“İki yaşlı körpəni yeddi-səkkiz verşka uzunluqlu kazaçkov mismarı ilə daş divara pərçimləmişdilər” Featured

 

1918-ci ilin martında rus-erməni ittifaqı bolşevik-daşnak formasında təzahür edərək Azərbaycanda misli görünməmiş qırğınlar törətdi. O günlər nələrin baş verdiyindən uzun illər bizlər bixəbər qaldıq. Yalnız müstəqillik qazandıqdan sonra tarixin bu ağ ləkələrinə aydınlıq gəldi.

 

“Ədəbiyyat və incəsənət” portalı yazıçı Varisin Türkiyədə, TADEV yayınlarında nəşr edilən “Qızıl cib saatı” romanından bir hissəni sizin ixtiyarınıza verir. Həmin hissədə 1918-ci ilin Bakı qırğını bir erməni mirzənin gündəliyindəki qeydlərinin dərci ilə oxuculara çatdırılır. 

Nəzərinizə çatdıraq ki, roman arxiv sənədləri əsasında qələmə alınıb, bütün faktlar realdır.

 

   9-cu dəftər 

  

“İstəyirsiniz, mən göyləri, yerləri şahid çəkim ki, qələm əsla cansız deyil, canlıdır. O, yazdıqlarının mahiyyətinə varır, sevincindən bəhs edəndə özü də sevinir, kədərdən bəhs edəndə isə dərdə, qəmə, batır.

Artıq tam olaraq Bakıda mənim millətimin müsəlmanlara qarşı qətliam həyata keçirdiklərinə əmin olduqdan, “erməniləri müsəlmanlardan qorumaq”, “bolşevizmi qəbul ermək istəməyənlərə bolşevizmi qəbul etdirmək” kimi cəfəngiyyatlardan dolayı yalan pərdəsinin küçələr boyu qalaqlanmış günahsız, dinc müsəlmanların eybəcər hala salınmış meyitləri reallığıyla tam yırtılmasından sonra mən həqiqətən bir utanc hissi keçirirdim. And olsun o müqəddəs Yaradana ki, yer yarılsaydı yerə girərdim.

Martın 25-də - onda ki, martın 24-də 36-cı Türküstan polkunun tələbi, matrosların hədə-qorxusu və Çaparidzenin müdaxiləsindən sonra bizimkilər qətliamı dayandırmışdılar, tərəflər arasında barışıq elan olunmuşdu, gec də olsa Fəhlə, əsgər və matros deputatları Soveti Bakıda asayişi bərpa etməyə başlamışdı, həmin məqamda bir iş də o olmuşdu ki, Sovetin müsəlman üzvü Kazım Axundova şəhərin dağlıq hissəsini – Çəmbərəkəndi mümkün ola biləcək erməni basqınlarından qorumaq üçün 10 silahlı matros verilmişdi. O vədədə tanış olduğum bu fədakar insan öz işini təkcə Çəmbərəkəndi qorumaqla bitmiş hesab etmirdi, küçələrdə qalaqlanmış meyitlərin yığılmasının təşkili ilə də məşğul olurdu.

Haşıyədən kənara çıxıb söyləyim ki, bütün şəhər üzrə həm bolşeviklərin, həm də müsəlman komitələrinin təşkilatçılığı ilə meyitlər yığılırdı, “Vulkan” cəmiyyətinin istifadəsiz qalmış limanına 6748 meyit yığılmışdı, sonra onlar Petrovsk və Jeleznodorojnıy limanlarından barajlarla Bibi Heybətə daşındı. Ən azı altı baraj meyit aparmışdılar, and olsun Yaradana. Meyit yığılması düz 31 marta kimi davam etmişdi. Bunlar hələ meyitlərin hamısı deyildi. Sonradan bəzi meyitlərin Sabunçu, Suraxanı və Binə kəndlərində quyulara basdırılması aşkar ediləcəkdi, Poxlu Dərədə isə elə təkcə bir quyudan qulağı, burnu, cinsiyyəti kəsilmiş, qarnı yırtılmış 57 qadın meyiti aşkarlanacaqdı.

