Əşrəf Veysəlli: “İndi ata da yox, ana da yox, dost da yox, təklənmişəm...” Featured

ƏMƏKDAŞIMIZ AİDA EYVAZLININ USTAD ŞAİR ƏŞRƏF VEYSƏLLİ İLƏ MÜSAHİBƏSİ

 

Sözü göyərdən, sözü yaşadan, sözü göylərə qaldıran bir insan haqqında nə söz yazsan da, onun yazdıqlarının fövqünə çata bilməzsən. O adam ki, lap gəncliyimdən sözünə aşiq olub, şeirlərini sevib, özünə “ustad” demişəm.

Böyük Məhəmməd  Füzuli deyirdi ki, “Artıran söz qədrini sidqilə qədrin artırar, Kim, nə miqdar olsa, əhlin eylər ol miqdar söz...”-  Bu bahar günlərində ömrünün 85 sinisini dolduran Əşrəf Veysəlli bizim nəslin müasiri sayılır, desəm, yanılmaram. Biz 70-ci illərin sonu, 80-ci illərin əvvəlinin gəncləri sözə, şeirə çox bağlı idik. Harada bir şeir gecəsi, poeziya axşamı keçirilsə, oraya tələsərdik. İstər Bakıda, istər Sumqayıtda olsun, bu duyğu dolu, sevgi dolu poeziya axşamlarında Nüsrət Kəsəmənlini, Əşrəf Şəfiyevi (bizim gəncliyimizdə o Şəfiyev idi), Sabir Rüstəmxanlını, Söhrab Tahiri, Vaqif İbrahimi, Nəriman Həsənzadəni, Davud Nəsibi, İbrahim Göyçaylını, Musa Yaqubu... dəfələrlə dinləməkdən zövq alardıq. Poeziya və söz axşamları bizim üçün bayram idi.          

Bax elə həmin o vaxtlar, mən də Sumqayıt məktəblisi kimi “Sosialist Sumqayıtı” qəzetinin yolunu tanımışdım. Qəzetdə hərdənbir yazdığım xəbərlər dərc olunurdu. Şəhərimizin 14-cü məhəlləsi sayılan həmin ünvanda, qəzet redaksiyası ilə yanaşı ikimərtəbəli binada isə Əşrəf müəllim yaşayırdı. Bu qəzet redaksiyasında başlayan dostluğumuz evinin içərisinə qədər gedib çıxdı. Günlərin bir günü məni həyat yoldaşı Reyhan xanımla tanış etdi. Bəlkə də mənim nəzərimdə çayın ən ətirlisini Reyhan xanım dəmləyirdi.

Nə idi bizə Əşrəf müəllimi sevdirən? Sadəliyi, mənəviyyat adamı olması, bir də ki, Səadəti.  O Səadət ki, Əşrəf Şəfiyev onu 12 il gözləmişdi. Bu şeiri ilə də könlümüzü fəth etmişdi.  Qızı dünyaya gəlməmişdən 7 il  əvvəl onun xəyalına şeir yazmışdı:

Körpə balaların gülüşlərində,

Körpə nəfəsini duymuşam sənin.

Hələ bu dünyaya gəlməmisən sən,

Adını Səadət qoymuşam sənin.

 

Gəl, basıb bağrıma, “ata” deyim mən,

Öz dilin söz tutub “ata” deyincə.

Yıxılıb qarşında iməkləyim mən,

Ayağın yer tutub iməkləyincə.

 

Bir dəstə gül kimi alım  əlimdə,

Çiynimdən çiynimə ötürüm səni.

Qollarım yorulsa, kipriklərimdə,
Məktəbə aparıb, gətirim səni.

 

Yaman darıxmışıq biz sənin üçün,

Di gəl, yandır bizi, alışdır bizi.

Ananın xətrinə dəymişəm bu gün,

Gəl düş ortalığa, barışdır bizi.

 

Nənə də, baba da səni gözləyir.

Bu el də, oba da səni gözləyir.

Bitmişik yollara, müntəzirik, gəl ,

Eh, gəlmiş olaydın gərək sən, bala.

Atadan, anadan,

Hamıdan əvvəl

Bizim evimizə gərəksən, bala!..

 

12 il yol gələn Səadətin də ayağı yüngül oldu. Özündən sonra dalısıyca 4 qardaşını gətirdi. Səadət dörd qardaşın bir bacısı oldusa, Əşrəf dörd bacının bir qardaşı idi…

Dörd bacının bir qardaşı təhsil dalınca Füzulinin Veysəlli kəndindən yola çıxanda, elə bilirdi ki, yollar onu geri döndərəcək. Bəzən yollar adamı dolaşığa salır axı… Bir az dərs otaqlarında, bir az Bakının küçələrində, bir az yenicə şəhər statusu alan Sumqayıtda gəzə-gəzə, işləyə-işləyə yolları dolaşıq saldı. 1963-cü ildən taleyini bu şəhərə bağladı. Artıq kənddəki bütün  yol gözləyən ata-analar kimi, Əşrəfin də ata -anası oğul yolu gözləməyə öyrəşdilər. Lakin Əşrəf nə vaxt evə gəlirdisə kənddə toy-bayram olurdu. Özü ilə dostlarını gətirirdi. Bəlkə belə dostcanlı olması səbəbindən, kənddə də çox duruş gətirə bilmirdi. Haraya getdisə, tezcə Sumqayıta dönürdü…

Yolum düşdü, qonaq qaldım ömürlük,

Anam oldu, bacım oldu Sumqayıt.

Mahnı kimi, nəğmə kimi, söz kimi,

Ürəyimə axıb doldu Sumqayıt.

Bir oğul ömrünü yeyib, bir şair ömrü uzatdı Sumqayıt. Sevdiyi Sumqayıtda hər kəsin evinin, ürəyinin qonağı oldu Əşrəf Veysəlli.

Biz doğma şəhərimiz Sumqayıta onun qədər etibar göstərə bilmədik. Tanrının əlimizə verdiyi qələm birimizi Sumqayıtda əbədiləşdirdisə, birimizi də bu gözəl şəhərdən qismən ala bildi. Eh… bu da bəxt, tale yazısıdır.

İndi Sumqayıtın əbədi qonağı, sadiq dostu Əşrəf Veysəllinin evindəyəm.

