Qarlı qış günündə payi-piyada Xocalıya köməyə getmək istəyən Astara məktəblisi Pəncəli Teymurov Featured

İllər sonra Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-mayor Hikmət Mirzəyev onu  Ordunun bel sütunu adlandıracaqdı

 

Aida Eyvazlının “Qalibiyyət: Şahidlər, şəhidlər” kitabından qəhrəman döyüşçümüz, şəhid Pəncəli Teymurov barədəki yazını diqqətinizə çatdırırıq. Dünən şəhidimizin atası Nurməhəmməd kişi torpağa tapşırıldı… O, hələ də 2016-cı ilin aprelində şəhid olmuş oğlu Pəncəlinin ölümünə inanmırdı…

Həmin ildə qış həmişəkindən sərt gəlmişdi. Müharibənin ağır havası, gətirdiyi dərd-bəla insanları əlacsız qoymuşdu. Bir tərəfdən də cəbhənin acı xəbərləri, rayonlarımızın bir-bir ermənilər tərəfindən işğal olunması insanların həyata, hökumətə inamını qırmışdı. Elə həmin ağır günlərin birində, səhər açılar-açılmaz, Respublikaya xəbər yayıldı ki, ermənilər gecə Xocalını işğal edərək, orada qalan yaşlı, qoca, cavan - hamını güllədən keçirib, evləri yandırıb, şəhəri viran qoyublar. Gecə qaçıb canını qurtaranlar qarlı dağlara, meşələrə üz tutublar...

Bir neçə gündən sonra da bəlli oldu ki, o şaxtalı-çovğunlu qış gecəsində dağlara, dərələrə səpələnmiş 613 Xocalı sakini şəhid olub, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi məlum deyil. Xocalıda bir nəfər də yerli sakin qalmayıb, qadınlara, qızlara, gəlinlərə isə ərlərinin, atalarının, qardaşlarının gözü qarşısında təcavüz edilib, onlara göz dağı çəkdiriblər. Bu xəbər hamını için-için yandırırdı, insanlarımızın isə əli heç yerə çatmırdı. Təzə qurmağa başladığımız Müstəqil dövlətimizin nə silahı var idi, nə ordusu, nə də gücü. Könüllülərdən ibarət batalyonlar bacardıqları qədər qeyrət göstərib vuruşurdular... Xocalı Qarabağ savaşının qaysaq tutmayan yaralarından biri idi və xalqımızın qan yaddaşına hopmuşdu. Bu müharibəni gələcək nəsillərə də aşılamaq vacib şərtlərdən sayılırdı. Düşmənin zəbt etdiyi torpaqlar, viran qoyduğu rayonlar, kəndlər-obalar haqqında məlumatları isə vətənpərvər müəllimlərimiz məktəblərdə şagirdlərinə çatdırırdılar. Astara rayonunun Əzərud kənd məktəbinin tarix müəllimi Şirməmməd Fərəcov uşaqlarda vətənpərvərlik ruhunu yüksəltmək üçün əlindən gələni əsirgəmirdi. 1992-ci ildə onun dərs dediyi onlarla məktəblidən biri qardaşı oğlu Pəncəli Teymurov idi. 5-ci sinifdə oxuyan Pəncəli Teymurov əmisindən Xocalı hadisələrini eşidib bərk sarsılmışdı. Həmin ərəfədəki təlatümlü günlərin birində öz tay-tuşlarını başına yığıb, onları qarşıdakı meşəliyə aparmışdı və uşaqlara demişdi ki, əgər buradan yol tapsalar, Xocalıdan qaçıb, dağlarda itkin düşənləri kəndə gətirəcəklər. Bir xeyli gedəndən sonra məktəblilər anlamışdılar ki, bu qarlı qış günündə Qarabağa getmək çətin olacaq və kor-peşman kəndə qayıtmışdılar.Yolda Pəncəli bir ağacın yanında dayanıb gövdəsinə bir tank, bir qartal və bir də ilan şəkli cızmışdı. Yanındakı uşaqlara and içib demişdi ki, böyüyəndə gedib vuruşacaq, tankla o, ermənilərdən qisasını alacaq, tankı ilə onların başını bu ilan kimi əzəcək, sonra isə qartal kimi o dağların başında uçacaq... Uşaqlardan biri ondan soruşmuşdu ki: “Sənin qanadın var ki, uçasan?” Pəncəli ona sərt cavab verərək demişdi: “Adə heyyyy, görərsən, mən böyüyəndə təyyarələrdə, paraşütlərdə uçacağam...”

Hələ uşaqlıqdan Pəncəlinin xasiyyətində liderlik qabiliyyəti var idi. Həm dərslərini yaxşı oxuyardı, həm də ağır-yüngül işlərin qulpundan tutub böyüklərə yardım edərdi. Gah qoyun otarmağa gedər, gah ot yığımında iştirak edər, mal-qaranın damını təmizləyirdi... Bir sözlə, evdəki bütün bacı-qardaşları kimi, o da heç bir işdən çəkinməzdi. Daha çox ana babası Xeybər kişinin yanında qalardı. Xeybər kişinin də bir mahal dolusu ad-sanı var idi. Həm də dünyanın lap qurtaracağında, uca dağ başında yerləşən Əzərud kəndinə də, ətrafdakı digər kəndlərə də işığı o çəkərdi. Xeybər kişi o həndəvərdə peşəkar elektrik kimi ad çıxarmışdı. Bu kəndə işıq xətti çəkildikdən sonra radio işləmişdi, yavaş-yavaş evlərdə televizor da peyda olmağa başlamışdı.

