Elçin - “Dünya axirət əkini” Featured

“Ədəbiyyat və incəsənət” portalı Xalq Yazıçısı Elçinin “Dünya axirət əkini”   (Heydər Əliyev haqqında söz) adlıessesini təqdim edir.                                                               Esse 28 iyul 1992-ci ildə yazılıb, “Aydınlıq” qəzetində 16 oktyabr 1992-ci ildə dərc edilib. Elçin Ümummilli liderin 100 illiyi münasibəti ilə esseni yenidən oxucuların ixtiyarına verir.

 

 

ELÇİN

 

Yaxşı xatirimdədir ki, mən bu yazını indi çox uzaqlarda qalmış o iyul gecəsi birnəfəsə yazdım və burada açıq-aşkar hiss olunan pərişanlıq ab-havası da, əslində, o zaman Azərbaycan rəhbərliyinin, dönük insanların, ovcuna alıb qaldırdığı vəzifə sahiblərinin – bir sözlə, nankorların, cahillərin və tərbiyəsizlərin Heydər Əliyevə qarşı etibarsızlığı, hörmətsizliyi, kəmfürsətliyi nəticəsində mənim daxilimdə yaranmış pərişanlığın ifadəsi idi.

O zaman xalqın çağırışı və təkidi ilə Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi hələ irəlidə idi və mən bu yazını ovaxtkı əsas qəzetlərdə heç cürə çap etdirə bilmədim, sonralar ona yaltaqlanan bir sıra  mətbuat “rəhbərləri” və qeyri-“rəhbərləri” bu yazını yaxına buraxmırdı (vəfat etdikləri üçün onların adlarını çəkmirəm, hələ sağları da mənim üçün elə vəfat etmişlər kimidir).

Nəhayət, bu yazı “Aydınlıq” qəzetində dəc olundu və 31 ildən (!) sonra Heydər Əliyevin 100 illiyi münasibətilə bir sözünə də toxunmadan onu yenidən oxuculara təqdim edirəm.

 

 

 

 

 "DÜNYA AXİRƏT ƏKİNİ..."

                   

 

   (Heydər Əliyev haqqında söz)

 

1987-ci ildə Heydər Əliyev xəstələndi, Mixail Qorbaçovun ətrafında get-gedə tamam dekorasiyaya çevrilən rəhbərliyin arasında görünmədi və Bakıda obıvatel şayiələrindən tutmuş, səriştəli və səriştəsiz siyasi proqnozlaracan cürbəcür fikirlər, gümanlar, yozmalar tüğyan eləməyə başladı.

Həmin ilin payızında mən Moskvada növbəti Beynəlxalq Kitab Yarmarkasının işində iştirak edirdim və Heydər Əliyev xəstəlikdən sonra ilk dəfə o yarmarkanın açılışına gəldi. Azərbaycan pavilyonunda başqa iştirakçılarla bərabər, onunla görüşdük. Arıqlamışdı, aşkar hiss olunurdu ki, ağır xəstəlikdən qalxıb və mən ona baxa-baxa 70-ci illəri, 80-ci illərin əvvəllərini yadıma salırdım. Bakıda, rayonlardakı cürbəcür aktivlərdə, görüşlərdə, iclaslarda saatlarla sinədəftər və ehtirasla danışıqları gözümün qabağından keçirdi, Şuşada Vaqifin məqbərəsinin ziyarəti zamanı qarın-çovğunun içində başıaçıq, iri və möhkəm addımlarla getməyini xatırlayırdım (elə bil ki, Leonid Brejnevin dediyi və indi hamının lağa qoyduğu "Şiroko şaqayet Azerbaydjan!" sözləri məcazi yox, fiziki mənada elə bu adamın özü haqqında deyilmişdi) və fikirləşdim ki, elə bil qorxunc sistem bu dəfə təbiətlə də əlbir olub və qopardığını ondan qoparıb...

