Sumqayıtda şair Qəşəm Nəcəfzadə ilə görüş keçirilib

Sumqayıt şəhərinin Səməd Vurğun adına Mərkəzi kitabxanasında Yazıçılar Birliyi İdarə heyətinin üzvü, Uşaq ədəbiyyatı şöbəsinin rəhbəri, “Azərbaycan” jurnalının poeziya şöbəsinin müdiri, şair-publisist Qəşəm Nəcəfzadə ilə "QƏŞƏM NƏCƏFZADƏ OXUCULARLA ÜZ-ÜZƏ" adlı görüş keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbiri giriş sözü ilə kitabxananın drektoru Natavan Axundzadə açaraq şairin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib,  sonra tədbiri aparması üçün sözü kitabxananın əməkdaşı, şairə Gülnar Ümidə həvalə edib.

Tədbirdə şair-publisist Rafiq Yusifoglu, Sumqayıt şəhər Əli Kərim adına Poeziya Evinin drektoru Ibrahim İlyaslı, AYB Sumqayıt Bölməsinin sədri Gülnarə Cəmaləddin, Lilpar Cəmşidqızı, Arzu Əsəd, Nazir Rüstəmov, Aygun Fikrətqızı, Vüsal Ağa, Aynurə Ulduz kimi söz adamları iştirak ediblər. 

Onlar Sumqayıtda həyat yoldaşı Tabəst Nəcəfzadə ilə qonaq olan, şerləri Azərbaycanda və xarici ölkə mətbuat orqanlarında müntəzəm çap olunan, əsərləri türk, rus, gürcü, ingilis, polyak, özbək, alman və başqa dillərə tərcümə olunan, 26 şer kitabı çap edilən şair-publisist Qəşəm Nəcəfzadənin həyat və yaradıcılığından, müasir Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən, gənclərə böyük dəstəyindən bəhs ediblər. 

Tədbirdə iştirak edən Vüsal Ağa qeyd edir ki, bu gün şairin qələm dostları Çağdaş Azərbaycan poeziyasında Qəşəm Nəcəfzadəni ən yaradıcı şairlərlə müqayisə edirlər, tənqidçilər onun yaradıçılığını realist üsluba aid etdiklərini və şairin son illər yaradıcılığında epik, modern və metofizik şerlərin üstünlük təşkil etdiyini vurğulayırlar, onun, saf, dupduru, halal sevgi şairi olduğunu və şeirlərinin sadə və səmimi olmasını qeyd edirlər. 

Öz şerlərini səsləndirərək və oxucuların suallarını cavablandıraraq görüşə daha yüksək rəng qatan Qəşəm Nəcəfzadə keçirilən görüşdən çox təsirləndiyini, tədbirə gələn dostlar və oxucular tərəfindən bu qədər sevildiyi üçün sevindiyini, ona göstərilən diqqət və qayğıya görə, bu görüşün təşkil edilməsində S.Vurğun adına mərkəzi kitabxanasının drektoru Natəvan Axundzadəyə, kitabxananın əməkdaşı olan, tədbirin aparıcısı şair Gülnar Ümidə, tədbirə gələn qələm dostlarına və oxucularına  təşəkkürünü bildirib. 

Sonda xatirə şəkilləri çəkdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(12.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.