“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində növbə ədəbiyyatşünaslığındır. Tanınmış ədəbiyyatşünas, tənqidçi Məti Osmanoğlu Gənc yazarlar üçün nəzəriyyə dərsini təqdim edir. Dərsin mövzusu Fridrix Şlegelin təlimidir ki, bu təlimi Məti müəllim şəxsən özü tərcümə edib. Əminik ki, oxuyanlar üçün hədsiz faydalı olacaq
MİFOLOJİ MƏKTƏB
XIX əsrin əvvəllərində Avropa ədəbiyyatında romantizm aparıcı ədəbi cərəyan olarkən mifoloji məktəb ədəbiyyatşünaslıq elminin əsas nəzəri istiqamətlərindən biri kimi yarandı. Folklorun yaddaşlarda hifz elədiyi dəyərlərə marağın gücləndiyi bir dövrdə meydana gələn mifoloji məktəbin qarşısına qoyduğu əsas vəzifə milli mədəniyyətin ilkin mənşəyini axtarmaq, ayrı-ayrı folklor hadisələrinin hansı başlanğıcdan gəldiyini izah etmək, eləcə də müasir mədəniyyətdən qədimlərə, qədimlərdən müasir mədəniyyətə uzanan köklərə aydınlıq gətirmək idi. Mifoloji məktəbin təməli romantizm estetikasının nümayəndələri – alman filosofları Fridrix Şellinq, eləcə də Avqust və Fridrix Şlegel qardaşları tərəfindən qoyuldu.
Fridrix Şellinq miflərin öyrənilməsində mövcud olan idealist təmayülləri fəlsəfi və nəzəri cəhətdən ümumiləşdirdi. F.Şellinq bu qənaətdə idi ki, mif poeziyanın ilkin qaynağı – proobrazıdır, fəlsəfə və elm isə poeziyadan yaranıb. Onun fikrincə, “təbii din” olan mifologiya bütün sənətlər üçün zəruri şərt və ilkin təməl təşkil edir.
Fridrix Şlegel isə F.Şellinqin fikirlərini davam etdirərək poeziyanın nüvəsini, özəyini mifologiyada və qədim misteriyalarda, sehrli mətnlərdə axtarmaq lazım olduğunu yazırdı. F.Şlegelə görə, sənəti yalnız mif yaratmaqla yenidən cana gətirmək mümkündür. Onun fikrincə, qədim almanların mifologiyası və ondan doğan alman xalq poeziyası alman milli mədəniyyətinin qaynağı, başlanğıcı olmalıdır. O, qədim mifologiyanı “hisslər dünyasının ən yaxın, ən həyati elementləri ilə kəsişən və onlara uyğun formalaşan gənclik fantaziyasının ilk çiçəyi” adlandırırdı. Onun fikrincə, yeni mifologiya bunun əksinə olaraq qəlbin ən sirli dərinliklərindən baş qaldırmalı, “bütün sənət əsərlərinin ən məharətlə yaradılanı olmalıdır, hər şeyi əhatə etməlidir – poeziyanın qədim, əbədi qaynağı üçün yeni bir yuva” olmalı, bütün başqa rüşeymləri içinə almalıdır.
Bu ideyalar Vilhelm və Yakob Qrimm qardaşlarının da elmi baxışlarında öz izini qoymuşdur. Onlar xalq şeirinin “ilahi başılanğıc”dan gəldiyinə inanırdılar. Qrimm qardaşlarının görüşünə əsasən, nağıl, epos, əfsanə və s. təkamül prosesində mifdən yaranmışdır, folklor isə kollektiv xalq ruhunun şüurdanxaric yaradıcılığıdır.
Qrimm qardaşları müqayisəli dilçiliyin metodologiyasını folklorun öyrənilməsinə tətbiq edirdilər. Onlar müxtəlif xalqların folklorunda mövcud olan oxşar hadisələri ümumi səciyyə daşıyan ilkin mifologiyaya aid edirdilər və inanırdılar ki, miflər bu ilkin başlanğıcdan gəlir.
Mifoloji məktəb iki istiqamətdə inkişaf edib: etimologiya (mifin linqvistik rekonstruksiyası) və analogiya (məzmunca oxşar miflərin müqayisəsi).
