“Gülümsəmələr insanın öz duyğularının üstünə örtdüyü örtük deyilmi?!”- Şəfa Vəli yazır Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə Müsahib rubrikasıdır, müsahibəni aparan Şəfa Vəlidir. Müsahibsə Mirzə Fətəli Axundzadənin Şəkidəki ev-muzeyinin baş fond mühafizi Sevda Rəhimovadır.8 mart bayramı öncəsi layihəmizdə xanımlardan bəhs etməyimiz təbiidir.

 

 

MÜSAHİB

 

 

         Sentyabr sarısında havalanan bir yarpaq misalı yerini-yurdunu qəribsəyir şair ömrü. Və bu ömürdən keçənlər yadımıza nağıllardakı “ən yüyrək nədir?” sualını salır. “Şəkinin payızı  gözəl olur...”-demişdi şair Hədiyyə Şəfaqət. İl boyu mamırı əksilməyən divarlara düşən gün işığı sarı olmur Şəki payızında; rəngsiz olur. Amma... O mamırlı divarların hamısı adamı yaşadığı “indi”nin əlindən çəkib alır, illərin, əsrlərin başı üstündən yelləyir, yelləyir, bir hovurda uşaqlıqda oxuduğu hansısa kitabın ucu qatlanmış, saralmış, kövrəlmiş vərəqlərinin arasına atır...

         2021-ci ilin payızında Bəxtiyar Vahabzadənin əlyazmalarının arasında tapmışdım özümü. Bu dəfə isə Mirzə Fətəli Axundzadənin qələmdanına baxmağa tələsdim.

         Uşaqkən elə bilirdim ki, Axundzadəni tanımayan adam yoxdur. Böyüdükcə, cild-cild kitablarla daha çox dərdləşdikcə təəssüflə bir şeyin dərkinə vardım: Axundzadə irsi, şəxsiyyəti hələ də tam olaraq araşdırılmamış qalıb. “Araşdırmaq kimin borcudur?” sualını dəfələrlə öz-özümə vermişəm, amma bir dəfə də olsun cəsarətlə, ucadan: “Mənim!”-deyə bilməmişəm....Və bəlkə də, heç vaxt deyə bilməyəcəyəm. “Çünki” ilə başlayan cümlələri “n” qədər quraram, imkanlarımı, imkansızlıqlarımı ömür tərəzisində təkrar-təkrar çəkə bilərəm, sonda yenə əliboş qalacağıma olan əminliyimə yeniləcəyəm.

 

         ...Böyük mütəfəkkirin Şəkidə yerləşən ev muzeyinin həyətindəki büstünə baxa-baxa bu pessimist düşüncələrə qapılıram. 

– Xoş gəlmisiniz!

         Səsə geri çevrilirəm. Yenə həmin xanımdı-muzeyə ilk dəfə gələndə məni qarşılayan, bu muzeyi mənə sevdirən, Axundzadəyə olan ehtiramı gözlərindən oxunan baş fond mühafizi Sevda Rəhimova.

– Xoş gördük!  Yenə güzgüyə baxmağa gəlmişəm.

– İstəyirsiniz, birinci ekspozisiya zalına baş çəkin.

– Aha...

         Tələskənliyim üçün utanıram. Ürəyimdə isə Sevda xanımın muzeyin mistik ab-havasını pozmamaq üçün gələn qonaqların ziyarətini nizamlamasını təqdir edirəm.

         İçəri keçirik. Gözlərimi qapıdan sola-ədibin yazı masasına çevirirəm. Baxışlarım qələmdana kilidlənir. Ramiz Həsənoğlunun rejissorluğu ilə çəkilmiş “Sübhün səfiri” (2012) filmi düşür yadıma.  Axundzadənin öz əsərlərinin obrazlarını necə tanımasını,  indi oxuyanda bizi gülümsədən hadisələrə şahid olduqca içində göynəyə dönən qocaman təəssüfünü xatırlayıram.

– Buyurun, əyləşin, – deyir Sevda xanım.