İnsanların yüzilliklər öncə yurd saldıqları bu dağlar başdan-ayağa gözəllik mücəssiməsi idi. Burada mərdlər məskən salmışdılar, mətinliyi, cəsarəti də görünür, uca dağlardan almışdılar. Kişilərinin xasiyyəti bu yerlərin qışı kimi sərt, qadınlarının qəlbi bu yerlərin yazı kimi əsrarəngiz idi. 1986-cı ildə, Pəncəli hələ 5 yaşında olanda, babası Xeybərin yanına düşüb kəndbəkənd gəzər, onun evlərə işıq çəkməsini müşahidə edər, hündür dirəklərdə quraşdırılan transformatora həsədlə baxardı. Bir dəfə isə babasının gözündən oğurlanıb ən uca dirəyə dırmanmışdı və əlindəki naqili transformatora uzatmışdı... Ayılanda, özünü kənd adamlarının əhatəsində görmüşdü. Bu hadisəni özü yaxşı xatırlamasa da, qardaşı Elbrus indiyə kimi xatırlayırdı:

- Elə o zaman Allah Pəncəlini bizə bağışladı. Transformatorun cərəyanı vurub onu yarğana atmışdı.Yer torpaq olduğundan, onu torpağa basdırdım, birtəhər ayıltdım. Çox nadinc və dəcəl uşaq idi... Bir dəfə də kənddə quduz it ona hücum edib, o da itin boğazından yapışıb, itlə əlbəyaxa olub və iti boğmağa başlayıb. İt də uşağın başını alıb ağzına, çeynəyib. Onda Pəncəlinin başına 17 tikiş qoydular. İt kürəyini də yaralamışdı... Belə uşaq idi, heç kimdən, heç kəsdən qorxmazdı.

...Astaraya, Əzərud kəndinə getmək üçün kəndin mərkəzinə gələndə sürücülər bizə dedilər ki, ora gedən yol bağlıdır, yeni yol çəkildiyi üçün kəndə çatmaq müşkül məsələdir. Mənimlə yola çıxan bələdçiyə dedim ki, oğul, bilirsən nə var, mən o şəhidlərimizin adını tutub hara gedirdimsə, yollarım açıq olurdu. O oğulların ruhu məni qorudu və istədiyim yerə aparıb çatdırdı. İndi də o ruhlar bizi aparacaq. Həmin dəqiqələrdə Pəncəlinin ruhu bilirdi ki, mən onun ocağına gedirəm. Yunus Əmrənin bir bəndini xatırladım:

 

Ərzurumun gədiyinə varanda,

Onda gördüm büləm-büləm qar gəlir.

Lələ dedi: - Gəl bu yoldan qayıdaq,

Kərəm dedi: - Namusuma ar gəlir.

 

Dağların gədiyinə qədər gəlib, aşağıda Pəncəlinin qardaşını gözlədik. Famil Teymurov Niva avtomobili ilə yetişib, bizi dağ üzü yuxarı apardı. Dedi ki, kəndin yolunu 1 saat bundan əvvəl açıblar.

Mən dağları görəndə, ürəyim də dağlar qədər böyüyür. Avqustun cırhacır isti günlərindən birində baş tutmuşdu bu görüş və yayda dağlar bütün gözəlliyini çılpaqlığı ilə göz önündə sərgiləyirdi. Dağ aşırımlarını aşdıqca təbiət özünün füsünkar mənzərəsi ilə könlümü valeh edirdi. Gah qayalıqlarda bitən cürbəcür ağaclar və kollar, sal daşların arasından axan büllur bulaqlar, dərələrdə çaya dönüb aram-aram axan sular... Mənə elə gəldi ki, bu gözəllikləri görən insanlar heç vaxt pis əməl sahibi ola bilməzlər. Adamlar bəzən yaşadıqları təbiətə oxşayırlar. Bu, birmənalıdır. İnsan təbiətlə harmoniyada yaşayanda, dünyanın maddi nemətlərinə deyil, təbiətin yaratdığı gözəlliklərə könül verdiyindən, gözü-könlü tox olur, təbiəti sevən Tanrısını sevir, Tanrısını sevənin isə vətəninə, elinə, torpağına məhəbbəti bitib-tükənmir...

Kəndin yolunun üstündə səliqə ilə hasara alınmış lövhədə Azərbaycan torpaqlarının müstəqilliyi uğrunda şəhid olmuş üç Əzərudlu gəncin şəkilləri vurulmuşdu. Şəkillərin başı üzərində üç rəngli Azərbaycan bayrağı dalğalanırdı. Onu yüksəklərdə görəndə həmişəki kimi ürəyim nanə yarpağı tək əsdi və titrədi... Bayrağı ucalarda görmək ən gözəl hissdir. Famil müəllim dedi ki, bu abidəni qardaşı şəhid olandan sonra kəndin şəhidlərinin də adına hörmət və ehtiram əlaməti olaraq, öz zəhməti ilə düzəltdirib. Onun söylədiklərindən:

