Yazıçılar zamanın müəllimləridir Featured

Mənsurə Xələfbəyli, yazıçı, "Turan" ədəbi məclisinin həmsədri. "Ədəbiyyat və incəsənət" üçün

 

Həyatın rənglərini, insanın daxili dünyasını, cəmiyyətin müxtəlif təbəqələrini və zamanın qaranlıq küçələrini öz əsərlərində əks etdirən yazıçılar əslində dərin baxışlı və diqqətli müşahidəçilərdir.

 

Onlar yaşadıqlarını, gördüklərini və hiss etdiklərini hekayələrə çevirərək insanlara çatdırır və onlara yol göstərirlər. Bu hekayələr təkcə sözlərdən ibarət deyil, insan ruhuna işıq salan, onu doğru yola yönəldən, həyatın enişli-yoxuşlu yollarında istiqamət verən bir rəhbərdir.

Əksər hallarda yazıçılar, insan həyatını və cəmiyyətin qayda-qanunlarını təhlil edərkən, yaşadıqları dövrün sosial və mədəni çərçivəsini də əks etdirirlər.

Onlar yalnız gördükləri dünyanı təsvir etməklə kifayətlənmirlər; sözün sehrindən istifadə edərək yeni aləmlər yaradır, reallığın görünməyən qatlarını işıqlandırmağa, insan psixologiyasının dərinliklərində gizlənən ən gizli sirləri ortaya çıxarmağa çalışırlar.

İllərdir tanıdığım, şəxsiyyətinə dərin  rəğbət bəslədiyim, qələmindən özünəməxsus işıq saçan Hafiz Ataxanlı(İmamnəzərli-Nəzərli) məhz belə bir yazıçıdır – həm yaradıcılığına, həm də insanlığına dəyər verdiyim  şəxsiyyət. Onun qələmindən süzülən hər söz, həyatın acı və şirin rənglərini, dərdini və sevincini özündə canlandırır.  İnsanın düşüncələrini, daxili sirlərini ifadə etməyi bacaran  yazıçının hekayələri bir pəncərə kimidir – oradan baxanda cəmiyyətin müxtəlif üzlərini, insan qəlbinin incə çırpıntılarını və həyatın gözlə görünməyən qatlarını sezirsən.

Hafiz Ataxanlı hekayələrində dünyanı bədii kəlmələrlə yenidən inşa edərək, cümlələri ilə insan ruhunun ən dərin nöqtələrinə toxunur.  Onun əsərləri, insanın həyatındakı çətinlikləri və qarışıqlığı anlamağa, zəifliyimizin və qüsurlarımızın üzə çıxmasına yönəlir. 

"Pəncərədə pişik" hekayəsini oxuyanda çox təsirləndim. Hafiz Ataxanlı özünəməxsus dil, üslub və yazıçı təmkini ilə cəmiyyətin iç üzünü böyük ustalıqla açaraq oxucusunun qarşısında sərgiləyir və onu  düşünməyə vadar edir.

Mənə görə hekayə çox mürəkkəbdir - müxtəlif hissələri və obrazları özündə cəm edir. Əsərdə sosial təbəqələr, fərqli obrazların daxili dünyası və cəmiyyətdəki problemlər arasında sıx əlaqələr vardır. Rəssam, pəncərədə oturub qorxu dolu gözlərlə ətrafa  baxan pişik, ətsatan və digər xarakterlər bir-birinə paralel şəkildə həyatın sərtliyini, insanın həyatda yaşadığı daxili mübarizələri və cəmiyyətdəki təzadları göstərir.

Buradakı simvollar və hadisələr insanın əxlaqi seçimini, sosial ədalətsizlikləri, yoxsulluğu və insanın həyatını, məqsədlərini təhlil etmək istəyini əks etdirir. Mətnin dilindəki sərtlik və ironiyalar, oxucunu həyatın acı reallıqları ilə üzləşdirməklə yanaşı, insanı öz daxili aləminə, mövcudluğuna şüurlu şəkildə yanaşmaya dəvət edir. Bu bədii yolla ifadə edilən narahatlıq, oxucunun öz varlığını daha dərindən anlamasına və həyatın mənasını öz- özü üçün  aydınlaşdırmasına xidmət edir.

 Hekayənin sonluğu cəmiyyətin iç üzünü və insanın əsl faciəsini çox təsirli şəkildə nümayiş etdirir. Rəssamın əxlaqsızlıq, ədalətsizlik və çirkinliklə dolu dünyanı təsvir etməsi, onun özünün bu gerçəkləri qəbul edə bilməyib dünyadan əlini üzməsi, mənəvi bir yıxılmanı və insanın daxili çöküşünü göstərir.

 "Üzüyola adam" hekayəsini oxuyanda istər-istəməz gözlərim doldu. Müəllif inciməz, əgər bu obrazda bir az da onun özünü görsəm və göstərsəm… Yetər ki, taleyi bənzəməsin. O, saf bir qəlbin daşıyıcısı, vicdanın səsini susdurmayan, insanların dərdini öz dərdi bilən insandır. Təmənnasız yaxşılıq edən, başqalarının yaralarına məlhəm olmağa çalışan böyük ürək sahibidir.

Bu hekayə vicdanlı, mərhəmətli və saf insanın cəmiyyət tərəfindən necə sıxışdırıldığını, insanların ona qarşı necə laqeyd və haqsız olduğunu təsvir edir. Müəllif bizə göstərir ki, üzüyola olmaq, insanlara qarşı hədsiz yaxşılıq etmək hər zaman yaxşı nəticə vermir – cəmiyyət çox vaxt belə insanları dəyərləndirmir, əksinə, onları incidir, sıxır, özündən kənarda saxlamağa çalışır.