Bu məktəbin əhatə dairəsi xeyli genişdir.A.Kun, V.Şvarts, V.Manhardt (Almaniya), M.Müller, C.Koks (İngiltərə), A.de Qubernatis (İtaliya), A.Piktet (İsveçrə), M. Breal (Fransa), A. N. Afanasyev, F. İ. Buslaev, O. F. Miller (Rusiya) mifoloji məktəbi təmsil ediblər.
XX əsrdə yaranan “neomifoloji məktəb”in təməlində isveçrəli psixoloq Karl Qustav Yunqun “arxetiplər” təlimi dayanır. Yunqa görə, arxetiplər ibtidai insanın “kollektiv şüurdanxaric” yaradıcılığının məhsuludur və “arxetipin yaxşı məlum olan ifadəsi mif və nağıldır...”
Neomifoloqlar folklor obrazlarını, eləcə də yeni ədəbiyyatın bir çox süjet və obrazlarını qədim miflərin yenidən dərk olunmuş “arxetipləri” ilə əlaqələndirirlər.
Fridrix ŞLEGEL
MİFOLOGİYA HAQQINDA NİTQ
Dostlar, sənətə hörmətinizin tam ciddiyyəti ilə özünüzə sual verməyinizi xahiş etmək istəyirəm: ilhamın gücü poeziyada da daima parçalara bölünməlidirmi və ona müqavimət gösrərən elementə qarşı mübarizədən yorulub, nəhayət, səsini kəsməlidirmi? Ən yüksək müqəddəslik kor təsadüfün ixtiyarına buraxılıb daim adsız və formasız qalmalıdırmı? Doğrudanmı məhəbbət qarşısıalınmazdır və elə bir incəsənət vardırmı ki, adına layiq olsun, sevginin ruhunu sehrli sözü ilə ram etsin, ruhun hökmü və qaçılmaz zoru ilə onun ardınca getsin, gözəl varlıqlara can gətirə bilsin?
Nə demək istədiyimi siz hamıdan yaxşı bilməlisiniz. Siz özünüz yaratmısınız və yaradıcılıq prosesində tez-tez hiss etməli idiniz ki, sizin fəaliyyətinizdə möhkəm dayaq, ana torpaq, göy üzü, canlı hava çatışımır. Bütün bunları müasir şair öz daxili aləmindən yaratmalıdır və çoxları bunu möhtəşəm edib, amma indiyə qədər hər kəs təkbaşına işləyib, sanki hər bir əsər yeni yaranıb, tamamilə yoxdan var olub. Mən birbaşa mətləb üstə gələcəyəm. Fikrimcə, bizim poeziyamızda ağırlıq mərkəzi yoxdur, qədim poeziyanın ağırlıq mərkəzi mifologiya olub və müasir poeziyanın antik poeziyadan dala qaldığının əsas səbəbini bircə cümlə ilə ifadə etmək olar: bizdə mifologiya yoxdur. Amma onu da əlavə edəcəyəm ki, biz onu əldə etməyə yaxınıq, daha doğrusu, onun yaradılmasına bütün ciddiliklə öz töhfəmizi verməliyik.
Çünki o bizə qədim, keçmiş mifologiyadan tamamilə əks yolla gələcək. Qədim mifologiya hisslər dünyasının ən yaxın, ən həyati elementləri ilə kəsişən və onlara uyğun formalaşan gənclik fantaziyasının ilk çiçəyidir. Bunun əksinə, yeni mifologiya qəlbin ən sirli dərinliklərindən yaranmalıdır; o, bütün sənət əsərlərinin ən məharətlə yaradılanı olmalıdır, o, qalan hər şeyi əhatə etməlidir – poeziyanın qədim, əbədi qaynağı üçün yeni bir yuva və bütün başqa rüşeymləri içinə alan sonsuz poeziya əsəri olmalıdır.
