Bir dəhşətli qalanın sirri Featured

“Ədəbiyyat və incəsənət” portalı ədəbiyyatşünas, şairə Adilə Nəzərin “Əlamut qalası” yazısını oxuculara təqdim edir. Xatırladaq ki, söhbət 12-ci əsrdə dünya xalqları üçün vahimə mənbəyinə çevrilmiş bir məkandan gedir. Azərbaycanda çəkiləcək ilk tarixi serial - 44 bölümlük “Azərbaycan Atabəyləri: Şəmsəddin Eldəniz” filmində, yeri gəlmişkən, bir çox hadisələr həmin məkanda cərəyan edəcək. 

 

Vladimir Bartolun "Fədailər qalası Əlamut" kitabını oxuyub bitirdim. (Bundan əvvəl Peter Villeyin də "Ələmut" kitabını oxumuşdum. Müəyyən qədər fərqlərlə əsər demək olar ki, eyni məzmunu təşkil edir) 

Kitabda Xəzər dənizinin cənubunda, İranın şimalında yerləşən Ələmut qalasının XI əsrdə necə, hansı sirlərə şahidlik etdiyi ortaya çıxır. 

Əsərin qəhrəmanı dünya tarixinin ən əsrarəngiz və ən qorxulu liderlərindən biri olan Həsən Sabbahdır. Həsən Sabbahın yaratdığı Xaşxaşilər təriqəti İslamın şiəlik qoluna, daha dəqiq desək bu qolun İsmayili təriqətinə əsaslanır. Xaşxaşilərin (təriqətin adı çox şey deyir) lideri Həsən Sabbah mənə görə insanı insan edən bütün əxlaqi və mədəni dəyərləri rədd edən və bu dünyagörüşünü çox qısa bir müddətə dünyanın hər yerinə yaya bilən, özünə tərəfdarlar toplamağı bacaran bir avtoritetdir.  

Roman sadəcə bədii əsər deyil. Yəqin ki, müəllifin uzun illər ərzində İslamın IX-XII əsrlər dövrünü tarixi və elmi yöndən  əsaslı şəkildə tədqiqi sayəsində yazılıb. Çünki əsər özlüyündə tarixi faktları əks etdirir. Belə demək olarsa, müəllif min illərin tozunu çırparaq altından ziddiyyətli dini fikirləri, qorxunc qətlləri ilə tarixə iz qoymuş, Ələmut qalasının fatehi Həsən Sabbahı üzə çıxarır. O Həsən Sabbahı ki, qəlbi təmiz, niyyəti saf, fiziki cəhətdən sağlam insanları cənnət vədi ilə aldadaraq din fədailəri ordusu (əslində isə sui-qəsdçilər ordusu) yaradıb, hökmlər, fətvalar verib öz siyasi əməllərinə alət etmişdi. 

(Ələmut qalası 1256-cı ildə Moğollar tərəfindən alınana qədər bu təriqətə məxsus olmuşdur)

 Romanı mümkün qədər yaşından asılı olmayaraq dini inancında boşluq olan hər kəsin oxumasını tövsiyyə edirəm. 

Niyə? 

Əsərdə təsvir olunan hadisələr min il əvvəl baş verən və bitən hadisələr deyil, bu gün də davam edən, gələcəkdə də davam edəcəyinə şübhə olmayan hadisələrdir. Bəlkə də bu gün bu mövzuda vəziyyət o zamankından daha ciddidir. Çünki əvvəllər bu növ fırıldaqçı çox nadir və insanların daha az inanclı olduqları yerlərdə görünürdüsə, indi bu cür vicdan istismarçıları fərqli qurumlar altında eyni işləri davam etdirirlər. 

İndi dünya Həsən Sabbahlarla doludur. 

Kitabın əvvəlində diqqət çəkən bir cümlə var ki, bu cümlə əsər boyunca özünü gah H.Sabbahın süni yaratdığı cənnətin mələyi, gah həmin cənnət uğruna qatil olmağı, hətta daha tez ölümə qovuşmağı gözə alan fədailərdən biri kimi təsəvvür edən oxucununun sonda gəldiyi nəticəyə çevrilir. Bir də maraqlısı budur ki, həmin cümlə din adı altında ağlagəlməz qətllər törədən, qadağalar qoyub zülmlər edən qəhrəmandan qalan yeganə kitabdan götürülüb. (Hülaki xan qalanı əsir alanda H.Sabbahın bütün kitablarını yandırmışdı, bir kitabından başqa. Çünki o kitab H.Sabbahın avtobioqrafiyası idi.) Cümlə belə idi: 

“Heç bir şey gerçək deyil. Hər şeyə icazə var.” 

 

Şəkildə Həsən Sabbah. Ələmut qalası XI əsrdə və hazırkı görüntüsü. 

 

“Ədəbiyyat və incəsənət”

(07.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.