Hə, Axundov Nikolayevsk küçəsindən meyitlər daşınanda gözlərindən bildır-bildır yaş axıdaraq üç və beş yaşlı uşaqların, gimnaziya şagirdlərinin meyitlərini mənə göstərib soruşurdu ki, Allah heç bu zülmü götürərmi.

Mərkəzi Türmənin yanında 400 müsəlman meyiti saydım. Hamısı soyundurulmuşdu, başları Qərb istiqamətində qoyulmuşdu. Niyə? Bilmədim. 

Qeyri-ixtiyari gözlərim meyitlərin arasında üç müsəlman tanışımın meyitini axtarırdı, əzabla öldürülmüş insanların hamısının gözlərinə, burunlarına, ağızlarına dəhşət ifadəsi necə qonmuşdusa, sanki hamısı bir-birinin oxşarı idi, kimin kim olmasını çətin ayırd edərdin.

Mən bu yazımın əvvəlində qələmin canlı olmasından, yazdıqlarının mahiyyətinə varmasından boşuna söz açmadım. Zira, yazdığım qeydlərin həcmcə çox böyüməməsi, belimə şələləyib özümlə eldən-elə gəzdirdiyim rükzakımı tam zəbt etməməsi üçün onsuz da çox mətləbləri qeyd etməkdən vaz keçir, bir növ qənaət rejiminə əməl edirəm. Həmin gün Kazım Axundovun bir insaflı qəzetəçi sayaraq məni və həvəskar fotoqraf olan rus Vladimir Sokolovu Kərpicxana deyilən yaşayış məskəninə dəvət etməsi Sokolovdan tarix üçün üç-dörd foto çəkməsi xahişi səbəbindən doğmuşdu, amma o anlarda bax məhz dediyim qələmlə bağlı hadisə baş verdi. Necə ki, bir vəhşət görəndə insanın damarında qanı donur, bax eləcə də, mənim qələmimin mürəkkəbi dondu, nə illah elədim, qeydlərimi başa çatdıra bilməyib titrək əlimlə birtəhər qələmimi və qeyd dəftərimi rükzakıma dürtüşdürüb gözümlə gördüyüm, insanlıqla bir araya gəlməyəcək səhnəni beynimə yazası oldum.

Bir mənzildə Sokolov ilk fotosunu çəkdi, iki yaşlı körpəni yeddi-səkkiz verşka uzunluqlu kazaçkov mismarı ilə daş divara pərçimləmişdilər. İkinci mənzildə növbəti fotosunu çəkəsi olan Sokolov içini çəkərək “heyvanlar” söylədi, bu sözün, sandım ki, bizlərin hər birinə, o cümlədən mənə də aidiyyatı var, özü də çoxdur.

Yataqda 13-14 yaşlı çılpaq qız uzanıqlı vəziyyətdə əbədi yuxuya dalmışdı, bədəni qançır-qançır idi, ayaqları aralıydı, ayaqlarının arasında qan gölməçəsi yaranmışdı, iki-üç milçək vızıltılyla qan içirdi. Biçarəni onlarca şəxs sıra ilə zorlamışdı, elə bu təcavüzdən də dünyasını dəyişmişdi, olduqca ürəkdağlayan mənzərə idi.

Daha bir neçə mənzili gəzəndən sonra növbəti mənzilə yetişəndə birinci otaqda yerdə 23-24 yaşlı lüt qadının və altı-yeddi yaşlı oğlan uşağının meyitini gördük. İkinci otağa keçəndə isə... Mən bilmirəm, vallah bilmirəm, müqəddəs xaç haqqı bilmirəm, insan hansı anında bütün insanlıq deyilən xüsusiyyətlər cəmini itirib Ali Yaradanın iradəsinin ziddinə olaraq ən yırtıcı, ən vəhşi heyvandan belə yırtıcı və vəhşi xislətə düşə bilər. Yerdə südəmər körpə meyiti vardı, sifətindəki gülümsər ifadə ondan xəbər verirdi ki, kürəyinə süngü soxularkən şipşirin yuxudaymış. Bilmirəm, uşaqlar yuxu görə bilirlərmi, ancaq həmin an onun gözəl yuxu gördüyü şəksiz idi. Bəlkə də yuxusunda o böyümüşdü, xoşbəxtlik, bəxtəvərçilik dənizinə baş vurmaqdaydı... Körpənin əl-ayağını isə içəri soxulmuş kirli-paslı küçə itləri gəmirib didişdirirdi. 