- Çalışırıq ki, nəsə bir iş görək, qardaşımızın ruhu şad olsun. Pəncəli məndən böyük idi. Evin kiçik oğlu mən olmuşam. Atam çox təmkinli, sakit bir adam olub. Kənd məktəbində gözətçi işləyib, zəhməti ilə 7 uşaq böyüdüb. Bizim yaxşı günlərimiz Pəncəlinin əli çörəyə çatandan sonra başlayıb. Pəncəli Xüsusi Təyinatlı Qüvvələrin tərkibində çalışdığı gündən ailəmizə kömək əlini uzadıb. Birimizə ev tikdirib, digərinə toy çaldırıb, məni isə oxutdurub. Bu gün öz kəndimizdə millətimizin balalarına ingilis dilini öyrədirəm. Özü ali təhsil ala bilmədi, ancaq məni oxutdurmağa gücü çatdı. O, uşaqlıqdan cəld və qoçaq idi. Yadımdadır, biz uşaq olanda, kənddə bir nəfərin evində video-maqnitofon var idi, tez-tez o qonşunun evinə gedir, Brüs Linin filmlərinə baxırdıq. Pəncəli bizdən fərqlənirdi, onun üçün Brüs Linin hər bir hərəkəti maraqlı idi. Kinodan öyrəndiyi fəndləri sonra yaşıdları ilə, özündən böyüklərlə təşkil etdiyi idman yarışlarında tətbiq edirdi. Brüs Linin bütün fəndlərini əzbər öyrənmişdi. Pişik kimi cəld idi. Onun üçün bu dağlarda-dərələrdə keçilməz sədd yox idi.

Famil Teymurovdan bu dolanbac dağ yollarını yay-qış, payız fəsillərində necə gedib-gəldiklərini soruşdum. Cavabı belə oldu:

- Kəndimizin hazırda 2000-ə yaxın əhalisi var. Məktəbimizdə 160-dan artıq şagirdə 22 müəllim dərs deyir. İnsanın düşdüyü mühit, doğulduğu yer onun yaşam tərzini formalaşdırır. Bizim kəndin insanları heç vaxt bu yerlərdən şikayətçi olmayıblar. Kəndimizdən dağın ətəyinə ayaqla adi günlərdə bir saata düşmək olur, 1 saat yarıma isə dağa çıxmaq olur. Lap qədimlərdə at-eşşəklə çıxıblar bu yolları. Şükür Allaha ki, evin odununu-istisini, ruzisini elə bu ətrafımızda olan dağlar verib camaata. Uzağa getməmişik. Sonra da bu yolları “TT 75” traktoru ilə gedib-gəliblər. Elə vaxt olub ki, qarlı-yağışlı havalarda traktor da batıb qalırdı. Ancaq insanlarımız bu yerlərin təbiətinə o qədər bələddirlər ki, heç vaxt yolda qalmayıblar. Hər vaxt mənzillərinə salamat gəlib yetişiblər. Qardaşım Pəncəli 10-cu sinfi bitirəndən sonra ilk dəfə hərbi komissarlığa qeydiyyata düşmək üçün bu yolu sevincindən ayaqla getmişdi. Pəncəli 4 il ana babamın yanında qalmışdı. Babam Xeybər kişi ona tapşırmışdı ki, döyülsən, evə gəlmə. Babamın dedikləri onun qulağında vəsiyyət kimi səslənmişdi. O, çətinlikdən qorxmazdı, gücünü bu dağlardan, təbiətdən almışdı, mərdliyi, kişiliyi isə babamdan öyrənmişdi. Onun vətən sevgisi vətənin çölləri, dağları, dərələri, təpələri qədər ucsuz-bucaqsız idi... Şəhidliyindən sonra yoldaşları danışırdılar ki, hərbi hissədə xüsusi tapşırıqlar olanda, tapşırığa onu göndərməyəndə, uşaq kimi küsüb, inciyər, hirslənərmiş. Nə tapşırıq olurdusa, hamıdan əvvəl “mən”, deyib qabağa çıxarmış... Təsəvvür edin ki, 35 yaşında onun hərbi xidmətdə qulluq səlahiyyətləri başa çatacaqdı. Bizimlə oturub söhbət edəndə, deyirdi ki, “Görəsən, mənim qulluq vaxtım bitəndən sonra neyləyəcəyəm? Mən Ordusuz yaşaya bilmərəm”. Onun yas məclisində iştirak edən Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-mayor Hikmət Mirzəyev deyirdi ki, XTQ-nin giziri olan Pəncəli Teymurov Ordunun bel sütunu idi. Onun şücaətlərindən danışırdı. Sonradan bildik ki, qardaşım əks kəşfiyyat əməliyyatlarında necə uğurla iştirak edib, düşmənə qəti və sarsıdıcı zərbələr endirib... İnanıram ki, onun iştirak etdiyi əməliyyatlar haqqında dosye nə vaxtsa açılacaq, Pəncəli Teymurov tarix kitablarında, sənədli filmlərdə xatırlanacaq... Dostları onun həmin aprel döyüşlərində Goranboydan üzü Talış yüksəkliyinə qədər, Ağdərədə necə ürəklə, həvəslə, qəhrəmanlıqla vuruşduğunu və döyüşdüyünü dedilər. Deyirlər ki, həmin gecələrdə Pəncəlinin döyüş ruhu bir ordunun gücünə bərabər idi. Qarşısına çıxan düşmənləri məhv etdikcə, qanı coşub-daşırdı...

Famil müəllim dövrümüzün qəhrəmanı Pəncəli haqqında danışanda, Əmir Teymurun düşmənlə döyüşdən sonra Ordu qarşısında etdiyi bir çıxışını xatırladım. Həmin çıxış “Tüzüklər” kitabında yazılıb: “Düşmənin başını bir zərbə ilə, qılıncla bədənindən üzdüm, onun yerdə qalmış cansız bədənindən qan yaşıl otlar üzərinə axdıqca, mən sanki yenidən güc alırdım. Düşmənin qanını axıtmaq, ona dərs vermək əsl qəhrəmanlıqdır”.

