Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun nümayəndə heyəti Azərbaycanda səfərdə olub
Azərbaycanı xarici ölkələrdə təmsil edən hər bir diaspor təşkilatı, hər bir qurum ümumi azərbaycançılıq məfkurəsinə xidmət etməkdədir. Kimisi az, kimisi çox. Və bu sırada Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin xüsusi yerinin olması şəksizdir.
Mədəniyyət Mərkəzinin gördüyü növbəti iş də xeyli diqqətçəkəndir. Mərkəzin təşkilatçılığı ilə Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun rektoru Eldor Şermanovun rəhbərliyi ilə geniş nümayəndə heyətinin Azərbaycana səfəri təşkil olunub. “Ədəbiyyat və incəsənət” portalı sizlərə səfərin icmalını təqdim edir.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində
Səfər çərçivəsində özbəkistanlı qonaqlar ilk olaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində olublar, rektor Ceyran Mahmudova ilə görüşdə əlaqələrin genişləndirilməsinə dair müzakirələr aparılıb və tərəflər arasında əməkdaşlığa dair memorandum imzalanıb. Tərəflər müəllim və tələbə mübadiləsinin həyata keçirilməsi, mədəniyyətin müxtəlif sahələrinə dair birgə tədqiqat işlərinin, tədrisə dair təcrübə mübadiləsinin aparılmasını razılaşdırıblar.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin təcrübəsindən yararlanaraq Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunda eyniadlı fakültənin açılması, müəllim heyətləri tərəfindən ildə bir dəfə qarşılıqlı olaraq bir aylıq dərslərin təşkili barədə razılıq əldə edilməsi isə bu səfərin səmərəliliyini ikiqat artırıb.
Bakı Dövlət Universitetində
Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun rektoru Eldor Şermanovun rəhbərliyi ilə geniş nümayəndə heyətinin getdiyi növbəti ünvan Bakı Dövlət Universiteti olub. Özbək qonaqları rektor Elçin Babayev qəbul edib. Görüş və müzakirələrdən sonra hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa dair saziş imzalanıb. Sazişdə gələcəkdə müəllim, tələbə və elmi işçilərin mübadiləsi, informasiya və nəşrlərin mübadiləsi, birgə elmi tədqiqatların, maarifləndirici tədbirlərin təşkili, kadr hazırlığı məsələlərində əməkdaşlıq nəzərdə tutulub.
Azərbaycan Milli Konservatoriyasında
Özbəkistan nümayəndə heyəti daha sonra Azərbaycan Milli Konservatoriyasında olub. Rektor Siyavuş Kərimi qonaqları qəbul edib. Konservatoriyanın fakültələri, kafedraları ilə Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun əməkdaşlığı, hər iki tərəfdə tədris prosesi, muğam sənəti, vokal, xalq çalğı alətlərinin tədrisi və s. istiqamətdə təcrübə mübadiləsi məsələləri müzakirə edilib, ali təhsil ocağının fəaliyyəti ilə yaxından tanışlıq olub. Tərəflər əməkdaşlığa dair ümumi razılığa gəliblər.
Azərbaycan Dövlət Dillər Universitetində
Özbəkistan nümayəndə heyəti Azərbaycan Dövlət Dillər Universitetinin rektoru Kamal Abdulla ilə də görüş keçirib, əməkdaşlıq əlaqələri müzakirə olunub. Universitetdə olan digər xarici ölkələrin mərkəzləri ilə tanış olan Özbəkistan nümayəndə heyəti gələcəkdə Azərbaycan Dövlət Dillər Universitetində Özbəkistan ocağının açılmasına dair razılıq əldə ediblər. Bu da qonaqların gəlişinin daha bir səmərəlilik göstəricisidir.
“Ədəbiyyat və incəsənət”
(01.03.2023)