Yarmarkadan sonra mən Almaniya Demokratik Respublikası Yazıçılar İttifaqının dəvətilə "Drujba narodov" jurnalının baş redaktoru, ədəbiyyatımızın ozamankı İttifaq səviyyəsində tanınmasında müəyyən xidmətləri olan Serqey Baruzdinlə birlikdə Şərqi Berlinə getdim və orada eşitdim ki, Heydər Əliyev Siyasi Büro üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən azad olunub.

Təkcə elə S. Baruzdinin simasında "sovet cəmiyyəti" deyilən o ictimai əxlaq pozğunluğunun bu hadisəyə necə münasibət bəsləyəcəyi mənim üçün tamam aydın idi: bütün səfər boyu yeri düşdü-düşmədi, mənə və mən iştirak edən məclislərdə başqalarına Heydər Əliyevi şit-şit tərifləyən yazıq Sergey Alckseyeviç birdən-birə 180 dərəcə dəyişdi, onu tənqid etməyə, haqqında şovinist bir istehza ilə danışmağa başladı. Təbii ki, cavabını verirdim və Baruzdin də artıq dünyasını dəyişdiyi üçün bu barədə təfərrüata varmaq istəmirəm, amma məsələ burasındadır ki, onun o gözlənilməz dəyişikliyi küləyin səmt göstəricisi idi.

Berlindən qayıdanda gecə Moskvada "Moskva" mehmanxanasına ayaq basarkən ilk gördüyüm dost adam Elmlər Akademiyamızın prezidenti Eldar Salayev oldu və salamsız-kəlamsız ona dediyim sözlər indiyə kimi mənim də yadımdadı, Eldar Salayevin də. Dedim: "– Görəcəksən, birinci ermənilər başlayacaq!.."

Təəssüf ki, belə də oldu.

Heydər Əliyev nüfuz sahibi idi və o nüfuz, hətta erməni daşnak irqçiliyinin belə qarşısında bir səddə çevrilmişdi.

Bu yaxınlardakı müsahibələrdən birində mənə belə bir sual verdilər ki, 70-ci illərdə, 80-ci illərin əvvəllərində Azərbaycanda "dalğalanan" Qırmızı Bayraqlar haqqında nə deyə bilərsiniz? Belə cavab verdim ki, o Qırmızı Bayraqlar tarixin faktıdır, onları danmaq olmaz və lazım da deyil. Doğrudan da, belədir. Bu günün nəzərləri ilə yaxın (eyni zamanda çox uzaq!) keçmişimizə nəzər salanda, o "təntənəli" iclasları xatırlayanda, indi onlar adama fantosmoqrafik, əcaib, hətta sürrealist təsir bağışlayır. Ancaq bu, məsələnin bir tərəfidir: görünən və yekdilliklə pislənən, tənə gətirən tərəfi. İkinci tərəf isə görünmür, dərindədir və mürəkkəbdir. O da bundan ibarətdir ki, həmin "təntənə"lərin arxasında konsperativ şəkildə, xəlvətcə, bəlkə də, təhtəlşüur, sövq-təbii olaraq xalqın nüfuzunun artması, uzun illərin sarsıntısından sonra akvarellə nəzərə çarpacaq milliyyətçi dirçəliş prosesi başlamışdı. Yüksək bürokratiya xalqın lideri ilə necə hesablaşırdısa, yavaş-yavaş onlarda xalqın özünə də münasibətdə, bəlkə də, daxilən istənilməyən, arzu olunmayan bir ehtiram yaranırdı.

Bu sətirləri yazıram, xəyal isə məni bu dəfə 1985-ci ilə apa¬rır: onda da Moskvada Beynəlxalq Kitab Yarmarkası idi (iki ildən bir keçirilirdi) və "təntənəli" açılış mərasimini keçirmək üçün yüksək rəhbərlik, görkəmli ictimai xadimlər, yazıçılar yarmarka pavilyonunun qarşısına toplaşmışdı.

