Nigar Həsənzadə yaradıcılığı dünya poeziyası antologiyasında Featured

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, istedadlı, sevilən şairə Nigar Həsənzadənin şeirləri Nepalın paytaxtı Katmanduda işıq üzü görmüş “Poeziyanın sərsəmliyi” antologiyasında yer alıb.

 

Redaktoru Keshab Sigdel olan, Redpanda nəşr evinin WPM ilə birgə ərsəyə gətirdiyi antologiyada dünyanın seçilən şairlərinin seçmə şeirləri toplanıb.

 

Həmin gün

məxməri səssizliyə bürünəcək ev bütün.

Eşidilməz nə bir yağış, nə də bir külək səsi,

asta-asta duyular əşyaların nəfəsi.

Amma mən,

MƏN elə bir sükunətəm

divarlar da elə bilər yoxdu evin yiyəsi…

 

Mən donaram, 

gözləyərəm heykəl təmkini ilən

“gecə-gündüz” gülü kimi bükülərəm özümə.

Ki, eşidim ürəyimə atılan güllə səsin.

Bir də ürək hanı axı,

büsbütün ürək olubdu 

üstüm-başım, bədənim…

 

Həmin gün

ayaqlarım altında xışıldayanda tozlar,

divarlar xəz manto kimi qucaqlayar çiynimi,

mən isə ot tayasında gizlənən iynə kimi tapılmaram,

təhlükəmi anlamasınlar onlar.

 

Həmin gün

aram-aram nəfəs alıb pəncərəyə qısılmaq,

ötüb-keçən zamanın qoxusunu da duymaq,

təzələnmək, dirilmək, bir cümə günü olmaq,

yumruqlarını açmaq və dualar oxumaq…

 

Bilirsənmi əvvəl-axır çin olur

ən ölü yuxular da.

Çırıl-çılpaq dura bilsən Tanrının qarşısında

yavaş-yavaş yoxa çıxar günahlar, qorxular da.

 

Səadətə ümid də lap qırmızı sap olsun,

nə olar ki… biləyimə bağlamaq istəyirəm.

Həmin gün

gözlərinə baxacam və yəqin, ağlayaraq

deyəcəm ki, indi daha yaşamaq istəyirəm…

Həmin gün

məxməri səssizliyə bürünəcək ev bütün.

Eşidilməz nə bir yağış, nə də bir külək səsi,

puça çıxar hər nə var, yox heç nəyin kölgəsi.

Və sən demə

SƏNdən başqa yoxmuş bu evdə kimsə…

 

“Ədəbiyyat və incəsənət”

(10.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.