Nigar Həsənzadə - qadın poeziyamızın ən əsrarəngiz, sirli-sehirli imzası. Onu illər öncəki London həyatındakı dəbdəbəli və elitar Britaniya ədəbi mühitinə cəsarətli inteqrasiyası ilə də tanıyırıq, Azərbaycan ədəbi mühitində yüksək zövqlü poeziya ixracçısı olan “ Söz” ədəbi layihəsinin yaradıcısı kimi də, 2019-cu ildə ölkəmizdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən və dünyaya səs salan Avrasiya Materikinin Ədəbiyyat üzrə 4-cü LiFFt Festivallar Festivalının təşkilatçılarından biri kimi də. Nigar xanım “Ədəbiyyat və incəsənət” portalında bir neçə şeirini təqdim etməklə oxucuları həmin o yaratdığı əsrarəngiz, duyğusal, mifik aləmə dəvət edir.
Şeirləri orijinaldan - rus dilindən dilimizə xalq şairi Sabir Rüstəmxanlı, yazıçı İlqar Fəhmi, habelə şair Şəhriyar del Gerani tərcümə etmişlər.
Çoxdan gözlənilən qayğısız bir gün
Çoxdan gözlənilən qayğısız bir gün
Qonaqtək girincə sənin evinə
Yüklənir illərlə yığılan dərdin
Onun yük görməmiş çiyinlərinə.
İşarə veribdir sənə gör haçan
Qalın pərdələri adlayan işıq.
Sən əzbər bilirsən nədir qazancın:
Oğlun, ağ saçların, çoxalan yaşın.
Nə qorxu, nə utanc... sakitdir ürək
Dünyanın gözündə yağış haləsi.
Bədənim bir gecə ulartısıtək
Ehtiras torunda taleyə təslim...
Bu dünya islanmış ağız tikəsi
Dolub boğazına udulmaq istər.
Neçə yad ölkədən gəlsə də səsin
Sonda öz elinə qatılmaq istər.
Səssizlik... sorğuna cavablar gəzir.
Burda həmişəlik qalacaqsan hey.
Dünya dil altında ağız şirəsi...
Gecə var, gündüz var... Qalanı boş şey!
Çevirəni: Sabir Rüstəmxanlı
Həmin gün
Həmin gün
məxməri səssizliyə bürünəcək ev bütün.
Eşidilməz nə bir yağış, nə də bir külək səsi,
asta-asta duyular əşyaların nəfəsi.
Amma mən,
MƏN elə bir sükunətəm
divarlar da elə bilər yoxdu evin yiyəsi…
Mən donaram, gözləyərəm heykəl təmkini ilə
“gecə-gündüz” gülü kimi bükülərəm özümə.
Ki, eşidim ürəyimə atılan güllə səsini.
Bir də ürək hanı axı,
büsbütün ürək olubdu üstüm-başım, bədənim…
Həmin gün
ayaqlarım altında xışıldayanda tozlar,
divarlar xəz manto kimi qucaqlayar çiynimi,
mən isə ot tayasında gizlənən iynə kimi tapılmaram,
təhlükəmi anlamasınlar onlar.
Həmin gün
aram-aram nəfəs alıb pəncərəyə qısılmaq,
ötüb-keçən zamanın qoxusunu da duymaq,
təzələnmək, dirilmək, bir cümə günü olmaq,
yumruqlarını açmaq və dualar oxumaq…
Bilirsənmi əvvəl-axır çin olur
ən ölü yuxular da.
Çırıl-çılpaq dura bilsən Tanrının qarşısında
yavaş-yavaş yoxa çıxar günahlar, qorxular da.
Səadətə ümid də lap qırmızı sap olsun,
nə olar ki… biləyimə bağlamaq istəyirəm.
Həmin gün
gözlərinə baxacam və yəqin, ağlayaraq
deyəcəm ki, indi daha yaşamaq istəyirəm…
Həmin gün
məxməri səssizliyə bürünəcək ev bütün.
Eşidilməz nə bir yağış, nə də bir külək səsi,
puça çıxar hər nə var, yox heç nəyin kölgəsi.
Və sən demə
SƏNdən başqa yoxmuş bu evdə kimsə…
Çevirəni Şəhriyar del Gerani
Göm-göy məxmərlə örtərsiz…
Göm-göy məxmərlə örtərsiz,
Mənim dəniz kimi duzlu sinəmi
Mənim qəhqəhə çəkən qəm kədərimi
Mavi məxmərlə örtərsiz…
Yad evdəki yatağımı…
Qırağı dişlənmiş stəkanımı da
Hasarınızdan boylanan yuxumu da
Mavi məxmərlə örtərsiz…
Sübhün baxışlarının qırıntısını
Yaddan çıxan dünənimi
Mənim kağızdan düzələn səhər yeməyimi,
naharımı
Mavi məxmərlə örtərsiz…
Tac qoymamış sözümün
nəfəs aldığı
Lal əbədiyyətim naminə
Mavi məxmərlə örtərsiz üstünü ….
Çevirəni İlqar Fəhmi
Durmuşam yelçəkəndə…
Durmuşam yelçəkəndə, hava axınında tək,
Bir yandan da çırpılır üzümə isti külək.
Saatlar da yuxudan dostca oyanır birgə.
Mürgülü küçələrdə bədən alış-verişi,
Ulduzlar səssiz-səssiz axıb tökülür, bəlkə
Baş tutdu nə zamansa bizimlə yerdəyişi.
Ya göylərdə, ya yerdə-inancımız təbiət.
Torpağa düz əkilən qalsın biçilmədən tər...
Adamlar qisas alır, adamlar uçur fəqət,
Uçsa da, sürünsə də yenə sevilmək istər.
Boğaz var şarf dolanıb, ilgəkli boğaz da var,
Bir əl üzük düzülü, bir əl kəsik dibindən.
Qorxaq dovşan çığırır, ulayır ac canavar,
Qorxunc nərə yüksəlir bu insan sürüsündən!
İsti gecə həniri... Bir yandan da yelçəkən,
İnsan bədəni kimi göy təmizdir, göy uca –
İkisi də bir yerdə təmizlənir ləkədən,
Qoy ürək günəşimiz şəfəq saçsın doyunca!
Çevirəni Sabir Rustəmxanlı
Barmaqları öpürəm, ümidsiz ehtiyatla
Barmaqları öpürəm, ümidsiz, ehtiyatla,
Ovcuna sürünürəm unutmaqçün hər şeyi.
Çiynimdən asta-asta, çiynimdən asta-asta
Çıxarıram don adlı əbədilik zirehi.
Sanıram ki, ölmərəm, dözərəm və ölmərəm.
Fikrim, ruhum tər-təmiz. Günahsızdır bədənim.
Donub qaldım və səssiz, donub qaldım və səssiz
Ancaq qəlbim döyünür, döyünür qəlbim mənim.
Yüngüldür nəfəs kimi, təzədir nəfəs kimi
Saçın dəniz qoxuyur, dilində dəniz duzu.
Səni qucur əllərim, səni qucur əllərim
Mənim tacsız kralım, taleyimin ulduzu...
Çevirəni: Sabir Rustəmxanlı