“Mən yazdıqlarıma cavabdehəm, oxucunun öz dünyagörüşünə görə anladıqlarına deyil” - MÜSAHİBƏ Featured

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”

 

...Bütün romançıların uzağında bir həsrətli oxucusu var.  Bunu ikimiz də bilirik-o da, mən də... Ona görə də, onun romanlarının içində sevda bitirmək, ümid yaşıllandırmaq cəhdlərinin hamısının doğması sayıram özümü.

 

         “XAN” nəşriyyatının “Məşhurlar” seriyasından “Məktublar”ı tərtib edərkən Edqar Ponun öz redaktoruna yazdığı məktubu oxumuşdum. İlahi, bir yazıçı öz redaktoruna bu qədərmi güvənirdi? Düşünəndə ki, Ponun o qeyri-adi hekayələri, “Quzğun” kimi möhtəşəm  şeiri yazanın şairlərə ironiya etdiyi o nəsr nümunələri Kennedinin ruhuna necə toxunub, Kennedi öz yazıçı qələmini bir kənara qoyaraq redaktorluq borcunu necə gözəl yerinə yetirib, barmaqlarımın ucu gizildəyir.

         17 illik redaktorluq təcrübəmdə özümü “onun Kennedisi” saydığım  müəlliflərin sayı barmaq sayını keçmədi. Bu, bir ağrıdır ki, müəlliflərin çoxu redaktəni texniki proses sayırlar. Bu, bir bəladır ki, müəlliflər elə bilir, yazdıqları cümlə şedevrdir, toxunulmazdır... Amma o- “Kennedisi” olduğum müəlliflərdən biri iş prosesində məni olduğum yerdə gördü.

         İş prosesində onun haqqında yazmaq, ondan müsahibə almaq məslək etikasına zidd olardı deyə, susdum. Bir də ona görə susdum ki, işim “danışsın” onun haqqında.  Şükür, sədası hələ də eşidilməkdədir.

         O, 25 roman müəllifidir... Daha çox psixoloji və ezoterik mövzulardan yazır. Obrazlarının əksəriyyəti həyatın içindən “gəlib” onun romanlarına.  “Oğurluq bədən”də Ponun “Quzğun”undan da bəhs edir. “Həzz”də erməni xislətini bir obraz ilə elə açır ki, elə bilirsən, Xocalıda axan qan irmağı sinənin üstündən keçir. “Hiyləgər Sofa”da yalanın xəritəsini çəkib. “Sarı xəfiyyə” yeniyetmələrin heyvanlara qarşı düşüncəsini kökündən dəyişə biləcək əsərdir... “Cadugər” və “Şeytan özü şahiddir” romanları isə, sadəcə, möhtəşəmdir!

         O, yazıçı Nazlı Çələbidir. Dilbər Abas qızı Çələbi 4 fevral 1970-ci ildə Bakı şəhərində dünyaya gəlib.  1992-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini bitirib. Bioenergetika, parapsixologiya, psixoterapiya sahələri üzrə təhsilini Moskva şəhərində davam etdirib. Zaqafqaziya və Orta Asiya üzrə Beynəlxalq dərəcəli ən yaxşı həkim-məruzəçi adına layiq görülüb. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər birliyinin üzvüdür.

         Atüstü bir söhbət etdik  Nazlı xanımla... Və istədim ki, bu söhbətimizdən oxucular da xəbərdar olsun. Özü də, o oxucular ki, oturub-durub deyirlər: “Azərbaycanda yazan var?” Oxusunlar, öz ədəbiyyatımıza sahib çıxsınlar!

 

-Nazlı xanım, yazıçı maarifləndirməyə məsuldurmu? Bəlkə onun missiyası eləcə nəql etməkdir, oxucu həmin əsərdən nə öyrənəcəyini özü seçməlidir?

 

-“Məsul” sözü, fikrimcə, doğru deyil. Seçim isə həm yazıçınındır, həm də oxucunun. Məsələn, elə oxucu var əylənmək istəyir, elə oxucu var öyrənmək istəyir. Oxuyacağı kitabı oxucu özü seçir. Onun  əsərdən nəyi anlaması isə öz intellektual səviyyəsindən, düyagörüşündən asılıdır. Yazıçı hər bir oxucunun düşüncə qapısını döysə də, mətləbi izah etmək şansı ona bircə dəfə verilir-əsəri yazanda. Ondan sonra düşüncə qapılarından içəri ötürülənlər o qapının içərisindəkindən asılı olur. Oxucu əsərdən nəyi necə və nə qədər götürəcək? Bəlkə çətin vəziyyətdədir, istəyir ki, oxuduğu kitabda çıxış yolu tapsın? Ya bəlkə iztirab içindədir, istəyir oxuduğu əsərdə hansısa qəhrəman ondan betər əzab çəksin ki, o da təsəlli tapsın?  Bu mənada, yazıçını “məsul şəxs” yox, bir növ, “bələdçi” saymaq olar.

