“Bu sevdamın ömrü-günü bitməsin!” - ŞAHMAR ƏKBƏRZADƏ YARADICILIĞI BARƏDƏ Featured

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Vətən torpağını geyib əyninə
Çoxdan qovuşmusan ölçüsüzlüyə.

 

Şahmar Əkbər oğlu Əkbərzadə 1941-ci il 28 dekabrda Azərbaycan Respublikası Ağdam rayonunun Çəmənli kəndində ziyalı ailəsində anadan olmuşdur. 1958-ci ildə Mahrızlı kənd orta məktəbini bitirdikdən sonra həmin il Şuşa Pedaqoji Texnikumuna daxil olmuş və 1960-cı ildə texnikumu bitirmişdir. Elə həmin il M.F.Axundov adına Dillər İnstitutunun Rus dili və ədəbiyyatı şöbəsinə daxil olmuş, 1960-cı ildə Rus dili müəllimi ixtisası üzrə institutu bitirmişdir. Bir neçə il Çəmənli kənd orta məktəbində müəllim işləmiş, 1968-ci ildə Bakı şəhərinə köçmüşdür, Bakıda ilk iş yeri "Azərbaycan gəncləri" qəzeti olmuşdur, orada o  jurnalist kimi fəaliyyət göstərmişdir. Sonralar həmin qəzetdə şöbə müdiri vəzifəsində çalışmışdır. "Kommunist" qəzetində müxbir və şöbə müdiri olmuşdur. 1990-cı ildə "Mədəniyyət" qəzetini təsis etmiş və ömrünün sonunadək qəzetin baş redaktoru olmuşdur.

Şahmar Əkbərzadə 2000-ci il avqust ayının 30-da Bakı şəhərində dünyasını dəyişmişdir. 10 fevral 2014-cü ildə adını daşıyan "Şahmar Ədəbi Məclisi" (ŞƏM) təsis olunmuşdur.

Ölümündən sonra "Xarı bülbül nəğmələri" kitabı çap olundu  Bundan başqa, şairin müxtəlif illərdə “Anama layla”(1978), ”Sevgi borc verilməz”(1982), Ona yanıram ki(1988),”Haqqa pəncərə(1998), Sev məni”(2000) adlı kitabları çap olunubdur. Fidan Abdurəhmanovanın Şahmar Əkbərzadə haqqında “İstiqlal arzusu ilə yaşayan şair” adlı məqaləsi  "Elm və təhsil" nəşriyyatında  2022-ci ildə çap olunubdur. Vektor Beynəlxalq Elmlər Akademiyasının 2001-ci ildən etibarən təsis etdiyi Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafat hər il onun doğum günü ərəfəsində akademiyanın rəhbəri Elçin İskəndərzadə tərəfindən yerli və xarici ölkə şairlərinə, ədəbiyyatşünaslara təqdim edilir.

***

Şair “Utanım yerinə” adlı şerində həm maddi, həm də mənəvi dəyərlərə insanlığın münasibətinə toxunur. Utanc hissini ümumbəşəri və milli dəyərlər müstəvisində ifadə edən bu əsər, keçmişdən gələcək baxış bucağını göstərir. Əsər oxucunu düşünməyə və öz əməlləri ilə hərəkətinin vəhdətdə olmasını nəzərə almağa səsləyir. Burada yalnız fərdi deyil, kollektiv məsuliyyət də vurğulanır.


Utanım yerinə ay bulud sənin,
Allahın altında ağ eyləyirsən..
Alışır ciyəri çölün, çəmənin,
Yağışı dənizə səpələyirsən..
* * *

Utanım yerinə sənin, ay dəniz,
Susuzlar qoynunda yetmir kamına..
Çayların başını kəsib tər-təmiz,
Dönmüsən suların qəbristanına..
Bu da ki, min illik Türk qəbristanı,
Analar kor oldu ağı deməkdən..
Utanım yerinə, Türk yatağanı,
Gözlərin doymadı Türkü yeməkdən..
* * *

Utanım yerinə Misri qilincım,
Tufəng çıxan kimi qınına girdin..
Utanıb-qızarıb sənə güvəncim,
Sən öz qanımıza yerikləyirdin.
Utanım yerinə qoç Koroğlu, din!
Düşmənin kimiydi? – Həsən paşaydı..
“Leş bir yana, baş bir yana” -deyirdin,
Qalağa vurduğun qardaş başıydı..
* * *

Utanım yerinə Əmir Teymurum,
Əzdin Bəyazidi, qırdın Tatarı..
Sənin zəfərinlə sındı qürurum,
Yadlara qul oldu yurd balaları..