Bu mistik poeziya əsəri, poetik yaradıcılıq bolluğundan və zənginliyindən yarana biləcək bu nizamsızlıq sizdə gülüş doğura bilər. Bununla belə, ən yüksək gözəllik və hətta ən yüksək nizam xaosun gözəlliyi və nizamıdır, harmoniya dünyasına çevrilmək üçün tək bir sevgi təmasını gözləyir. Qədim mifologiya və poeziya bu xaosdan ibarət idi. Axı mifologiya və poeziya bütövdür, bir-birindən ayrılmazdır. Antik dövrün bütün poeziya əsərləri müəyyən bir bütövün getdikcə böyüyən kütlələrini və birləşmələrini təşkil edərək bir-biri ilə təmasdadr; hər şey bir-birinə keçir, hər yerdə fərqli şəkildə ifadə olunan eyni ruh hakimdir. Həqiqətən də, qədim poeziyanın bölünməz tamamlanmış bir əsər olduğu barədə deyilənlər boş sözlər deyil. Bir dəfə baş verənlər niyə yenidən bir də baş verməsin? Əlbəttə, fərqli formada və niyə daha gözəl, daha əzəmətli olmasın?
Sizdən yalnız yeni mifologiyanın mümkün olmadığına inanmamağı xahiş edirəm. Hər tərəfdən və hər istiqamətdən gələn şübhələr mənim üçün faydalıdır, çünki bunun sayəsində tədqiqat daha azad və zəngin olacaqdır. İndi nələrə təvəkkül etdiyimi, ümid bağladığımı diqqətlə dinləyin. Çünki vəziyyət elədir ki, sizə ümiddən başqa heç nə təklif edə bilmirəm. Amma inanıram ki, sizin köməyinizlə bu ümidlərim həqiqətə çevriləcək. Çünki onlar müəyyən mənada eksperimentlər aparmaq üçün çağırışdır: əgər siz onları eksperimentə çevirmək istəsəniz.
Əgər yeni bir mifologiya ruhun məhrəm dərinliklərindən öz-özünə gələ bilərsə, bu, bizim axtardığımızın mühüm əlaməti və diqqətəlayiq təsdiqi olar – qarşımızda dövrün böyük fenomenini – idealizmi görərik! O, eyni yolla, sanki heçlikdən yaranıb və indi ruhani aləmdə sabit bir nöqtə var ki, insanın gücü o nöqtədən üzüyuxarı inkişaf edərək bütün istiqamətlərə yayıla bilər, o, özünü və geriyə dönüş yolunu heç vaxt itirməyəcəyinə əmindir. Böyük inqilab bütün elmləri və sənətləri əhatə edəcəkdir. Siz onun təsirini artıq fizikada görürsünüz, burada idealizm, əslində, daha əvvəl, hətta fəlsəfənin sehrli çubuğu ona toxunmazdan qabaq işğal olunub. Və bu böyük və heyrətamiz fakt eyni zamanda sizin üçün zəmanənin gizli əlaqəsinin və daxili birliyinin əlaməti ola bilər.
İdealizm praktiki baxımdan bu inqilabın ruhudur,öz qüdrətimizlə sərbəst şəkildə həyata keçirməli və təbliğ etməli olduğumuz böyük prinsipləridir; nəzəri baxımdan nə qədər əzəmətli görünsə də, bəşəriyyətin öz mərkəzini tapmaq üçün var gücü ilə çalışdığı o fenomenlər fenomeninin yalnız bir hissəsi, bir qolu, bir təzahür tərzidir. O, vəziyyətinə uyğun olaraq ya məhv olmalı, ya da cavanlaşmalıdır. Belə bir cavanlaşma zəmanəsinin gəldiyi ehtimalından böyük nə ola bilər və ondan nə gözləmək olmaz? Qocaman qədimlik yenidən canlanacaq və mədəniyyətin uzaq gələcəyi öz əlamətlərini hiss etdirəcək. Amma burada mənim üçün ilk növbədə vacib olan bu deyil, çünki mən heç nəyi əldən vermək istəməzdim və sizi müqəddəs sirlərin həqiqiliyinə addım-addım çatdırmaq istərdim. Ruhun mahiyyəti özünü müəyyən etməkdə, əbədi dəyişmə boyunca özündən kənara çıxmaq və özünə qayıtmaqda olduğu kimi, hər bir düşüncə də belə bir fəaliyyətin nəticəsidir, eyni bunun kimi olan proses idealizmin hər bir formasında bütöv şəkildə müşahidə olunur. Onun özü isə yalnız adı çəkilən qanunvericiliyinin və yeni həyatın etirafıdır, bu etirafla həyat ikiqat artar, gizli gücünü yeni yaradılışların qeyri-məhdud zənginliyində, canlı fəaliyyətin universal ünsiyyətində əzəmətlə ortaya qoyar. Təbii ki, hər bir fərddə bu fenomen fərqli forma alır və çox vaxt nəticə gözləntilərimizi doğrultmur. Bununla belə, bütövün zəruri gedişat qanunlarına görə, gözlənilənə aldanmaq olmaz. İdealizm bütün formalarda bu və ya digər şəkildə özündən çıxmalıdır ki, sonra özünə qayıtsın və olduğu kimi qalsın. Buna görə də onun bətnindən yeni, eyni dərəcədə hüdudsuz realizm yetişməlidir, idealizm yaranma yolu ilə təkcə yeni mifologiyanın nümunəsi olmamalı, həm də dolayısı ilə onun qaynağına çevrilməlidir. İndi, demək olar ki, hər yerdə belə bir tendensiyanın izlərini müşahidə edə bilərsiniz, xüsusən də təbiətə məhz mifoloji baxışın bu qədər əskik göründüyü fizikada.
