Şimal qonşumuzun ədəbiyyat funksionerləri yay günlərində istinin və pandemiyanın mərhumiyyətləri şəraitində ədəbiyyatsevərlərə üçgünlük III böyük onlayn layihə ilə əsil bayram yaşatdılar. Beynəlmiləl Yazıçılar İttifaqı, “Rossiyskiy kolokol” jurnalı, Moskva Yazıçılar İttifaqı və digər təşkilatçıların birgə ərsəyə gətirdikləri bu layihənin dünən üçüncü, yekun günü oldu. Xatırladaq ki, layihədə Rusiya yazarları ilə yanaşı Ukrayna, Belarus, İsrail, ABŞ, Avstraliya, o cümlədən Azərbaycan yazarları da iştirak edirdilər.
Əvvəlki günlərin gündəliyi barədə oxucularımızı məlumatlandırmışdıq. Yekun günü "Renessans" ədəbi layihəsi haqqında danışılan açıq görüşlə başladı. Bu görüşü Rusiya fantastikasının fəxri üzvü, "Aelita" beynəlxalq fantastika festivalının Təşkilat Komitəsinin sədri, Rusiya Yazıçılar İttifaqının Yekaterinburq bölməsinin və Beynəlmiləl Yazıçılar Birliyinin Yekaterinburq bölməsinin İdarə Heyətinin sədri Boris Dolinqo və yazıçı, publisist, ictimai xadim, ISP-nin Beynəlxalq İdarə Heyəti sədrinin birinci müavini, Puşkin adına I Beynəlxalq ədəbiyyat festivalının, P.P. Bajov adına mükafatın laureatı Qalina Berezina birgə keçirdilər.
Aparıcılar yerli redaktorlar məktəbinin ən yaxşı ənənələrinin bərpası ideyasının necə meydana gəldiyi barədə dinləyicilərə məlumat verdilər. Müasir ədəbiyyatdakı vəziyyətə nəzər saldılar. Qeyd olundu ki, mədəniyyətin rəqəmsallaşdırılması, habelə özünü peşəkar kitab istehsalçıları ilə bərabərləşdirən bir çox nəşriyyat platformaları ədəbiyyatın keyfiyyətini kəskin şəkildə azaldırlar. Bunun qarşısını almağın yollarından danışıldı.
Mühazirə zamanı dinləyicilər layihənin məqsədi barədə məlumat əldə etdilər. Bunlar yüksək keyfiyyətli ədəbiyyatın təbliğinə kömək etmək, bir də oxucuya seçim etdikdən sonra ən maraqlı işləri çatdırmaqdan ibarətdir.
Aparıcılar “Renessans”ın fəaliyyətinin necə qurulduğunu və hansısa bir istedadlı müəllifin yaradıcılığının təbliğinə necə çalışacağının effektiv olacağını diqqətə çatdırdılar. Bununla yanaşı, layihədə iştirakın peşəkar yazı ustalığının artırılması məktəbi də sayıla bilməsi vurğulandı.
Mühazirə dinləyicilərin böyük marağına səbəb oldu. Layihənin strukturu, nədən başlamaq və qarşılıqlı fəaliyyət strategiyasını necə seçmək barədə aparıcılara bir çox suallar verildi. Sonra "Müasir teatr tənqidi. Necə yazmaq. İcmallar" mühazirəsini yazıçı, şair, dramaturq, İlin ən yaxşı teatr işi müsabiqəsinin qalibi, İ. Annenski adına poetik müsabiqənin laureatı, XXXİV beynəlxalq “Aelita” fantastika festivalının mükafatçısı, ictimai-siyasi həftəlik "Moskva komsomolçusu” qəzetinin daimi teatr və ədəbi tənqidçisi Kseniya Alpinskaya söylədi.
Kseniya Alpinskaya teatr tənqidinin tarixindən, bu janrın teatr jurnalistikasından fərqlənməsindən danışdı. Dinləyicilər bu peşəyə necə “daxil olmaq”, hansı peşə keyfiyyətlərini inkişaf etdirmək barədə çox maraqlı şeylər öyrəndilər. İştirakçıların bu janrda sıfırdan, özünüdərkdən başlamaları mümkündürmü? Məlum oldu ki, əgər öz işlərini düzgün qurublarsa, bu variant da mümkündür.
Daha sonra Kseniya Alpinskaya konkret misallarla yüksək keyfiyyətli teatr resenziyasının necə qurulduğunu göstərdi. Və dərhal yeni başlayan rəyçilərin əsas səhvləri araşdırıldı: subyektiv qiymətləndirmə, tamaşanın məzmununun təkrarlanması, bir də xüsusi terminologiyaya pis yiyələnmək.
Dinləyicilər Kseniya Alpinskayaya teatr tənqidində öz təcrübəsi, müasir teatrın büdcə problemləri və özünü bu janrda sınamağın necə mümkün olması barədə suallarını verdilər.