Şah babam Xətayi, ey Sultan Səlim,
“Çaldıran” deyəndə odlanıram mən..
Əsrlər keçsə də düzəlmir belim,
Sizin yerinizə utanıram mən..
* * *

Utanım yerinə ey insan oğlu,
Bir yandan əcəldən fəryad edirsən..
O biri yandan da zirehli, zağlı,
Ölüm silahları icad edirsən..
* * *

Bir utanc qurumu qurardım hökmən,
Egər olmasaydı məni qınayan..
Yerlərdən, göylərdən utanıram mən,
Utanım yerinə, ay utanmayan..!


 

“Dayanın” adlı şeirdə Şahmar Əkbərzadəölümdən və ayrılıqdan qorxduğu anları təsvir edir. Boynuna dolanan qolların, çiçəklərin və güllərin köçürülməsi üçün bir az tələsməməsi, hələ yaşamaq üçün vaxtının olduğunu bildirir. O, hələ ocaqların istiliyini, dərdləri yaşamağı və vüsalın ətrini duymağı arzulayır. Şairin arzusu, sevincini və həsrətini yaşamaq və onları zamanla cilalayaraq dəyişdirməkdir. Onun arzusu, daha çox mənalı və dərin şəkildə yaşamaqdır. Həsrətin "külə döndərilməsi" və günün "ilə döndərilməsi" kimi ifadələr, zamanın təbii axışına qarşı bir meydan oxumaq kimi anlaşıla bilər. Sonda  Səttərxanın məzarını öpməməsi, onun torpağını gözlərinə səpməməsi ayrılığa qarşı olan daxili fırtına kimi təqdim edilir.


Mənə əl eləyən əllər dayanın,
Boynuma dolanan qollar dayanın,
Çiçəklər dayanın,güllər dayanın,
Məni ötürməyə tələsməyin siz !
* * *

Hələ ocaqlardan od əmməmişəm.
Dərdimi Araza göməmməmişəm,
Vüsalın ətrinə bələnməmişəm,
Məni ötürməyə tələsməyin siz!

Dərddən hayıf çıxmamışam doyunca
Onu daşa çaxmamışam doyunca
Ərk qalama baxmamışam doyunca
Məni ötürməyə tələsməyin siz.
* * *

Qoyun sevincimi selə döndərim,
Günümü uzadıb ilə döndərim ,
Dəli həsrətimi külə döndərim ,
Məni ötürməyə tələsməyin siz!

Səttərxanın məzarını öpməmiş,
Torpağını gözlərimə səpməmiş,
Ayrılığa dəli nərə təpməmiş,
Məni ötürməyə tələsməyin siz !

 

“Bitməsin!”adlı  şeir şairin sevgisini və arzularını əks etdirən bir çağırışdır. Şair, keçmişdəki gözəl anları xatırlayaraq, o anları bir daha yaşamaq istəyir. Bu anların xatirə kimi qalmasını istəmir; o, hər birinin ömrü boyu davam etməsini və sevgisinin sonsuz olmasını arzulayır. Şairin hissləri çox təbii və içdən gəlir. Şeirin dili çox sadə və eyni zamanda təsirlidir. Təkrarlanan "Bu sevdamın ömrü-günü bitməsin!" ifadəsi şeirin əsas fəlsəfəsini gücləndirir. Bu təkrarlama şairin "bitməmək" və sevdanın zamanla silinməməsi arzusu ilə birləşir. Bu, həm də oxucunun içindəki həmin sevgi və həyat həsrətini yenidən canlandırır.

 

Apar məni o günlərə,o aya
Göz baxmaqdan,üz yanmaqdan doymaya,
Əllərimi əlin yaxin qoymaya,
Nəfəsimdə də nəfəsinə yetməsin,
Bu sevdamin ömrü-günü bitməsin!
* * *
Apar məni ilk görüşə,üşənim,
O görüşün ayaqina döşənim,
Biraz gecik,üşüm-üşüm üşüyüm,
Qoy ürəyim titim-titim titrəsin
Bu sevdamin ömrü günü bitməsin!
* * *

Apar məni o bahara gəl,gülüm,
Cicək olum əllərinlə üzülülm,
Bircə-bircə tellərinə düzülüm,
Xəyalimdan özgə xəyal ötməsin,
Bu sevdamin ömrü-günü bitməsin!

