Emin Piri - Piriyev Emin Sabir oğlu 1986-cı ildə anadan olub. Sumqayıt şəhərində "Şərq" liseyində oxuyub. 2008-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Həmin il Ehtiyat Zabit Hazırlığı Kursunu müvəffəqiyyətlə bitirərək leytenant rütbəsi alıb. 2008-10-cu illərdə Ağdamda - cəbhə bölgəsində tağım komandiri kimi xidmət edib.
2013-cü ildə Azərbaycan Yazıçılar Birliyi və Mədəniyyət Nazirliyinin birgə layihəsi olan "Gənc Ədiblər Məktəbinin" məsul katibi olub. 2013-cü ildə Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə qəbul edilib. Həmin il Prezident təqaüdünə layiq görülüb.
2014-cü ildə Gənclər və İdman Nazirliyi tərəfindən "İlin gənci" mükafatını alıb.
"Nəsimi", "Ən yaxşı şeir", "Ülvi Bünyadzadə" və. s mükafatlara layiq görülüb.
2014-cü ildə və 2016-cı ildə Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən "İlin gənc yazarı" seçilib.
2015-ci ildə "Tanrının kölgəsi", 2017-ci ildə "Sağ qalan varmı?!" şeirlər kitabı dərc olunub. Şeir, məqalə və hekayələri İran, Türkiyə, Özbəkistan, Qazaxıstan kimi ölkələrdə müntəzəm çap olunur. "Ədalət" qəzetinin əməkdaşıdır.
2020-ci ilin Vətən Müharibəsi zamanı könüllü cəbhəyə yollanıb. Müharibə dövründə tağım komandiri olub. Füzuli, Cəbrayıl, Xocavənd, Xocalı və Şuşanın azad olunması uğrunda döyüşüb. "Vətən Müharibəsi iştirakçısı", Hərbi xidmətdə fərqlənməyə görə", "Xocavəndin azad edilməsinə görə" medallarıyla təltif olunub.
Emin Piri 2022-ci ildə SilkWay Beynəlxalq Ədəbiyyat Festivalının Azərbaycan turunun finalçısı olub.
Emin gözəl şairimiz Sabir Yusifoğlunun oğludur.
Sən azadsan!
(Savaş qazisinin dilindən)
Saçımda anamın xınası,
yolların ayaqlarımçün duası,
gözlərimdə hələ bizim olmayan uzaqlıq
deyir:
Sən azadsan!
Sən azadsan!
Ayaqlarım cığırlara yalvarır;
QARABAĞ,
biz sənin övladınıq,
ilk dəfə gördüyün övladlar.
Uzaq tut ayaqlarımızdan
bətnində gizlətdiyin minaları.
Füzuli, Cəbrayıl, Hadrut cəbhəsi...
Burda ulduzlarla deyil,
hər minamyot mərmisiylə sayırıq
yarım qalan ümidləri,
anaların göz yaşını,
bir döyüşçü sevgilisinin
bətnində ölən arzusunu.
Günlərdir danışmırıq.
bilirəm, narahatsan, ana.
bəlkə gecələri ağlayıb,
şəklimlə ovunursan, ana,
səni Füzulidən eşidirəm, ana,
səni Cəbrayıldan görürəm, ana,
sənə Şuşadan əl yelləyirəm, ana.
Formamda şəhid qardaşlarımın qanı,
gözlərimdə 44 gecənin yuxusuzluğu,
bir az həyəcan, bir az da
sevinc tərinə qarışan geyimim.
Qarabağ torpağıyla, palçığıyla
büsbütün vətənləşən bədənimiz
və
bizi gözləyən Azərbaycan
meydanlarda, ürəklərdə, gözləriylə hayqırır;
Sən azadsan!
Sən azadsan!
(Xocalı, Siqnax. Noyabr 2020)
Tanrılar məbədi qadın
(səngərdən məktub)
Öpüşümlə dərərəm barmaqlarını bir-bir,
çobanyastığı ləçəkləri kimi sayaram
sevir, sevir
və...
Sevir.
Unutmaq
yeri yaddan çıxan basdırdığın
mina kimidir.
bir gün üzər ayaqlarını həyatdan
gözləmədiyin anda.
Küsər,
Baxışları-
şimal buzlu okeanın sahilə vurduğu
sərt, dondurucu ləpələr kimi.