         Çəkinğənliklə baxıram və yazı masasının yanındakı stulda otururam. “Görəsən, bu stulda – ədibin sağ tərəfində qızı Nisə xanım əyləşirmiş, yoxsa oğlu Rəşid bəy?” – deyə bir sual keçir ağlımdan. Amma Sevda xanıma başqa sual verirəm:

– Muzey nə vaxtdan fəaliyyət göstərir?

–1940-cı ildən. Azərbaycanda ilk ev muzeyidir.

– Görəsən, təşəbbüskarı kim olub?

–Təşəbbüskarının kim olmağı barədə heç bir məlumat verə bilməyəcəyəm, təəssüf ki. Mirzə Fətəli Axundzadənin anadan olduğu ev 1800-cü ildə tikilib. Şərq üslubunda olan ev tikildiyi dövrdə necəydisə, elə də qalıb. Sonradan evə heç bir əlavə edilməyib. Bu ekspozisiya zalı isə 2012-ci ildə-ədibin 200 illik yubileyi ərəfəsində tikilərək istifadəyə verilib.

– Bu yazı masası Tiflisdən gəlib?

–Yox, bu evdə olub. 1940-cı ilədək qohum-əqrəba tərəfindən qorunub. Sonra ev muzey kimi fəaliyyətə başlayıb. İndi burda da (ekspozisiya zalını nəzərdə tutur), evdə də olan əşyaların çoxu elə evin öz əşyalarıdır. Qohumlar qoruyub saxlayıblar.

– Sədaqətli qohumlar imiş.

– O vaxt insanlar indiki kimi deyildi. Maddiyyat güdmürdülər. Evin muzey olmasında da, əşyaların olduğu kimi təhvil verilməsində də əsas məqsəd dahinin gələcək nəsillər tərəfindən tanınması olub. Məsələn, sizin sevdiyiniz bu qələmdan, bu mürəkkəbqabı... Təsəvvür edəndə ki Mirzə məhz bu masada, bu qələm-mürəkkəblə yazıb öz maarifçi fikirlərini, adamda qəribə hisslər oyanır. Həm fəxr edirsən, həm də bu əşyaları qorumağa, gəcələk nəsillərə tanıtdırmağa borclu olduğunu dərk edirsən.

– Sonradan əlavə edilən eksponatlar varmı?

– Təbii ki... 600-ə yaxın eksponat var muzeydə. Bir qismi burda sərgilənir, bir qismi evdədi. Fond otağında olanları da var. Vaxtaşırı eksponatları dəyişirik ki, tez-tez gələn ziyarətçilər hər dəfə fərqli şeylər görə bilsin. Ekpsonatlar sırasında eləsi var ki, sonradan bizə hədiyyə olunub.

– Axundzadənin istifadə etdiyi əşyalardandır o hədiyyələr?

– Yox. Amma onun doğulduğu, böyüdüyü dövrə aid əşyalardı. Məsələn, tutaq ki, mən gedirəm anamgilə, orda qədimi bir güzgü görürəm. Hansı ki, müasir dövrdə onlar “köhnəlmiş” sayılır. Mənimçünsə həmin əşya tarixin bir parçasıdır. Tez götürüb gətirirəm, eksponatlar siyahısına əlavə edirəm. Eləcə də muzeyimizin direktoru Ulduz xanım, digər işçilər... Bəlkə də, bizim muzey işçisi olmağımız tarixi məna kəsb edən əşyalara fərqli yanaşmağımıza səbəb olur. Amma əminliklə deyə bilərəm ki, hədiyyə olunan, sonradan əlavə edilən eksponatların sayı çox deyil.

– Ədibin öz kitabxanasından olan kitablardan varmı burda?

– Yox... Onun mütaliə siyahısını bilmək mənə də maraqlı olardı.

         Sevda xanımın çöhrəsinə kədərli bir təbəssüm çökür. Yenə yadıma düşür Axundzadə irsinin dərininə enə bilən qəvvasların, demək olar ki, yox dərəcəsində olması... Təəssüfümüz də, kədərimiz də, içimizdə özümüzü günahlandırmağımız da eyni ölçüdədir Sevda xanımla...

