Söhbət “sosiskadan” getmir, “vnimaniyadan” gedir… Featured

“Ədəbiyyat və incəsənət” portalı yazıçı Cavid Zeynallının SSRİ-nin siyasi elitasında yer alan Mixail Suslov barədə qeydlərini təqdim edir. 

 

SSRİ-nin məşhur kitab seriyası olan ЖЗЛ (Жизнь Замечательных Людей) - "Görkəmli adamların həyatı" seriyası haqqında yazı oxuyurdum. Boz kardinal Suslovun adı keçirdi. Sonra onun haqqında olan xatirələrin bəzilərinə göz gəzdirdim. 

Deyirdilər ki, Suslov SSRİ-nin ən hiyləgər siyasətçisi idi. Rəhbərlərlə dil tapıb yerini yaxşı salmağı heç kim onun qədər yaxşı bacarmırdı. Təsəvvür edin, Stalin onunla məsləhətləşirmiş. Xruşov üçün əvəzolunmaz kadr olub. Brejnevin isə sağ əli idi. Hətta Brejnevin kürəkəni Çurbanov deyirmiş ki, qayınatam ondan çəkinirdi. Hərçənd, buna inanmıram, amma Çurbanov onu da deyirmiş ki, Brejnev ona Mixail Andreyeviç deyə mürəciət edirmiş. Suslov isə Baş katibi sadəcə Leonid çağırırmış. 

Bu şəxs Saratovda kasıb ailədə anadan olmuşdu. Atası uzun illər Bakıda - neft mədənlərində işləmişdi. Demək, Suslovun formalaşmasında Bakı mühiti də rol oynayıb. 

İçki məclislərini sevməzmiş, oturmağa məcbur olanda onun qədəhinə adi su süzülərmiş. Brejnevlə ova getmirmiş. Brejnev ovdan qayıdanda deyirmiş ki, Suslov bizim hamımızdan çox işləyir, onun ov payını artıq edin. 

Hədiyyə qəbul etməyib. Ən yaxşı halda kitab alıb. O da müəllifin imzası ilə. Şəxsi mülkü olmayıb. Partiyanın ayırdığı mənzildə yaşayıb. Mebellərin arxasında da möhür və bu cümlə: "Sov.İKP MK-nın işlər idarəsi”.

Kreml yeməkxanasında onun üçün sosiska və kartof püresi saxlanılırmış. İnanırmış ki, kommunizm olacaq. Sadə geyinirmiş. Bir dəfə Brejnev iclasda məsələ qaldırıb ki, hörmətli büro üzvləri, gəlin köməkləşib Mixail Suslova təzə palto alaq.

Xruşovun devrilməsinin ideya müəllifi olub. Məşhur cümləsi var: İdeologiyaya qənaət etmək olmaz.

35 il Mərkəzi Komitənin katibi işləyib. Hamıya "siz" deyə müraciət edib. O cümlədən, sürücüsünə də. Sürəti 60-dan yuxarı qaldırmağa icazə verməzmiş. Hamı ilə məsafəli davrandığına görə, heç kim onu yaxından tanımayıb. 

1982-ci ildə, 79 yaşında vəfat edib. Qızıl Meydanda dəfn olunub. Yalan-doğru, ölümündən sonra məlum olub ki, maaşının çox hissəsini Sülh Fonduna köçürürmüş. 

Yəqin ki, bu deyilənlərdə bir az da şişirtmə var. Bəlkə də, heç yoxdur.

 

“Ədəbiyyat və incəsənət”

(03.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.