 

-Müəllif  yazdıqlarına qısqanclıqla yanaşır bir az... Bu qısqanclığı necə yaşayırsınız? Məsələn, yazdıqlarınızın başqa cür yozulması sizi də incidirmi?

 

-Heç bu haqda düşünməmişəm... (gülümsəyir) Yozum da insanın dünyagörüşündən asılıdır. Mən yazdıqlarıma cavabdehəm, oxucunun öz dünyagörüşünə görə anladıqlarına deyil. Bir məsələ də var ki, mən yazdıqlarımın oyanmış insanlar üçün olduğu qənaətindəyəm. Metafizikadan, paralel dünyadan xəbərdar olanlar kitablarımı daha rahat oxuyur, daha gözəl aydınlanır. Yaxud, elə insan olar ki, elmdən bixəbərdir, amma müdrik ruha sahibdir. O insanlar da əsərlərimdən çox şey öyrənə bilər. Lap istər, əsərlərim proyektor olsun, düşüncə qapılarını inadla bağlı saxlayanların daxilinə işıq haradan süzüləcək ki?!

 

-Yazıçı əsəriylə bağlı gözəl rəy alanda sevinir ha, o sevinc ölçüyə gəlmir! 

 

-Hə! İndiyədək o qədər gözəl rəylər almışam ki! Səmimiyyətlə deyilən bütün sözlər, dilə gətirilən rəylər məni sevindirir. Şükür, bu cür gözəl rəylər çox almışam. Rəy bildirənlər içərisində sadə insanlar da olub, alimlər də, orta təhsillilər də. Hamısı da kitablarımı ruhlarına doğma bilib.  Müsbət rəylər məni həm də, ona görə sevindirir ki, demək, oxucu əsərimdən nəsə öyrənib, müsbətə doğru bir addım atıb. Bunu bilmək ilahi hədiyyədir mənə.

 

-Real insanları ədəbiyyata gətirmək həmin insanların həyatında nəyi dəyişir?

 

-İnsanın taleyində elə hadisələr olur ki,  zamanda geridə qalsa da, daxildə bitməmiş olur.  O yaşantılar insanın ruhunu dağlayır. İnsan istəyir ki, o hadisə haradasa həll olsun, bitsin, nöqtəsi qoyulsun. Yazıçı o hadisəni də, o insanı da ədəbiyyata gətirir. Bədii əsərin içərisində hadisənin səbəbi də açılır, cəzaya layiq olanlar cəzalandırılır, qisaslar alınır. Və həmin əsəri oxuyan insan daxilində o hadisəni bitirə bilir. Bu mənada, deyə bilərəm ki, bədii ədəbiyyatda  insanların həyatı mənfiyə  doğru da  dəyişə bilər, müsbətə doğru da... Qaldı, ədəbiyyatın real həyata təsirinə, bu haqda konkret söz demək çətindir. Ədəbiyyat insanı xoşbəxt edirmi? Ədəbiyyat insanı cilalayırmı?  Bu cür sualların cavabları hər an dəyişir...

 

-Mən bir redaktor kimi sizinlə işləməkdən həmişə zövq almışam. Mətndə nəyi necə dəyişmək lazımdır-bunu mənim öhdəmə buraxmısınız. Və sizə heç vaxt bu sualı verməmişəm, indi vermək istəyirəm: etimadınızı doğrulda bilmişəmmi?

 

-Təbii, (gülür) əgər sən mənim etimadımı doğrultmasaydın birinci işimizdən sonra artıq sənə müraciət etməzdim. Bir də ki, bu etimadı da, etibarı da sən özün qazanmısan. Sənin ezoterikadan xəbərdar olmağın mənə ürək rahatlığı verdi ki, əsəri ilkin variantdanca sənin öhdənə verə bildim. Mən də bunu sənə deməmişdim, indi deyim, sənin köməyin olmasaydı, mən 1 ildə 16 kitab yazıb rekord vurmaq istəyimə nail ola bilməzdim. Əsərlərimə doğmalığın mənə yenidən yazmaq üçün motivasiya verdi. Peşəkarlığına olan inamım isə sürətlə işləməyim üçün stimul oldu. Bu kitabı bitirib sənə göndərdim, o biri kitaba başladım. Daha o nigaranlığım olmadı ki: “Əsərimin taleyi necə olacaq?”

 

         ...Gülümsəyirəm və söhbətimiz bitir. Bir müəllifdən “sənə etibar edirəm” cümləsini eşitməkdənsə, bu mesajı almaq daha böyük xoşbəxtlikdir redaktor üçün: “Yeni roman elektron poçtundadır. İş səndə!” Nazlı xanım məni xoşbəxt edən müəlliflərdəndir...

         Əgər hələ Nazlı  Çələbi imzasıyla tanış olmayan oxucu varsa, oxumağa “Cəza otağı”ndan başlamasını tövsiyə edirəm. Nə də olsa, üzü yayadır və “Cəza otağı”nda hadisələr  gözəl Şəkidə cərəyan edir. 

 

“Ədəbiyyat və incəsənət”

(24.04.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.