Yeddi yox,
bütün notların sayı cəmi birdi.
təbəssümündən qopmadı hər bəstə.
Gözlərin
dənizlərin şahı,
görsə
Poseydon utanardı məqamından.
Ürəyim yerindən çıxıb
düşər ovuclarına.
Sən Tanrı Kukulkan
mənsə yağış duası.
Qəlbim əllərində döyünər
rahib taxçasındakı ürək kimi.
Indi anlayırsan ki,
yollar qovuşmaq yox, ayırmaqçündü.
Bütün yolları dağıtmaq lazım,
körpüləri uçurtmaq...
Xatırladınmı,
Ata-anası savaşarkən
oyuncağının gözlərini tutan
qızcığaz
bu gün “xilaskar” kimi
“Can qurtarırdı” abort masasında.
Burda anlayırsan ki,
Sevmək - solunda qəlbin döyüntüsü yox,
hər sabah oyandığında
sağında
bir ürəyin yatdığını görməkdir.
Qurmaq istərsən
o uşaq kimi dünyanı.
Divardan endirib ata rəsmini
silib qoltuq ağaclarını onun şəklindən,
ayaq çəkirdi atasına
Mərmilərin acığına.
Bilirsənmi, necə dəhşətlidir
ilk kərədən qınanmaq.
Başının üstünü kəsdirən qızın:
“Niyə ayağa qalxmır, bu mədəniyyətsiz” baxışı.
Deyə bilməzsən
ayaqlarının iki il öncə
mina üstündə centlmenlik etdiyini...
Protez ayağın utanar özündən
qayıda sənə:
“Xahiş edirəm, daha mənsiz get”
Məktəbdə kökə bölüşdürən uşaqları
burda mərmilər bölüşdürür
öz aralarında, sevgili.
Bəlkə də dönərəm,
hər duamı tellərinə deyərəm,
bütün arzularımı ovcuna pıçıldayaram,
dodaqlarında alaram dəstəmazı,
Tanrılar məbədi, qadın.
Şəhid oğlunun dedikləri
Darıxır
anamın cehizlik ütüsü
Atamın biçənək ətirli
pal-paltarıyçün...
Ütüyə gəlmir ancaq
heç birisi!
Atamdan qalanlar
sandıq vətəndaşı
illərdir qırışmır
Anamın əlləri qırışıb ancaq,
ütümüz də qocalıb.
Atamın pal-paltarı
cəzasını çəkir
sandıq küncündə
dərsə hazırlıqsız bir şagird kimi.
Gözləyirəm...
iki ilə,
üç ilə ...
bəlkə nə vaxtsa...
boyum çata atama.
Geyəm paltarlarını.
yıxam özümü yerdən-yerə,
sürünəm asfalt üstdə,
bəlkə bir az qırış qatam
bəlkə bir az çirkləndirəm
sevindirəm anamın əllərini,
sevindirəm ütümüzü...
...Anamı heç elə görməmişdim
Atamı gətirəndə
sıxmışdı əllərini...
camaat görməsəydi
yumruqlardı atamı:
“bu iki yetimə bəs, kim baxacaq?!”
...Sonralar
üzümə baxıb,
saçıma əl gəzdirdi
və...
“şəhidlər ölməz” dedi...
Yayın gözü açılan kimi
anam yorğan-döşək çırpır
həyətdə.
Gözündə sevgi,
qolunda nifrət.
Çırpır
ürəyinin çırpıntısını,
çırpır atamın yoxluğunu.
...Atamın izini,
dizini döyür anam.
Sonra nəsə fikirləşib
gözünü döyür anam...
Şəhid məzarlarını...
Şəhid məzarlarını
mərmərə bükdük,
daş qoyduq başlarına
qalxa bilməsinlər
üzümüzə tüpürməyə.
Bu yaşıma görə
Şəhidlər Xiyabanında
18 yaşlı
başdaşları
utandırdı məni.
məndən kiçikdi hələ
məndən öncə doğulanlar
əmi deyib
üstümə qaçır başdaşları
bir əsgərin ölüm günü
başdaşının doğum günüymüş.
can qoydular
nə düşdü paylarına
sağ qalanlar
daşladılar
torpağının başını.
Şəhid məzarlarını
mərmərə bükdük,
daş qoyduq başlarına
qalxa bilməsinlər
üzümüzə tüpürməyə.