Sumqayıt şəhərində yerləşən Səməd Vurğun adına Mərkəzi Kitabxanada yazıçı-publisist Yunus Oğuzla görüş keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, "Bədii sözün işığında" adı altında keçirilən görüşdə bir sıra ziyalı şəxslər, mədəniyyət işçiləri, kitabxana əməkdaşları, yazıçılar iştirak edib. Tədbirin aparıcısı, kitabxananın direktor vəzifəsini icra edən Natəvan Axundzadə Yunus Oğuzun həyat və yaradıcılığı, tarixi roman yazarlığı fəaliyyətində qazandığı müvəffəqiyyətlər barədə iştirakçılara məlumat verib. Daha sonra iştirakçıların hər biri, Yazıçılar Birliyi Sumqayıt bölmə sədri Gülnarə Cəmaləddin, Əli Kərim adına Poeziya evinin direktoru, şair İbrahim İlyaslı, yazıçı- dramaturq Əyyub Qiyas, kitabxananın əməkdaşları Xəyalə Seyidnurova, Gülnar Ümid, Səfurə Nəcəfova, Pərvanə Qasımova çıxış edib fikirlərini bildiriblər. Onların hər biri ayrı-ayrılıqda Yunus Oğuz yaradıcılığına aid olan, əsrin bəlası narkomaniyaya həsr olunmuş "Uçurum", Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunmuş, içərisində 44 günlük Vətən müharibəsinin keçdiyi yol, Vətən müharibəsindən sonrakı nailiyyətlər və mədəniyyət paytaxtımız Şuşa şəhərinin tarixindən bəhs edilən "Cığır" və digər romanlarının mövzusu haqqında fikirlərini bildiriblər. Daha sonra yazıçı-publisist Yunus Oğuz tədbir iştirakçılarının suallarını cavablandırıb. Sonda xatirə şəkli çəkdirilib.
“Ədəbiyyat və incəsənət”
(23.05.2023)