Əzərud kəndinin adı Peştəsər dağ silsiləsinin ətəyindən axan çayın adı ilə bağlıdır. Su aydınlıqdır. Bu kəndin insanları yüzilliklər boyu ocaqlarını sönməyə qoymayıblar. Zaman ötdükcə, nəsillər bir-birini əvəzləyib, soy-kökə bağlı milli dəyərlər bu dağların arasında qorunub, saxlanılıb... Kənddə çalınan toylardan biri 1976-cı ildə çalınıb, Teymurovlar ailəsinin bünövrəsi o zaman qoyulub və bu dağlarda bitən dəmirağacı kimi möhkəm olub. Tanrı da 9 nəfər külfətin ruzisini pis-yaxşı verib. Ötən günlərdən ailənin başçısı Nurməhəmməd kişi danışdı:

- Mən orta məktəbdə oxuyanda Pəncəli adında bir sinif yoldaşım var idi, dost idik, çox cəsur oğlan idi. Məktəbi bitirəndən sonra o, hərbçi oldu.1981-ci ilin martın 24-də oğlum doğulanda, dostumun şərəfinə ona Pəncəli adını qoydum. Pəncəli də dostum kimi, mərd bir oğul oldu, hər zaman üzümü ağ etdi. Əsgərliyə gedəndən 10 ay sonra məktub yazdı ki, ata, izn ver, mən Təlim Tədris Məktəbinə gedib, hərbçi olum. Çarəm nə idi, onun arzusuna qarşı çıxa bilməzdim. Kənddə qalıb neyləyəcəkdi ki... O gündən başlayaraq, hər zaman Pəncəli haqqında xidmət etdiyi hərbi hissələrdən minnətdarlıq və təşəkkür məktubları aldım. Oğlum düz 17 il vətənin keşiyini çəkdi, xalqına, vətəninə, millətinə, torpağına xidmət etdi. Lakin biz bir dəfə də olsun, onun nə işlə məşğul olduğunu bilmədik. Sonradan məlum oldu ki, ermənilərdən qisasımizı layiqincə alıbmış. Onun etdiyi igidlikləri eşidəndə içim qürur hissi ilə dolur... Onun ölümü haqqındakı xəbərə hələ də inanmıram. Elə bilirəm ki, sağdır, nə vaxtsa qayıdacaq. Gözüm onun getdiyi yoldadır... Gəldiyi-getdiyi yollar şəkil kimi qalıb gözlərimdə. Haradan baxıramsa, onu görürəm. Barı özündən sonra bir yadigarı qalsaydı...

Uca dağlar döşündəki həyətə, qocaman çinarın ətrafına yığışan qohum-əqrəba Pəncəli haqqında xatirələri vərəqlədikcə anası Vahimə bibi alışıb yanır, göyüm-göyüm göynəyirdi. İstədim soruşam ki, bibi, Pəncəlinin həlak olması xəbərini eşidəndə nə hisslər keçirdin? Bir an keçməmiş fikirləşdiyim sualdan utandım. Adam da oğlu ölən anaya belə sual verərmi? Araya çökmüş müvəqqəti sükutu Vahimə bibi özü pozdu:

- Pəncəli beşikdə olanda gəlib bu dağın ortasındakı həyətdə yurd saldıq, ocaq qaladıq. O zaman üç övladım var idi. Çox ağır günlərlə onları böyütdük. Zülmlər çəkdik. Kişi fəhlə işlədi, özüm də sovxozda fəhləlik etdim. Səhər 8-də çıxırdıq, axşam saat 8-də gələrdik. Böyük qızımın 8 yaşı olardı. Sonra o biri uşaqlar da gəldi dünyaya. Böyüdükcə, hərəsi bir işin qulpundan yapışdı. Kimi təndir qalayır, bulaqdan su gətirir, kimi çayda paltar yuyur, kimisi də toyuq-cücəni, mal-qaranı rahatlayırdı. Cəsurluqda və zirəklikdə isə Pəncəli o biri uşaqlardan çox seçilirdi. Sonra hərbçi oldu. İş elə gətirdi ki, aylarla üzünü görmədim, səsini eşitmədim. Bir də görürdün dizə qədər yağan qara bata-bata gəlib. Elə keçib təzə otururdu ki, hərbi hissədəki komandanlığından zəng gəlirdi, heç gözlərinin çimirini almamış, yenə də geri qayıdardı. Adına bişirdiyim yemək, adına açdığım süfrə toxunulmamış qalardı. Yanıb-tökülərdim. O bu kəndə gələndə bütün kənd camaatı tamaşasına, söz-söhbətini eşitməyə yığışardı. Hərəni bir şirin dil ilə dindirib, könlünü alardı. Onun gəlişi bu həyəti toy-bayrama bürüyərdi. Bir dəfə də evə gələndə, oturub elə bu ağacın altında söhbət etmişdik. Deyirdi ki, ana, elə ailələr var ki, uşaqları  həlak olur, tabutu evlərinə aparanda, valideynləri zabitlərə, əsgərlərə hücum edirlər, bu çox pis işdir.Yazıq əsgər neyləsin ki? Mən də deyirdim ki, ay oğul, sən bu sözləri mənə niyə deyirsən ki? O da cavab verirdi ki, ay ana, belə hadisələr başımıza gəldiyi üçün deyirəm ki, biləsən, bu cür ağır günlərdə o tabutu gətirən əsgər ikiqat əzab çəkir. Yaxın dostunu, xidmət yoldaşını itirmək ağır məsələdir... İndi ölümündən sonra onun hər sözünü xatırlayıram... Fikirləşirəm ki, Pəncəli mənə öz söhbətləri ilə kitablar qoyub gedib, hər xatirəsi bir kitablıq vəsiyyət və nəsihətdir...