Mən o zaman da yarmarkada Azərbaycan nümayəndəliyinin üzvü idim. Yavaş-yayaş yağış yağırdı, mərasim isə başlamırdı. Məlum oldu ki, hamı, o cümlədən, Sov.İKP MK-nın yüksək vəzifəli çinovnikləri, nazirlər Heydər Əliyevin gəlişini gözləyir, o isə gəlib çıxmır. Yağış get-gedə bərkiməyə başladı. Nazirlər, MK-nın şöbə müdirləri xaricdən gəlmiş qonaqların istehzalı nəzərləri altında başlarının üstünə qəzet tutub eləcə yağışın altında dayanmışdılar və mərasimi başlamağa cürət etmirdilər. Nəhayət, Heydər Əliyevin maşını gəldi və indiki kimi mənim gözlərimin qabağındadır ki, Aleksandr Nikolayeviç Yakovlev – gələcək Siyasi Büro üzvü və bu gün köhnə üsul-idarəni ifşa eləyən adam, o zaman isə Sov. İKP MK-nın yeni təyin olunmuş şöbə müdiri o yağışın altında axsaya-axsaya necə maşının qabağına yüyürdü, Heydər Əliyevi necə yaltaqcasına qarşıladı...

Sistemin bir xüsusiyyəti var idi: qorxanda yaltaqlanırdı və sənə yaltaqlanırdısa, mənsub olduğun xalqa da ehtiyatlı yanaşmaq məcburiyyəti qarşısında qalırdı. Stalin zamanı gürcülərə münasibəti xatırlayaq və bu cür misalları çox gətirmək olar.

O Qırmızı Bayraqlarla bərabər, xüsusən 80-ci illərin əvvəllərində Azərbaycanda milli təfəkkürün, özünəqayıdışın ayrı-ayrı fərdlər arasında yox, bir küll halında oyanma dövrü idi. Yalnız elə Hüseyn Cavidin cənazəsinin Sibirdən gətirilib doğma yurdda torpağa tapşırılması faktını xatırlayaq. Yaxud 1981-ci ildə Azərbaycan Yazıçılarının VII qurultayındakı sözün yaxşı, sağlam mənasında millətçilik əhvali-ruhiyyəsi, "İran Azərbaycanı" ifadəsinin "Cənubi Azərbaycan" ifadəsi ilə əvəz olunmasının rəsmiləşdirilməsi...

Əlbəttə, bütün dövrlərdə olduğu kimi, o dövrdə də haqlı işdən çıxarılanlarla bərabər, haqsız işdən çıxarılanlar da olub, haqsız incidilənlər də olub, amma onilliklər boyu insani hisslərə yad olan ictimai əxlaqı (daha doğrusu, əxlaqsızlığı!) zorla həyata tətbiq edən, insanı mənən əzən və lazım gəldikdə cismən də məhv edən Sistemi də yəqin ki, yaddan çıxarmaq olmaz və mənim dediyim odur ki, həmin Sistem daxilində şəxsiyyətə və onun fəaliyyətinə hərtərəfli, obyektiv, düşünə-düşünə qiymət verməyə, fikir söyləməyə çalışmaq lazımdır. Başa düşürəm ki, bəzən bu, çətin olur, şəxsi inciklikləri, şəxsi narazılığı boğmaq bir o qədər də asan deyil, ancaq mənim təsəvvürümə görə, həqiqi yol budur. Onsuz da dünyanın hər üzünü görmüş qoca tarix belə də edəcək.

Yadıma gəlir, Heydər Əliyevin həyat yoldaşı vəfat edəndə bu gün onun üzünə duranlar, kölgəsini qılınclayanlar, həm də yalnız nomenklatura yox, bəzi ziyalılar, ictimai xadimlər necə bir cidd-cəhdlə, canfəşanlıq göstərə-göstərə Moskvaya getməyə, kişiyə şəxsən başsağlığı verməyə çalışırdılar. Bunlar hamısı mənim (və yəqin ki, yalnız mənim yox!) gözlərimin qabağındadır... O zaman mən də Heydər Əliyevə başsağlığı məktubu yazdım. O məktubdakı sözlər, təbii ki, indi olduğu kimi yadımda deyil, amma fikirlər, əhvali-ruhiyyə yaxşı yadımdadır. Əlbəttə, o şəxsi məktubdakıları təkrar etmək düzgün olmaz, yalnız onu deyə bilərəm ki, mən yenə də həmin fikirdəyəm və məni tanıyanlar yaxşı bilir ki, heç bir konyukturada da bunu gizlətməmişəm.

