TƏLƏBƏ YARADICILIĞI – “Sözün yox, səsin yazarı Svetlana Aleksiyeviç” Featured

Ebru Bayramova, Naxçıvan Dövlət Universitetinin Filologiya ixtisası üzrə II kurs tələbəsi, “Gənc Yazarlar və Ədəbiyyatşünaslar” klubunun üzvü. “Ədəbiyyat və incəsənət” üçün

 

Cəsurluğun, qəhrəmanlığın, qorxmazlığın qadın, kişisi olmur. Bunun ən yaxşı göstəricilərindən olan əsərlərdən biri də 2015-ci ildə Svetlana Aleksiyeviçə “Nobel” mükafatı qazandıran “Müharibənin qadın olmayan üzü” adlı əsəridir. Svetlana Aleksiyeviç polifonik yazılarına və dövrümüzün iztirab və cəsarət abidəsini yaratdığına görə “Nobel”ə layiq görülüb. O, xırda şeylərin, kiçik hadisələrin böyük yazarıdır. İnsan həyatından çox, insan duyğularına abidə ucaldan yazar…

 

Tarixdə demək olar ki, ilk dəfə müharibəni bütün çılpaqlığı ilə göz önünə gətirən yazıçı Svetlana Aleksiyeviç olub. Həqiqətən də, onun əsərlərini roman hesab etmək olarmı? Çünki əsərlərində yazıçının öz sözlərindən daha çox, müharibədə iştirak etmiş qadınların danışıqları var. Svetlana Aleksiyeviç sözün yox, səsin yazarıdır.

O, “ Nobel” çıxışında deyir:  

“Flober deyirdi ki, o, qələm adamıdır, mən deyə bilərəm ki, qulaq adamıyam.Küçədə gedəndə qulağıma hansısa sözlər, ifadələr, nidalar dəyəndə həmişə düşünürəm: Bir gör nə qədər roman itib gedir, izi də qalmır. Zamanda. Qaranlıqda.İnsan həyatının bir hissəsi - şifahidir, onu ədəbiyyata qazandırmaq nəsib olmur bizə. Biz onu hələ qiymətləndirmirik, o bizi heyrətləndirmir hələ. Məni məhz o yaxalayıb, əsirinə çevirdi.İnsan danışığını sevirəm... Tək bir insan səsini sevirəm. Bu, mənim ən böyük eşqim və ehtirasımdır.” 

“Mən nə edirəm? Mən gündəlik hissləri, fikirləri, sözləri toplayıram. Öz zəmanəmin həyatını toplayıram. Mənə qəlbin, ruhun tarixi maraqlıdır. Ruhun həyatı. ” 

“Məni kiçik insan maraqlandırır. Kiçik böyük insan, ona görə ki, kiçik insanı iztirabları böyüdür. Kiçik insanın özü mənim kitablarımda öz tarixçəsini danışır, öz tarixçəsilə birgə böyük tarixi də.” 

Və bu da Svetlana Aleksiyeviçin jurnalist olan bir yazar olmasından qaynaqlanır. Əslində, bu əsərin əsas mövzusu müharibə deyil, qadındır. Elə bir qadın ki, düşmən əsgərləri belə inana bilmirdi ki, o, cəsur döyüşçü qadındır. İnana bilmirdilər ki, onları bir qadın öldürüb. “Müharibənin qadın olmayan üzü” əsərində II Dünya müharibəsində iştirak edən, müxtəlif işləri yerinə yetirən və daha sonra müharibənin əsiri olaraq yaşamağa davam edən qadınlardan bəhs edilir. Bəs o qadınlar orada nələr yaşadı? Orada olmaq onlar üçün asan idimi?

Əsəri oxuyan biri olaraq deyirəm ki, əsər insan psixologiyasına ciddi şəkildə təsir edir. Bir də düşünək ki, oradasan, bu hadisələri real şəkildə yaşayırsan, görürsən… Əsərdə müəllif orada iştirak edən qadınların müxtəlif vaxtlarda, yerlərdə, işlərdə yaşadığı hadisələri diqqətə çatdırır. Və bu yaşananlar bir qadın üçün yox, bir insan üçün o qədər dözülməzdir ki… 

 

Svetlana Aleksiyeviçin Nobel nitqindən bir hissə: Deyə bilmərəm ki, həmişə qatlana bilmişəm, - dəfələrlə olub ki, insandan diksinmişəm və qorxmuşam, heyrət və ikrah duymuşam, eşitdiyimi unutmaq istəmişəm, xəbərsiz olduğum zamanlara dönmək istəmişəm. 

