DEMƏ SƏMƏD VURĞUN GƏLDİ-GEDƏRDİ… Featured

 

 “Qazax” Xeyriyyə İctimai Birliyinin və Səməd Vurğunun Ev Muzeyinin birgə təşkilatçılığı ilə mayın 27-də Xalq şairi Səməd Vurğunun vəfatının 66-cı ildönümü ilə əlaqədar olaraq “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri İlham Pirməmmədov, İctimai Birliyin üzvləri və Səməd Vurğunun Ev Muzeyinin əməkdaşları Fəxri Xiyabanda şairin məzarını ziyarət ediblər.

 

“Ədəbiyyat və incəsənət” portalı ictimai birliyin mətbuat katibi Səbinə Yusifə istinadən xəbər verir ki, anım tədbirini giriş sözü ilə açan İlham Pirməmmədov bu gün Səməd Vurğunun məzarını ziyarətə gələn hər kəsi “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvlərinin adından, İctimai Birliyin ən yaxın dostu, Qazax RİH-nin başçısı Rəcəb Babaşovun, Xalq şairi Nəriman Həsənzadənin, “Şərəf” ordenli yazıçı Vidadi Babanlının və digər ziyalıların adından salamlayıb. İş günü olmasına baxmayaraq vaxt tapıb gəldikləri üçün ziyarətçilərə təşəkkürünü bildirib: “Hər biriniz çox sağ olun, bu gün burada Xalq şairinin məzarını ziyarətə gəlmisiniz. 20 ildən artıqdır ki, hər il Səməd Vurğunun doğum və anım günlərini onun məzarı başında İctimai Birliyin üzvləri ilə birlikdə qeyd edirik. Bu, artıq ənənə halı alıb.

Bu gün İctimai Birliyin Qazaxda olan nümayəndələri professor Valeh Nəsibli, şair Hacı Zaməddin Ziyadoğlu, Qazax RİH-nin əməkdaşları və AYB-nin Qazax bölməsinin rəhbərliyi ilə birgə şairin Yuxarı Salahlıda yerləşən ev muzeyini ziyarət ediblər.

Səməd Vurğuna olan sevgimiz torpağımıza, Vətənimizə olan sevgidir. Kimin ürəyində Səməd Vurğuna sevgi varsa, onun amalında bir işıq var. Səməd Vurğun tək Qazax mahalına məxsus  deyil. O, Azərbaycanın sevilən, milli ruhlu şairidir.”

Birliyin İdarə Heyətinin sədri İlham Pirməmmədov Azərbaycan Respublikası ikinci dəfə müstəqillik qazandıqdan sonra Səməd Vurğun yaradıcılığına olan dövlət qayğısından, Səməd Vurğun irsinin qorunub, saxlanılmasından da söz açaraq qeyd etdi ki, “Bəzi qüvvələr Səməd Vurğunu gözdən salmağa cəhd etdilər. Onu partiya şairi adlandırırdılar. Hətta təklif etdilər ki, dərsliklərdən çıxarılsın. Ancaq Ümummilli lider bu yersiz fikirlərin qarşısını birdəfəlik aldı. Azərbaycan xalqının böyük oğlu, Ulu Öndər Heydər Əliyev Səməd Vurğun şəxsiyyətinə, yaradıcılığına  böyük dəyər verdi. Ulu Öndər 1996-ci ildə Səməd Vurğunun 90 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında sərəncam imzaladı. Sərəncamda bir il müddətində bütün müəssisə və təşkilatlarda Səməd Vurğuna həsr olunmuş tədbirlərin həyata keçirilməsi barədə tapşırıq verildi. Nəhayət bir ildən sonra – 1997-ci ilin mart ayında o vaxtkı Respublika Sarayında Səməd Vurğunun 90 illik yubileyi Ulu Öndərin iştirakı ilə Respublika səviyyəsində təntənəli şəkildə keçirildi. Ulu Öndər yubiley tədbirində sona kimi iştirak etdi və tarixi çıxış etdi:

 

“Hörmətli xanımlar və cənablar!

Əziz dostlar!

Böyük şair Səməd Vurğunun 90 illik yubileyi şer, mədəniyyət bayramıdır, Azərbaycan xalqının bayramıdır. Bu bayram münasibətilə mən sizi, bütün Azərbaycan vətəndaşlarını ürəkdən təbrik edirəm.