– Sonradan özünün nəşr olunan kitablarından gətirilib bir az.  Kitabxanasından heç nə yoxdur. Əlyazmaları da yoxdur, sadəcə, yazılarının bəzilərinin fotosurəti var.

– Hamısı Tiflisdədir?

– Heç orda olmamışam. Amma bilirəm ki, ordakı eksponatların sayı burdakından azdır. Burda evin özü də eksponatdır.

– Tiflisdəki eksponatlarla burdakıları, belə deyək, dəyiş-düyüş edə bilərsiniz? Ki, oraya getməyə imkanı olmayanlar ədibin əşyaları ilə tanış olmaq imkanı tapsın. Eləcə də ordakılar burda olanları görə bilsinlər.

– Bu, maraqlı təklifdi, amma mümkün olub-olmayacağı zamana bağlıdır. Mən özüm Əlyazmalar İnstitutunda ezamiyyətdə olmuşam. Yeni, muzeyə əlavə olunası, daha doğrusu, bizdə olmayan heç nə tapmamışam.

– Kaş muzeyin təşəbbüskarı haqqında da azacıq məlumat əldə edə bilək...

– Kaş... Düşünürəm ki, bir Axundzadəsevər olub, yəqin. Bəlkə də, qohum-əqrəbadan kimsə olub. Evin sovet dönəmindən qorunmasının özü böyük işdi. Əslində, bura ilk ekspozisiya zalı deyil. İlk zal sovet vaxtı tikilib. Çox primitiv formada idi. Yayda isti, qışda soyuq olurdu. Üstü dəmirdən, yan divarları şüşədən idi. İşçilər üçün ayrıca otaq yox idi. Bir Axundzadəsevər insan var: Səbuhi müəllim. Bir gün muzeyə baş çəkməyə gəlmişdi, zalın get-gedə daha da bərbad hala düşdüyünü gördü. Lazımi yerlərə müraciətlər ünvanladı, diqqət çəkdi. Beləcə, 2012-ci ildə prezidentin sərəncamı ilə bu yeni zal tikildi. Əslində, ilkin fikirlərdə eksponat sayılan evin də ekspozisiya zalının içində olması nəzərdə tutulurdu. Beləcə, ev yağışdan qorunmalıydı. Amma o fikir elə fikir olaraq da qaldı. Yenə şükür, indi işçilər üçün ayrıca otaq da var. Hərçənd, bəzi ziyarətçilər müasir zalın qədimi ab-havaya malik evə yaraşmadığını dilə gətirirlər. Amma zal necə olmalıdır bəs? Bu qədər eksponat o balaca evə sığmır axı. Burda elə rəsmlər, elə əşyalar var ki, evin zirzəmisindən çıxarmışıq, təmizləmişik, gətirib zala qoymuşuq.

– Axund Hacı Ələsgərin evi harda olub, görəsən?

– Dəqiq deyə bilmərəm. Amma əvvəllər burda-məhlənin bir az  aşağısında köhnə ev vardı. Ehtimala görə, Axund Hacı Ələsgərin evi olub. Axundzadənin uzaq qohumu olan Zemfira xanım deyirdi ki, ora mənim nənəmgilin evi olub.

– Necə qohumluğu çatır Zemfira xanımın ədibə?

– Desəm ki, bunu da dəqiq deyə bilməyəcəyəm, yəqin, məni günahlandırmazsınız.  Bilirsiniz, bəzən insan nələrisə özü danışır və sən anlayırsan ki, o, səndən heç bir sual gözləmir. Ona görə də Zemfira xanımın öz danışdıqları ilə kifayətlənirəm. Amma hər halda burdakı evin Axund Hacı Ələsgərə məxsus olması ehtimal edilirsə və Zemfira xanımın nənəsi bu evin sakini olubsa, qohumluğa şübhə etmək olmaz. Hətta bir söz deyim, “Sübhün səfiri” filmində həmin evin bir divarı kadra düşüb. Üstəlik, həmin evin sökülməsi üçün məhz Zemfira xanımdan rəsmi icazə alınıb.