Kitabda qeyd edilən məlumatlar insanın qanını dondurur. Bir ananın öz övladına qıyması, insanın öz yoldaşının ətini yeməsi, insanların doğranması, yandırılması… Bu bir insan üçün necə bir dəhşətdir fikirləşə bilirsiniz? Və burada tək ziyan çəkən insanlar deyil, təbiət, həmin təbiətin incisi olan heyvanlar belə ziyan çəkib…

"Bombardman vaxtı bir keçi də bizə qoşuldu. Bizimlə bir yerdə torpağa uzandı. Yanımızdaca uzandı və başladı çığırmağa. Bombardman başa çatdı, o yenə bizdən ayrılmadı, elə istəyirdi ki, bizimlə bir yerdə olsun. Canlıdır axı, o da canından qorxur. Nə isə... Gedib çıxdıq bir kəndə, qarşımıza çıxan qadına dedik: "Götür bu keçini saxla!" Canını qurtarmaq istəyirdi..."

"Kəndi geri aldıq...Su axtarırıq. Həyətlərdən birinə girəndə gözümüzə quyu sataşdı. Qıraqları taxta ilə hörülmüş quyu idi... Həyətdə güllə ilə vurulmuş ev sahibinin cəsədi qalmışdı... Yanında da it. Bizi görəndə başladı quyruq bulamağa, ora-bura qaçmağa. Onun nə etmək istədiyi sonra çatdı bizə, o isə bizi çağırırdı... Bizi evə çağırırdı... Onun arxasına düşüb getdik. Qapının ağzında ev sahibinin arvadı və üç uşaq yıxılıb qalmışdı. İt isə onların başının üstünü kəsdirib ağlayırdı. Əməlli-başlı ağlayırdı. İnsan kimi..."

Bəs onlar müharibədən sonra nə edəcəkdilər? Necə oranın təsirindən uzaqlaşa biləcəkdilər? Normal həyata dönmək onlar üçün asan olacaq? 

Müharibə bitdi, amma onların içindəki müharibə heç vaxt bitmədi, bitməyəcək… Orada yaşadıqları ağrı, əzablar dinmədi, dinməyəcək…Onlar müharibədən sonra belə, rahat yuxu yata bilmədilər. Müharibədən zahirən gəlsələr belə ruhları orada qalmışdı. Və heç vaxt o ruh müharibəni tərk edə bilməyəcəkdi. Elə indiki dövrdə Azərbaycan qaziləri də belədir. Onlar hələ də rahat yuxu yata bilmirlər. Yuxuda ikən sanki müharibə imiş kimi hisslər keçirirlər. Və 2-ci Qarabağ müharibəsinin bitməsindən bir neçə il keçsə də, hələ müharibədən sağ qayıdan bütün əsgərlərimiz psixoloji cəhətdən hələ də müharibədədir. Onların öz içlərində olan müharibə heç vaxt bitməyəcək.

Əsərdə göstərilir ki, bir çox insanlar orada iştirak edənqadınlarla qürur duysa da, bir çoxu onları qəbul edə bilmirdi. Və bunun səbəbi də müharibədə olmaları idi... Heç düşünmürdülər ki, onlar orada neçə-neçə igidi güllə altından qurtarıb, sağaldıb, onlara yemək bişirib, paltarlarını yuyub…

Onlar orda o qədər hadisə görüblər. Gözlərinin önündə ailələrini, sevdiyini, yoldaşlarını itiriblər. Amma o qəhrəman qadınlar vicdanını heç vaxt itirməyibdir. Onlar orada yaralı olan düşmən əsgəri belə olsa, onları sağaltmaq istəyib, onlarla öz yeməklərini paylaşıb, hətta yemək qıtlığı olsa belə, onları öz əsgərlərindən seçməyib. Əsər oxuyan hər kəsdə bir dəfə də müharibəyə nifrət hissi yaranır…

Svetlana Aleksiyeviç Nobel nitqindən:“ Bu “bunlar”, “onlar” sözləri mənə kitabın nə haqda olacağına eyham vurdu: müharibənin – qatillik olması haqda. Qadın yaddaşında necə qalması haqda.” 

Mənim fikrimcə, hər kəs bu əsərlə tanış olmalıdır. Çünki əsərdə müharibəni bütün orijinallığı ilə göz önünə sərmişdir. Elə bu kitabdan da bir hissəni nəzərə yetirək.

“Biz gedirik…Bəs arxamızda kimlər qalır? Mən tarix müəllimiyəm… Mənim dövrümdə tarix dərsliyini düz üç dəfə dəyişiblər. Mən üç ayrı-ayrı dərslikdən öyrənmişəm tarixi…. 

Bizdən sonra nə qalacaq? Nə qədər ki sağıq, soruşun, öyrənin. Sonradan uydurmayın bizi. Soruşun…

Mən bütün ömrüm boyu tarixdən dərs demişəm, ancaq mən dəqiq bilirdim ki, heç bir tarixi hadisəni sonuna qədər dəqiqliyi ilə bilmirik. Bütün yaşanmış hissləri. Bütün həqiqətləri…” 

Onlar ölmək istəmirdilər. Onlar yaşamaq, yaşatmaq istəyirdilər… 

 

“Ədəbiyyat və incəsənət”

(15.04.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.