Artıq çox uzaqlarda qalmış aspirantlıq illərində haradasa oxumuşdum ki (deyəsən, akademik Tarlenin fikridir), sarsıdıcı inqilablardan, yakobinçilikdən və cəmiyyətin lyumpenləşməsindən sonra XVIII əsrin sonlarında, XIX əsrin əvvəllərində Fransada Napoleon hadisəsi zərurət idi, amma bu adamın məhz Korsikalı Bonapart olması təsadüfdür.

Bu fikri şəxsiyyətlərin müqayisəsi üçün yox, iqtibas etmək üçün xatırladıram. Fikirləşirəm ki, görünür, Azərbaycanda da 28 apreldən, "bəysizləşdirmə"dən, kollektivləşdirmədən, 37-dən sonra, o dövr üçün Əliyev hadisəsi zərurətin ifadəsi idi. Bəlkə də, fatalizmə qapılıram, amma dediyim odur ki, Azərbaycanın öz tam müstəqilliyi uğrundakı mübarizəsindən əvvəl imkan daxilində özünütanıtma və özünütəsdiq mənasında, yəqin ki, "Əliyev dövrü"ndə bir zərurət var idi.

Bu yaxınlarda hardasa belə bir məlumata rast gəldim ki, Todor Jivkov on cildlərlə "Seçilmiş əsərləri"nə toplanmış məqalələrini nəinki özü yazmayıb, ümumiyyətlə, heç onları oxumurdu da! "Sosializm komediyası, farsı" üçün bundan gözəl bir illüstrasiya tapmaq, güman ki, çətindir... Leonid Brejnevi yaxından tanıyanların dediyinə və yazdığına görə, bu rəhbər də öz adına çap olunan, nəşr edilən yazıları oxumurdu.

Və həmin kontekstdə Heydər Əliyev şəxsiyyətinin "inkişaf etmiş sosializm" çərçivələrinə sığışmayan bir cəhəti də mənim üçün əlamətdardır: mətbuatı şəxsən izləmək. Onun çıxışlarında, söhbətlərində (mən həmin çıxışların sıravi dinləyicilərindən, o söhbətlərin təsadüfdən-təsadüfə sıravi iştirakçılarından biri kimi fikir yürüdürəm) dərhal hiss olunurdu ki, qələm əhlindən kimin kim olduğunu, hansı məzhəbə qulluq elədiyini yaxşı bilir və bu, köməkçilərin hazırladığı (eləcə də xeyirxahların, daha artıq dərəcədə isə bədxahların verdiyi) məlumatların nəticəsi deyil, öz müşahidəsi, öz biliyidir.

Səksəninci illərin lap əvvəllərində mənim "Literaturnaya qazeta"da bir məqaləm çap olunmuşdu. O vaxt "Litqazeta" bir ədəbi problem, yaxud əsər haqqında müxtəlif fikirlər verirdi. Mənim məqaləm də Yuri Boldırevin məqaləsi ilə yanaşı verilmişdi və onunla kəskin ədəbi mübahisə edirdim. Onda Həsən Həsənov Mərkəzi Komitənin ideoloji katibi işləyirdi və birdən-birə gecə mənə evə zəng elədi. Məlum oldu ki, Heydər Əliyev Soçidə (əgər səhv etmirəmsə) istirahət edir, məqaləni oxuyub və zəng eləyib bu barədə Həsən Həsənova ətraflı fikrini bildirib. Burada, yəqin ki, fəxr eləməli bir şey yoxdur, amma o var ki, cavan bir yazıçının, özü də sırf ədəbiyyat problemlərinə həsr olunmuş yazısı da diqqətdən (və maraqdan!) kənarda qalmırdı və bu diqqət "rəhbər diqqəti" yox, oxucu diqqəti idi. Məsələnin maraqlı bir cəhəti də o idi ki, ətrafındakıların xeyli qismi mətbuatla, ümumiyyətlə, mədəniyyətlə maraqlanan adamlar olmasa da, rəhbərdən çəkindikləri üçün özləri də mətbuatı izləmək, ədəbi ictimaiyyətin problemlərinə məhdud qabiliyyətləri daxilində diqqətlə yanaşmaq məcburiyyətində qalırdı.

