El-el gəzən “Cığır” romanının növbəti ünvanı gənclik şəhəri Sumqayıt olub.
Sumqayıt Poeziya Evində yazıçı-publisist Yunus Oğuzun "Cığır" tarixi romanının təqdimatı keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəvər verir ki, tədbirdə Sumqayıt Poeziya Evinin yaradıcı heyəti, Vətən müharibəsi iştirakçıları, Şəhid ailələri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbiri açan Sumqayıt Poeziya Evinin direktoru İbrahim İlyaslı Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunmuş, içərisində 44 günlük Vətən müharibəsinin keçdiyi yol, Vətən müharibəsindən sonrakı nailiyyətlər və mədəniyyət paytaxtımız Şuşa şəhərinin tarixindən bəhs edilən tarixi roman haqqında məlumat verib.
İ.İlyaslı Yunus Oğuzun həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verdikdən sonra yazıçı Elçin Hüseynbəyli, şairə Ofelya Babayeva, şair Fəxrəddin Teyyub və şəhid Əbdulməcid Axundovun anası Ceyran Həsənova "Cığır" tarixi romanı haqqında fikirlərini səsləndiriblər. Tədbirdə yazıçı-publisist Yunus Oğuz iştirakçıların suallarını cavablandırıb, onlara yazıçının "Cığır" romanı hədiyyə edilib. Sonda xatirə şəkli çəkdirilib.
“Ədəbiyyat və incəsənət”
(10.12.2022)