“Hümbət Həsənoğlunun aforizmləri” kəlməsi dilimizdə tez-tez işlənir. İxtisasca həkim olan, sosial mediada çox fəal görünən Hümbət Həsənoğlu özü facebook sosial şəbəkəsi statuslarından aforizmlərinin yaranması prosesini təmkinlə qarşılayıb.
Get-gedə daha püxtələşmiş fikir və qənaətlər ortaya qoyub o, Bakıda 3 kitab ərsəyə gətirib, birinin də işıq üzü görməsi sevincini İstanbulda yaşayıb.
Hümbət Həsənoğlu seçmə aforizmlərini hər bazar ertəsi “Ədəbiyyat və incəsənət” portalı oxucularına təqdim edəcək. Buyurun, ilk 10 aforizm gəlir.
1) Kişi üçün qadın vərəqlərinin çoxu cırılmış kitab kimidir, oxuyub nəsə başa düşməyə çalışır.
2) Şeytanı insan öz pis əməllərinə bəraət üçün düşünüb.
3) İsti havaya aldanıb qışda gül açmaq, isti münasibətə aldanıb qəlb açmaq hər canlıya xasdır.
4) Çay içmək üçün söhbət etmək qabiliyyəti olmalıdır.
5) Sevgi təcrübəli oğru kimi qəlbə girməmişdən əvvəl ağlı söndürür.
6) Hər kəs ona aidiyyatı olmayan işlərin bilicisidir.
7) Od əldə etmək istəyən tüstü udmağa hazır olmalıdır.
8) Atdığın hər addımda qorxu hissini adlamırsansa, istiqamətin uğura deyil.
9) Başımızın üstündəki sonsuz səma sonsuz böyüməyiz üçün imkandır.
10) Özünü yaxşı saymaq başqaları haqda məlumatsızlıqdan doğur.