Söhbətə Pəncəlinin böyük qardaşı Elbrus Teymurov da qoşuldu:

- Bir dəfə kiçik qardaşımız Əfrailə kimin ona borclu olduğunu, özünün kimə borclu qaldığını sadalamışdı. Əfrail də bunu nə üçün dediyini soruşanda, cavab vermişdi ki, qardaş, bilməyin yaxşıdır. Sonra da əlavə etmişdi ki, biz bu canı vətənə qurban demişik, bir gün gedib dönməyə də bilərik... Qardaşım axırıncı dəfə mart ayının 24-də bizimlə danışdı. Əslində onu gec-gec görməyə, günlərlə telefonunun susmasına alışmışdıq. Tərtər istiqamətində döyüş dostları – Murad Mirzəyev, Samid İmanov, Mühüd Orucovla birgə Talış yüksəkliyinin, Seysulanın alınmasında iştirak etmişdilər. Əməliyyatları da çox uğurla aparmışdılar. Onlar getdikləri yerdən hər zaman “əlidolu” qayıdırdılar, düşmənin qarışıq yuxularına, qorxulu gecələrinə çevrilmişdilər. Onlar ölmək üçün deyil, vətən torpağını geriyə qaytarmaq üçün 24 ildən artıq gözlədikləri döyüşə atılmışdılar və mərdi-mərdanə şanlı bir tarixi yazmışdılar. Bir qoşun əsgər gəlsəydi, o igidlərlə bacara bilməzdi. Onlar gecənin bağrını yaran əməliyyatçılar idilər. Qardaşım aprelin 3-də həlak olubmuş, bizim isə heç nədən xəbərimiz yox imiş. Çünki biz heç vaxt təsəvvürümüzə gətirə bilməzdik ki, pəhləvan və şir cüssəli, xüsusi təyinatlıların əfsanə giziri olan qardaşım, nə vaxtsa erməni gülləsindən həlak olar... Əslində qardaşım şəhidliyi özü arzulamışdı. İndi sosial şəbəkələrdə, saytlarda Pəncəlinin öz toy günündə dediyi sözləri paylaşırlar və bütün dünya onu dinləyir. Orada qardaşım deyir ki: “Dostlar, həqiqətən, bəzi şeylər var ki, bizim əlimizdə deyil. Amma mən sidqi-ürəklə deyirəm, hər zaman, hər an xalqım üçün, torpağım üçün, vətənim üçün canımdan, qanımdan keçməyə hazıram. Həmişə özümə arzu etmişəm ki, vətənim üçün şəhid olum, tabutum Azərbaycan Respublikasının üçrəngli, ay-ulduzlu bayrağına bükülüb dəfn olunmağa aparılsın...” Bəzən Tanrı insanların arzularını bir göz qırpımında yerinə yetirir. Pəncəli Teymurovu da Tanrı öz dərgahına, bəlkə, ona görə tez apardı.

Pəncəlinin anası Vahimə bibi söhbətə müdaxilə etdi:

- Həmin aprel günlərində bir də baxdım ki, televizorda şəhidlərimizin olması haqqında xəbərlər gedir. Artıq oğlumla xidmət edən zabit və gizirlərin adlarını çəkirdilər. Deyirdilər ki, şəhid olublar. Onlara bu həyətdə o qədər qulluq eləmişdim ki... Özümə zülm etdim. Əllərim göydə, dizlərim yerdə qaldı. O soyuq günlərdə nə evdə duruş gətirə bildim, nə çöldə. Hava da birdən-birə dəyişdi, qar yağmağa başladı. Dedim, görəsən bir dəfə Pəncəlinin səsini eşidə bilərəmmi... Aprelin 3-nə kimi zəng çaldıq, cavab vermədi. Ancaq özümü sakitləşdirirdim ki, Pəncəliyə heç bir şey olmaz. Yoxluğunu qətiyyən ağlıma gətirmirdim. Elə hey, gözüm yolda, qulağım səsdə idi. Aprelin 10-u axşam saat 5 olardı. Ürəyim köksümdə çırpınırdı. Bu evin qapılarını açıb çölə çıxmaq istədim. Bu zaman bir quş içəri keçdi. Gəlinə dedim ki, ay qız, pəncərəni aç, o quşu burax havaya, burda ürəyi partlayar. Famillə atası da evdə oturmuşdular. Qapı-pəncərəni taybatay açdıq, quş evdən çıxmadı. Başladı başımın üstündə qanad çalmağa. Bir də gördüm ki, Famil qışqırır: “Ay ana, evimiz yıxılıb, ay ana tifaqımız dağılıb... Pəncəli ölüb...” Haraydan ürpəndim, başımı götürüb həyətə çıxanda gördüm ki, həyət adamla doludur. Bir nəfər dedi ki, icra nümayəndəliyindən deyirlər ki, qardaşı və atası gəlib yolda tabuta baxsınlar, sonra həyətə aparaq. Özümü ələ alıb təmkinimi pozmadım, dedim ki, oğlumun tabutunu gətirin, açın, özüm də baxım... Pəncəli ölümündən əvvəl mənə nəsihətini etmişdi. Onun sözləri qulaqlarımda cingildədi. Sakitcə balamın buz kimi üzünə baxdım. Dedim, aparın, dəfn edin. Dərd mənim dərdimdir, onu oğlumun adına layiq çəkməliyəm. Kaş ki, ölməyəydilər... O zabitlər, o gizirlər bu dövlətin gərəyi, sütunu idilər. Oğlum 17 yaşından vətəni qorumağa başladı, bizi yox, vətəni seçdi. Vətəni qorudu. Bir çox xarici ölkələrdə təlimlər keçdi. Türkiyənin Özəl Küvvetler Komutanlığının “Yurdda sülh, cahanda sülh” adlı medalına layiq görüldü. Xüsusi əməliyyatları uğurla başa vurduğundan 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olundu. Ölümündən sonra isə yenə ölkə rəhbərinin təqdimatı ilə “Vətən uğrunda” medalı ilə qiymətləndirildi. Mən dövlətimizdən oğlumun xatirəsinin yaşaması üçün adının əbədiləşdirilməsini istəyirəm. Çünki bu tarix bizim silinməyən şərəf tariximizdir.

