Portalımız ötən gün Səhər xəbərlərində Aprel döyüşlərinin və 44 günlük Vətən müharibəsi iştirakçılarının şeirlərindən ibarət “İgidlərin sözü” almanaxının işıq üzü görməsi barədə məlumat yaymışdı. Amma bu hadisə o qədər böyükdür ki, onun barəsində yazdıqca yazmaq lazımdır. Bu gün də təqdimat barədə daha geniş icmalı oxucularımızın ixtiyarına veririk. İcmalın müəllifi layihə rəhbəri, sevimli şairəmiz Nigar Həsənzadədir. “Söz” layihəsi ilə ədəbiyyatımızı canlandıran Nigar Həsənzadə “İgidlərin sözü” ilə bu dəfə Qarabağ müharibəsinin poetik xəritəsini cızmaqla diqqət çəkdi.
Buyurun, bu da icmal.
“İgidlərin sözü” möhtəşəm alındı!
Hamımızı təbrik edirəm!!!
Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin dəstəyi, “İgidlərin sözü” layihəsinin müəllifi və rəhbəri olaraq mənim təşəbbüsümlə “İgidlərin sözü” adlı antologiyanın ictimaiyyət üçün geniş təqdimatı keçirildi. Xatırlatmaq istəyirik ki, “İgidlərin sözü” kitabının ilk təqdimatı bu ilin yay ayında Şuşada - Vaqif Poeziya günlərində olmuşdu.
Kitab təqdimatın Milli Məclisin deputatları Qənirə Paşayeva, Ceyhun Məmmədov, “YAŞAT” fondunun sədri Elvin Hüseynov, Mədəniyyət Nazirliyinin kitab sənayesi şöbəsinin müdiri Akif Maarifli, qələbəmizin məsul nümayəndələri, aprel döyüşlərinin, Vətən müharibəsinin iştirakçısı, ehtiyatda olan polkovnik leytenant Elmar Hüseynov, “Şəhid analarına dəstək” İctimai Birliyininin üzvləri, şəhid ailələri və övladları, Vətən müharibəsi iştirakçıları, Azərbaycanın mədəniyyət və incəsənət xadimləri iştirak edirdilər.
Azərbaycanın himni səsləndirildikdən sonra, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra isə möhtəşəm tədbirimiz başladı.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən uğrunda döyüşən qəhrəmanlarımızın sözü və əməlinin bir olduğunu qeyd etdi. Qanları ilə tarix yazan igidlərin, həm də tarixdə qalacaq sözlərinin bir kitabda şer kimi toplanmasını alqışladığını dedi. O, bu gün Azərbaycanın dünyadakı nüfuzundan danışaraq, prezident İlham Əliyevin apardığı uğurlu siyasətdən, şəhid və qazi ailələrinə göstərdiyi diqqətdən danışdı.
Milli Məclisin deputatı Ceyhun Məmmədov öncə qazilərə və şəhid analarına kitabda sözləri əbədiləşənlərin məqamının ucalığını bəyan etdi, daha sonra layihə müəlliflərinə dedi:
“Bu gün Siz etdiyiniz “İgidlərin Sözü” layihəsi hər kəsin könlücə olan, ürəkləri riqqətə gətirən layihədir. İgidlərimiz Vətən torpağını azad etmək üçün atıldıqları səngərlərdə həm də Vətən dadlı, ana məhəbbətli şerlər yazırdılar.”
Kitabın təqdimatında iştirak edən “YAŞAT” fondunun sədri Elvin Hüseynov hələ aprel döyüşlərindən sonra birinci vitse-prezident Mehriban xanım Əliyevanın qazilərlə görüşündə səsləndirdiyi “Bizim oğullarımız tarixi ədaləti bərpa edəcəklər” fikrini xatırladaraq bildirdi:
“Bu gün Azərbaycanın mərd oğulları sözün həqiqi mənasında tarixi ədaləti bərpa edirlər. Biz çalışırıq ki, qazilərimizin yanında olaq, onlara dəstək verək. “İgidlərin sözü” kitabı isə vətən uğrunda döyüşən igidlərimizin həm də sözlərini əbədiləşdirib.”
