Qubaya Əmir Pəhləvan gəlmişdi… Featured

 

Şənbə günü Qubadakı “Azərkitab” kitab mərkəzində Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin təşkilatçılığı ilə tanınmış yazıçı-dramaturq Əmir Pəhləvanla görüş keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, görüşü giriş sözüylə Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin sədri, Əhməd Cavad mükafatı laureatı, şair Ramiz Qusarçaylı açaraq Əmir Pəhləvanın həyat və yaradıcılığı haqqında danışıb, onun həm müasir Azərbaycan ədəbiyyatının və kino sənətinin görkəmli nümayəndəsi kimi qazandığı ədəbi uğurlar barədə, eyni zamanda ədibin Qazaxıstan və Qırğızıstan respublikalarının, Quzey Kıbrıs Cümhuriyyətinin Dövlət mükafatlarının laureatı olması barədə görüş iştirakçılarına ətraflı məlumat verib.

Daha sonra AMEA-nın A. A. Bakıxanov adına Tarix İnstitutunun "Mənbəşünaslıq və tarixşünaslıq" şöbəsinin müdiri, tarix elmləri doktoru, professor, şair Şahin Fazil çıxış edərək bildirib ki, o, Əmir Pəhləvanı Azərbaycan radiosunun Cənub verilişləri redaksiyasında, "Baku", "Bakı" axşam qəzetlərində, "Azərbaycan müəllimi" qəzetində işlədiyi və "İlham" qəzetinin təsisçisi və baş redaktoru olduğu dövrdən tanıyıb və ədibin bu günə kimi 30 kitabının  Azərbaycanda, 20 kitabınln Ukraynada, 7 kitabinln keçmiş postsovet respublikalarında, 15 kitabınln isə Avropa ölkələrində və Amerikada çap olunmasından və əldə etdiyi ədəbi nailiyyətlərindən həmişı qürur hissi keçirib. 

Azərbaycan Dövlət Pedaqoji Universiteti Quba filialının direktoru, fizika elmləri doktoru Yusif Alıyev öz çıxışında Əmir Pəhləvanın "Step LTD" kinoşirkətini təsis etdiyindən, şirkətin xəttilə yaradılan "Fransız", "Qarabağ şikəstəsi", "Spasibo", "Qız qalası" bədii filmlərinin, "Bakı nefti və Nobellər", "Avtoritet", "Göyçay yəhudiləri", "Doqquzuncu oğuz uyğurları", "Kurqanlar", "Hunqoriya", “Şəhriyar”, “Svilizasiya beşiyi-Çin”, “Tahirə” və başqa sənədli ekran əsərlərinin müəllifi və rejissoru kimi bu filmlərdə tariximizin və  taleyimizin maraqlı səhifələrini uğurla canlandırmasından geniş şəkildə bəhs edib. 

ADPU Quba filialının direktor müavini, fəlsəfə doktoru Aysel Şeydayeva öz çıxışında belə görüşlərin əhəmiyyətini xüsusi olaraq qeyd edərək Əmir Pəhləvana filialının tələbələriylə də görüşünün təşkil edilməsi ilə bağlı təklif edib. 

Xaçmazda fəaliyyət göstərən “Ulduzlar” ədəbi məclisinin sədri, şair Fərzalı Ziyanur, Qubada fəaliyyət göstərən “Gülüstan” ədəbi məclisinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı Şixəmməd Seyidməmmədov, Qusar yazarları adından Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Ceyhun Ağabəyov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Cəlaləddin Budadoğlu, eləcə də qubalı, qusarlı və xaçmazlı şair və yazıçılardan Mövlud Ağamməd, Sərvinaz Sərvər, Telman Təravət, Cavanşir, Sabir Nemətov, Nəzər Mirzəyev, Pənah Elqəm, Güləli Bağban, Gülnaz Qubalı, Asvar Tufandağlı, yerli ziyalılar adından Yaqub Kərimov, Xanbikə Səlimova və başqaları çıxış edərək Əmir Pəhləvana suallar ünvanlayıblar və şeirlərini oxuyublar.

Görüşün sonunda Əmir Pəhləvan görüş iştirakçılarını maraqlandıran sualları cavablandırıb, yaradıcılıq planları barədə  danışıb və maraqlı görüş üçün Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin rəhbərliyinə təşəkkürünü bildirib. 

Təbii ki, bölgələrimizdə bu sayaq tədbirlər nə qədər çox olsa o qədər yaxşıdır.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.