– Zemfira xanım Şəkidə yaşayır?

– Yox, Bakıda yaşayır. Çox nəcib, nəzakətli və ziyalı xanımdır. Hər il gəlir muzeyə. Bir dəfə bir söz dedi, heç unuda bilmirəm. Dedi: “Hansı il mən muzeyə gəlmədimsə, bilin ki, artıq bu dünyada yoxam...” Biz onun yolunu hər il səbirsizliklə gözləyirik.

– Tanrı ömür versin! Soyuna-kökünə vəfalı olmaq da bir xüsusilikdir...

– Hə...

         İkimizin də baxışları yol çəkir... İkimiz də dünənimizə olan vəfa borcumuzu xatırlayırıq, vəfalı olub-olmamağımız barədə özümüzü sorğu-sual edirik... Və yenə cavabsızdır suallarımız...

– Axundzadənin nəslinin davamçıları da belə vəfalı olaydı kaş... – İnsanın daim günahkarı kənarda axtarması instinktinə yenilməyim üçün mənə lazım olan  cəmi bir neçə an imiş...

        Gəlin. – Sevda xanım ayağa qalxıb qarşıdakı divara yaxınlaşır.

         Tələsik özümü onun yanına çatdırıram.

– Baxın, bu şəkildəki ədibin qızı Nisə xanımın nəticəsidir. Adı Pərirux Parsinecatdır. 1982-ci ildə ədibin 170 illiyi keçiriləndə Pərirux xanım öz həyat yoldaşıyla gəlibmiş. Baxın, şəkil də evin qarşısında çəkilib.

– İndi harda yaşayır Pərirux xanım?

– O vaxt Yaponiyada, Tokioda yaşayırmış. Əri universitetdə professor imiş. Həmin vaxt, yəni 1982-ci ildə Pərirux xanımın Parsi adında 11 yaşlı oğlu varmış. Hazırda həmin oğlan hardadır, nə işlə məşğuldur, bilmirik. Bu yaxınlarda diplomat, alim, tarix elmləri doktoru Həsən Həsənov növbəti dəfə muzeyin qonağı oldu. Şəkli görən kimi dedi: “Bu xanımı o vaxt mən axtarıb tapmışdım, Yaponiyadan dəvət etmişdim”. Sonradan əlaqələr itib... Heç kimi də qınamaq olmur; hamının öz həyat qayğıları, öz ömür naxışları var.

– Nəvələr, nəticələr də sürətlə yadlaşır...

– Bəlkə də, həyat bunu məcbur edir...

– Sizin üçün muzeyin ən dəyərli eksponatı hansıdır? Söhbətin yönünü dəyişməyə borclu hiss edirəm özümü...

– Əl ağacı! – Sevda xanım birnəfəsə deyir və əl ağacının qoyulduğu stendə yönəlir: – Baxın, burdadı. O dövrdə əl ağacı, bir növ, xarakter simvolu idi. Məhz buna görə də o dahi insanın əli dəyən əşyaların içində mənə ən dəyərli gələn əl ağacıdır.

– Mənimçünsə...

– Nanə xanımın güzgüsü! – Sevda xanım gülümsəyir: – Mənim siyahımda o güzgü əl ağacından sonra gəlir.

– Bəs gələn ziyarətçilərin ən çox diqqətini çəkən hansı eksponatlardır?

– Qılınc, əl ağacı, kəmər, qələmdan, qrammofon... O qədər adam təəssüflə başını bulayıb ki: “Kaş biləydik ədib bu qrammofonda nəyə qulaq asıb”.  Heyif ki, işləmir qrammofon. Təmir edən usta yoxdur deyə, təmir etdirə bilmirik.

– Bu daş kitabları kim hazırlayıb? – Əlimlə qarşıdakı masaya işarə edirəm.

– Heykəltəraş Məzahir Əliyev. Ədibin daşa həkk olunmuş portretini isə bizə şəkili həkkak İsmayıl Paşayevin nəvəsi hədiyyə edib. Bu örtük də əl işidi, ailəyə aiddir.

