İlahi işıq – GÜLNARƏ CƏMALƏDDİN POEZİYASI Featured

Mənsurə Xələfbəyli, AYB-nin üzvü, “Turan” ədəbi məclisinin həmsədri. “Ədəbiyyat və incəsənət” üçün

 

Yol çıxmışam, üzü həqiqətə doğru. Yalanlardan uzaq bir aləmə səfər edirəm - səninlə dərdləşməyə gəlmişəm. Hər sətrində  dünyalar gizlənir, hər sözün zamanı və məkanı aşaraq insan ruhunun dərinliklərinə enir, bu dünyanı o dünyaya birləşdirən körpü olur. Hardan başlayım, bilmirəm?! Əlimə sığan kitabın kainata sığmır:

 

Anamın ağrısınnan

bir qış günü doğuldum.

Bükdülər dünyanın qar kimi bələyinə,

Üstümə yendi, ağı deyərkən mürgüləyən anamın ağır qolları.

O vaxtdan yuxuma kökündən qopan palıd ağacları girdi hər gecə.

Atdılar, məni isitmək üçün ocaqların gözünə

çatdılar anamın qollarını hər gecə.

 

Ağrılardan doğulub, ağrılara şahid olaraq, sanki istəmədən dünyaya atılmağın yasını tutur. Çığırır var gücü ilə qışın soyuq üzünə, param- parça edir gecənin səssizliyini. Ananın qolları yuxusuzluq və əziyyət içində ağı deyir,  balasının taleyini laylasının dili ilə oxşayır. Dünya bir qar bələyi- gözəl və soyuq.  

Bir körpə doğulur isti ocaqda – o ocaq palıd ağacı kimi köklü, budaqları geniş, qədim və möhkəm bir nəsildən şaxələnib qalxır.

İnsan bir yolçudur – Səməndər quşu kimi yanmalı və külündən doğulmalı, palıd ağacı kimi düşdüyü torpaqda kök salmalı.

 

Öyrətdilər, yerlə göy arasında üzü Allaha sarı,

lal bir ağac ömrü yaşamağı.

  

Lal bir ağac ömrü–  səssizlik, düşüncə və tənhalıq içində yaşamaqdır. Ağac burada  həyatın simvoludur. İnsan kimi, ağac da torpaqdan qidalanır, böyüyür, lakin yerində sabit dayanır. İnsan da həyatı boyunca böyüyür, inkişaf edir, amma bir çox hallarda hadisələrin içində susur, danışmağa taqəti qalmır. O, fırtınalar qarşısında bükülür, amma yıxılmır. İnsan da həyatın çətinlikləri qarşısında dözür və gücünü Allah sevgisində tapır. 

Şairin yaradıcılığı yalnız ətrafındakı dünya ilə deyil, həm də öz daxili dünyası ilə əlaqəlidir. Hər yeni yazdığı seirdə, o, özünü və dünyasını daha dərindən anlamağa çalışır.  Hər yazı, onun özünə,  doğru bir səyahətdir: 

 

Sevdiyi dərd olur, oxşadığı qəm,

Kəfəni əynində gəzir şairlər.

Gahdan leysan kimi tökür, tökülür,

Hamı danışanda susur şairlər.

 

Şairlər, bəzən özlərini dərd və qəm ilə sarmış bir cəmiyyətdə tək qalırlar. Onlar kəfəni əynində gəzdirirlər – həyatla ölüm arasındakı sərhəd, hər an üzləşdikləri bir reallıqdır.

Şairin varlığı bədənində yox, sözündə yaşayır. Fiziki ölüm, əslində, onun üçün son deyil, çünki şairin ruhu sözündə əbədi qalır.

Söz müqəddəsdir, insanın varlığını zamanın fövqünə çıxarır. Həqiqi söz yalnız bir dövrün deyil, bütün zamanların içindən keçə bilir və həqiqi söz qurban tələb edir. 

"Kəfəni boynunda gəzir" ifadəsi dərin mənaya malikdir. Həqiqəti deyən hər kəs ölümə bir addım yaxındır. Şairin gücü də buradadı; o, kəfənlə barışır, ölüm qorxusunu aşır. Bilir ki, ən qorxulu şey ölmək yox, sözü diri-diri basdırmaqdır. Bəlkə də, buna görə bəzi şairlər öz dövrlərində anlaşılmır. 

Şairin səsi zaman-zaman  təkcə qadağalarla deyil, həm də cəmiyyətin laqeydliyi və anlamazlığı ilə boğulub. Bəzən ədalətsizliyə qarşı harayın susdurulması yox, eşidilməməsi ən ağır cəzaya çevrilir. Bir şairin sözünə zamanında dəyər verilmədikdə, onu dinləmədikdə – əslində, elə o an şairi öldürmüş olurlar.