Yalan nə deyim, Əşrəf müəllimin Sumqayıtın 6-cı mikrorayondakı yeni evinə gəlməyə bu günədək heç vaxt tapa bilməmişəm. Əşrəf müəllimin öz şeirində yazdığı kimi, biz çox vaxt həm öz ömrümüzə və həm də vaxta xəyanət edirik axı…

Oğlu Şahinlə əvvəlcədən danışmışdıq ki, məni evlərinə qəfil aparacaq ki, kisi sevinsin. Şahin hər bir hərəkəti, davranışı, qayğısı ilə atasına sevinc qazandırmağa çalışır. Dəfələrlə şəhərdə keçirilən tədbirlərdə bunu hiss etmişəm. Və tək-tək övladlardandır ki, atasının ədəbi dünyada yaratdıqlarını, yazdıqlarını sətir-sətir əzbər bilir. Bu qədər dar macalın, vaxtın işərisində həm  Sumqayıtdakı Mədəniyyət İdarəsindəki işini, həm ailəsinin qayğısını çəkir, həm də dənizlə üzbəüz olan bu doqquzmərtəbəli binada yaşayan ata-anasının qayğısına qalmağa da vaxt tapa bilir. Deyəsən, bizdən fərqli olaraq, o, vaxta xəyanət etmir.

Bilirəm, bilirəm ki, bu yaşda insanlar çox darıxqan olurlar. Zənnimiz bizi yanıltmır. Qəfil gəlişim ustadı sevindirir. Ustadımızla görüşüb, söhbətə otururuq. Soruşuram ki:

-Necəsiniz Əşrəf müəllim? Həyatla ayaqlaşa bilirsinizmi?

Cavabı əlbəəl verir:

-Yaxşıyam. Həyatla münasibətim çox yaxşıdır. Niyə də küskün olmalıyam ki… Hər şeyim var. Əsas məsələ odur ki, övladlarım var. Və onlar məni başıaşağı etmədilər. İntəhası övladlarımdan və dünyadan nigarançılığım var.  Çox böyük  nigarançılığım var. Oğlanlarımın üçü Rusiyada yaşayır. Qardaşım oğlanları da Ukraynadadır. İndi Ukrayna ilə Rusiya müharibə aparır. Belə çıxır ki, iki qardaş balası bir-birinə güllə atacaq? Bu təfədən də İranda cavan -cavan qızları edam edirlər. Xoyda zəlzələ olur, ora yardım göndərə bilmirik.... Soydaşlarımız əzab-əziyyət içərisindədirlər. İndi də qardaş dediklərimiz əllərinə bir Kalaşnikov alıb, bizə qarşı terror edirlər. Adlarını da din qardaşı qoyublar. Və  bu cinayətləri törədən  siyasi toplum da, onların siyaəsət və fitnəsinə inanan içərimizdəki kütlə də  Allahın adından, dindən istifadə edir. Öz-özümə deyirəm ki, bəs bu nə Allahsızlıqdır. Axı insana canı sən verməmisən ki, sən alasan. Bax, belə hadisələr insana pis təsir edir. Lakin neyləyə bilərik, elə hadisələr var ki, bizim  bəyənib-bəyənməməyimizdən asılı olmayaraq, oz axarında davam edir, bizə isə zamanı ağrı içərisində seyr etmək qalır. Bir də gücümüz çatsa, bir-iki sətir cızma-qara edib, ürəyimizi boşaldırıq. Ona görə də hələ yeriyə bildiyimə, özümü idarə edə bildiyimə görə şükranlıq edirəm. Bu özü böyük şeydir. Bax sən gəlmisən,  çox çətinliklə səni görürəm.  Gözlərim işığını itirib yavaş-yavaş... Allah insana nə veribsə, hamısını bir-bir alır. Qurban olum ona. Borc verib də, sonra geri alır. Bəlkə də həyatın gözəlliyi elə bundadır. Münasibətlər qalır dünyada, yaxşılıqlar qalır dünyada. Yaxşı yazılar, kitablar qalır dünyada. 

Bir neçə saniyəlik fikrə gedir. Sifətində bir işıq, bir təbəssüm əks olunur. Söhbətinə davam edir:

- Bir də səni görəndə yadıma nələr düşür? Sən gənc bir qız idin, redaksiyamıza gələrdin. Şəhərimizdə poeziya gecələri təşkil edib, keçirərdin. Dumanlı şəkldə düşdü yadıma, sənin atan-anan yadıma gəlir. Sizə gələrdik. Sənin toyunun “Bahar” restoranında tamadası mən olmuşam.  Belə də... deyirəm ki, yaxşı ki, o xatirələr var. Ağəddin Mansurzadə, Vaqif İbrahim gəldi düşdü yadıma, Fezyi Mustafayev... Eh heç onları unutduğum olmur ki...  Dostlardır də... Onlar indi haqq dünyasındadır, mən isə bu dünyada, Allah hamısına rəhmət eləsin.

 

O şəhidlərin yatdığı torpağın başına dönüm...

 

-Əşrəf müəllim, bayaq İrandan, Xoydan danışdınız... Yadınıza gəlir, 80-ci illərdə Azərbaycanda bir Təbriz, Cənubi Azərbaycan hayqırtısı,  dalğası var idi. Biz Təbriz havasındaydıq...  bütün tribunalardan Təbriz, Xudafərin şeirləri səslənirdi... O zaman heç mollaçılıq da bu qədər yayılmamışdı... İranda şah rejimi devriləndən sonra gör arzuladığımız Təbrizin əvəzinə, Azərbaycana nələri doldurdu bu fars molla rejimi... Sayıqlığımızı itirdik...

-Bir vaxt var idi “Təbriz”- deyib ağlayardıq. Sonra başladıq “Qarabağ” deyib ağladıq. Bu İran özünü həmişə belə aparıb.  Lakin İranda  həmişə azərbaycanlılar, türklər olub  hakimiyyətdə. Şah İsmayıl Xətai  hakimiyyətdə qalmaq üçün şiəliyi yaydı. Bu gün yenə də orada hakimyyətdəkilərin 70 faiz azərbaycanlılardır. Sadəcə farslaşıblar. Səlcuqlar, ərəblər gəlib istila etmişdi, dilimizi dəyişiblər. Əgər orada türk qəbiri tapılırsa, demək mən o kökdənəm. Biz çox tolerant yurduq. Bütün mədəniyyətlərin qovşağındayıq. Burda rus da var,  erməni də var,  ukrain da var, kürd də var, lahıc da var, talış da var,  hansına “gözün üstündə qaşın var” dedik?  Dinə görə, əqidəyə görə insanları ayırmadıq, hamısına doğma münasibət bəslədik. Süfrəmizin başına keçirdiklərimiz, evimizin qapısını açdıqlarımız özümüzə qənim kəsildi.