Bu bayram mərasimlərində iştirak etmək üçün dost ölkələrdən zəhmət çəkib Azərbaycana gəlmiş hörmətli qonaqlarımıza təşəkkür edirəm. Azərbaycan bir ildir ki, Səməd Vurğunun 90 illik yubileyini qeyd edir, ölkəmizdə yubiley mərasimləri keçirilir. Bu təbiidir, çünki Səməd Vurğun xalqımız, millətimiz üçün o qədər dəyərli bir şəxsiyyət olub, o qədər zəngin bir irs qoyub ki, onun 90 illik yubileyi bir gün, bir ay yox, məhz bir il müddətində keçirilməli idi. Bu müddətdə hər yerdə, hər evdə, hər şəhərdə, hər kənddə Səməd Vurğun yad olunur, onun şerləri oxunur, əsərləri yenidən canlanır və bunlar hamısı müasirlərimizə, gənclərimizə ruh verir, onları sevindirir, şadlandırır.

Səməd Vurğun XX əsrin əvvəllərində dünyaya gəlib və az ömür sürərək 50 ildən sonra dünyasını dəyişibdir. XX əsr bəşər tarixində çox ziddiyyətli, mürəkkəb proseslər dövrüdür. Səməd Vurğunun yaşadığı illər həddindən artıq mürəkkəb, qarışıq, çətin olub. Birinci dünya müharibəsi dünyaya nə qədər ziyanlar vurubdur. Ondan sonra Yer kürəsinin altıda bir hissəsində yeni bir quruluş, yeni ideologiya hökm sürməyə başlayıbdır. Sonra bəşəriyyət üçün təhlükəli olan faşizm meydana çıxıb, İkinci dünya müharibəsi başlanıb, nə qədər insanlar qurban gedib. İkinci dünya müharibəsindən sonra “soyuq müharibə” başlayıb, yer üzündə yenə də gərginlik yaranıb, eyni zamanda sülhü müdafiə etmək üçün qüvvələr yaranıbdır. Bunlar o dövrün ən böyük, tarixi hadisələridir. Belə bir dövrdə yaşamaq, yaratmaq və yüksək yaradıcılıq səviyyəsinə çatmaq hər bir insana nəsib ola bilməzdi.

Səməd Vurğun öz dövrünün, zəmanəsinin mühitində, çərçivəsində yazıb-yaradıb və Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlər göstəribdir, Azərbaycan ədəbiyyatını, mədəniyyətini, dünya ədəbiyyatını zənginləşdiribdir. Fitri, parlaq istedadı, çox nadir xüsusiyyətə malik olan istedadı, eyni zamanda ən gənc yaşlarından yazıb yaratmaq əzmi Səməd Vurğunu qısa bir zamanda xalqımızın sevimli şairinə çevirib və o, həm Azərbaycanda, həm də bir çox xarici ölkələrdə tanınıb, sayılan bir insan olmuşdur.

Səməd Vurğunun yaradıcılığı dəryadır, indiyədək yazılanlar bunun hamısını əks etdirə bilməyib. Hesab edirəm ki, onun yaradıcılığı və qoyduğu irs bu gün də, gələcəkdə də tədqiq olunacaq və bu barədə yeni-yeni əsərlər yaranacaqdır.

Səməd Vurğun böyük şairdir. Şərq aləmində şair həmişə ən yüksək hörmətə layiq olubdur. Səməd Vurğun isə öz dövrünün şairlərinin şairi olubdur”

 

Beləliklə də Ulu Öndər Səməd Vurğun haqqında yersiz danışanlara layiqli cavab verdi.”

İlham Pirməmmədov daha sonra dedi:

“May ayının 13-də Qazax Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutu, Erzincan Binali Yıldırım Universiteti, Bakı Dövlət Universitetinin Qazax filialı və “Aşıq Şəmşir” Mədəniyyət Ocağının birgə təşkilatçılığı ilə Aşıq Şəmşir və Xalq şairi Səməd Vurğunun xatirəsinə həsr edilmiş “Aşıq sənəti və yazılı ədəbiyyat” mövzusunda Beynəlxaq Elmi Konfrans keçirildi. Mənimlə bərabər Azərbaycan Jurnalistlər Birliyinin sədri, İctimai Birliyin üzvü Elçin Şıxlı və eyni zamanda  İctimai Birliyin digər üzvləri də həmin tədbirdə iştirak etdi. Konfransda Türkiyədən qonaq gələn, əslən Qazax rayonun İkinci Şıxlı kəndindən olan, Türkiyənin Erzincan Universitetinin professoru Əli Kafkasyalının Səməd Vurğun yaradıcılığı haqqında çıxışı konfrans iştirakçılarını heyran qoydu. Konfransda bir saata yaxın çıxış edən Əli Kafkasyalı Səməd Vurğunun yaradıcılığını təhlil etdi. Biz isə onun qeyri-adi çıxışını qiymətləndrərək tədbirdən bir neçə gün sonra Bakıda Əli Kafkasyalını  İctimai Birliyin ofisinə dəvət etdik. Əli Kafkasiyalı İctimai Birliyin təsis etdiyi “Səməd Vurğun” adına diplomla təltif olundu. Konfransda digər çıxış edənlər də Səməd Vurğunun milli dəyərlərə necə bağlı olmasını, onun dünənin, bu günün və gələcəyin şairi olduğunu qeyd etdilər.

Vurğun xalqını sevirdi. Xalq da Vurğunu sevir. Onun insanlığı ilə şairliyi mütənasib olduğu üçün də qədirbilən xalqımız həm insan kimi, həm də şair kimi Səməd Vurğunu hər zaman yaddaşlarda yaşadacaq.”

İlham Pirməmmədov bu gün ölkəmizdə böyük təntənə ilə qeyd olunan  Müstəqillik günü münasibətilə dövlətimizi, xalqımızı, tədbir iştirakçılarını  təbrik etdi. Vətən Müharibəsində qazanılan qələbədə xalqımıza yaxından dəstək olan qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkürlərini bildirdi. Bu qələbəni bir millət iki dövlət olaraq Türkiyə-Azərbaycan dostluğu, Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev qardaşlığının uğurlu qələbəsi kimi qiymətləndirdi: “1918-ci il may ayının 28-də Tiflis şəhərində Milli Şuranın birinci iclası keçirildi və iclasda Azərbaycanın müstəqil dövlət elan olunması haqqında tarixi qərar qəbul edildi. Cəmi 23 ay yaşayan Azərbaycan Demokratik Respublikası 1991-ci ildə böyük mücadilələrdən keçərək yenidən müstəqillik əldə etdikdən sonra Müstəqil Azərbaycan Respublikası Azərbaycan Demokratik Respublikasının varisi elan olundu.

Yenidən müstəqillik əldə edən Azərbaycan Respublikası hər il 28 may tarixini Müstəqillik günü kimi qeyd edir. Müstəqilliyi qazanmaqdan daha məsuliyyətli onu qoruyub-saxlamaqdır. Ulu Öndərin Azərbaycan Respublikasının müstəqilliyinin qorunub-saxlanılması üçün atdığı tarixi addımlar Vətən Müharibəsində qazanılan qələbənin özülüdür. Cənab Prezident İlham Əliyev Azərbaycan Respublikasının çiçəklənməsi naminə yorulmadan çalışır. Böyük Vətən Müharibəsində əldə olunan qələbə cənab Prezidentin Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub-saxlanılması üçün var gücü ilə çalışdığının ən aydın göstəricisidir. Biz bu qələbədə Şəhidləri, Qaziləri, Azərbaycan ordusunda qulluq edən zabitləri, əsgərləri də unutmuruq. Şəhidlərimizə rəhmət diləyirik. Qazilərə, zabitlərə, əsgərlərə can sağlığı arzulayırıq.

Sabah Müstəqillik bayramında iştirak etmək üçün qardaş Türkiyə Respublikasının Prezidenti, xalqımızın sevimlisi Rəcəb Tayyib Ərdoğan Bakıya gəlir. Vətən Müharibəsində  Tarixi Zəfərimizin əldə olunmasında dövlətimizə həm maddi, həm də mənəvi dəstək olan cənab Rəcəb Tayyib Ərdoğan da Müstəqillik Gününü xalqımızla birgə qeyd edəcəkdir. Biz də Azərbaycan xalqının dostu, qardaşı cənab Rəcəb Tayyib Ərdoğana xoş gəldin, deyirik. Respublika günü münasibətilə cənab Prezidentimiz İlham Əliyevi, Türkiyə Respublikasının Pezidenti cənab Rəcəb Tayyib Ərdoğanı, xalqımızı təbrik edirik”.