Dəfələrlə bunun şahidi olmuşam ki, Heydər Əliyev teatr tamaşalarına baxıb və qurtardıqdan sonra səhnə arxasında yaradıcı kollektivlə görüş keçirib və heç bir mübaliğəyə yol vermədən deyim ki, yüksək səviyyəli professional sənətşünas kimi tamaşanın təhlilini verib. Orasının da şahidiyəm ki, həmin görüşlərdən sonra yaradıcı kollektivin həvəsi birə-on artırdı. Əsl sənət adamına, sənət kollektivinə nə lazımdır? İlk növbədə xalqın onun sənətinə qiymət verməsi, onu başa düşməsi. Xalqa rəhbərlik edən adam da qiymət verməyi bacarırsa, bu, əlbəttə, çox təqdir ediləsi cəhətdir.

Bu cür görüşlər Moskvada da keçirilirdi: görkəmli arxitektorlarla, yazıçılarla, teatr kollektivləri ilə və deməliyəm ki, onların əks-sədası Azərbaycan mədəniyyətinin inkişafı üçün münbit şərait yaranması baxımından çox xeyirli olurdu.

Həmişə öz-özümə fikirləşəndə təəccüb, bəzən hətta heyrət etmişəm ki, Heydər Əliyev kimi, ucqar bir yerdə boya-başa çatıb  təhsil alasan, uzun illər boyu DTK kimi sənətdən, yaradıcılıq mühitindən uzaq bir yerdə işləyəsən və bu dərəcədə də ədəbi-estetik təfəkkür tərzinə malik olasan. Yadıma gəlir, 1976-cı il idi, onda lap cavan bir yazıçı idim və Yazıçılar İttifaqına yenicə katib seçilmişdim. Moskvada Səməd Vurğunun anadan olmasının 70 illiyini keçirdik və sonra Daimi Nümayəndəliyimizdə yubiley iştirakçıları üçün kiçik bir qəbul düzəltdik. Adamların sayı az idi – 30-35 nəfər, amma kimlər idi: Leonid Leonov kimi "canlı klassik"dən tutmuş, o zamanın böyük "ədəbiyyat generalları" – Georgey Markov, Aleksandr Çaykovski, Nikolay Qribacovacan rus ədəbi ictimaiyyətinin "rəsmi" və qeyri-rəsmi ən irəlidə gedənləri. Heydər Əliyev də orada idi və söhbətləri, çıxışları ilə miz arxasında əyləşənlərin, xüsusən də "ədəbiyyat generalları"nın çoxundakı "böyük qardaş" təkəbbürünü sözün əsl mənasında məhv etdi və o danışdıqca həmin "ədəbi generallar" gözgörəti kiçilirdi...

Bu – şəxsiyyətin miqyasıdır.

O məclisdə yalançı məlumatfuruşluqla, əvvəlcədən hazırlaşma ilə, gözə, lap ustalıqla da olsa, kül üfürməklə, hətta Siyasi Büro üzvlüyünə namizədliyin hipnozu ilə iştirakçıları ovsunlamaq mümkün deyildi, çünki onların özləri sovet "hakimiyyət mətbəxi"nin aparıcı fiqurları, funksionerləri idi. Yalnız şəxsiyyətin təbii özünüifadəsi, fitri qabiliyyət onları o cürə gözgörəti kiçildə və hərəni öz yerində oturda bilərdi.