Sokolov necə dəhşətə gəldisə foto çəkməyi dayandırıb hövlnak oradan qaçdı, mənsə Axundovun fasiləsiz yağdırılan “Bunu Allah götürərmi” suallarının şillə kimi üzümə-gözümə çırpılan şiddətindən qurtulmaq üçün mıxlanıb yerdə qalmış zalım ayaqlarımdan tərpənib getməyi acizanə surətdə rica edə-edə qaldım...

Bu hadisə məni necə əzmişdi, qəlbimi necə inlətmişdi, söyləyə bilmirəm. Dəfələrlə o yataqda qan-içində ölüb qalmış kütləvi zorlanmaya məruz qalan qızın yerində bacım Noranı, nişanlım Anuşu təsəvvür edib ürəyimin çırpıntılarından köksümü yarıb çölə çıxacağı və gərilən damarların tab gətirməyərək partlayıb yaşadığım evin ağappaq divarlarını al qırmızı qanla bulaşdıracağı təəssüratı yaşamışdım həmin gecə.

Hələ o körpə!!! Aman Allah!

Çox sarşılmışdım. Nəyin bahasına olursa olsun geriyə qayıtmaq istəyirdim, amma dezertir damğası alacağımdan, valideyinlərimin incildilməsindən hədsiz ehtiyat etməyim yenə də mənim şərin qoynunda duruş gətirib qalmağımı diktə edirdi.

 

***

 

Bakı qətliamı xırda-para epizodları çıxmaq şərti ilə yatırılmışdı, “İrəli” daşnak qəzeti yazırdı ki, bu son xoşagəlməz günlərdə Erməni Milli Şurası müsəlman əhalini bacardıqca müdafiə edir, onları himayəsi altına alırdı. Bu boyda yalanmı olardı?

Müsəlman komitələri isə qırğının, ziyanın miqyasını hesablayırdı. Təkcə elə 19-21 mart tarixlərində - üç gündə Bakıda 11 min müsəlman öldürülmüşdü, əhaliyə 400000000 rubl ziyan dəymişdi. Bakının müsəlmanlar yaşayan Məmmədli, Poxlu Dərə və Kərpicxana adlı hissələri büsbütün dağıdılmış, əhalisi güllələnmiş, süngüdən keçirilmişdi. Şəhərin mərkəzindəki əksər binalar, mehmanxana və mağazalar qarət edilmiş, yandırılmışdı. Bir də təkrarlayım ki, Bakının qürur rəmzi olan, arxitektura şedevri İsmailiyyə binası da həmçinin.

Ara azacıq sakitləşən kimi vahimə və panika içində olan bəzi Bakı sakinləri canlarını qurtarmaq üçün Biləcəri dəmir yolu stansiyasına (Bakı stansiyası quldurların tam nəzarətində idi) gedir, ordan faytonla 50 rubl ödəməklə Sumqayıt stansiyasına yollanır, ordan yük vaqonu ilə Xaçmaza, ordan da atlarla Qubaya pənah aparırdı. Halbuki, mənim əlimdə səhih məlumat var idi ki, müsəlman qırğını tək Bakı ilə məhdudlaşmayacaq, böyük dəmir yolu stansiyalarında – Yevlax, Ucar və Kürdəmirdə, ən əsas coğrafi nöqtələrdə - Quba, Lənkəran və Gəncə quberniyasında, xüsusən Şamaxıda daha azğınlıqla davam etdiriləcək.