Daha sonra tənqidçi Əsəd Cahangir Səməd Vurğunun insanlığından, ədəbiyyatın ən uca zirvəsini fəth etməsindən, milli köklərə bağlı olmasından söz açdı: “Yaralı əsgərin son nəfəsində Səməd Vurğunun “Azərbaycan” şeirinin ilk bəndini deyərək əbədiyyətə qovuşması Vurğunun Haqqa bağlı bir şair olduğunu bizə sübut edir:

Görüb tanış olmadığım,
Qayğısına qalmadığım
Şeir dostu bir insandan ;
Bir xatirə söylədilər.
“Bizim elli bir qəhrəman -
Bir yaralı qızıl əsgər
Son nəfəsdə səni andı,
Dəniz kimi dalğalandı...
Dedi: “Doktor! Aman, doktor!
Sağlığıma güman yoxdur...
Bıçağını saxla bir dəm,
Bilirəm ki, öləcəyəm...
Gözüm yolda, könlüm səsdə,
Dinlə məni son nəfəsdə.
Qoy Vurğunun sözlərindən
Bir bənd deyim son dəfə mən;
Sən də eşit bu nəğməni,
Qoy dolaşsın o, aləmi:
“El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən,
Ayrılarmı könül candan?
Azərbaycan! Azərbaycan!”
Deyib bu son sözlərini,
Yumdu qara gözlərini...”

Səməd Vurğun “şeirin Tanrısı”dır. Səməd Vurğunun Yazıçılar Birliyində qapısına gələnlər ziyarət qapısı kimi gəliblər. Səməd Vurğun cibində olan son qəpiyini də ona pənah gətirən insana verib, qəlbini sevindirib. O, böyük bir ənənənin əsasını qoyub – insanpərvərlik və xeyirxahlıq ənənəsinin. Səməd Vurğun Türkçülük ənənələrini öz şeirlərində yaşadıb. Bu gün Səməd Vurğunun məktəbi var – nəhəng şairlərdən ibarət məktəb. O, məktəb əbədi yaşayacaq”.

Sonda Əsəd Cahangir Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Füzuli hava limanın açılışında Qarabağa səfər etməsi münasibətilə yazdığı şeiri söyləyib.

Xalq artisti Sabir Məmmədov Səməd Vurğunun Azərbaycan ədəbiyyatına gətirdiyi mənzum dram anlayışının tarixindən söhbət açdı: “Səməd Vurğunun yazdığı mənzum dramlardan sonra çox böyük rejissorlar, dramaturqlar, aktyor məktəbi yetişib. Bu terminlər hamısı Səməd Vurğunla bağlıdır. Və nəhayət Səməd Vurğunun əsərlərinə yazılan ssenarilər, kinofilmlər (7 oğul istərəm), teatr səhnələri (kilimarası oyunu, qaragöz oyunu) bunlar aktyorların yetişməsində çox önəmli, çox vacib rol oynayıb.

Hörmətli İlham müəllim, 4 il bundan öncə Şəki Dövlət Dram Teatrı “Vaqif” pyesini səhnələşdirmişdi. Qazaxda da Dövlət dram teatrı var. Mən çox istəyirəm ki, Səməd Vurğunun “Vaqif” pyesi Qazax Dövlət Dram teatrında tamaşaya qoyulsun. İstəyirəm ki, bu təklifi dəyərləndirəsiniz.”

Daha sonra Səməd Vurğunun Ev Muzeyinin müdiri, Vaqif  Səmədoğlunun həyat yoldaşı Nüşabə Vəkilova, Səməd Vurğun irsinin araşdırıcısı, filologiya üzrə fəlsəfə doktoru  Aslan Salmansoy, Ağdamdan Bakıya Vurğunu ziyarətə gələn Asif həkim, Cənubi Azərbaycandan olan qonaq, şair Aqşin Ağkəmərli çıxış edərək Səməd  Vurğuna olan xalq sevgisindən, Vurğun yaradıcılığının əvəzolunmazlığından söz açdılar. Bakı Şəhər 45 saylı və 150 saylı tam orta məktəblərin şagirdləri şairin şeirlərini söylədilər. Uşaqların söylədikləri misralar sanki bir daha əyan edirdi ki, Vurğun ölməzdir, nə qədər ki Azərbaycan var, Vurğun da yaşayacaq!

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.