Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”
Rəssam Cek Uelçin (Jack Welch) məşhur bir rəsmi var: “Ağlayan körpəni güldürməyə çalışmaq”. “Saturday Evening Post”un 19 fevral 1949-cu il sayının üz qabığında dərc edilən bu rəsm o gündən bəri, insanlarda fərqli hisslər yaratmaqdadır.
“Bildiyindən danış!” Belə deyirdilər əvvəllər dünyagörmüşlər. Eləsi olurdu, öz kəndindən çıxmırdı ömründə bir dəfə, amma onun dünyagörmüşlüyündən bir el faydalana bilirdi. Onun gördüyü dünyanın zahiri deyil, batini idi axı...
Bəs insan dünyanı necə görə bilər? Adının əvvəlinə necə yaraşdırılar “dünyagörmüş” sözü? Yaşayaraq... Yaşadıqlarını ya qürur, ya da peşmanlıq ilə etiketləyib ömür saxlancına qoymayaraq - yaşadıqlarını dərs bilərək, yaşadıqlarından öyrənərək...
Nağılları bizə ona görə danışmırdılar ki, gecəni rahat yataq. Danışdırdılar ki, həyatı tanıyaq, insanların “yaxşı” və “pis”, dünyanın “xeyir” və “şər” mütləqliyinə sığmadığını bilək. Bunu bilmək idi yaşamağı bacarmağın açarı...
Bu mənada, dünyagörmüş Uelçin çəkdiyi bir rəsmə baxaraq yaşanmışları xatırlamaq, yaşanacaqları xəyal etmək insanın sənət deyil, həyat qarşısındakı sayğı duruşudur. Uelç “Ağlayan körpəni güldürməyə çalışmaq” rəsmində qızı Rut Marini çəkmişdi; insanın yaradıcılığı öz var olanına söykənəndə daha inandırıcı, daha doğma olur axı... Başqa sözlə, bildiyini çəkirdi Uelç...
Bildiyindən danışan şairin şeirində azmır oxucu, axtardığını da tapır, özünü də. Özündən qaçmaqla özünü tapmaq arasındakı körpüdür şeir, əlimizdən tutub o körpüdən keçirən də. “Dünya bir pəncərədirsə”, nəfəsliyidir şeir... Sirr oradadır ki, elə o nəfəslikdən görürük dünyanın hər üzünü...
Bəzən “işıq gələn tərəf”i deyil, “it hürən tərəf”i seçməyimiz də şeirlərlə tanıdığımız dünyanı necə görməyimizdəndir. Yaxşısı ilə, pisi ilə bəşərik... Xeyiri ilə, şəri ilə dünya bizimdir, biz də dünyanın. Bəzən biz ağlayırıq, dünya “ağlayan bəşəri güldürməyə çalışır”, bəzən də dünya hönkürür, “ağlayan dünyanı biz güldürməyə çalışırıq...”
Şair Şahanə Müşfiq bizə məhz bu təzad-eynilik çərçivəsindən baxmağı tövsiyə edir. “İt hürən tərəf” adlı şeir baxdığımızı görməkdə, anlamaqda ən yaxşı bələdçimizdir...
Daha günümüzün sabahı açmır,
Daha ürəyimiz gözlərə yükdür.
İşıq gələn tərəf aldatdı bizi,
İt hürən tərəfə getmək gərəkdir.
Bir az da can atdıq göylərə doğru,
Yaşamaq ömürü gün-gün yeməkmiş.
Həyatı asmışıq gözlərimizdən,
Bir qırpım hər şeyin sonu deməkmiş.
Nə bilim çırağı yandıran kimdi?!
Bəlkə də bir divin tələsi deyil.
Hələ gəzdiyimiz işıqlı günlər,
Bəlkə yuxumuza gələsi deyil?!
“Ədəbiyyat və incəsənət”
(07.04.2025)