– O vaxt necə də səbirli olub insanlar. Saatlarla bir masa örtüyünün üstündə işləyiblər. Bəlkə də, günlərlə...

– Yenə günahı ataq həyatın boynuna. İndi bizim işimizin yarısını texnologiya görür, bir başqa texnologiya isə vaxtımızı alır. – Bunu deyib Sevda xanım təəssüflə başını bulayır.

         Bu dəfə gülümsəmə sırası məndədir. Və düşünürəm: “Gülümsəmələr də insanın öz duyğularının üstünə örtdüyü örtük deyilmi?!”

 

– Bura ədibin əlifba layihəsinə həsr olunmuş guşədi. – Sevda xanım əli ilə divardakı çərçivəli fotosurətləri göstərir: Axundzadə əlifbanı sadələşdirmək üçün 3 layihə hazırlayır. Xatirələrində yazır: “Əlifbada bir nöqtə sözü “olum” və “ölüm” kimi dəyişə bilir”. Elə ona görə də ədib istəyib ki, həmin nöqtələr atılsın, əlifba sadələşsin, sadə insanlar da oxuyub anlaya bilsin. 1863-cü  ildə ədib Türkiyəyə gedir və əlifba layihəsi orda müzakirə olunur. Layihəsi qəbul olunmur. Bu yağlı boya ilə çəkilmiş rəsm  məhz həmin hadisəni əks etdirir. Burdakı yağlı boya ilə çəkilmiş rəsmlərin müəllifi Tofiq Kərimovdur. Ədibin rəsmini isə Əməkdar rəssam Teymur Rzayev 2012-ci ildə muzeyə hədiyyə edib. Xalça-portreti 1982-ci ildə peşə məktəbinin tələbələri toxuyub.

– Miniatür kitabı da var ədibin? Stenddə marağımı çəkən kitabı ovcumun içinə alıram.

– Ən sevdiyim kitabıdır! “Puşkinin ölümünə Şərq poeması”dır.

– Evə keçək?

– Güzgünü görməyə tələsirsiniz? – Sevda xanım mehribanlıqla deyir və əliylə ekspozisiya zalının çıxış qapısını göstərir.

         Sevincək çıxıram qapıdan, düşürəm  pillələri, yüyürürəm və... Və dayanıram böyüklüyünü anlatmaq üçün söz tapmadığım ədibin doğulduğu evin önündə.

– Bu evi Axundzadənin öz atası Məhəmmədtağı tikdirib. O, Təbriz yaxınlığındakı Xamnə qəsəbəsində  kəndxuda olub. Bir gün orda kəndli iğtişaşı baş verir, kəndxuda kənddən uzaqlaşmağa məcbur olur, ticarət məqsədilə Şəkiyə gəlir. Həmin dövrdə karvansara ticarət mərkəzi idi. O vaxt gediş-gəliş indiki kimi asan deyildi. Məhəmmədtağı burda qalmağa məcbur olur. Burda məhlə alır, 1800-cü ildə bu evi tikdirir. Sonra da Axund Hacı Ələsgərin qardaşı qızı Nanə xanımla evlənir. Mirzə Fətəli 1812-ci ildə məhz bu evdə dünyaya göz açıb. Sonra Məhəmmədtağı Nanə xanımla oğlunu götürüb Xamnəyə qayıdır. Amma Nanə xanım ərinin birinci arvadıyla yola gedə bilmir. Məcbur olur, oğlunu da götürüb Şəkiyə qayıdır. Burda da dövrün ziyalılarından sayılan Axund Hacı Ələsgər onlara himayədarlıq edir. Bundan sonra ədibin ömrünə Mirzə Şəfi Vazeh daxil olur. Ona xəttatlıq öyrədən gəncəli ziyalının Mirzə Fətəlinin həyatında böyük rolu olub.

– O məşhur sual-cavab...

– Hə... 1834-cü ildən sonra həyatı Tiflislə bağlıdır ədibin.