 
* * *

Apar məni o yerlərə, gəzək bir.

Anan səni şişə cəksin, dözək bir,
Bəhanə tap, inciyək bir, küsək bir.
Durub gedim, ayaqlarim getməsin,
Bu sevdamin ömrü-günü bitməsin!
* * *

Apar məni o günümə baxım mən,
Qizillari yandirim mən, yaxım mən,
Öz eşqimi barmaqina taxım mən,
Bir üzüyə yenə gücüm yetməsin,
Bu sevdamın ömrü-günü bitməsin!
* * *
Daş-qaş nədir,sən qüdrətdən süslüsən,
Göydən enməz mələklərin mislisən,
Bu dünyada bir od mənəm,bir od sən,
Alov varmi,mənə qibtə etməsin?
Bu sevdamin ömrü-günü bitməsin    

 

Şahmar Əkbərzadənin mənə görə, yaradıcılığının “şah əsəri” “48 ölçülü qadın geyimi” şeiridir. Bu əsərdə şair anasına olan münasibətini, onunla bağlı arzularını və həsrətini çox gözəl, aydın və kövrək bir dillə ifadə edir. Bu şeir, ana itkisi və bu itkinin yaratdığı ağrı və həsrəti çox təsirli şəkildə ifadə edir. "48 ölçü" paltar ölçüsü olaraq sadə bir şey kimi görünsə də, şeirdə bu ifadə həm də keçmişin,həm itirilmiş ananın, həm də ananın ölçüsüz dəyərinin simvoluna çevrilir. Təkrarlanan "48 ölçü" şairin kədərini və həyatında yaranan boşluğu nümayiş etdirir. Şeir həmçinin təbiət simvolları (qar, sel və s.) ilə oğulun daxili vəziyyətini və keçmişə olan bağlılığını gücləndirir. Həm ana itkisi, həm də vətənin itirilməsi bir-birinə paralel şəkildə təsvir edilir. Nəticədə, şeir fərdi itkini, həm də kollektiv itkiləri ölçülə bilməyən sonsuz bir acıya çevirir.


 

Geyimlər görəndə ana hər dönə

48 ölçüdə qalar gözlərim,
Cibim pullarımın qəbrinə dönər
Titrəyər dizlərim, dolar gözlərim

48 ölçüdə paltar geyərdin,
Kəsər şaxta məni, döyər qar məni.
48 ölçüyə çevrilib dərdin
Vitrindən boylanıb yandırar məni.

İmkanım hər dəfə imkansızlaşar
Baxar 48-lər arxamca dost-dost,
Hamısı əyninə gözəl yaraşar
Niyə birini də alammıram bəs?

Qalıb gözlərimdə murazım mənim
Təsəllim bir şirin gümana qalıb,
Sevinmək qismətim qızım Zöhrənin
Ölçüsü 48 olana qalıb.

Düşər boy- buxunun yadıma hər gün
Boyun gedər-gəlməz yolcusu olub.
Gör neçə ildir ki ,əyin-baş ölçün
Dönüb həstərimin ölçüsü olub.

Yazbaşı qar yağar ilk nübarıma ,
Mən səni yazbaşı itirdim, ana
Əyin-başın üçün yığdıqlarıma
Səni son mənzilə ötürdüm, ana

O vaxtdan payım nə, töhfələrim nə?
Oğul yox, ürəyi daş olmuşam mən!
Paltar əvəzinə, sənin əyninə
48 ölçüdə daş almışam mən

48 ölçüdə görsəm hər nəyi,
Nəbzim 48-ə enər anbaan
Uçunub yerindən qopar ürəyim
Sürünər müqəddəs torpağınacan

48 ölüçülü qadın paltarı
Tüstümü təpəmdən qalxızar göyə
Gələrəm, üstündə bitən otları
Gözümün yaşıyla əmizdirməyə

Geyimlər-keçimlər gəlməz eyninə ,
Biganə qalmısan, ana hər şeyə.
Vətən torpağını geyib əyninə
Çoxdan qovuşmusan ölçüsüzlüyə.

Geyimlər görəndə ana, hər dönə
48 ölçüdə qalar gözlərim,
Cibim pullarımın qəbrinə dönər
Titrəyər dizlərim, dolar gözlərim

 

“Ədəbiyyat və incəsənət”

(29.01.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.