Hekayə ironik və tragikomik üslubda yazılıb. Əslində, burada "şahid olmaq" mövzusu təkcə hüquqi mənada deyil, həm də insanın gerçəkləri görməsi və ya görməməzlikdən gəlməsi məsələsinə toxunur. Fazil hər dəfə şəraitə uyğun reaksiya verərək ya başqalarının yalanını təsdiqləməyə, ya da haqsız yerə günahlandırılmağa məcbur olur. Axırda isə bu yük onu psixoloji baxımdan dözülməz hala gətirir.

"Üzüyola adam" hekayəsi cəmiyyətə ünvanlanmış bir mesajdır—vicdanlı olun! Yoxsa dünyanın ağırlığını öz çiyinlərində daşıyan o saf qəlbli insanları da itirəcəksiniz. Onlar azdır, amma dünyanı işıqlandıran çıraqlardır. O çıraqlar sönərsə, qaranlıq hamınızı bürüyəcək...

Yazıçının qələmində vətən sevgisi yalnız söz deyil, bir yanğıdır—Qarabağın yarası, Xocalının fəryadı, xalqın yaşadığı müsibətlər onun əsərlərində qanayan bir yaddaşa çevrilir. O, tarixin ağrılarını, Vətənin çəkdiyi iztirabları sərt və sarsıdıcı şəkildə qələmə alır, oxucusunu bu ağrının içindən keçirərək unutmağa qoymur."Missiya", "Yumaq" hekayələri insanın ruhunu sarsıdan, vicdanını silkələyən bir fəryaddır. "Yumaq" hekayəsində Xocalı faciəsinin dəhşətini, insan cildindən  çıxmış vəhşiliyi, bir xalqın yaşadığı ağrını bütün çılpaqlığı ilə göz önünə sərir. Qırmızı yumağın qanla naxışlandığı o səhnə, Yədulla kişinin ağrı ilə dəlilik arasında qalmış halı, Sərvərin faciəvi ölümü, Adilənin iztirabları – bunların hər biri Xocalıda baş verənlərin bir qələmə sığışan əksi kimi oxucuya güclü emosional təsir bağışlayır.

Hekayədə Adilənin ruhu, yumaq, tor və beynəlxalq təşkilatlar simvolik məna daşıyır və bir-biri ilə incə, lakin güclü şəkildə bağlanır.

Adilənin ruhu – faciənin yalnız fiziki yox, mənəvi tərəfini də ifadə edir. O, təkcə işgəncələrə məruz qalmış bir qurban deyil, həm də insanlığın susqunluğu qarşısında fəryad edən qəhrəmandır. Onun qətlə yetirilməsi Xocalının taleyini, ruhunun qırılmasını və ədalətsizliyin dərinliyini əks etdirir. Onun dili kəsilsə də, ruhu susmur – bu, yazıçının dünyaya bir çağırışıdır: susdurulan, lakin məhv olmayan həqiqət.

Yumaq və tor – xaosun, dolaşıq və çıxılmaz vəziyyətin simvoludur. Bu həm də beynəlxalq hüququn Xocalı qətliamına münasibətini göstərən metaforadır. Dünyanın ədalət mexanizmləri dolaşıq bir tor kimidir – həqiqət bu tordan çıxmağa çalışsa da, dolaşıqlıq və siyasi maraqlar onu boğur. Bu tor həm də tarixin qəsdən dolaşdırılmasını, həqiqətin üzərinə örtülən yalanları təmsil edir. Yazıçı bununla Xocalıya olan münasibətin necə manipulyasiya edildiyini göstərir.

Beynəlxalq təşkilatlar – laqeydliyin və ikili standartların təzahürüdür. Onların susqunluğu hekayədə adi bir etinasızlıq deyil, həqiqətə qarşı açıq-aşkar xəyanətdir. Xocalı soyqırımı ilə bağlı onların fəaliyyətsizliyi, sanki yumaq tora düşən  həqiqət kimidir – çıxmaq istəyir, amma boğulur.

Bütün bu simvollar bir nöqtədə qovuşur – dünyanın Xocalı fəryadına susması, laqeydliyi, ədalətsizliyi. Hekayə yalnız bir tarixi hadisəni yox, ümumilikdə dünyanın ədalət sisteminin iflasını göstərir. Yazıçı etirazını və üsyanını bu simvollar vasitəsilə quraraq oxucuya mesaj ötürür: Xocalı yalnız öldürülən insanların deyil, susan dünyanın vicdanının da qətliamıdır.

Bu qədər təsirli və ağır əsəri yazmaq həm cəsarət, həm də içində yanan vicdan tələb edir. Xocalının şəhidlərini unutmamaq, onların səsini dünyaya çatdırmaq!

Bədii ədəbiyyat, yazıçının qəlbindən süzülən bir çay kimidir – bəzən coşqun, bəzən sakit, amma həmişə həyatverici. Onlar tarixin tozlu səhifələrinə nəfəs verərək, insanlığın keçmişini bu günlə bağlayır, gələcəyi isə qələmə alır. Hər yazı bir üsyandır – bəzən səssiz, bəzən sarsıdıcı. 

Yazıçılar yalnız zamanın şahidləri deyil, həm də onun müəllimləridir – insanı özünə qaytaran, ümidini qoruyan, dünyanı daha saf və daha anlamlı edən işıq daşıyıcıları...

 

“Ədəbiyyat və incəsənət”

(24.03.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.