Bakı qırğınından keçən növbəti günlərdə mən əzab və səksəkə içində əvvəlki ünvanımda yaşamaqda davam edir, hər günümü bir şüşə vodka ilə bitirməklə növbəti gündə Poqosovdan xidmətimi bitirməyim və geriyə - vətənə qayıtmağım müjdəsini gözləyirdim. Amma bu gözləntim elə gözlənti olaraq da qalır, qurğuşun ağırlığında olan ümidlərim polad ağırlığında olan reallıq yükünün altında çabalayıb inləyirdi.

Otaq yoldaşlarım yaxşı ki, mürəxxəs olub getmişdilər. Yoxsa bu ağır durumda onların mövcudiyyatına sadəcə tab gətirə bilməyəcəkdim. Şəhərə çıxır, Poqosovun, yanına gedib-gəlir, bu şəhərdə yeganə həmdəmim olan Yakov Smirnovu ziyarət edib saatlarca söhbətləşir, Bakının talanmış, xarabalığa çevrilmiş baş küçələri ilə dərdli-dərdli gəzişirdim.

Poqosovun yanına gedib-gələndə də, digər erməni komitələrinə baş vuranda da, küçələri gəzəndə də fikrim-zikrim həm də onda olurdu ki, birdən Hamleti görərəm, ondan bir xəbər bilərəm. Hesabla o da bu vədələr Zaqafqaziyada olmalıydı, tale bizi kaş ki, yenidən görüşdürəydi, keçmiş o xoşbəxt həyatımın yeganə yadigarı ilə bircə an baş-başa qala bilməyim mənə bu iztirablı aylardan, illərdən qat-qat dəyərli olardı. Amma Hamletdən yox, Qriqori Melkumyandan xəbər tutdum – Qriqori əmimdən, atamın dostundan. O şəxsdən ki, 1912-ci ilin günəşli və küləkli bir günündə Üsküdərdəki evimizə qonaq gəlib anamın bişirdiyi yaşıl lobya soyutmasını sarımsaq-qatıqla bəh-bəhlə yediyi zamanda atamın məni işə düzəltmək xahişini məni bax bu bəlaya – bu oküz boyunduruğuna salmaqla həll edərək yaxşılıq etdiyi halda əslində görünməz bir pislik eləmişdi. Sonradan, necə ki mənəvi ölümümə bu cür səbəbkar olmuşdusa, eləcə, Vanda alçaq Mesrop Ülgüc tərəfindən həbs edilərək zülmət zirzəmiyə salındığımda da xilaskarıma çevrilmişdi, xəbərimi eşidib dərhal Vana gəlmiş, əlaqələrinin köməyi ilə məni fiziki ölümün pəncəsindən qoparmışdı. Parapet yanındakı Erməni kilsəsindən əzizlərimçün dua etmək ritualını bitirib çıxanda Konstantinopolda atamla Qriqori əminin müştərək dostları olan Vartaz əmini gördüm. Tanrım, özgə vaxtı heç salam vermədiyim, çox da xoşlamadığım bu adamı burada görcək necə sevindim, ona sarmaşıb necə ağladım?! Vartazdan  Konstantinopolun, hətta atamın belə qoxusunu da aldım həmin anda. Bax onda hal-əhval tutmağımızın sonunda Qriqori əmimin edam edilməsi xəbərini eşitcək sarsıldım. Deməzsənmiş, Qriqori Melkumyan 1915-ci ilin 17-18 iyulunda Diyarbakırın Ziyer kəndində 500 qiyamçının, 29 iyulda Maraşda 400 qiyamçının, 2-3 avqustda Sivasda da yenə də 400 qiyamçının üsyanlarının təşkilatçılarından biri kimi Dendil yaxınlığında həbs olunaraq edam edilibmiş.