-Bu “doğma şəhərim” dediyimiz Sumqayıtda ermənilərlə birlikdə işlədiniz, yaşadınız, sonra da həmin qonşu qəbul etdiyiniz ermənilər ata yurdunuzu viran qoydular... Atanız Cavad kişinin məzarı kənddə qaldı….

-Eh... heyif ki, mənim bir çox xatirələrim qaldı Qarabağda. Hərdən deyirlər ki, erməni ilə qonşuluq etmək lazımdır... Yaxşılığa yaxşılıq hər kişinin işidir. Yamanlığa yaxşılıq ər kişinin işidir. Amma bunlar yaxşılıq başa düşən deyil axı... Mənim kəndimlə üz-üzə qonşularımız idi ermənilər...  Çartaz Veysəlli ilə üz-üzə idi. Öz işləri keçəndə quzuya dönürdülər, əlləri bərkidimi, o dəqiqə quyu qazır, düşmənçilik edirdilər... Bizi sevməyən ermənini sevmək olmaz. Mən bu siyasətlə razı deyiləm. Xocalıdan sonra, Qaradağlıdan, Ağdabanlıdan, Ballıcadan sonra  mən ermənini necə bağışlayım?  Bunları mən nə təhər bağışlayım? Mövlanə deyir ki, “Səni istəyəni sev, dağda çoban olsa da, Səni sevməyəni istəmə, Misirdə sultan olsa da”.Yaşadığım 85 yaşlı ömrümün ən ağır yarası və xəbəridir Vətən itkisi, torpaq itkisi. Yurdlarımız viran oldu, qəbirlərimiz talan oldu... O cür evlərimiz getdi, ellərimiz getdi... İllərimiz getdi...

Rəhmətlik atamla  2 mərtəbəli təzə ev tikmişdik Veysəllidə. Bircə dəfə atama yas verdik o kənddə, bir də bacım oğlunun toyuna tədarük görürdük... Bu təxribatlar başlayan ərəfədə atam erməni avtobusunda Ağdamdan gəlirmiş. Ermənilər bir-biri ilə danışıb ki, gəlin bunu öldürək. Erməni dilini bilirdi.  Avtobusun sürücüsü mane olub. Bu söhbət atama çox pis təsir etmişdi. Çünki ömrü boyu ermənini əlinin altında işlətmişdi, cüssəli kişi idi. Ferma müdiri olub. Savadı olmasa da, qan hadisəsi olsaydı, gəlib atamı aparardılar. Ermənilər onun  qabağında əsirdilər. Yaşının ahıl vaxtında eşitdiyi bu söhbət, ətrafdan gələn xəbərlər ona pis təsir edirdi. Həmin hadisədən 1 il sonra ürəyi qubar gətirdi, 79 yaşında öldü.1990-cı ildə onu orada dəfn elədik.

Füzuli rayonu işğal olunanda - 1992-1994-cü illərdə Sumqayıt Şəhər Mədəniyyət şöbəsinin müdiri vəzifəsində  işləyirdim.  1992-ci ildə mənə xəbər verdilər ki, kəndimiz işğal olunub, kənddən qonaqlarınız gələcək. Bu qədər qonağımızı haraya yerləşdirim? 28 ailə gəlmişdi. Şəhərin rəhbərindən  Energetiklərin sanatoriyasını istədim. Öz kəndçilərimizi yerləşdirdim.  Sonra hamısı ev- eşik sahibi oldu. Əvvəllər özlərini qonaq kimi sayırdılar. Sonra hamısı qalıb həmin sanatoriyada yaşadılar. Kosmonavtlar  qəsəbəsində kazarma var idi oranı, Nasosnu (Hacı Zeynalabdin Tağıyev qəsəbəsi)  qəsəbəsində hərbi şəhərciyi boişaldıb, Sumqayıta üz tutan qaçqınları yerləşdirirdik.

Anam ayaqlarına corablarını geyinə bilməmişdi. Ayaqyalın  yük maşınının üstündə gəlmişdi. Kənd adamları onu  28 km yolda piyada gətirmişdilər. Anam öldüyü günə qədər torpaq, vətən həsrətini gözündə, könlündə yaşatdı. Zəncirdə qalan itimizin, binədə qalan mal-heyvanımızın dərdi ürəyindən getmədi...

Qara yellər əsib, nədi,

Qapımızı kəsib, nədi,

Bacılarım küsüb, nədi,

Niyə bizə gəlməz, ana?

 

Ürəyim bir himə bənddi,

Özü boyda ahdı, dərddi,

Hara getsək evdir, kənddir,

Kəndimizdən olmaz, ana.

 

Yanıb bağrım, sınıb qolum,

Açılmazmı bağlı yolum?!

Sən ağlama, qurban olum,

Dünya belə qalmaz, ana!

- 28 il bu həsrəti ürəyinizdə yaşatdınız.Ürəyiniz xəstələnmədi ki?

-Ürəyim var ki, ürəyim qalıb ki? Nəfəs yollarım işləmir, havam çatmır. Qəbir daşlarımız da dağıdılıb, bunları necə bağışlayım. Bizim ən böyük faciəmiz ondadır ki, biz unutqanıq. Tez unuduruq.

- Əşrəf müəllim, hər zaman başımıza gələn faciələri çözələyəndə belə qənaətə gəlirəm ki,  20-ci əsrin əvvəllərində də,  sonundan bu günümüzə qədər də özünü böyük güc sayanlar bizimlə  müstəqilliyimizin davasını  aparırlar. 1918-ci il 27 mayda Azərbaycanın tarixi torpağı İrəvanı, ərazisi  9 min kvadrat kilometrdən böyük  tarixi torpağı alıb verdilər bu məkr dolu erməniyə, səhərisi günü ilk Müstəqillik aktımızı qəbul etdik. Bütün bu oyunlar Türk Birliyinin yaranmasına mane olmaq üçündür. Qarabağı tam  azad etdiyimizdən sonra, Türk Dövlətləri Təşikaltı  Türkün Birliyinin zəruri olduğunu sübut edəcək, Zəngəzura açılan yol Türk  Birliyinin qarantıdır. Özünü sonradan Xristian adlandıran Rus knyazları  türk ölkələrinin hesabına Rus İmperiyası yaratdılar...