– Bəxtiyar Vahabzadənin ev muzeyinin direktoru Elşən Zəkəriyyəbəyli ilə söhbətimizdə belə bir söz demişdi: “Bəxtiyar Vahabzadə Şəkidə qalsaydı, Bəxtiyar Vahabzadə olmazdı”. Bu fikri Axundzadənin Tiflis yaşamına aid etmək mümkündürmü?

– Başqa cür deyərdim: “Balaca Fətəli İranda böyüsəydi, indi dahiliyinə heyran olduğumuz mütəfəkkir, “Tatar Molyeri” olmazdı”. Tiflis isə o vaxt Zaqafqaziyanın mədəni paytaxtı idi. Təbii ki, mühit ədibin şəxsiyyətinə, düşüncələrinə, yaradıcılığına təsir eləmişdi.

– Heyif ki, şəcərəsindən tanıdığımız, bildiyimiz kimsə yoxdur.

– Axund  Hacı Ələsgərin qızı Tubu xanımla evlənən Axundzadənin 13 övladı olur.  Mənbələrə görə, yalnız ikisi-Nisə xanım və Rəşid bəy sağ qalır.

– Bir yerdə oxumuşdum ki, iki qızı sağ qalır: Seyrəbəyim və Nisə xanım. Amma məlumatı doğruluğuna əmin olmaq üçün əlimizdə heç bir istinad nöqtəsi yoxdur.

– Ümidim böyükdür. Çox qısa vaxtda Axundzadə irsindəki kölgəli məqamlar da gün işığına çıxar, ədəbiyyat tariximizin görkəmli nümayəndəsi, dramaturgiyamızın banisi olan bu dahi insan haqqında daha ətraflı məlumat ala bilərik. Hətta doğum günü belə qarışıqdır dahinin. Məsələn, internetdə, bəzi mənbələrdə 12 iyul kimi qeyd olunur. Bizsə hər il iyunun 30-da qeyd edirik. Hansı tarix dəqiqdi? Hansı mənbəyə istinadən dəqiqləşdirə bilərik? Bilinmir...

– Faciəmiz ondadır ki, bizdə araşdırmaçılar da bir-birindən xəbərsiz araşdırır. Tapdıqları mənbələri qarşılaşdırmırlar.

 

         Evə daxil oluruq. Divar dibindəki nimdərlərə, döşəkçələrə,  rəflərdəki mis, çini qablara göz gəzdirirəm. Nanə xanımın güzgüsünə baxıram... Üçüncü dəfədir ki, bu güzgünün önündə dayanıram. Amma özümü bu güzgüdə gördüyüm yadıma gəlmir. İndi özümü görmək ümidiylə başımı daha da irəli əyirəm. Yenə mən yoxam o güzgüdə... Dəmir barmaqlıqlı pəncərənin önündə oturmuş, qarşısına sevdiyim qələmdanı qoymuş kiçik Fətəlini görürəm.

 

– Sevda xanım, bilirsiniz, nəyi bilmək istəyirəm? Yaradıcılıq, xüsusən də şeir elə bir şeydir ki, o, insanın ruhunda var. Necə ola bilər ki, Fətəli burda – bu evdə, bu pəncərədən təbiəti seyr edə-edə heç nə yazmasın?

– Yazmış  olar. Mən də həmişə bunu fikirləşirəm. Amma əlimizdə heç nə yoxdur; nə bir parça kağız qalıb o illərdən, nə də dildə-ağızda hansısa şeiri. Bəlkə də, bu, onun şeirinin qəliz dili ilə bağlıdır. Axı el dilinə daha yaxın olan nümunələr el yaddaşında qalır. Axundzadə isə dövrün ədəbi normalarına uyaraq yazıb.

 

         Kiçik evdəki böyük səyahətim nə qədər çəkir, bilmirəm. Burda zamansızlıq hökm sürür... Evdən çıxıram, bir az daha kənardan baxıram bu evə; çardağa qalxan torpaq pillələrinə, zirzəmisinin taxta qapısına... Birdən pilləkənin yanındakı suvağın ovulduğunu görürəm. Əyilirəm ki, daha diqqətlə baxam.