Mədəniyyət Nazirliyi rəsmisi Akif Maarifli qələbəmizin tarixi əhəmiyyətini qeyd edərək, Mədəniyyət Nazirliyinin bu sahədə nəşr etdirdiyi kitablardan və keçirdiyi tədbirlərdən danışdı:
“Layihənin həyata keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsində vətənimizin ərazi bütövlüyü uğrunda mübarizə aparan igid oğulların yaradıcılıq nümunələrini nümayiş etdirməkdir.”
“İgidlərin Sözü” kitabının tərtibatçısı və redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, jurnalist Aida Eyvazlı Göytürk öz çıxışında bildirdi ki, bu layihəyə həyat vermək heç də asan başa gəlməyib. O dedi:
“Redaktoru olduğum “İgidlərin sözü” antalogiyasında söz-söz, sətir-sətir yandım, qovruldum, bənd-bənd dirçəldim, bütövləşdim. Vətən kimi bütövləşdim! Bu SÖZ-ləri yazan İgidilərin hər biri Vətəndir! Türk dünyasının savaş igidlərinin yaradıcılığından bəhs edən ilk qaranquşudur, ilk antalogiyadır.”
İndi isə keçək kitabın içinə. “İgidlərin sözü” antologiyasında aprel şəhidləri Nazim Şamaxılı, Mikayıl Vahabzadə, Mirsalam Cəfərov, II Qarabağ şəhidləri polkovnik-leytenant Elzamin Təhməzov, baş gizir Mehman Yusifov, Saleh Əliyev, Kərim Əhmədbəyli, şəhid əsgərlər Şahgündüz Cabbarov, Xəyyam Hüseynov, Murad Mayıl oğlu Nəbiyevin də şerləri yer alıb. Digər müəlliflər isə 44 günlük Vətən müharibəsi iştirakçıları, qaziləri və şəhidləridir. Onların adlarını az sonra xatırladacağıq.
Təqdimatın ədəbi-musiqili hissəsi də Vətən müharibəsi iştirakçılarının iştirakı ilə keçirildi. Vətən Müharibəsi qazisi Məbud Əhmədov yaralı olarkən təcili yardım otağında oxuduğu “Anadır arzulara hər zaman Qarabağ” mahnısı ilə türk dünyasında məşhurlaşmışdı. Bu gün də öz mahnısını qonaqlara ərməğan etdi. Onu Vətən müharibəsi iştirakçıları Fərid Atazadə, şəhid Toğrul Hacıyevin qardaşı Toğrul Ülvi Hacıyev, eləcə də “Ritm alətləri” ansamblı, İdris Hüseynov, Hacıbala Həşimov müşaiyət edirdilər. 11 yaşlı Həzrət Əzizlinin də iştirakı böyük alqışlarla qarşılandı.
Daha sonra kitabda şerləri işıq üzü görən Vətən müharibəsi iştirakçıları Vüsal Hətəmov, Kərəm Aydın, Emin Piri, Sərxan Yolçuyev, Həsən Kür, Orxan Səlifov, Cavid Əli oğlu , Tofiq Əhməd, Eyvaz Əyyub, Səbuhi Qurbanov, Elvin İntiqamoğlu, Oğuz Alparslan, Nicat Ağayev, Tamerlan Əsədov öz şerlərini səsləndirdilər. Qəhrəmanlarımızın hər birinin çıxışından sonra ehtiram əlaməti olaraq qonaqlar onları ayaq üstündə alqışladılar.
Tədbirin sonunda “Söz” və “İgidlərin Sözü” Layihələrin müəllifi və rəhbəri olaraq mən çıxış etdim, dedim:
“Bugünkü gün adi günlərə bənzəmədi. İnanırıq ki, məclisimizə dəvət etdiyimiz şəhid anaları, şəhid övladları, Sözü böyük olan qazilərimizin yaxınları, doğmaları bu günü, onlara yaşatdığımız bu gözəl və həzin, bir az sevinc və kədər qarışıq anları ən əziz xatirə kimi, ən şirin söz kimi hər zaman yaddaşlarında saxlayacaqlar. Necə ki, biz bu böyük Zəfəri yazanları unutmuruq, onların Sözlərini də heç vaxt unutmaq olmaz. Çünki o Söz İgidlərin sözüdür!”
Fotolar Kamran Bagirovundur