- Bu, Türk birliyinə qarşı dünyanın oyunudur.  Anapada olmamısan?

- Krımda, Soçidə olmuşam.

- Anapa-  ana payı, deməkdir. Bolqarıstanda  Albina –Al beni , Yenisey çayı - Yeni Su, Yeni çay, Kamçatka- Gəmi çatdı...  Dünya türkün olub e.... Ədalətimiz olub e..., demirəm ki, biz də qan tökməmişik. Etmişik. Dünya qorxu üzərində bərqərardır. Bizim imperiyamızda belə ədalətsizlik olmayıb. Biz savaşıb mədəniyyət, ədalət gətirmişik, bunlar da bizim mədəni tariximizi dağıdıb, kimliyimizi unutdurublar.

-Əşrəf müəllim, oktyabrın 17-si 2020-ci il Füzulinin azad olunması xəbəri yayıldı.

-Həə, mən onda xəstə yatırdım yataqda. Qanadlanıb oraya uçmaq istədim.Ancaq doyunca  ağladım. Səhərə qədər yatmadım. Dostlardan zəngləri qəbul etdim... Orada anamın həsrəti, atamın məzarı qalırdı.

-Nə düşündünüz ki,  birinci hara gedəcəyinizi fikirləşdiniz?

- Əlbəttə atamın, doğmalarımın qəbrini ziyarət eləmək keçdi könlümdən. Bizim kənd erməni ilə üzbəüz olduğundan, oradakı ərazilər hələ təhlükəlidir.

Bir qədər keçəndən sonra  kəndimizin yaxınlığına qədər  getdim, o xarabalıqları görüb dayana bilmədim. Bacımın yaşadığı kəndə getdim, yuxum gəlmədi, dəli kimi olmuşdum. Şüşanı eşidəndə lap Məcnuna döndüm.  Sonra uşaqlar Füzulidən, Şuşadan su gətirdilər. Bir də bilirsən, nə yadıma düşdü?

-Deyin, bilək.

-Cavanlıqda adam çox səhvlər edir. Elə bilirsən ki, ata-ana əbədidir, hər zaman gəlib onu qoyduğun yerdə görəcəksən. Kəndə gedəndə, qohum-əqraba, dost tanış məni qonaq aparırdı. Demək olar ki, dədəmin evində oturmağa vaxtım olmurdu.  Bir dəfə də uşaqları  maşınıma otuzdurub, Sumqayıta qayıdırdım, atam yaxınlaşdı bizə dedi ki, “Oğlum səni bir dəqiqəlik olar? Bir də gələndə, bircə dəfə atanın də evində qal. Bilirəm, dostların çoxdur, qonaq gedirsən. Yenə də atanın qonağı ola bilmədin”.  Həmin epizod düşdü yadıma.

…Bir yanında anam, bir yanında mən,

Ortada ölümlə o əlbəyaxa.

Dedim "Qurban olum, atam, gəlmişəm..."

Bircə kəlmə dedi: "Şükür allaha".

 

Anamı tapşırdım böyük oğluma,

Atamı tapşırdım ana torpağa.

İndi bircə fikir gəlir ağlıma,

Bircə söz bilirəm, şükür allaha.

-Vətən müharibəsi başlayanda bir şer yazmışdınız. Orada belə bir bənd var:

Cismimdə can oyanır, canımda qan oyanır,

Əsrlərlə köksümdə yatmış vulkan oyanır.

Talış, ləzgi, lahıc, türk...-AZƏRBAYCAN oyanır,

Vətən,gözlərin aydın, gözlərin aydın, Vətən!

Sən qalib gələcəksən!

 

Biz Vətən savaşında hamımız mücahidik,

Hərəmiz yüz əsgərik, hərəmiz yüz igidik.

Qalırıqsa qaziyik, ölürüksə şəhidik,

Vətən, gözlərin aydın, gözlərin aydın,Vətən!

Sən qalib gələcəksən!

 

-Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və Ordumuzun nüfuzu məndə bu inamı oyatmışdı. Düşmən tapdağı altında olan yurdlarımızda 30 il ərzində  düşmənlərimiz çox böyük hərbi istehkamlar qurmuşdular. İgidlərimiz canlarının hesabına o istehkamları yardılar, öz canlarını fəda etdilər. Bir çoxunun  gözlərinin qabağında olmuşdu o vətəni tərk etmək.  Bəziləri də heç o yerlərin havasını dadmamışdılar.  Bu uşaqlar özlərini oda atdılar, güllənin, topun qabağına getdilər. Yardılar isehkamları... İlahi, nə imiş bizim uşaqlar. İllərlə düşmənə nifrət hissini gücə çevirib düşmənin üstünə getdilər. Canım qurban olsun o oğullara...  O şəhidlərin yatdığı torpağın başına dönüm.

 

Ana da yox, dost da yox, təklənmişəm

 

-“Qarşıma siz çıxın” kitabında belə bir  bölmə var: “Dadı damağımda qalan dostlarım”...  Nə getdi onlarla? İndi elə kişilər doğulmur,  yetişmir indi elə dostlar...

- Dadı damağımda qalan dostlarım çoxdur.çAdamın həmişə dostu olmur. Dost da imkan olanda, göz görəndə seçilir. Onlarla bütün xatirələr gedir. Adam özü də tükənir. Hiss edirsən ki, sən daha çox o dostlara lazım olmusan, yenilərə lazım deyilsən.  Çünki hər insan öz əhatəsi ilə dost ola bilir. Hər təzə gələnə dost deyib, sözünü-sovunu  danışa bilmirsən. Dost da zaman məsələsidir. Dostlarım çox azalıb, çox az qalıb. Dostlar sıralarımızı tərk etdikcə, biz özümüz də gedirik. Elə vaxt olmur ki, Feyzini, Ağəddini, Vaqifi düşünməyim... Bir yazı yazmışdım ki, “druq” sözünü  tərsinə oxuyanda qurd alınır. Yeganə “ata” və “ana” sözləridir ki, tərsi də, avandı da dəyişmir. İndi ata da yox, ana da yox, dost da yox, təklənmişəm, ömrün yalquzaqlıq dövrünü yaşayıram... Elə dostlar var ki, onların yerini heç kim doldura bilmir.