Onunla Muşda olanda – 1915-ci ilin yanvarında son dəfə telefon əlaqəmizi xatırladım. Göz yaşı içində tam yorulduğumu, usandığımı, hətta intihar edəcəyimi söyləmişdim. O da demişdi, “Ağlını başına yığ, uzağı apreldə müharibə bitəcək. Bəxtin gətirsə müstəqil Ermənistanın fədaisi kimi, gətirməsə isə zəngin təcrübəyə malik bir qəzetəçi kimi Konstantinopola dönəcəksən, atan da səni evləndirəcək. Toyunda da Qriqori əmin musiqiçiləri özü dəvət edəcək, aşıq Şeram və aşıq Avasını çağıracağam, bir erməni “Tərəkəmə”si də oynayacağam”.

Sona qədər millətçi, sona qədər qərəzli oldu. Hətta son sözlərində də türkün “Tərəkmə”sinə erməni “Tərəkmə”si dedi. Eh. Həyat. Sənin dolanbac yollarında azmamaq bəlkə də mümkünsüzdür.

 

  ***

 

Bir də bilirsiniz, 1918-ci ilin martında Bakı küçələrində nəyi müşahidə etmək acınacaqlıydı? Sadəlövh müsəlmanlar onlara dəyən ziyana görə Şaumyanın, onun əlaltılarının qəbuluna düşmək üçün uzun-uzadı növbələr yaratmışdılar, xırda qaniçənlərin vurduqları ziyana görə böyük qaniçənlərdən pənah umurdular. Belə bir hadisənin də şahidi olmuşdum: qırğın zamanı ayağından güllə dəyib amputasiyaya məruz qalan Serkovnıy, 18 ünvanında yaşayan binəva birisi - Məmməd Əliyev əsalara dirənərək iki sutka gecə-gündüz növbə gözləmiş, nəhayət Şaumyanın kabinetinə düşəndə gözlərindən yaş axıdaraq ailə üzvlərinin güllələndiyini, bütün əmlakının talandığını söyləmiş, çarəsiz duruma düşdüyünü vurğulayaraq imdad diləmişdi. Şaumyansa üz-gözünü turşudub: “Allahına şükür elə ki, özün sağ qalmısan. Get burdan!” – hədəsi ilə onu qovmuşdu.

Həmin dönəmlər Bakıya ürək dağlayan bir mənzərə hakim idi. Erməni mənzillərində şadyanalıq, yeyib-içmə, qələbə təntənəsi öz epogey halına çatmışdı. (Bir gün qapımı döyüb, erməni mühəndis Adamovun həyat yoldaşı mənə bir ovuc şirinlik qənd də gətirib vermişdi, müsəlmanların Novruzunu qara gətirib qanlarına susandığını görcək evlərə şəkər paylayacağını əhd etdiyini dilə gətirmişdi). Erməni komitələri, daşnak bürosu məclislər, ballar keçirir, əldə etdikləri milyonlarla pulun, daş-qaşın işığında qopardıqları ton-ton ərzaqdan israfcasına dadır, oxuyur, rəqs edir, əylənirdilər. Doğmalarını itirən, ev-eşiyi yandırılan sağ qalmış müsəlmanlar isə (şikəst qalanı, yaralı olanları da kifayət qədər idi) çəkdikləri dəhşətli əzabla bahəm bütün maddiyyatlarını, ərzaq ehtiyatlarını itirdiklərinə görə indi də aclıq təhlükəsinə tuş gəlmişdilər. O günlərdə gözlərim şəhər zibilliklərində yemək axtaran, acından küçədə yıxılıb qalan müsəlmanları görməyə alışmışdı. Zəngin neft səltənətinin aborogen millətinin bu hala salınması, fikrimcə, çox böyük ədalətsizlik idi. Amma bu ədalətsizliyi bir erməni kimi etiraf etməyim kimə lazım idi? Poqosov və Poqosovkimilər “vətən xaini” damğası ilə dərhal mənim məhvimə fərman verər, ailəmi belə təqibə məruz qoyardılar. Müsəlmanlar üçünsə mənim – sıravi bir erməni yazarının, sözü sözlər yanında milçək vızıltısı qədər belə eşidilməyəcək bir məğmun, aciz, gücsüz bəndənin söylədikləri yaralarına məlhəm, dərdlərinə təsəlli ola bilməyəcəkdi. Mənim millətim xristian olması – xristian güclərə arxalanması hesabına bu mücadilədə güclü tərəf idi, müsəlmanları tam yenmişdi - əsas həqiqət bax buydu.

