünyanın hər yerindən turistləri cəlb edən müxtəlif tədbirlərin keçirilməsi və yeni görməli yerlərinin aşılması sayəsində də qlobal istirahət və əyləncə məkanı kimi etibarını gücləndirməyə davam edir. 

Ən son əlamətdar hadisələrdən biri də “Dubai Parks and Resorts”da yerləşən və məşhur futbol klubunun himayəsi altında fəaliyyət göstərən bir növ ilk olan “Real Madrid World” əyləncə parkının açılışı olub. Bu, ötən ilin oktyabrında DET və Real Madrid arasında imzalanmış, hər iki təşkilatın inkişafı üçün yeni perspektivlər açan və 2033-cü ilə qədər ölkənin ÜDM-ni ikiqat artırmağı hədəfləyən Dubay İqtisadi Proqramını (D33) dəstəkləyən uzunmüddətli saziş sayəsində mümkün olmuşdur.

 

“Ədəbiyyat və incəsənət”

(04.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.