Ağır günlər yağır edib çiynimi,

Yaxınlarım, doğmalarım bəs hanı?

 Necə tapım Səyavuşu, Feyzini,

 Hardan alım Ağəddini, Kamranı?

- Əşrəf müəllim, deyilənlərə görə bütün zamanlarda belə olub,  keçmişdən gələnlər bu günküləri bəyənmirlər. Lakin mənim  yaşadığım gəncliyimdə insanlarda daha çox mərdlik, etibar var idi. İndi yetişən oğlanların böyük əksəriyyəti, köhnə kişilər kimi deyillər...

-Məmməd Araz yazmışdı ki:

O vədə yarpaqlar biri bir palaz,

 İndiki yarpaqlar qulaq boydadır.

O vədə uşaqlar böyüydü bir az,

İndiki uşaqlar uşaq boydadır.

Bəli... elədir... O vaxt uşaqlar da daha böyük idilər.

- Xəyanət çoxalıb, yoxsa həmişə belə olub? Vəzifədə olanın atasının, oğlunun yasına gedirlər, vəzifədən çıxanın qapısını unudurlar...

- Bəlkə də belə olub, biz görməmişik, sezməmişik, dostlarımız olub yanımızda, hiss etməmişik. Acımışam, incimişəm, dostlarımdan da xəyanət görməmişəm.

Bizim  vaxtımızda belə deyildi, hər kəsin içərisində bir Allah əyləşirdi, bir vicdan var idi. Vəzifəyə görə, şan-şöhrətə görə, pula görə dostluq eləmək, yaltaqlıq eləmək insan yolu deyil, insan işi deyil. İnsani münasibətləri qoruyub hamı üçün saxlamaq lazımdır.

Kasıb komam şah evidir,

Yoxsulun pənah evidir.

Ürəyim Allah evidir
Az qalmışam Həcc olmağa.

 

Xuda böyük, Xuda kərim

Qoy tək ona könül verim.

Hardasan ey zəvvar şeirim,

Gəl, başımda tac olmağa.

O vaxt insanlar etibar, sınaq imtahanından keçmişdilər. Bir zənglə adamın işini aşırmaq olurdu. Bir dəfə Bəxtiyar Vahabzadə zəng vurdu ki,  mətbəədə kitab var, kömək elə çıxsın. Səhər tezdən Sumqayıt mətbəəsinin direktoru Aydın Məlikovu tapıb dedim ki, o kitabı tapın, təcili çap eləmək lazımdır. Bəxtiyar Vahabzadə cəmiyyətdəki nüfuzuna görə Şəhər Partiya Komitəsinin Birinci katibinə də zəng vura bilərdi. Lakin o, adi bir şairə, mədəniyyət evinin direktoruna zəng etmişdi. İnsanlar daha təmiz, təmənnasız, pak idilər. Təmənna olan yerdə mərdlik omaz, dostluq olmaz, səxavət olmaz... Gərək həm də gözü- könlü tox olasan. O zamanın adamları belə idi. Onlarla hər söhbət alınırdı. İndikilərlə söhbət etmək çətindir.

Texniki peşə məktəbində də dərs demişəm, Mədəniyyət şöbəsinin müdiri də olmuşam, Həmkarlar İttifaqının sədri də olmuşam, Sumqayıt Dövlət Dram Teatrının direktoru da olmuşam. Şəhər Mədəniyyət evinin müdiri də olmuşam. Qapım hamının üzünə açıq olub.

-Bəli, Əşrəf müəllim, qapınız hamı üçün açıq oldu. Sizi bu şəhərdə ən sadə, ən adi, ən doğma adam kimi tanıdı hər kəs. Uzaqda qalan o illərdən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı işləmiş Şakir Abışov haqqında maraqlı bir hekayəti xatırlamışdınız. O hekayət oxucularımız üçün də maraqlı olar.

- Şakir Abışov tanıdığım tək-tək kişilərdəndir ki, öz dövründə kimsəyə pislik etmədi. Mədəniyyət Şöbəsində müdir işləyirdim. Surət Hüseynovun hakimiyyətdə at oynatdığı vaxtlar idi. Demək ki, adamları mənim yerimə də göz dikmişdilər. Bir gün Şakir Abışov məni çağırıb məyus halda dedi ki, Mədəniyyət Şöbəsini təhvil ver Zakir Kərəmova. Həm də əlavə etdi ki, Mədəniyyət şöbəsindəki problemləri də yaz gətir. Şakir Abışova razılıq verib Şəhidlər Xiyabanına yollandım. Şəhid gətirmişdilər. Qəbir qazmağa adam tapmırdıq.  Şəhidi dəfn edib, gedib oturdum iş otağımda.  Bir də pəncərədən gördüm ki, üç nəfər gəlir. Bildim məni işdən çıxartmağa gəlirlər. Ürəyim bu misraları pıçıldadı:

Ölü basdırmağa diri tapılmır,

Adam axtarırıq torpaq atmağa.

Xeyirdə gəzirik, biri tapılmır,

Üçü birdən gəlir ev dağıtmağa.

Gəldilər. İşdən çıxdım. Hadisədən bir müddət keçdi. O vaxt Mədəniyyət şöbəsi də, Şəhər Həmkarlar İttifaqı da “Dalğa” qonaq evində yerləşirdi. Mən yenə də həmkarlarda işləyirdim. Bir cavan oğlan məni gördü, ayaq saxlayıb söhbət etdi, sonra soruşdu ki,  Əşrəf müəllim, siz niyə çıxdınız işdən?  Fikirləşdim ki, indi buna nə cavab verim? Qəfildən ağlıma bu zarafat gəldi. Dedim oğlum, Şakir müəllimi tanıyırsan. O çox gözəl ədəbiyyat müəllimidir, həm də cavanlıqda şeir yazırdı. Bax, gördü ki, mənim adım onun adıyla həmqafiyə deyil, məni çıxarıb, yerinə Zakiri qoydu. Əşrəflə Şakir tutmur axı... Şakirlə Zakir isə uyğun qafiyədir.

