Ceyn Ostinin “Qürur və Qərəz”ində sevginin təcəssümü Featured

“Ədəbiyyat və incəsənət” portalı ədəbiyyatşünas Sərvanə Dağtumasın seçmə məqalələrinin dərcini davam edir. Bu gün müəllif ingilis yazıçısı Ceyn Ostinin “Qürur və Qərəz” romanı barədə danışacaq.

 

 

Romanın ilk adı “İlk Təəssürat” idi. Əsər romantik ədəbi hərəkatın bir hissəsi olan sevgi romanıdır, sevgi romanının arxetipidir. Müəllif əsəri dövrün adətlərindən təsirlənərək yazır. Roman anonim şəkildə nəşr olundu, çünki zadəgan bir qadının karyera qurması qəbuledilməz idi. Xanımlar xəbərlərdən, aktual hadisələrdən təcrid olunmuşdu, bir xanımın sosial həyatının əsas məqsədi yaxşı, uğurlu bir evlilik idi. Lakin cəmiyyətin “uğurlu evlilik” anlayışına nələr daxil idi?

O dövrdə sərvət əmlakla ölçülürdü, statusa, imtiyaza önəm verilirdi. Qadınlar tam azad deyildilər, qız uşaqlarına yük kimi baxılırdı. O zaman sevdiyin insanla evlənməkdənsə, öz statusunda olan biri ilə evlənmək daha vacib idi. Zəngin ailədə qız doğulmasa, zəngin, varlı ər tapmaq mümkünsüz idi. Kişilər çox vaxt mövqelərindən istifadə edərək, qadınların qərarlarının çoxunu özləri verirdilər. “Qürur və Qərəz” romanında da eyni zamanda cəmiyyətin ailə birliyinə nə qədər dəyər vermədiyini görürük. Britaniya qanunları o zaman qadınlara əmlakın miras qalmasına icazə vermirdi. O vaxt qadın olmaq çətin idi, onların gələcəkləri üzərində az səlahiyyətləri vardı. Evliliklərdə sevgi az idi. Halbuki insanları ürəklərinə görə qiymətləndirmək daha vacibdir.

Elizabet bacısı kimi kor-koranə, hansısa məqsədə görə evlənmək istəmirdi. O, ağıllı idi. Sevərək, evliliyə hazır olan zaman evlənmək, səbrlə o günü gözləmək istəyirdi, evlənmək xatirinə və ya qarşı tərəfin sosial statusuna görə evlənmək Elizabetə absurd və gülməli gəlirdi. Elizabet Bennet və Cənab Darsinin ilk başda bir-birlərindən xoşları gəlməsə də, sonradan zamanla qarşılıqlı hissləri yaranır. Elizabetin Darsi ilə qarşılaşması onu çox qürurlu olduğuna inandırır, bu səbəbdən ona qarşı qərəzli olur. Cütlük birlikdə olmaq üçün fikir ayrılıqlarını həll etməlidir. Bir-birlərinə qarşı artan hisslər, birinin digərini yanlış şərh etməsi, sevginin insanı dəyişdirməsi əsərin süjet xəttini təşkil edir. Qürur və qərəzlərini dəf etməyi bacaran cütlüyün sevgi hekayəsi  bir çox  insanın arzuladığı xoşbəxt sonluq hekayəsidir. O, bu səbrinin mükafatını aldı və Darsi ilə xoşbəxt həyata qədəm qoydu. Çünki Elizabet evliliyə, münasibətə hazır idi, yalnız bioloji olaraq yox, həm də psixoloji olaraq, hazır idi.  Həyatımızı birlikdə keçirəcəyimiz insanın qüsurlarını mümkün qədər az bilmək daha yaxşıdır. Onunla ortaq dəyərlər yaratmağı bacarmalıyıq.

Adların da romanda simvolikası var. Elizabetin adı “Allahım anddır, bolluqdur” mənalarını verir. Elişeva adının variasiyasıdır. Elişeva Harun peyğəmbərin arvadı idi. Darsi adı isə  “tünd saçlı”, “qaranlığın nəsli” mənalarını verir.

Qürur romanın qəhrəmanlarını intim əlaqələr qurmaqdan saxlayan əsas mövzudur, həm də insanın qüruruna qalib gəlməyin mümkün olduğu göstərilir. Qərəz isə sevgi münasibətləri qurmaqda başqa bir maneədir.  Darsi Qürurun, Elizabet Qərəzin simvoluna çevrilir. Bu da əsərin əsas qayəsidir.

 

“Ədəbiyyat və incəsənət”

(28.03.2023)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.