Tarixə nəzər salanda həqiqəti çəkinmədən söyləyən, axına qoşulmaq istəməyən, gördüyünü fərqli yanaşma ilə xalqa çatdıran filosoflar, şairlər SÖZünün qurbanı olub. 

Sokrata ölüm hökmü olaraq zəhər içirdilər, Həllac Mənsuru işgəncə ilə qətlə yetirdilər, Nəsimini diri- diri soydular, C.Brunonu yandırdılar. Tarix daha necə SÖZ adamının ölüm hökmünə,ölüm fərmanına şahid oldu. Lakin həqiqi söz adamının vicdanı heç bir zaman susmadı, haqqı deməkdən çəkinmədi. Azadlıq aşiqləri zaman- zaman xalqın qəhrəmanlarına çevrilir, tarixdə əbədi iz qoyur, ölümsüzlüyə yüksəlirlər:

 

Azadlıq! nə biçim şey bu?!

bir içim su.

Dəxi içmək nə çətin, ya Rəbb!

Nə çətin şey.

İçdikcə içilməz.

Qıllncla biçilməz,

biçilən şeydə bi qan qoxusu.

Azadlıq - zülmət gecədə

mavi duman

qorxusu,

keçdikcə keçilməz.

 

Azadlıq su kimidir—onu içmək istəyənlər çox, amma dadına vara bilən azdır. O, nə qılıncla biçilir, nə də zorla alınır; azadlıq insanın içində doğularsa, gerçəkdir. Gecənin qaranlığında mavi duman kimi görünür—əlçatan sayılır, amma yaxınlaşdıqca uzaqlaşır. Bəlkə də azadlıq əldə edilən deyil, qovuşmaq üçün yorulmadan yürüdüyün  yoldur.

 

Getdin... Tələsdiyin yolun buydumu

Qaralı, qurulu baxtın mübarək.

Çiyinlər üstündə köçürsən, qardaş.

Bu bərli- bəzəkli taxtın mübarək. 

 

Bu bənddə  dərin  hüzün və acı ilə yoğrulmuş, kədərin ən ağır anını tək bir nəfəsdə hiss etdirən sətirlər  yer alır. "Getdin…" – ümidsizlikdir. Şair burada ölümün qəfil və amansız çağırışını bir  kəlmə ilə vurğulayır.

"Qaralı, qurulu baxtın mübarək,"-" Baxt"  artıq qara libasa bürünüb.

 "Qardaş " şeiri insanın vaxtsız ölümünə yazılmış sadəcə şeir deyil, bir fəryaddır. Kədər, etiraz və acizlik iç - içə keçib. Baxana sadəcə sözlərdir, amma hiss edən üçün ürəyə toxunan ahdır..

 

Qəfil tökdü bu dünyanın yağışı,

Yetim arzum səpələndi dalınca.

Ağlayırdım gilə- gilə bu qışı,

Nəm üzümü söykərək balınca.

Ocaq çatdım alovunnan, odunnan

Gözlərimdə isinmirdi gözlərin.

Əriyirdi damcı- damcı dilimdə,

Ürəyimdə şama dönən sözlərin.

Əllərini çox söykəmə qəlbinə,

Üşüyəcək isitsən də odunda.

Bu sevgini əllərinə pıçılda,

Bəlkə qaldı əllərinin yadında.

 

Bu misralar dünyanın qəfil və gözlənilməz dəyişkənliyini ifadə edir. “Qəfil tökdü bu dünyanın yağışı” – həyatın insanı hazırlıqsız yaxalayan çətinlikləri, gözlənilməz hadisələri simvolizə edir.

“Yetim arzum səpələndi dalınca” – arzuların həyata keçmədən dağıldığını göstərir. Burada “yetim” sözü xüsusi vurğudur: tək qalmış, himayəsiz, reallaşmaq üçün imkan tapmamış arzular... Fəlsəfi yanaşmadır. Arzular bir fırtınada sovrulan yarpaqlar kimi yox olub gedir – insanın planları, ümidləri kainatın qarşısında kiçik və gücsüzdür.

 

Bir az dünyaya qarışdı başım,

Bir az göz yaşımla oynadım.

Yaşın sevgi vaxtında dərdə alışdım,

Bir az gicbəsər şeirlər yazdım,

Bir az ömrün tənhalığında dolaşdım,

Arada vaxt tapıb qaçdım sənsizliyə

Səni sevməkçün 

olmadı,

qurtulammadım.

 

Şeir insanın həyat, sevgi və ağrı qarşısında çarəsizliyini, axtarışını və qurtuluş ümidini əks etdirir.