Pəncəlinin döyüşlərdə göstərdiyi şücaət 1941-1945-ci illərdə şücaət göstərən qəhrəmanlarla – Həzi Aslanovla, Ziya Bünyadovla bərabər tutulur. Onu da bildim ki, Nurməmməd kişinin atası Hənəfə kişi də elə Həzi Aslanovun komandirlik etdiyi 416-cı Taqanroq dviziyasında atıcı olub. Əzərud kəndində Pəncəli Teymurov ocağında söhbət zamanı 2 dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov barədə maraqlı tarixi bir faktı xatırladılar:

- Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı Russkaya Duqa deyilən ərazidə apardığı Oryol - Kursk döyüşünə görə, o döyüşdə göstərdiyi şücaətə görə 47 ildən sonra verildi. Haqq-ədalət öz yerini tapdı. Biz nisbətən gənc idik. O zaman Musa Bağırov adlı bir azərbaycanlı jurnalist Həzi Aslanovun xidmətlərini araşdırırdı. Həzi Aslanova aid olan sənədləri də Moskvanın arxivlərindən tapıb üzə çıxartmışdı. Və həmin sənədləri SSRİ Müdafiə Nazirliyinin baş inspektoru, marşal İvan Baqramyana təqdim etmişdi. Lakin neçə il gözləsə də, bu təqdimat baş tutmamışdı. Sonra isə SSRİ Silahlı Qüvvələri Qərargahının baş katibi, marşal Sergey Fyodroviç Axromeyevə həmin sənədləri çatdırmışdı. Yəhudi kökənli Axromeyev Mərkəzi Komitədə oturan ermənilərdən fərqli olaraq, həm Həzi Aslanova, həm də ki, Azərbaycana xüsusi məhəbbəti olan bir şəxsiyyət idi. O, Musa Bağırovun məktub və təqdimatlarını diqqətdə saxlayıb, Mixail Qorbaçovun köməkçisi erməni Anostas Mikoyanın başı üstündən SSRİ-nin prezident Mixail Qorbaçova təqdim edə bilmişdi. Aradan ötən uzun illər ərzində Mərkəzi Komitədə kök salan ermənilər azərbaycanlılara aid sənədləri hər zaman məhv etməyə çalışmışdılar. Yalnız bu təqdimatdan sonra Mixail Qorbaçov 1991-ci il iyunun 21-də Həzi Aslanovun İkinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi barədə qərarı təsdiqləmişdi. Bu qərar o vaxtkı “Zaman” proqramında səslənəndən sonra erməni düşmənlərimiz Şahnazarov, Aqanbekyan bizim ünvanımıza böhtanlı və qərəzli yazılar yazdılar, lakin biz hədəfimizə nail olmuşduq. Arxivlər açılandan sonra o da məlum oldu ki, Həzi Aslanovun döyüşdə həlak olması planını da elə ermənilər özləri təşkil etmişdilər... 

Pəncəlinin orta məktəb müəllimi Şirməmməd Fərəcov əlavə etdi:

-Bu kəndin hər qarışı, hər ocağı qəhrəmanlar yetişdirir. Kəndimizin tarixi eramızdan əvvəl II minilliyə gedib çıxır. Tarixi öyrənmək üçün həmin yerin maddi mədəniyyət nümunələrinə baxmaq yetərlidir. Bizim ən qədim tarixi abidələrimiz qəbirlərdir. Eyni zamanda, eramızdan əvvəl IV-II minilliyə, tunc dövrünə aid bəzək və məişət əşyaları da aşkarlanıb və bütün bunlar bu dağların sirlə dolu olduğunu sübuta yetirir. Kəndimizin ərazisində yaşayış mərhələləri iki-üç dəfə dəyişilib. Müharibələr olub, bu torpağı gah səlcuqlar istila ediblər, gah da ərəblər burada hökmran olublar. Ərdəbildən, Gilandan keçənlərin də izlərini sezmək mümkündür. Biz Az və ya Əz tayfalarından qalanlarıq. O tayfalar da buraya Qaradağdan - talışca “Siya Kuh” deyilən yerlərdən gəlmişlər. Əslində burada məskən salan son tayfalar qaradağlılar olublar. Onların ata-babaları talışlardır. Burada türklərlə talışlar bir yaşayıb, eyni icma sahibi olublar. Aralarında heç bir problem yaşanmayıb və tarixin heç bir səhifəsində heç bir iğtişaş qeydə alınmayıb. Geopolitik sistemlər, siyasətlər nə qədər dəyişsə də türk və talış tayfalarının mehribanlığına, birliyinə xələl gətirə bilməyib, talışla türkü ayrı salmaq mümkün olmayıb. O zamandan bu zamana qaynayıb-qarışıblar. Bizi nə tarix, nə də təbiət dəyişmədi. Pəncəli də kəndimizin, elimizin, obamızın mərdlik xüsusiyyətlərini özündə cəmləşdirmişdi. O, mənim şagirdim idi. Yaxşı oxuyurdu dərslərini. Əslində, bu gün bizim məktəbdə oxuyan bütün uşaqlar Pəncəli kimi vətənpərvər, yurdsevərdirlər. Bizim müəllimlərimiz onları bu cür yetişdiriblər. Artıq Pəncəli öz məsləyini seçmişdi. Bir dəfə yenə bu həyətdə oturmuşduq. Azərbaycan Prezidentinin “İgidliyə görə medalı” ilə təltif olunmuşdu. Soruşdum ki, oğul, o medalı sənə niyə verdilər. Söhbəti yayındırdı. Sonra əlimi apardım başına, saçlarının arasında gəzdirib, uşaqlıqda it gəmirən yerlərin qalıb-qalmadığı ilə maraqlandım. Dedi ki, saçımı dibdən qırxdıranda, görünür yerləri... Həmin günü astaralı digər Sovet İttifaqı Qəhrəmanı Mirzə Cəbiyevi xatırlayıb dedi ki, “Əmi, Mirzə Cəbiyev 19 yaşında qəhrəman oldu. O, Şərqi Prussiyanın Ginzberq şəhərində Qələbə bayrağını yüksəltdi. Gün o gün olsun ki, mən də bayrağımızı Şuşaya asanlardan olum”.

Pəncəlinin qardaşı Famil dedi ki, dünənə qədər məktəblərimizdə Həzi Aslanov, Ziya Bünyadov, Mirzə Cəbiyevlə bağlı dərslər keçirilirdisə, bu gün eyni məhəbbətlə Pəncəli Teymurov, Raquf Orucov, İnqilab Quliyev, Vüqar Yusifov haqqındakı dərslərə xüsusi diqqət yetirilir. Axı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev də öz çıxışlarında daim deyir ki, Aprel döyüşləri Azərbaycanın qəhrəmanlıq salnaməsidir. Bu döyüşləri və o döyüşü aparanları unutmaq olmaz! Aprel döyüşləri haqqında hələ çox kitablar yazılacaq, o döyüşün ruhundan hələ çox danışılacaq.

Kəşfiyyatın əfsanə giziri sayılan, ömrünün 17 ilini Xüsusi Təyinatlı Qüvvələrdə ən ağır əməliyyatlarda keçirən, qəhrəmanımız, Aprel döyüşlərinin unudulmayan şəhidi Pəncəli Teymurovun xatirəsi bu xalqın yaddaşında əbədi yaşasın deyə, onun qardaşı Elburus Teymurov doğulduqları ata ocağında, öz qazancı və halal zəhməti ilə “Pəncəli Teymurov Muzeyi” yaradıb. Muzeyin binasının tikintisi 1 il yarıma başa gəldi. 2018-ci ildə aprel ayında açılışı oldu. Muzeydə Pəncəlinin və aprel döyüşlərinin qəhrəmanlarının həyatından bəhs edən sənədlər, Pəncəli Teymurovun özünə aid olan əşyaları, paltarları saxlanılır. Bundan sonra bu muzey insanlarda qəhrəmanlar dərsinin ünvanı olacaq. Məktəblilər burada qəhrəmanın həyat yolunu öyrənməklə bərabər, həm də əyani tarix dərsləri keçəcəklər.

 

***

Pəncəli Teymurovun döyüş yoldaşlarının xatirələrindən:

“Həmin gecə... Aprelin 1-dən 2-nə keçəndə, düşmənin təxribatının qarşısını almaq üçün döyüşə yollanan hərbçilərimiz sanki ov ovlamağa, quş quşlamağa çıxmışdılar. Onların oturduğu döyüş maşınının içərisində ancaq gülüş və zarafat səsləri eşidilirdi. Pəncəli də maşının yük hissəsinin baş tərəfinə keçib oturmuşdu. Kefi kök idi. Əslində, döyüşə gedib-gəlmək, ağır əməliyyatlarda iştirak etmək xüsusi təyinatlılar üçün adi həyat tərzidir”...

