Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib Featured

Dövlət Turizm Agentliyi Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı agentliyə istinadən məlumat verir. 

 

Bu haqda qərar İsveç Krallığının Stokholm şəhərində keçirilən “Dayanıqlı Turizm” konfransında qəbul edilib. Həmçinin konfrans çərçivəsində, Azərbaycan Turizm Bürosu və Qlobal Dayanıqlılıq Turizm Şurası arasında Anlaşma Memorandumu imzalanıb.

 

Anlaşma Memorandumuna əsasən, dayanıqlı turizmin inkişafına dəstək göstərilməsi, qlobal dayanıqlı turizm standartlarının milli səviyyəyə uyğunlaşdırılması, eləcə də ölkəmizdə Şuranın meyarlarının tətbiqi nəzərdə tutulur.

 

Tədbirdə çıxış edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid Şuraya üzvlüyün turizm sənayesindəki yerli tərəfdaşlarla birgə fəaliyyətin həvəsləndirilməsinə, qlobal turizm sənayesində dayanıqlı və əsaslı dəyişikliklərin edilməsində Azərbaycanın rolunun artırılmasına, eləcə də marketinq kampaniyaları vasitəsilə yerli turizm sənayesinin dayanıqlı inkişafına töhfə verəcəyini bildirib.

 

Qlobal Dayanıqlılıq Turizm Şurası 2007-ci ildə "Rainforest Alliance" təşkilatı, BMT-nin Ətraf Mühit Proqramı, Əhali Fondu və BMT Turizm təşkilatı ilə birgə təşəbbüsü olan “Qlobal Dayanıqlı Turizm Kriteriyaları”nın formalaşdırılması məqsədilə yaradılıb.

 

Şura qlobal turizm biznesləri, dövlət orqanları, destinasiya menecmenti təşkilatları üçün dayanıqlı turizm prinsiplərinin tətbiq edilməsi təcrübələrinin bölüşdürülməsi üzrə platforma rolunu oynayır. Şuranın fəaliyyətinin əsas məqsədi dayanıqlı turizm təcrübələrini tətbiq edən biznes və destinasiyaların sertifikatlaşdırılması yolu ilə dəstəklənməsi, həmçinin destinasiyaların dayanıqlılığının təmin edilməsinə dəstək olmaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(26.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.