70 yaş hələ nədir ki?! Featured

Şair Elbrus Qəmginin yubiley tədbiri keçirilib

 

 

Dünən -may ayının 30-da Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda Azərbaycan Yazıçılar Birliyinin və “Qazax" Xeyriyyə İctimai Birliyinin üzvü, şair Elbrus Qəmginin 70 illik yubiley tədbiri keçirilib. Yubiley tədbiri "Qazax" Xeyriyyə İctimai Birliyinin və AYB-nin birgə təşkilatçılığı ilə baş tutub. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru Varisin apardığı yubiley tədbirində ilk olaraq "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədov çıxış edib, şairin ədəbiyyatın və sözün keşiyində layiqincə durmasını dilə gətirib. İlham Pirməmmədov Elbrus Qəmginə 

“Qazax" Xeyriyyə İctimai Birliyinin Fəxri Diplomunu təqdim edib. 

Daha sonra ədəbiyyatşünas, tənqidçi, “Elbrus Qəmginin poeziyası” kitabının müəllifi Vaqif İsaqoğlu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Dürdanə Vəkilova, filologiya üzrə fəlsəfə doktoru Mirheydər Abbasov, şairlər Yusif Nəğməkar, Vəli Xramçaylı, Rəfail İncəyurd, Rəşid Vəkil, Hacı Zaməddin Ziyadoğlu, Rüzgar Cəbiyev, Alim Aslanoğlu, Məmməd Vəkilov, şəhid leytenant Teymur Abbasovun anası Başxanım Abbasova, “Qazax" Xeyriyyə İctimai Birliyinin mətbuat katibi Səbinə Yusif və digərləri çıxış ediblər, Elbrus Qəmgin poeziyasının məziyyətlərindən söz açıblar.

Xatırladaq ki, Elbrus Qəmgin əslən Qazax rayonunun Yuxarı Salahlı kəndindəndir. İxtisasca filoloqdur. İndiyə kimi 16 kitabı çıxıb. Klassik poeziyamızın qəzəl, qəsidə, təcnis, bayatı, qoşma, gəraylı, müxəmməs kimi nümunələrini yaradıb, ayrıca satiraları, təmsilləri, poemaları, Səməd Vurğuna həsr etdiyi dram əsəri var. 

Sonda tədbir iştirakçıları ailə fotosu çəkdiriblər. 

 

“Ədəbiyyat və incəsənət”

(31.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.