“Döyüşün əvvəlində Azər Məmmədov ağır yaralanmışdı. Azərin yaralandığını görən digər xüsusi təyinatlı zabit Həsrət Almasov onu kürəyinə alıb, əsgərləri ilə bərabər döyüş bölgəsindən çıxarmışdı. Seysulan düşməndən təmizlənmişdi. İndi növbə xüsusi təyinatlıların idi. Bir neçə qrupa bölünmüş xüsusi təyinatlılar bu dağların-daşların yollarını əzbər bilirdilər. Burada hər kolu-kosu tanıyırdılar, meşəyə, dağa-dərəyə dəfələrlə kəşfiyyata gedib, verilən tapşırıqları uğurla yerinə yetirmişdilər. Nəhayət, verilən tapşırığa əsasən ordumuzun xüsusi təyinatlıları Murad Mirzəyevin, Mühüd Orucovun və Samid İmanovun rəhbərliyi ilə Seysulanda çox uğurlu bir əməliyyatı həyata keçirmişdilər. 6 nəfərlik ilk qrup səhər saat 5-6 radələrində Talış kəndinə girəndə, kənddə ancaq başlı-başına gəzən mal-qara gözə dəymişdi. Pəncəli isə bir neçə saat əvvəl cəbhənin Gülüstan qalası tərəfindən istehkamı açmalı idi. O, ermənilərin nəzarətindəki məntəqəyə uzanan ensiz dağ yoluna tək-tənha çıxmışdı, UAZ-ı saxlayaraq, maşında olan ermənini göz qırpımında məhv etmişdi. Həmin vaxt bir neçə il əvvəl Kəlbəcər istiqamətində etdiyi oxşar bir əməliyyatı da xatırlamışdı. Düşmənin mövqelərinə girərək, təkbaşına 45 nəfəri məhv etmişdi. Bir dəfə isə 4 nəfər erməni hərbçisini minaya salmışdı. Xocalı soyqırımını törədən erməni zabitini səhər tezdən, hava işıqlaşanda izləmişdi. General-mayor rütbəsini almağa yollanan erməni polkovnikini qanına qəltan etmişdi, geri dönərkən əlində çox dəyərli sübut gətirmişdi. Uşaq vaxtı onu rahat buraxmayan Xocalı qurbanlarının qisasını almışdı. Bir dəfə isə sürücüsünü və içərisindəki hərbi heyəti məhv etdiyi düşmən maşınını gətirib öz mövqelərimizə çıxartmışdı. Hətta dostlarına demişdi ki, bu UAZ-ın hissələrini söküb yadigar saxlamaq üçün kəndə aparacaq... 2014-cü ildə isə iştirak etdiyi əməliyyatda 18 nəfər düşməni bir andaca partladaraq məhv etmişdi. Pəncəli Teymurov göstərdiyi igidliyi dilə gətirməz, bəzən onları dostlarının adına yazardı”...

“Son yaz ayında, həmin aprel günlərində əməliyyata çıxmaq Pəncəli üçün yerdən göbələk, çiyələk yığmaq kimi asan bir məşğuliyyət idi. Nahaq yerə ona “Xüsusi Təyinatlıların əfsanəsi” adını verməmişdilər. Həmin aprel səhərində bir dəfə Talış kəndinə girib, daha sonra Seysulan tərəfə keçərək, üzərinə düşən tapşırığı yerinə yetirmişdi. Alınan mövqedə postları möhkəmləndirmək üçün Murad Mirzəyev, Samit İmanov da onun açdığı istehkamla hərəkət edirdilər. Hətta 40 dəqiqəyə 11 kilometrlik kəsmə yolu da qət etmişdilər. Azərbaycan Ordusunun cavab atəşlərindən çaşan, hər zaman “Ohanyan xətti” deyib qoruduqları mövqelərdən qaçan ermənilər pərən-pərən düşmüşdülər. Əsgərlərimizin yenicə aldığı səngərlərdə və mövqelərdə hərbçilərimiz bərkitmə işləri aparırdılar. Arxadan həm də kömək gözləyirdilər... Bir qədər vaxt keçəndən sonra qarşı tərəfdən yenə də artilleriya hücumları şiddətlənməyə başladı... Pəncəlinin və onun yanında olan zabitlərin dayandıqları səngərə düşən mərmidən Pəncəlinin əlindəki avtomat və başındakı qoruyucu şlem yerə düşdü. Top mərmisinin zərbəsi Pəncəlini götürüb səngərin o biri üzünə atdı. 17 ildə heç zaman gizir Pəncəli Teymurov belə zərbə görməmişdi. Ancaq özünü itirmədi, yıxıldığı yerdən ayağa durub, silahını götürərək səngərdən qabağa tullandı... Arxadan Murad Mirzəyev və Samid İmanov onu nə qədər çağırsalar da Pəncəli onlara hay vermədi, çünki eşitmirdi... Pəncəli kontuziya almışdı. O, özündən asılı olmayaraq, döyüş vərdişlərinə əsasən yenidən hücuma keçmişdi. Hücuma keçdiyi ərazidə, qarşıda mənfur düşmən idi. Düşmənin ikinci dəfə atdığı ağır texnika atəşindən Pəncəli yaralanaraq, yerə yıxıldı... Üzbəüz döyüşə qalsaydı, Pəncəli erməniyə can verməzdi... Belə olmamalıydı... Pəncəli hələ Şuşaya bayraq sancmaq istəyirdi axı..”.

“Pəncəlinin ruhu bədənini tərk etdi və Tanrıya qovuşdu. Tanrı dərgahında Yerə baxaraq gülümsəyirdi Pəncəli... Çünki o yüksəklikdən ruhu bütün olanları görürdü... Bir az bundan əvvəl, döyüş yoldaşları ilə birlikdə kömək gözləyirdi... İndi isə Tanrı dərgahında dayanıb, haqq-divanını gözləyirdi... O, Tanrı dərgahına sorğusuz-sualsız gəlmişdi. Çünki Vətən uğrunda həlak olmuş, vətəni qorumuşdu, Vətəni canından da, anasından da əziz bilmişdi. Tanrı vətən və torpaq uğrunda şəhid olanları, dərgahına sorğusuz-sualsız aparır. Sorğu-sualı olanları isə haqq divanına çəkir... O haqq divanında Vüqar Yusifovun, Mühüt Orucovun, Elmidar Səfərovun, Pəncəli Teymurovun... - 2016-cı ilin aprel müharibəsində şəhadətə yüksələn Qalibiyyət şəhidlərinin günahkarlara verilən o qədər sualları var ki...”

 

P.S. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.