Bir vacib məsələni qeyd eləmək istəyirəm: şəxsiyyəti, əlbəttə, cəmiyyət yetişdirir və bu mənada Heydər Əliyev də sovet cəmiyyətinin yetişdirməsi idi və özünün də son çıxışlarından birində dediyi kimi, həmin cəmiyyətə xidmət etmişdi, bunun məsuliyyətini də dərk edir. Lakin şəxsiyyətin miqyası cəmiyyətin ideoloji-inzibati sərhədləri, çərçivələri ilə məhdudlaşdırıla bilməz. Bu baxımdan mən Heydər Əliyevin son dövr fəaliyyətindəki (və ümumiyyətlə, həyatındakı!) ideoloji dəyişikliyi təbii hesab edirəm.

Ales Adamovic yazır ki, sosializmdən pis yalnız onun xarabalıqları ola bilər. Burada, yəqin ki, "sovet sosializmi" demək daha dəqiq olar. Xalqımızın "sovet sosializmi"nin həmin real xarabalıq təhlükəsi ilə üzbəüz durduğu vaxtlarda Heydər Əliyevin bir az qəmli-kədərli, olsun ki, bir az da "heyhat..." əhvali-ruhiyyəli, amma təhlükəsiz, acılı-şirinli xatirələrlə dolu, rahat öz-özünə dərdləşmək üçün vaxt verən, heç kimdə və heç nədə işi olmayan (onda onunla da heç kimin, xüsusən Kreml mafiyasının işi olmayacaqdı!) "fərdi təqaüdçü" həyatından imtina edib yenidən mürəkkəbliyin, çətinliklərin, xislət naqisliklərinin, min bir xarici və daxili fitnə-fəsadın içinə daxil olmasına, öz xalqının arasına qayıtmasına da mən məhz şəxsiyyətin Əvvəldən Axıra, Başlanğıcdan Sona gedən yoldakı təbii addımları, təbii yolçuluğu kimi baxıram.

Mən Heydər Əliyevi idealizə etmək fikrində deyiləm və heç bu mümkün də deyil, ən azı ona görə ki, ideal xisləti təbiət yox, romantik ədəbiyyat yaradır. Heydər Əliyev bir rəhbər kimi onu (əslində isə bizim hamımızı!) yetişdirən cəmiyyətin bir hissəsiydisə, deməli, cəmiyyətin səhvləri, eyni zamanda onun da səhvləri idi. Yetmişinci illər, səksəninci illərin əvvəlləri artıq tarixin səhifələrinə çevrildiyi bir vaxtda, o dövrə nəzər saldıqda bir rəhbər kimi onun özündən asılı olan səhvləri də indi gün işığı kimi aydın görmək mümkündür. Misal üçün, ətrafına yığışmış və özü Moskvaya getdikdən sonra respublikada qalan "kiçik rəhbərlər" kolleksiyası...

Mən fikirləşirəm ki, yəni Heydər Əliyev kimi iti zehnə, fəhmə malik bir adam ətrafındakıların bir çoxunun miskinliyini, riyakarlığını, konformistliyini görmürdü? Ola bilməzdi ki, görməsin...

Bu yerdə biz, görünür, cəmiyyətin şəxsiyyəti üstələməsi hadisəsi ilə qarşılaşırıq. Və görünür, bu da bir Allah işidir ki, bunun ən böyük acısını Heydər Əliyev özü daddı. Əlindən tutub çörək verdiyi və rəyasət heyətlərində barmağının kiçicik bir işarəsi ilə minlərlə, hətta milyonlarla adamın gözü qabağında (televiziyanın sayəsində) top kimi yerindən atılıb onun qabağına yüyürən (və bununla özlərini xoşbəxt hiss edən, qürurlanan!) adamların, o, iqtidardan düşdükdən sonra, necə bəd üz göstərmələri hamıdan əvvəl Heydər Əliyevin özünə təsir etməli idi və emosional adam olduğu üçün, yəqin ki də, etdi.