 

Bir gün də “Dalğa” Qonaq evinin qabağında dayanıb siqaret çəkirdim, 60 illiyim öncəsi idi. Bir də gördüm ki, Şakir müəllimin maşını gəldi, dayandı bizim iş yerimizin qabağında. Şakir müəllim əlini mədəniyyət şöbəsinə tərəf uzadıb, məndən soruşdu ki, burdadır? Zakiri soruşurdu. Dedim, hə. Dedi gəl. Məni düz gətirdi Zakirin otağına, üzbəüz əyləşdik. Dedi ki:

-Zakir yadındadır mənim yanıma gələndə, bir  çamadan pulnan gəlmişdin.

-Bəli, bəli Şakir müəllim.

-Səndən pul aldım?

-Xeyir, xeyir, Şakir müəllim.

-Elə isə, o pulların hamısını xərclə bu ağsaqqala.

Elə oldu ki, mənim 60 illik yubileyimi Şakir müəllim özü  rəsmi şəkildə qeyd elədi. Və 100 nəfərin qonaqlığının pulunu Zakirə verdirdi. Çox mərd adamdır. Bu şəhərdə üzüağ gəzir. Heç kimə pislik eləmədi.

-Əşrəf müəllim, şerlərinizdə, yazılarınızda  rüşvətxorluğu, nəfsi xor görürsünüz... Yəni doğurdanmı 40 ildən çox vəzifələrdə işləyən – həmkarların sədri, mədəniyyət şöbəsinin müdiri olan adam heç əlini bulaşdırmadı... Şerlərinizin birində yazmısınız ki:

Ucaları görməyim yox,

Bacalardan girməyim yox.

Almağım yox, verməyim yox,

Vallah, məndən müdir olmaz.

-Həə, qoy deyim də...  Deməli bir nəfər xahiş edib ki, uşağı düzəlt musiqi məktəbinə. Həmişəki kimi, uşaq qəbul olunub, heç bir təmənnasız. Bir də görmüşəm, bir nəfər bir konverti gətirib ki, bunu filankəs göndərib. Filankəs də kim olsa yaxşıdır, Sintetik Kauçuk  Zavodunda Partiya Komitəsinin katibi Natik Qulubekov. Çox adlı-sanlı, hörmətli də bir kişidir. Baxdım ki, puldur. Götürüb özünə zəng vurdum, dedim, belə bir iş eləmisən, lakin axşam mənə qonaqsan. Onun göndərdiyi pulu, elə axşam özü və dostlarla yeyib-içməyə xərclədim. Müdir oldunmu, mümkün deyil. Təmiz işləməyə qoymur vəzifə. Gərək çalışıb ev yıxmayasan. Sovetin vaxtında Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Sumqayıt şəhər Komitəsinin sədri olanda 50 nəfərin hamısına bağ yeri verib, birindən bir qəpik almamışam. Çağırıb məni danlayıblar.

Zamanımızın kasıbçılıq vaxtı idi. Hərə bir yerdə isinməyə isti ocaq axtarırdı.  Bir qadına iş yeri verdim. Bir neçə gündən sonra gəldi kabinetimə. Çıxardıb cibindən mənə 50 manat şirinlik vermək istəyir. Baxdım ki, bu mənə pul uzadan qadının yanındakı uşağın ayaqqabları cırıqdır. Dedim bacı, qaytar qoy cibinə, apar uşağa ayaqqabı al. Arvad başladı ağlamağa. Dedim ki, yenə də kömək edəcəm sənə. Bir müddət keçəndən sonra…

 

Ev-eşik söhbətləri

 

Söhbətin bu yerində  Əşrəf müəllimin həyat yoldaşı Reyhan xanım, söhbətə qarışıb, özü danışmaq istəyir.

-Aida xanım, 9-cu mikrorayonda kirayədə yaşayırdıq. Bir də gördüm ki, həmin arvad  bir torba yuyulmamış yun gətirib  mənə. Xahiş etdi, dil- ağız etdi ki, götürüm. Arvadın əlini geri qaytarmadım. Fikirləşdim ki, kənd payıdır da...  Götürdüm. O vaxt yorğan-döşək kasadlığı var idi. Həmin yunu elə hamamdaca yuyub-təmizlədim, anam gəldi, həvəslə yorğan sırıdıq.

O qədər ağır günlərimiz olub ki... Evdə çörək almağa 15 qəpiyimiz olmayıb... Amma, bir də görmüşük ki, hardansa Allah ruzi yetirdi.  1994-cü ildə qaçqınçılıqdan sonra anam rəhmətə getdi. Bütün qohumlarım artıq Sumqayıtda yerləşmişdi, bacardıqları qədər yaşayışlarını təmin etmişdilər.  Hamı çıxıb getdi anamı dəfn etməyə. Belə fikirləşibmişlər ki, mən Əşrəflə gələcəm... Qalmışdıq bir-birimizin üzünə baxa-baxa... Əşrəf evdə o baş-bu başa gedib, var - gəl edirdi. Cibində 1 manatı da yoxuydu ki, kəndə gedək.

Əşrəf Veysəlli:

-Həə, Aida, birdən qapı döyüldü. Açdım, bir cavan oğlandır.  Dedi sizi bir nəfər gözləyir. Düşdüm aşağı. Həyətdə dayanan oğlan dedi ki, bir  kişinin 50 illik yubileyidir, onu siz apararsınız. Dedim, apararam, sağollaşanda, çıxarıb 50 manatı verdi... Adətən, tamada olduğum məclislərin pulunu tədbiri başa vurandan sonra alırdım. İnan ki, bu mənimçün gözlənilməz oldu.  Elə gecəylə, Reyhanı da götürüb  kəndə yola düşdük...  Allahımın başına dönüm, cibimdə 15 qəpik olmayanda, birdən gözləmədiyim yerdən halal ruzimi yetirib.

Yaşadığım ömrüm boyu evə haram gətirmədim. Balalarıma haram tikə yedirmədim. Üç oğlum Rusiyadadır. Mən bu Vətəndə o ali təhsilli oğullara iş tapmadım. Çörək dalınca getdilər.

-Əşrəf müəllim, “Əşrəf” sözü ilə “Şərəf” sözü bir-birinə çox yaraşır.  Siz gözəl və şərəfli ömür yaşamısınız.

Dünyaya gəlib yaşadım,

Ağlayıb gülüb yaşadım.

Mən yaşayıb ölmədim ki,

Mən hər gün ölüb yaşadım.

 

O xan qızı, xan gözəlin,

Canımı alan gözəlin.

Odlara salan gözəlin,

Qadasın alıb, yaşadım.