O ki Əhməd İzzət Paşanın əmriylə yaş senzinə görə ordudan kənarlaşdırılmış Maraş komantanı Süleyman Paşa təsəlli üçün atlı qarışqaları döyüşdürərkən təqribən eyni ölçülü-biçimli, eyni güclü qarışqalardan birinə qahmar çıxaraq yoğun barmağıyla digərini daim aşağı itələyirdi, eynən o cür də bolşevizmin yoğun barmağı erməni – müsəlman münaqişəsinin müqəddəratını həll etməkdəydi.

Qaranlıq düşəndə qarabasmalarım başlayırdı, ağlımı get-gedə itirmək üzrə olduğumu ehtimallarım, fərziyyələrim daha aydın isbatlayırdı. Bu şəhərin hər gün təkrarlanan küləklərinin vıyıltısı pəncərəni çərçivə qarışıq qoparmaq, damı laxladıb uçurmaq çabalarıyla çıxardıqları səs-sədayla mənə lap sarımı uddururdu. Bir yandan da, çox güman, ev sahibəsinin yanına gələn erkəklərin gecə yarı belə usanmadan taxta pillələri cırıldadaraq aşağı-yuxarı çıxmaları içimə vəlvələ salırdı. Gözlərim yuxusuzluqdan alışıb yansa belə onları yuman kimi gah bu lənətə gəlmiş səslərin qorxu-hürküsü, onlar imkan verəndə isə həmin o qarabasmaların basqısı (daha çox qaynar su ilə dolu qazan başıma əndərilir, ərşə çatan tonqalda heyvan kimi ətim şişə taxılıb qızardılır, xəncərlə gözüm ovulub xırçıltıyla yerə tökülürdü) məni yataqdan dik atılmağa, işığı yandıraraq su qrafinini başıma çəkməyə, yanğımın söndürülməsi prosesinin bir belə uzun çəkməsindən sonra da təngnəfəs halda ciblərimi axtararaq papiros və kibrit tapıb ciyərlərimin məhvini labüdləşdirən papirosçəkmə cəzasına sövq edirdi.

Belə vaxtlar “bəlkə mən lənətlənmişəm” deyə düşünür, bu düşüncənin öldürücü təsiri əvvəlki vəziyyətimi bunun yanında lap toyagetməli edirdi. Özümü hamam otağına salıb başımı soyuq suyun altına tutur, fınxırıb burnumu təmizləməklə kəsilməkdə olan nəfəsimi bərpa edəcəyimi düşünür, bir də alüminium tübikdəki mentol dadı verən pasta ilə ciddi-cəhdlə, var-gücümlə dişlərimi sürtürdüm.

Haçansa hardansa oxumuşdum ki, ruhi sarsıntı keçirən insanların özəl qəribəlikləri olur, gecə yarısı dişimin mina qatının indicə qoparılıb aparılacağı təəssüratı yaradan çox kobud təmasla diş fırçalamağım, şübhəsiz, mənim ruhi sarsıntımı isbatlayan özəl qəribəliyim sayıla bilərdi. 

Tarix ona görə tarix olur ki, güclüyə xidmət edib zəifi aşağılayır. Tarixin qələmini, kağızını güclülər ayırır, onu yazan mirzələri güclülər seçir, bir tikə çörəyini, bir içim suyunu verir ki, otur yaz. Onlar da yazır. Qaraya ağ, ağa qara deyə-deyə yazdıqlarını üst-üstə qalaqlayırlar.

Şərəfin tarixi əsla mümkün olan şey deyil. Məncə, yalnız şərəfsizliyin tarixi mövcuddur!”

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.