QUBADA ƏDƏBİYYAT FONDUNUN TƏŞKİLATÇILIĞI İLƏ “HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN ƏDƏBİYYATI” MÖVZUSUNDA KONFRANS KEÇİRİLİB
5-7 may tarixlərində Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” Konfransı keçirilib.
Quba şəhərində yerləşən “Şahdağ Quba-Truskavets” sanatoriyasının ev sahibliyi etdiyi Konfransda ölkənin ədəbi elitası, gənc ədiblər, bölgə ədibləri bir araya gəliblər.
Heydər Əliyevi - bu böyük və müdrik insanı şəxsən tanıyıb onunla yaxından təmasda olanlar onunla bağlı xatirələrini dilə gətiriblər, məruzəçilər Heydər Əliyevin ədəbiyyatımıza verdiyi töhfələrdən, qələm əhlinə diqqət və qayğısından söz açıblar.
“Ədəbiyyat və incəsənət” portal xəbər verir ki, tədbir konfrans iştirakçılarının Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin müşayiəti ilə ulu öndərin abidəsinə gül dəstələri qoymaları ilə başlayıb.
Sonra xüsusi olaraq konfrans üçün hazırlanmış “Heydər Əliyev və Azərbaycan” sənədli filmi nümayiş olunub.
Konfransın təşkilatçısı olan Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Baş Direktoru Varis Yolçiyev konfransı açaraq tədbirin məramı və mahiyyətindən danışıb, çıxış üçün sözü Xalq yazıçısı, AYB-nin sədri Anara verib. Heydər Əliyev obrazını Azərbaycan ədəbiyyatında yaradan ilk iri həcmli əsərin - “Unudulmaz görüşlər”in müəllifi ümummilli lider barədə xatirələrini bölüşüb.
Daha sonra Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev qonaqları salamlayaraq Heydər Əliyev şəxsiyyətinin səciyyəvi xüsusiyyətlərini diqqətə gətirib.
Xalq şairi Sabir Rüstəmxanlı ulu öndərin Azərbaycanın azadlıq və müstəqillik hərəkatına münasibətindən söz açıb, ardıcıl görüşləri barədə xatirələrini danışıb.
Heydər Əliyev barədə ən fundamental bədii və sənədli nümunələrin müəllifi, Xalq yazıçısı Elmira Axundova “Əbədiyaşar məhəbbət: Zərifə və Heydər Əliyevlər barədə” kitabının necə yaranmasından, ulu öndərlə ünsiyyətlərindən sğz açıb.
Milli Məclisin deputatı Jalə Əliyeva “Heydər Əliyev və Ana dilimiz”,
Azərbaycan milli kulturologiya elminin banisi, “Simurq” Assosiasiyasının prezidenti Fuad Məmmədov “Heydər Əliyev və yeni mədəniyyət konsepsiyası”,
Milli Məclisin deputatı, yazıçı Aqil Abbas “Ulu öndərin sənət adamlarına diqqət və qayğısı”; Mətbuat Şurasının sədri, AYB sədrinin müavini Rəşad Məcid “Sözün qədirbiləni”; Təhlükəsizlik məsələləri üzrə ekspert, ehtiyatda olan polkovnik Seymur Şeydayev “Heydər Əliyev yazıçılarımızı KQB-nin qanlı caynağından necə xilas etdi”; Azərbaycan Respublikasının birinci dərəcəli fövqəladə və səlahiyyətli elçisi Səyyad Aran “Heydər Əliyevlə Yaponiyaya səfərimizin təəssüratları” mövzularında çıxışlar ediblər.
Konfransda habelə AYB Dramaturgiya bölməsinin müdiri Firuz Mustafa, Rəsul Rza mükafatı laureatı, professor Əlibala Məhərrəmzadə, Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı, Milli Məclisin mədəniyyət eksperti Əkbər Qoşalı, yazıçı, kinodramaturq, Əməkdar İncəsənət Xadimi Orxan Fikrətoğlu, AYB-nin Uşaq Ədəbiyyatı bölməsinin müdiri Qəşəm Nəcəfzadə, AYB Poeziya bölməsinin müdiri İbrahim İlyaslı, AYB Quba təşkilatının rəhbəri Ramiz Qusarçaylı ümummilli liderin sözün və söz adamlarının necə keşiyində dayanması barədə dolğun məruzələr söyləyiblər.
İki günlük Konfrans zamanı həm də Azərbaycan Yazıçılar Birliyinin Heydər Əliyevin 100 illiyinə hazırladığı töhfə - “Əbədi ömrün yüz ili” kitabının təqdimatı keçirilib.
Kitabın redaktoru AYB katibi, Əməkdar İncəsənət Xadimi Elçin Hüseynbəyli “Əbədi ömrün yüz ili” kitabının ərsəyə gətirilməsi tarixçəsi barədə danışıb, kitabda xatirələri yer almış Sabir Restəmxanlı, Rəşad Məcid, Elçin İskəndərzadə xatirələrini dilə gətiriblər.
Konfransın gedişini Quba, Xaçmaz, Qusar bölgəsində yaşayıb yaradan yazarlar, Azərbaycan Pedaqoji Universitetinin Quba filialının tələbələri də izləyiblər.
Konfrans günləri ərzində konfrans işçiləri Quba Soyqırımı Kompleksini də ziyarət ediblər.
Konfransın leytmotivini isə Xalq yazıçısı Anarın bu cümlələri ilə səciyyələndirmək olar: “Bugünkü nəsillərin, Heydər Əliyevin çağdaşlarının, özəlliklə onunla bu və ya digər dərəcədə təmasda olanların borcu Heydər Əliyevlə bağlı anılarını, xatirələrini yubanmadan qələmə almaq, onun mürəkkəb və zəngin obrazının müxtəlif çalarlarını, ayrıntılarını sənəd kimi tarixin malı etməkdir”.
Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Baş direktoru Varis Yolçiyev konfransla bağlı təəssüratlarını portalımızla bölüşüb: “Dünən və bu gün Qubanın “Şahdağ Quba-Truskavets” sanatoriyası “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” adlı möhtəşəm bir konfransa evsahibliyi etdi.
Başda Xalq Yazıçısı, AYB sədri Anar olmaqla bütün tədbir iştirakçılarına, o cümlədən Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevə, millət vəkili, Xalq Şairi Sabir Rüstəmxanlıya, Xalq Yazıçısı Elmira Axundovaya, millət vəkilləri Jalə Əliyevaya, Aqil Abbasa, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidə, Milli Kulturologiya elminin banisi, “Simurq” assosiasiyasının prezidenti, professor Fuad Məmmədova, AYB-nin Heydər Əliyevin 100 illiyinə həsr etdiyi “Əbədi ömrün yüz ili” kitabını təqdim edən kitabın redaktoru, əməkdar incəsənət xadimi Elçin Hüseynbəyliyə, Heydər Əliyevlə bağlı ən maraqlı xatirə danışan Azərbaycan Respublikasının birinci dərəcəli fövqəladə və səlahiyyətli elçisi Səyyad Arana, dəyərli qələm əhlinə, Azərbaycan Pedaqoji Universitetinin Quba filialının tələbələrinə, eləcə də başda “Şahdağ Quba-Truskavets” sanatoriyasının sahibi, professor Əlibala Məhərrəmzadə olmaqla bütün sanatoriya kollektivinə dərin təşəkkürümü bildirirəm.
Konfrans həqiqətən də alındı!