“Ədəbiyyat və incəsənət” portalının “Ekspress-sorğu” rubrikası növbəti dəfə görüşünüzə gəlir. Rubrikanın aparıcısı Habil Yaşar bu dəfə kitabsevərlərdən “Bir gün bir kitab yazmaq istəsəniz, mövzusu və adı nə olardı?” sualına cavab alıb.
İradə Allahverdiyeva, müəllimə
Məni nədənsə əkizlər çox maraqlandırır. Bənzərlikləri, fərqlilikləri nələrdir, həqiqətənmi bir-birilərini tamamlayırlar, güclü olanının güc səbəbi hansılardır və s. Odur ki, əkizlər barədə yazardım. Adı da elə “Əkizlər” olardı.
Ceyran Məmmədova, hal-hazırda işsiz
Öz keşməkeşli həyatımı qələmə alardım. "Xatirələr" adı altında.
Tural Nəbiyev, müəllim
Bir gün kitab yazmaq istəsəm, elə yaxın tariximizdən - 44 günlük VƏTƏN MÜHARİBƏSİndən yazmaq istərdim. Başqa xalqların qəhrəmanlıq tarixində həsəd apardığımız hadisələrin bilavasitə özümüz şahidi olduq. Və indi başqaları bizə həsəd aparmalıdır. Bunları qələmə alıb dünyanın bilməsini istərdim...
Mətanət Məhərrəm, müəllimə
Kitab yazsa idim, mövzusu əbədi mövzu olan sevgi olardı.
Lətifə Abbasova, yazar
Bir gün kitab yazmaq istərsəm, hərçənd bu, məni hər zaman düşündürən bir mövzudur, təsəvvürümdəki bir həyatı qələmə alardım. Adını isə “Uçub gedən xəyallarım” qoyardım.
Səadət Qənbərova, yazar
Hətta bir kitab yox, ikisini birdən yazar, öz həyatımı qələmə alardım. "Üşüyən xəyallarım", "Sahilsiz gəmiyəm" – kitabların adlarını da bu cür qoyardım.
“Ədəbiyyat və incəsənət”
(03.04.2023)