SABİRLƏ SÖHBƏT
“Ədəbiyyat və incəsənət” portalı yazıçı Sadiq Qarayevin “Sabirlə söhbət” adlanan yazısını təqdim edir. Yazı dahi şairin ötəngünkü doğum gününə ithaf edilib.
-Çoxları elə bilir ki, ya onlara elə gəlir ki, Hüqo, Dosteyevski, Şekspir, Sədi, Firdovsi fenomenləri, yaradıcılıqlarının mahiyyəti daha böyükdür, "Prestijlidir"...
- Səs salma, qoy olsun.
- Ancaq , Sabir həqiqətin özü kimi sadə və böyükdür.
- Müqayisə aparmaq bəlkə də düz deyi, hərəsinin öz yeri var. Qoy olsun... qulaq as, razı deyiləm yatmışları kimsə oyatsın.
- Ancaq, Sabirin cütcüsünün alın tərində ibtidai icma qurluşu dəyişəndən qiyamətə qədərki bəşərəyyətin hər bir əkinçi nümayəndəsinin zəhmət tərinin qarışığı var. Sabirin fəhləsi Marksın fəhləsindən daha çox həqiqətə yaxındır.
Sabirin bir misralıq həqiqəti, bir romanın həqiqət yükündən ağırdır.
"Qışda qarı əridib, darı yeyərsən,
zəhər nədir, marı yeyərsən.
*
Fəhlə, sən də özünü insanmı sayırsan,
Axmaq kişi, İnsanlığı asanmı sayırsan
Mağardan qiyamətə qədər əkinçinin , fəhlənin əzab -əziyyətinin oğurlanması düsturlarıdır bu sözlər.
Gülümsəyir... Əlini qoynuna qoyub, gözlərini qıyıb, deyir:
-Niyə "bank deyirsiz? Özümüzün gül kimi sadə sözü var, gör necə qəşəy səslənir -Tələ. Tələ deyin, yüngül auralıdır.
- "Bank" çox ağır gəlir qulağa.
Faizi ağır gələr on ulağa...
Əcnəbi adlar da qoymayın, milli adlar verin tələlərə:
Siçan tələsi, dovşan tələsi,
Sərçə tələsi, qaban tələsi..
Tələdən qaçmağı asanmı sanırsız,
Tələyə qaçmaqda yarışırsız...
Xəstəxana deyib, insanları qorxuzmayın, harda "Həkim" görürürəm qorxuram, aptek görürəm qorxuram. "canbəsərxana", "Cib dostu" deyin, apteklərə "acizxana" deyin.
Market.. Market nədi deyirsiz, adamın göz önünə kəpəkdən qavıt düzəltmək gəlir, "ölü toyuq" qoxusu hiss edirsən, elə bil bulaqdan gölməçə suyu içirsən... Zəhərxana, yox, "səhər-axşamxana" deyin. Həm səhər, həm də axşam mütləq gedirsiz...
Sükut.
Uzaqlara baxaraq sükutu pozub, deyir:
- Ey yazıçı, alim, sən də özünü "elit" sayırsan,
Elit olanın cipi, cibi gərək olsun,
Atası, ya dayısı nazir, ya bankir, yox e, tələgir olsun.
Dırnağı kirli, beyni dumanlı olsa da onun,
Bir cibi boşalanda, ikisi dolsun..
Bir az xətrimə dəyir. Uzaqlara baxıram, düşünürəm.
-Bəs zəhmət, kitablar, əsərlər, elmi işlər...
Çönüb baxıram ki, nə cavab verəcək...?
Görə bilmirəm, çıxıb gedibdir...
Biləmmirəm, məni eşitdi ya yox...
Ötən gün Şərqin dahi mütəfəkkiri, öz dövründən əbədiyyətə qədər xalqının, müsəlman aləminin, bütün dünyanın maarifpərvər ziyalısı, ədalətsizliyi, kapiatal və kapital sahiblərinin münasibətlərini, cahilliyi, "kotana qoşub şumlayan", "fəhləyə insan olmağın çətinliyini anladan", "əkinçiyə qarı əridib içirən", "zəhər nədir, marı yedizdirən" dünyanı ölülər oyanmasın deyə "səs salmamağa" çağıran, öz səsi tarixlərdə yaşayan, zaman karvanının hələ çatmadığı gələcəkdən eşidilən, Sözün həqiqiqət, satira zirvəsindən əlini alnına qoyub, keçmişə və gələcəyə baxıb gülümsəyən böyük bəşər övladı, milli sərvətlərimizdən olan Mirzə Ələkbər Sabirin doğum gününü qeyd etdik.
ALLAH yerini cənnətdə eyləsin təkrarsız insanın.
*
Bu qədər qışqırığa durdu qonum-qonşu tamam,
Dəbərişməz də, veribdir deyəsən can, ölüb əəə!
Demək olmaz dirilər tək yatıb, əlbət, duracaq,
Ölülər yatmağıdır, yox buna payan, ölüb əəə!
*
Bir kərə qan, müxtəsər, oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!..
“Ədəbiyyat və incəsənət”
(31.05.2023)