Bu barədə çox danışmağa, xırdalamağa, elə bilirəm ki, ehtiyac yoxdur. Yunus İmrənin dediyi kimi: "Dünya axirət əkini, əkib götürən bilər", amma etiraf etmək istəyirəm (ümumiyyətlə, mənim bu ekspromt yazım, bir növ, etirafnamədir) ki, o zamanlar – Heydər Əliyevin Bakıya qayıdışı və ona qarşı hücumlar vaxtı beynimdə bir obraz məni xeyli müddət rahat buraxmadı: Kral Lir. Şekspir ona görə əlçatmaz bədii-fəlsəfi zirvədir ki, öz yaradıcılığında insan xisləti kimi dəhşətli bir labirintin bələdçisi olub. Bu xislət nələrə qadirdir! Həmin vaxtlar mənim aləmimdə Heydər Əliyev o cürə xislət dəyişmələri ilə üz-üzə gələrkən, hərgah belə demək mümkünsə, Kral Lir dərəcəli bir pərişanlıq içində idi. Bəlkə də, bu fikir, bu bənzətmə mənim fantaziyamın nəticəsidir? Bilmirəm... Amma mən belə hiss edirdim, belə görürdüm.

İndi, gecə saat üçün sakit qaranlığında bu sətirləri yazarkən orasını da fikirləşirəm ki, Kral Lir dərəcəli bir pərişanlığı yaşayan şəxsiyyəti heç vaxt kin-küdurət, intiqam ehtirası ələ ala bilməz, əksinə, kiçikliyi, miskinliyi gördüyü üçün o, bağışlamağı üstün tutar.

Əlbəttə, vaxt gələcək, bizim bu günlərimiz (çətin, özünü axtarışlarla dolu, ziddiyyətli, qanlı-qadalı, amma şübhəsiz ki, tarixi günlərimiz!) də Azərbaycan yazıçılarının, şairlərinin, dramaturqlarının qələminin zəngin, Şekspir ehtirasları ilə dolu materialına çevriləcək, əsərlər yaranacaq, o əsərlərin real tarixi qəhrəmanları olacaq, ancaq o həqiqəti ki Heydər Əliyev özü yaza bilər, onu heç kim yazmayacaq. Bilmirəm, Heydər Əliyev gündəlik tutub, bilavasitə iştirakçısı olduğu epoxal əhəmiyyətli hadisələrlə bağlı heç olmasa qeydlər aparıb, yoxsa yox? Mən çox istərdim ki, gələcək nəsillər o gündəlikləri, qeydləri, fikirləri oxumaq imkanına malik olsun. Və eyni zamanda o yazılar da tamam obyektiv yazılsın, yaxşıya yaxşı, pisə pis deyilsin. O yazılar yazılarkən daxili "qlavlit" – şəxsi təəssübkeşlik bir tərəfə atılsın və "cəmi məxluqatın əşrəfi" olan insan müəllifin simasında o tarixi sənəddə bütün vüsəti ilə təsvir olunsun – yaxşısı da pisi ilə bərabər, müdrikliyi və pərişanlığı, Xeyir ilə Şər arasındakı ədəbi mübarizədə qadirliyi və səhvləri, aldanışları ilə birlikdə.

Bu yaxınlarda yaxın adamlarla xudmani bir söhbət zamanı  dostlardan biri məndən soruşdu: "– Heydər Əliyevi bir sözlə necə səciy-yələndirərdin?" Özüm üçün də gözlənilməz bir cavab verdim: "– Tənha adam." Bilmirəm nə üçün belə dedim? Nəyə görə? Hansı əsasla? Bəlkə, ona görə ki, istedadlı şəxsiyyət həmişə tənha olur? Bilmirəm... Amma belə dedim və indi də belə düşünürəm.

                                            

 

Şəkillərdə: 1997-ci il. Heydər Əliyev “Ah, Paris, Paris” tamaşasına baxdıqdan sonra; 1981-ci il. Azərbaycan yazıçılarının VII Qurultayında

 

“Ədəbiyyat və incəsənət”

(10.05.2023)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.