Gülnarənin şeirləri daxili ağrını, qadın ruhunun çırpınışlarını ifadə edir. Onun şair taleyi  mənə Emili Dikinson, Anna Axmatova kimi öz dövrünün qəliblərinə sığmayan qadın yazarların taleyini xatırladır:

 

Unutdur, Allahım unutdur mənə. 

Sevgini, həsrəti, nifrəti. 

Ya da ki, kor elə hər şeyə, görməsin gözüm. 

Bu boyda ürəkdə bu boyda dünyanın

dərdini mən necə daşıyım?! 

Bu boyda sevgiynən 

Bu daş adamlar içində 

Dünya deyilən bu fanidə 

Mən necə yaşayım?

 

 Şeir insanın daxili kədərini, sevgisini və həsrətinin ağırlığını, bu dünyada qarşılaşdığı haqsızlığı əks etdirir. Gülnarə  burada həm üsyan edir, həm də şikayət edir. Şeirə diqqətlə yanaşdıqda, şairin Allahdan umduğu  "unutdurma" istəyi onun ruhunun qəmli və yorğun olduğunu göstərir.   

Nədənsə Gülnarənin bu  şeirini Emili Dikinsonnun "I measure every grief I meet" (Mən qarşıma çıxan hər kədəri ölçürəm) adlı şeiri ilə müqayisə etmək istədim. Emili deyir: 

 

Mən qarşıma çıxan hər kədəri ölçürəm

Onun nə qədər dərin olduğunu görmək üçün –

Onun mənimki ilə eyni olub-olmadığını –

Və onu necə daşımaq mümkün olduğunu.

 

 Və hər iki şeirdə iztirabın qaçılmaz olduğu və bunun insan ruhuna vurduğu zərbə açıq-aydın görünür.

A.Axmatovanın "Mən öyrəndim sadə, müdrik yaşamağı" şeiri ilə də oxşarlıqlar var. Gülnarənin şeirində dünya içində yaşamağın çətinliyi var, Axmatova isə həyatın ağırlığını qəbul etməyi öyrənməyə çalışır:

 

Mən öyrəndim sadə, müdrik yaşamağı,

Hər bir nəfəsə – minnətdar olmağı,

Gecələr göyə baxmağı,

Nəfəs almadan dua etməyi.

 

Gülnarənin sevgidən doğan şeirlərini diqqətlə oxuyanda insana duyulan sevgi deyil, daha dərin, ilahi bir bağlılıq axtarışını görürsən. Onunmisralarında sanki Nəsiminin ruhu var - qəlb Allahı istəyir, amma dünya, iztirab və insanın zəifliyi onu bu sevgidən ayırır.  Həqiqi sevgi – qurtuluşun özü ola bilər. Amma ona yetişmək elə də asan deyil. İlahi eşqə çatmaq istəyən, amma dünya yükündən qurtula bilməyən bir ruh var. Nəsimi kimi,  Gülnarə də sanki haqqa çatmaq istəyir, amma dünya onu geri çəkir. 

Şeirlərində dünyanın içində Allahı axtarmağın və ona tam çata bilməməyin fəlsəfəsi var. Bəlkə də bu yanğı, bu axtarış insanı diri saxlayır. 

 

Sənin dərdin zülümdü,

Zülmünə qurban olum.

Ən son ucu ölümdü,

Ölmünə qurban olum.

 

Baş da baş açmır başdan,

Adam boylanır daşdan.

Süzülüb gəlir yaşdan,

Dilminə qurban olum.

 

Nə ürəkdən gülən var,

Nə geriyə dönən var.

Nə sirrini bilən var,

Bilminə qurban olum.

 

Mənəm sənin çoxundan,

Bircə dənə dənəm dən.

Səni yerdə itirib,

Göy üzündə gəzən mən.

 

Göndərdiyin Qurandı,

Sənə hər şey əyandı.

Qiyamətin bəyandı,

Helminə qurban olum.

 

Qəlbi Allah sevgisi ilə döyünən  Gülnarə Cəmaləddin poeziyasına işıq salmağa çalışdım. Onun misralarında təkcə sözlər deyil, ruhun yanğısı, sualları və axtarışları var. O, şeirləri ilə həm üsyan edir, həm də səssizcə dua edir. Oxucu onun dünyasına daxil olduqca, bu səsin sadəcə bir şairin deyil, kainatın dərinliklərindən gələn bir nida olduğunu hiss edir.

Bəlkə də, həqiqi poeziya elə budur—insanı düşündürən, ruhuna toxunan və qəlbini ilahi bir işıqla dolduran…

 

“Ədəbiyyat və incəsənət”

(11.03.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.