Növbəti gün proqramında yazıçı, publisist və ictimai xadim Qalina Berezinanın oxuduğu "Müasir reallıqlarda kitabların satışı haqqında miflər və həqiqətlər" adlı mühazirə böyük maraq doğurdu.
Çıxışda kitab bazarının bütün dünyada həddindən artıq dolması barədə mühüm məlumatlar səsləndi. 2017-ci ildən bu sahədə böhran başladı – tirajlar yarıbayarı azaldı. Böyük nəşriyyatlar naməlum müəlliflərlə işləmək istəmədilər. Qalina Berezina yazar üçün öz adını irəli çəkmək, məşhurlaşmaq üçün bu gün nə lazım olduğunu bildirdi. Bu, yaxşı ədəbi tərcümeyi-hal kimi əsaslardan başlayaraq düzgün tərtib edilmiş əlyazma və sinopsis yazmaq bacarığı, müəllif hüququnun nə olduğunu və müəllif hüququnun hansı formalarını yeni başlayan yazıçının seçə biləcəyi barədə biliklərlə başa çatdırmaqdan ibarətdir.
Oxucular Qalina Berezinaya yazı yaradıcılığında, piarda öz şəxsi problemləri, yazı platforması haqqında və kommersiya təşkilatı ilə işin qurulmasına diqqət yetirilməsinin nəyə lazım olduğu barədə suallar verdilər.
Daha sonra festival iştirakçıları "Yaradıcı tale gözlənilməzlik sistemi kimi" adlı mühazirəni dinlədilər. Onu Vladimir Sutırin oxudu. Sutırin ədəbiyyat sahəsində iyirmidən çox kitabın müəllifidir, ədəbi mükafatlar laureatıdır. Kino sahəsində rejissordur, onlarla sənədli və televiziya filmlərinin müəllifidir, "Əqil" elmə həsr olunmuş Ümumrusiya film və televiziya proqramları festivalında mükafata sahib olub. Rusiya Federasiyası Mədəniyyət Nazirliyi və Mərkəzi Ssenari Studiyası tərəfindən keçirilən "Peşəkar" oyun filmlərinin ssenariləri üzrə Ümumrusiya müsabiqəsinin mükafatçısıdır.
Aparıcı öz maraqlı bioqrafiyasının nümunəsində yaradıcılıq yolunun gözlənilməzliyindən danışdı. Gözlənilməzliklər və sualtı daşlar yaradıcı peşələrin insanlarını gözləyir və uğur qazanmaq üçün insanda nə qədər inadkarlıq, məqsədyönlülük və inam olmalıdır ki, bu maneələri dəf edə biləsən..
Festivalın qonaqları arasında Sergey Lukyanenko, Roman Zlotnikov, Vadim Panov, Mariya Semyonova, Vasili Qolovaçev və Rusiya ədəbi elitasının digər nümayəndələrinə rast gəlmək olardı. Festivalın əsas sürprizi isə Alan Din Fosterlə – elmi-fantastik filmlər üçün ssenarilərin (o cümlədən dünyaca məşhur "Ulduz yolu" serialının), məşhur kinolentlərin ( o cümlədən "Qaranlıq ulduz", "Yad", "Riddikin Salnamələri", "Nə isə" və s.) dünyaşöhrətli müəllifi ilə görüş oldu. Dünya fantastikasının klassiki ilə görüş videogörüntülər formatında keçirildi. Alan Din Foster bizim həyatımızda kitabın mənası, fantastika janrının yolu, onun dünyagörüşünü necə formalaşdırması, müasir oxucu çevrəsi haqqında danışdı. Onun tarixin fəlsəfəsinin dünya fantastikasına necə təsir etməsi və hazırda dünya fantastikasının necə dəyişməsi, mədəniyyəti hərəkətə gətirməsi və sivilizasiyanın inkişafına kömək etməsi haqqında mülahizələri çox maraqlı idi.
Bununla da III böyük onlayn layihənin proqramı başa çatdı və uzun zamandır gözlənilən yekunlaşma və laureatların mükafatlandırılması saatı gəldi. Qaliblərə mükafatlar Boris Dolinqo, Kseniya Alpinskaya, Aleksandr Kofman və Qalina Berezina tərəfindən verildi. Festival monitorlara yazılmış iri “Biz III böyük onlayn layihənin ədəbi müsabiqələrinin bütün qaliblərini təbrik edirik və yeni görüşləri səbirsizliklə gözləyəcəyik” sözlərinin nümayişi ilə başa çatdı.
Növbəti buraxılışımızda layihənin qaliblərinin adlarını açıqlayacağıq.
Şəkildə: Alan Din Foster; onlayn layihənin reklam görüntüsü; Beynəlmiləl Yazıçılar İttifaqının emblemi.