Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
23 aprel – Beynəlxalq Kitab Günü münasibətilə UNEC-in Qida Sənayesi Kollecinin nəzdində fəaliyyət göstərən "QSK KÖNÜLLÜLƏRİ"nin "Söz Dünyası" Kitab Klubunun təşkilatçılığı ilə yazıçı, publisist və ictimai xadim Varislə görüş keçirilmişdir.
Tədbirin məqsədi gənclər arasında kitaboxuma mədəniyyətinin təşviqi, ədəbiyyata marağın artırılması və yaradıcı mühitin formalaşdırılması olmuşdur. Görüş zamanı Varis öz yaradıcılıq yolu, müasir ədəbiyyatın mövcud vəziyyəti və yazıçı məsuliyyəti barədə geniş məlumat vermiş, tələbələrlə səmimi müzakirələr aparmışdır. Tələbələrin suallarını cavablandıran qonaq, eyni zamanda gəncləri mütaliəyə, yazmağa və düşünməyə təşviq etmişdir.
Tədbirin sonunda yazıçı iştirakçılara öz imzası ilə rəhbərlik etdiyi Azərbaycan Ədəbiyyat Fondunun Mədəniyyət Nazirliyi ilə birgə ərsəyə gətirdiyi mütaliənin faydası barədə kitabları hədiyyə etmiş, bu mənalı jesti ilə Kitab Gününə xüsusi rəng qatmışdır.
Görüş iştirakçılar tərəfindən maraqla qarşılanmış, ədəbiyyatsevərlərin yaddaşında ilhamverici bir gün kimi qalmışdır.
Qeyd edək ki, "Söz Dünyası" Kitab Klubu QSK KÖNÜLLÜLƏRİ tərəfindən təsis olunmuşdur və fəaliyyətində tələbə, müəllim və kollec əməkdaşlarının ədəbi-mədəni inkişafına töhfə verməyi hədəfləyir.
“Ədəbiyyat və incəsənət”
(24.04.2025)