Mən də çoxdandır ki, bətnimdə belə realizm idealını gəzdirirəm və indiyə qədər hələ ifadə olunmayıbsa, bu, sadəcə, ona görədir ki, onu gəzdirməyə orqan axtarıram. Bununla belə, bilirəm ki, mən onu ancaq poeziyada tapa bilərəm, çünki realizm bir daha, mən hələ heç sistem kimi demirəm, heç vaxt bir fəlsəfə kimi çıxış edə bilməz. Və hətta ümumi ənənə əsasında gözlənilməlidir ki, yeni realizm idealdan qaynaqlanmalı və hansısa şəkildə onun zəminində böyüməli olduğuna görə hər şeydən əvvəl ideal ilə realın harmoniyasına əsaslanan poeziya kimi meydana çıxacaq.
Spinozanın taleyi mənə qədim mifik Saturnun taleyi ilə eyni görünür. Yeni tanrılar hökmdarı elmin yüksək taxtından devirdilər. O sürüşüb müqəddəs fantaziya qaranlığına düşdü, indi bu şərəfli sürgündə digər titanlarla birlikdə yaşayır. Onu elə burada saxlayın! Qoy muzaların nəğmələrində onun keçmiş hökmranlıq xatirəsi sakit iztirab içində ərisin. Qoy sistemin hərbi qılınc-qalxanından qurtulsun və yeni poeziya məbədində Homer və Dante ilə yan-yana dursun, ilhamı ilahidən gələn şairlərin əcdadına və yaxınlarına qoşulsun.
Doğrudan da, Spinozaya hörmət etmədən, onu sevmədən, bütünlüklə onun tərəfdarına çevrilmədən necə şair ola bilməyin mümkünlüyünü çətin anlaya bilərəm. Fantaziyanız təklikdə kifayət qədər zəngin və yaradıcıdır; onu həyəcana gətirmək, hərəkətə vadar etmək və qidalandırmaq üçün başqa sənətkarların poetik yaradıcılığından münasib bir şey yoxdur. Spinozada isə hər bir fantaziyanın başlanğıcını və sonunu, uydurduğunuz hər bir ayrıca şeyin ortaq zəminini və təməlini tapacaqsınız və fantaziyanın orijinal, əbədi prinsipinin hər bir fərdi və ayrıca şeydən belə təcrid olunması sizin üçün çox faydalı olmalıdır. Fürsəti qaçırmayın və diqqətlə baxın! Spinozanın fantaziyası və hissləri ilə eyni olan şeir emalatxanasının lap dərinliklərini görən gözünüz açılacaq. Orada bu və ya digər fenomenin həyəcanı deyil, yenidən alovlanan və sönən bir ehtiras deyil, parlaq bir nəfəs bütövlükdə görünməz və aydın şəkildə cilvələnir, əbədi bir arzu hər yerdə sadə bir varlığın dərinliklərindən qayıdan əks-sədalarla qarşılaşır, ilkin sevgi ruhu sakit əzəmətlə nəfəs alır.