 

Xoşdamalı dünya deyil,

Boşdamalı dünya deyil,

Yaşamalı dünya deyil,

Üzümə salıb, yaşadım.

 

Əşrəf Veysəlli:

-Çətin ömür yaşadım. 1938-ci ildə doğulmuşam. 1941-45-in ağırlığı da bizim üstümüzə düşdü. Evimizdə çörək yox idi, inəyin qatığı, südü ilə yaşadıq. Hər iki müharibənin ağırlığını gördük.Uşaqlığımız o illərin ağırlığını əritdi, elə rahat yaşamaq istəyirdik ki, Müstəqil Azərbaycan davası başlandı. 30 il hər gün şəhid, müharibə xəbəri almaq adamın ürəyini öldürür. Hər şəhid xəbəri ürəyimdə dama-dama şəhid məzarı açıb. Həm birinci Qarabağ savaşında, həm ikinci Qarabağ savaşında neçə yaxın qohumum, doğmam şəhid olub. Mənim bacım da şəhid anasıdır. Ay Aidə, sən də şəhidlərimizə o ikicildlik “Qalibiyyət: şahidlər və şəhidlər” kitabınla böyük bir heykəl qoydun. Böyük iş gördün. Atan usta Məmmədşah da yaradan idi, sən də yaratdın. Atan çox duru bir insan idi, dərzi idi. Bir işim olurdu, o dəqiqə yanına gedərdim. Onun tikdiyi kostyumlar da elə sənət əsəri idi. Bir dəfə tikdiyi kostyumun pulunu götürmürdü, dedim, elə iş olmaz. Halal adam idi. Gözü-könlü tox adam idi.  Şəhid kitabını ancaq halal adam yaza bilər. Həm görünüşcə, həm könülcə atana çox oxşayırsan.

- Çox sağ olun, Əşrəf müəllim. Dünyadan köçənlərimizin ruhu şad olsun. Bəs özünüzdən necə, razısınzmı?

-Özümdən narazıyam.

-Niyə?

-Çox papağı günə vermişəm, ömrü fötə vermişəm. Hər dəqiqəmdən səmərəli istifadə etməmişəm. Vaxtı yaşatmaq əvəzinə, vaxtı öldürmüşəm.

-Harda öldürmüsünüz vaxtı?

-Məmur qəbulunda, şərab stolu arxasında, nərd oyununda öldürmüşəm...

Növ-növ oyunlarla baş qatarıq biz,

Çox vaxt uduzarıq, bəxtimiz olmaz.

Vaxtı öldrüməyə vaxt taparıq biz,

Vaxtı yaşatmağa, vaxtımız olmaz.

İndi gözüm də görmür, bu il lap çox azalıb gözlərimin işığı, yaza bilmirəm. Bu məni çox üzür.  Kaş ki, vaxtında vaxtımı öldürməyib, daha çox yazaydım. İndi fikirləşirəm ki, az yazmışam. Amma bəlkə də vaxtında qolumdan tutan olsaydı, nə bilim vallah...

Məni yarı yolda atan çox olub,

Çox zaman yolla da yollaşmamışam.

Çox olub, qolumdan tutan, çox olub,

Heç kəsin qolundan sallaşmamışam.

 

Gözlərim gözəllik gəzər dünyada,

Dizlərim diz çökər daşa, çeşməyə.

Mənim vaxtım olmaz gözəl dünyada,

Pis şeylər haqqında fikirləşməyə.

 

-Əşrəf müəllim, siz Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakultəsini bitirmisiniz.  (indiki Bakı Dövlət Universiteti) Ömrünüzün müəyyən bir hissəsində həm də pedaqoq, müəllim kimi dərs də demisiniz. Məni bugünkü təhsil problemləri çox düşündürür. Sizə elə gəlmir ki, təhsilimiz dərin bir bataqlığa qərq olub, bağça-bazar, məktəb-bazar, ali təhsil ocağı -bazar... 9-cu sinifdən sonra uşaqlar dərsə getmir, adlarını məktəbə yazdırıb, repetitor yanına gedirlər. Axı təhsil də dövlətin sütunudur. Bu günün müəllimi ilə dünənin müəlliminin fərqi nədir? Məktəblərdə kişi müəllimlər çox azdır...

-Müəllim müqəddəsdir. Bizim dövrümüzdə müəllimlər elm öyrədirdilər. İndiki müəllimlərin çoxunun mənəviyyatını pul şikəst edib. Müəllim gərək ehtiyac içində olmasın. Müəllimə verilən pulla kişi ailə dolandıra bilmir, ona görə də məcbur qalır ki, gedib bazarda alver etsin və ya başqa qazanc yeri tapsın. Ona görə də indiki oğlan uşaqlarının  çoxu qadın xarakterindədirlər.  Bir həqiqət də var ki, müəllim asılı olmamalıdır. Ümumiyyətlə, insan nəfsinin, tamahının qulu olmamalıdır. Təhsil sistemində ikitirəlik var. Hamısı ondandır.

-Bir də ki, elə bil ki, uşaqlarda cılızlaşma gedir, o vaxtkı kişilər kimi oğullar az yetişir.

- Allah erməninin evini yıxsın, nə qədər Yavər kimi oğullar getdi... Kəndçimiz qəhrəman Yavər İsgəndərovu deyirəm. O, mənim qohumumdur.  Əslində  cılızlaşma bu müharibədən sonra başladı. Müharibə bəzi ailələrin kökünü, şəcərəsini itirdi. Döyüşə hər oğul atıla bilmir, cılızlar, xasiyyəti zəiflər qaçıb gizlənir. Bu bütün dövrlərdə, bütün dövlətlərdə belə olub. İgidlər gedir həlak olur...  Müharibədə şəhid olan o Xudayarı gördün də ... Bir gülüşü, bir təbəssümü bir dünyaya dəyərdi.  Getdi döyüşə... Onlar elə bil ki, qurd ürəyi yemişdilər. Qurban olum onların yatdığı torpağa. Şuşa uğrunda döyüşənlərin hekayətlərini izləyirsən də… Bu Şuşa döyüşü nə imiş ay aman? Bunlar ildırımdan sallanıblar, sıldırımdan sallanıblar? Yerlə-göylə əlləşiblər… Dişləri-dırnaqları ilə Şuşanı alıblar. Bu möcüzə idi.