– Şəki nəmişlik zonadır axı, gur yağışlar vurur evin divarına, suvağı tökülür. – Sevda xanım hayıfslanaraq deyir.

         Evin başına fırlanıram, zirzəmisinə baş çəkməyi də unutmuram. Nə axtarıram burda? Bilmirəm ki...

         Darvazaya çatanda Sevda xanım deyir:

– Əvvəl burda Şəki memarlığına uyğun tağlı darvaza da olub. Sonra sökülüb. Yolun başındakı “Səbuhi” bulağında isə  rəqəm qarışıqlığı var.  Bir tərəfində 1812-ədibin doğum ili yazılıb, digər tərəfində isə bulağın tikilmə tarixi-1982.  Bu rəqəmlərin Axundzadənin doğum  və ölüm tarixi olduğunu düşünənlər də tapılıb.

– Yəni Axundzadə haqqında məlumatsız olan azərbaycanlı var?

– Heyif ki, var... Ölkənin başqa bölgələrindən danışmıram, elə Şəkinin özündə də bu muzeyi tanımayanlar var. Elə olur ki, gələn qonaqlar muzeyi çox çətin tapdıqlarını deyirlər. Halbuki Xan sarayına ən yaxın ev muzeyi buradır. Di gəl, tanıyan, səmtini bilən azdır. Bir tərəfdən düşünürsən ki, hamının öz qayğısı var. Digər tərəfdən isə, qınamaya bilmirəm ki,  bir xalqın həyatında dönüş nöqtəsi yaratmış mütəfəkkir yaddan çıxır. Axı indinin məktəblisi, gənci Axundzadəni tanımasa, gəlib onun doğulduğu evi görməsə, gələcəkdə öz övladına bu dahini necə anladacaq? Ancaq internetdəki natamam məlumatlarla?

         Sualına cavab verə bilmirəm Sevda xanımın. Mən də o natamam məlumatlardan daha artıq nəsə bilmirəm axı... Günahkarcasına boynumu bükür və  sağollaşıram.

         Dramaturgiyamızın, ədəbi tənqidimizin banisi olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflər”in siyahısına daxil edilən Mirzə Fətəli Axundzadə haqqında oxuduğum pərakəndə məlumatlardan biri də budur: “Qafqaz canişininin yanındakı nüfuzundan istifadə edərək çar hakimləri tərəfindən sürgün edilmiş Q.Zakirin və övladlarının həbsdən, sürgündən azad olunmasına nail olmuşdur. O həmçinin Qarabağın son hakimi Mehdiqulu xanın arvadının və qızı Natəvanın irslə bağlı hüquqlarını müdafiə etmişdir. Eləcə də Gəncə xanlığının hakimi Cavad xan Ziyadxan oğlunun çar qoşunları ilə döyüşdə həlak olmasından sonra onun mal-mülkünün bir hissəsinin varislərinə qaytarılmasına nail olmuşdur”.

         Xan sarayının divarı boyunca üzü Yuxarıbaşa qalxa-qalxa düşünürəm ki, görəsən, nə vaxtsa ev muzeyində ədib haqqında bildiklərimizin istinad nöqtəsi-mükəmməl  bir araşdırma mövcud olacaqmı?

 

P.s. “İnternet əsri”nə güvənib sosial şəbəkədə Axundzadənin kötücəsi Parsi Parsinecatın axtarışına çıxdım. Bir sosial hesab tapdım, qısa mesaj yazdım və 2 həftə cavab gözlədim. Cavab gəlmədi... Tapdığım Hafiz Əhmədovun 2019-cu ildə Parsidən aldığı bir müsahibə oldu ki, orda da kötücənin öz ulu babası haqqında dediyi ən ağır çəkili sözlər bunlar idi: “Mirzə Fətəli Axundzadəni insanları “qutunun kənarında” düşünməyə məcbur edən  və ənənəviliyə meydan oxumaq istəyən bir insan kimi təsvir edərdim”.

 

“Ədəbiyyat və incəsənət”

(07.03.2023)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.