Bəs insandakı ilahiliyin bu sakit əksi bütün poeziyanın qığılcımını alovlandıran əsl ruh deyilmi? Bunun üçün insanların, ehtirasların və hərəkətlərin sadə təsviri, eləcə də mürəkkəb formalar kifayət etmir, hətta köhnə zibilləri milyon dəfə qarışdırıb silkələsən belə. Bu sadəcə gözlə görünən zahiri cisimdir və əgər ruh ölübsə, deməli, sadəcə, şeirin cəsədidir. Əgər bu şövq qığılcımı əsəri alovlandırırsa, deməli, qarşımızda yeni, canlı, gözəl bir fenomen dayanıb, işıq və məhəbbət parıltısı saçır.
İstənilən gözəl mifologiya fantaziya ilə sevginin əmələ gətirdiyi bu dəyişmədə ətrafdakı təbiətin heroqlif ifadəsi deyilsə, bəs nədir?
Mifologiyanın böyük üstünlüyü var. Ruhu əhatə edən bədən onu göstərdiyi və eşitdirdiyi kimi, şüurdan əbədi yayınan da burada hissi-mənəvi görüntü kimi saxlanılır. Məsələ burasındadır ki, biz öz ruhumuza təkcə uca yaradan naminə güvənmirik. Təbii ki, burada nə tökərsən aşına, o çıxar qaşığına qənaəti ilə heç bir şəkildə mübahisə etmək fikrində deyiləm, bu, məlum həqiqətdir. Ancaq biz həmişə artıq formalaşmış olan bir şeyə arxalanmalı və onu inkişaf etdirməli, alovlandırmalı, qidalandırmalıyıq – bir sözlə, ən yüksəyi formalaşdırmalıyıq, ona eyni ləyaqətlə eyni, oxşar və ya düşmən olan bir şeylə toxunmalıyıq. Ancaq əgər bu yüksək hər hansı bir məqsədyönlü formalaşma üçün, həqiqətən, yararsızdırsa, onda gəlin azad ideyalar sənəti iddialarının hamısından dərhal imtina edək, bu halda onlar boş söz olardı.
Mifologiya təbiətin sənət əsəridir. Onun toxumalarında uca Yaradan, həqiqətən də, təcəssüm olunur; ondakı hər şey əlaqə və bir şəkildən başqa şəklə çevrilmədir, hər şey yeniliyə uyğunlaşır və yenidən yaranır, bu uyğunlaşma və yenidən yaranma onun özünəməxsus üsulunu, daxili həyatını, belə demək mümkündürsə, metodunu təşkil edir.
Burada mən ayrı-ayrı tapıntılarda deyil, bütövün konstruksiyasında rast gəlinən, Servantesin və Şekspirin əsərlərində bizə dostumuzun tez-tez açıqladığı romantik poeziyanın möhtəşəm zərifliyi ilə yaxın oxşarlıq görürəm. Bəli, bütövün hətta ən kiçik hissələrinə xas olan sənətkarlıqla yaradılmış bu nizamsızlıq, ziddiyyətlərin bu valehedici simmetriyası, şövq ilə ironiyanın bu heyrətamiz əbədi növbələşməsi artıq mənə dolayı bir mifologiya kimi görünür. Quruluş tam eynidir və təbii ki, arabesklər insan fantaziyasının ən qədim və ilkin formasıdır. Bütün dəyişmələrdən sonra ilkin təbiət və güc hələ işıq saçırsa, sadəlövh dərinlik pozğun və dəli və ya səfeh və axmaq görünüşünü ortaya qoyursa, nə bu zəriflik, nə də mifologiya ilkin, təqlidedilməz, tam bölünməsi mümkün olmayan bir şeydən kənarda mövcud ola bilər. Çünki hər cür poeziyanın başlanğıcı elə bundan ibarətdir, rasional zehnin gedişatından və qanunlarından imtina edərək bizi yenidən fantaziyanın gözəl nizamsızlığına, insan təbiətinin ilkin xaosuna qərq edən budur, mən bunun üçün qədim tanrıların rəngarəng mərəkəsindən daha gözəl bir simvol tanımıram.
Qədim klassik dövrün bu möhtəşəm obrazlarını niyə tərənnüm etmək və canlandırmaq istəmirsiniz? Qədim mifologiyaya ən azı bir dəfə Spinozanın təlimləri və müasir fizikanın hər bir düşünən insanda doğurduğu ideyalar nöqteyi-nəzərindən baxmağa çalışın və hər şey dərhal sizə yeni parlaqlığı və yeni həyatı ilə görünəcək.