Bu Vətən dedikləri

Əzəmətli saraydı.

Şəhidlər o sarayın

Ən möhtəşəm sütunu.

 

Əşrəf müəllim, heç bu gözəl Reyhan xanımı incitdinizmi?

-Qoy özü cavab versin.

Reyhan xanım:

-Aida xanım, mənim birinci üzüyümü Feyzi alıb. Fevralın 28-i idi, böyük oğlu Emil doğulmuşdu. Həyat yoldaşı Əzizə xəstəxanada idi. Onda xəstəni 8-10 günə buraxırdılar evə. Bir axşam gəlmişdi bizə, elə gün olmurdu ki, bir-birimizin evinə getməyək. Soruşdu ki, Əşrəf, 8 marta neyləyəcəksən? Əşrəf də dedi ki, Reyhana üzük almaq istəyirəm, amma pulum yoxdur. Feyzi də dedi ki, mən Mollaya gül alacam. Feyzi Əzizəni “Molla”-deyə çağırardı. Vaxt tamam oldu. Feyzi Əzizəni xəstəxanadan evə gətirdi. Axşam hərəmizə 2 dənə 50 -lik pul verdi. Dedi, gedin özünüzə qızıl üzük alın. Biz belə yaşamışıq. Əşrəflə evimiz olandan sonra ancaq evin təmir olunmasının davasını etmişəm. Demişəm ki, şəhərdə adın-sanın var, evə qonaq gətirirsən, təmirimiz bərbaddır. Sonra bu 6-cı mikrorayondakı evimizi böyük oğlum Rövşənlə birtəhər təmir edib başa çıxardıq. Rəhbər vəzifələrdə işləyəndə, həmkarlarda, mədəniyyət şöbəsində direktor işləyəndə bir də görürdün işlədiyi idarədəki müəllimə qadınları yığıb gətirir nahara. Mən də onlara süfrə açıb, birlikdə oturub nahar edirdik. Yəni Əşrəfə o qədər inanmışam. Özümü baş bilmişəm. O qadınlar da pis niyyətli deyildilər, bəziləri ilə təsadüfən görüşəndə həmin günləri xatırlayırıq. O vaxt insanlarda etibar, inam var idi...

-Reyhan xanım, demək ki, Əşrəf müəllim  bu şeri sizə əbəs yazmayıb:

...Dünən deyildimi, dedin, ay ömrüm,

Çəməndə qırmızı xaldı lalələr.

Dünən deyildimi, mən səni gördüm,
Ayağım altında qaldı lalələlər.

 

Dünən deyildimi, çıxdın qarşıma,

Ömrümün əlindən tutası oldun.

Ağ gün sağ əlini çəkdi başıma,
Axır ki, beş uşaq atası oldum.

Əşrəf müəllim, kitablarınızın sayı nə qədərdir? Yazıb, üzə çıxarmadıqlarınız var?

 

-Sayla hesablasam, 15-ə qədərdir. Deməli, əsgərlikdə idim. Bir yazı yazmışdım, “Anama oxşayır bu torpaq mənim...”, poema idi...Yazıçılar İttifaqına göndərmişdim. Bir məşhur adam poemamı itirmişdi. Bircə nüsxə idi. Əsgərlikdən gələn adam necə olar... Elə bildim, bütün gəncliyim gedib əlimdən.  Ondan sonra 10-15 il yazmadım. 32 yaşımda çıxıb ilk kitabım. İlk poemam “Bir gecəlik ayrılıq” da “Azərbaycan gəncləri” qəzetində çap olunub...  Rəhmətlik Süleyman Rüstəm aparıb özü təqdim eləmişdi. Mən ona telefonla zəng vurub, təşəkkür etdim. Yalnız bundan sonra  küskünlüyüm getdi, yenə başladım yazmağa. Üzə çıxarmadığım yazılarım naqisdirlər. Onlara əl gəzdirmək lazımdır. Yazdığımı gözüm görmür. Göz görməyəndə adama ləzzət eləmir. İnsan tükənir, uşaq vəziyyətinə düşür. Ehh... Ay Aidə, bilirsən nə var?

-Nə var Əşrəf müəllim?

-Bilirəm hər şeyin başlanğıcı var

Bilirəm heç nəyin axırı yoxdur.

Məni sevməyənlər nə bədbaxtdırlar,

Məni sevənlərin ağılı yoxdur.

 

-Əşrəf müəllim, söhbətimizi yekunlaşdırıram. Bir xoş söz deyin.

-Sevinirəm ki, nəhayət Azərbaycanın  bir yiyəsi var, dövlət güclü olanda, yaşamaq eşqi də güclü olur. O bir qədim bayatımız var e... “Sərkərdə diri olsa, Gedərmi ordu bada”...  Dünya dövlətləri də bizimlə razılaşmağa başlayıb.

İnanırsan ki, öz dövlətin var... Necə ki, səhərin açılmasına inanırsan, bax dövlətə elə inanmalıyıq.

 

P:S. Bilmirəm, bəlkə nə vaxtsa, bu ilin mart ayının 6-da 85 yaşı tamam olmuş  Əşrəf müəllim haqqında ürəyimdə yığılıb qalan sözlərimi yazmaq, onun portretini öz sözlərimlə, özünə yaraşan sözlərlə çəkmək imkanım olacaq. Bu müsahibəmdə Sumqayıtın ən gözəl insanını tanımayanlara tanıtmaq istədim. Əşrəf Veysəllinin şerləri də özünə bənzəyir. O öz şerlərinə imza qoymasa belə yazı stili, sözü çatdırmaq tərzi özünəməxsusdur. Sevdiyi, Pir bildiyi Məmməd Araz yolu gedir. Şairlər heç vaxt xoşbəxt olmurlar. Onların xoşbəxtliyi yazdıqları şeirlərin ömrü qədərdir. Ürəyində 30 illik ata məzarı həsrəti olan, doğulduğu kəndin yolu-rizi üçün darıxan şair xoşbəxt ola bilərmi? O dərdlər, o ağrılar şairin sinəsinə elə çalın- çarpaz dağlar çəkib, əriş-arxac saplardan bir böyük Vətən həsrəti xalçası yaradıb ki. Həsrətinin tablosunda rənglərin dəyişən zamanıdır. Şerimizin ağsaqqalı, müdriki, bu məqamın, bu yaşın kutlu olsun! Doxsanda görüşənədək.

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2023)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.