Oktyabrın 26-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında Azərbaycan yazıçılarının XIII qurultayı keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, qurultayda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Anar Kərimov, ADA Universitetinin rektoru Hafiz Paşayev, Baş nazirin müavini Əli Əhmədov, dövlət və hökumət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları iştirak ediblər. Qurultaya Azərbaycan Yazıçılar Birliyinin dəvəti ilə Türkiyə, Rusiya, Litva, İsrail, Pakistan, Gürcüstan, Almaniya, İraq, Belarus və İrandan 20-dən çox qonaq, AYB-nin üzvləri arasından isə 330-dək nümayəndə qatılıb.
Qurultayı AYB-nin sədri, Xalq yazıçısı Anar açıb.
Sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin qurultay iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub.
Tədbirdə, həmçinin, mədəniyyət naziri Anar Kərimov çıxış edib. Nazir deyib:
"Bu gün doğrudan da tarixi bir gündür. Bu münasibətlə, hamınızı təbrik etmək istərdim. Ümid edirəm ki, XIII qurultayda qəbul edilən önəmli qərarlar AYB-nin istiqamətləndirilməsində, onun bu yeni dönəmdə, şanlı zəfərimizdən sonra yaranmış möhtəşəm dönəmdə bu qələbə ruhunun cəmiyyətimizə aşılanmasında, cəmiyyətimizin tərbiyə edilməsində bir təkan olacaq, önəmli əsərlər yaradılacaq və təkcə Azərbaycan sərhədlərində yox, dünya azərbaycanlılarının həmrəyliyində, onların daha da sıx Azərbaycan məfkurəsi ətrafında birləşməsində böyük töhfələr verəcək. Əminəm ki, cənab Prezidentimizin söylədiyi kimi, AYB əsrlər boyu mübarizə, azadlıq ruhunun, milli-mənəvi dəyərlərimizin, vətənpərvərlik dəyərlərinin aşılanmasında iştirak etdiyi kimi, bundan sonra da yazıçılarımız bu müqəddəs rolu davam etdirəcəkdir".
Qutultay nümayəndələri xalq yazıçısı Kamal Abdullanın, xalq şairləri Nəriman Həsənzadənin, Sabir Rüstəmxanlının çıxışlarını hərarətlə qarşılayıblar.
Daha sonra qurultayın katibliyi və seçki komissiyası təsdiqlənib, təşkilati məsələlərə baxılıb. Xalq yazıçısı Anar Rəsul oğlu Rzayev açıq səsvermə yolu ilə yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib. Qurultayda AYB-nin rəhbər strukturu, ağsaqqallar şurası, idarə heyəti və təftiş komissiyası seçilib.
Sonda Azərbaycan Yazıçılar Birliyinin sədri Anar ona yenidən etimad göstərdiklərinə görə qurultay iştirakçılarına minnətdarlığını bildirib. Bununla da Azərbaycan Yazıçılar Birliyinin XIII Qurultayı öz işini başa çatdırıb.