Amma yeni mifologiyanın yaranmasını tezləşdirmək üçün başqa mifologiyalar da öz dərinliyi, gözəlliyi və inkişafı ölçüsündə oyandırılmalıdır. Kaş Şərq xəzinələri də antik dövrlərin xəzinələri kimi bizim üçün əlçatan olaydı! Əgər öz universallığı, idrak dərinliyi və tərcümə dühası ilə alman sənətkarlar getdikcə daha da vulqarlaşan və kobudlaşan xalqın az istifadə etdiyi o imkana malik olsaydı, Hindistandan bizə necə yeni poeziya qaynağı gələ bilərdi?.. Biz romantikanın zirvələrini Şərqdə axtarmalıyıq və romantikanı ilkin mənbədən götürə bilsək, yəqin ki, yenə də bu gün ispan poeziyasında bizi valeh edən cənub alovu kimi o da bizə yerində və sırf Avropaya xas görünərdi.
Ümumiyyətlə, məqsədlərə müxtəlif yollarla çatmaq mümkündür. Hər kəs sevinc dolu ümidlə özünün tam fərdi yolunu tutub gedir, çünki heç yerdə fərdilik hüququ yoxdur, əgər bu sözün mənası bölünməz birlik, daxili canlı əlaqədirsə – bunlar heç bir yerdə ən uca varlıq barədə danışdığımız bu məqamda olduğu qədər böyük əhəmiyyət daşımazdı. Bu baxımdan, çəkinmədən deyərdim ki, insanın əsl dəyəri, fəziləti onun orijinallığıdır.
Əgər mən Spinozaya bu qədər böyük önəm verirəmsə, bu, əslində, subyektiv maraqdan irəli gəlmir (mən onun təlimlərini qətiyyətlə mötəbər bir məsafədə saxlayardım) və bu onu yeni və yeganə ustad kimi yüksəltmək üçün də deyil; lakin mən bu nümunə ilə mistisizmin dəyəri və ləyaqəti, onun poeziya ilə əlaqəsi haqqında fikirlərimi ən bariz və aydın şəkildə nümayiş etdirə bildim. Mən bu baxımdan onu obyektivliyinə görə başqalarının təmsilçisi seçmişəm. Mən bu barədə belə düşünürəm. Elm haqqında təlim elmi idealizmin sonsuzluğunu və davamlı olaraq zənginləşdiyini dərk etməyənlər üçün, ən azından, tamamlanmış bir forma, hər cür elmin universal bir sxemi olaraq qaldığı kimi, Spinoza da mistisizmin hər bir fərdi çeşidi üçün universal əsas və dayaq nöqtəsi olaraq qalır. Məncə, xüsusi olaraq nə mistisizmi, nə də Spinozanı dərk etməyənlər də bunu tərəddüdsüz etiraf edirlər.
Mən sözümü bir daha fizikanı öyrənməyə çağırmadan bitirə bilmərəm, indi onun dinamik paradokslarının hər tərəfindən təbiətin müqəddəs ayələri ayan olur.
Gəlin daha ləngiməyək, hər kəs bacardığı qədər sorağında olduğumuz böyük inkişafı sürətləndirsin. Dövrün əzəmətinə layiq olun, gözünüzdəki pərdə çəkiləcək; gözünüzün önü işıqlanacaq. Hər cür düşüncə görücülükdür, lakin insan yalnız indi öz görmə gücünü dərk etməyə başlayır. Onun qarşısında hələ necə ucsuz-bucaqsız üfüqlər açılacaq, elə indi də açılır. Mənə elə gəlir ki, kim zəmanəni, yəni ümumbəşəri cavanlaşmanın bu böyük prosesini, bu əbədi inqilabın prinsiplərini dərk etsə, bəşəriyyətin qütblərini qavraya bilər və yaxınlaşmaqda olan qızıl dövrün xarakterini dərk etdiyi kimi, ilk insanların da əməllərini dərk edə bilər. Onda bütün dedi-qodular kəsilər, insan öz mahiyyətini anlayar, torpağı və günəşi dərk edərdi.
“Ədəbiyyat və incəsənət”
(22.06.2023)