Rəfail İncəyurd, “Ədəbiyyat və incəsənət” üçün
Birinci boy
Yusif Nəğməkar...
Çox şairlərin şəninə yaraşan, yaradıcılığına yanaşan “nəğməkar” epiteti Yusifin adına vəsiqələndi.
Səsələnən, eneryili, uğurlu, cazibədar ad, ədəbi təxəllüs... Bu, Allahın bir lütfü!
İkinci boy
Hər ikimiz İTV-nin “Ozan məclisi”nə dəvətliydik. İlk dəfə bir araya gəlirdik. Ona qədər mətbuatda, mediyada, virtual aləmdə tanış idik, yaradıcılığına bələdiydim aralıdan aralıya. “Ozan”da el şairi Qurban Musayev haqqında danışmalıydıq. Studiyada yanaşı oturanda əyani tanışlıq məqamına elə başladı ki, görən deyərdi ki, min ilin dostlarıdı bunlar. Onda Qurban müəllimin ədəbi müstəvisinin və şəxsiyyətinin portretini mühitin, məkanın fonunda elə fərqli bir dəst-xəttlə cızdı ki, gördüm standartlardan deyil, maraqlı adamdı, mətləbə öz yanaşmaları var. Şairin adına bağladığı kitabın qurluşu da maraqlıydı. Səhifələr boyu yan haşiyələrdə ömürlükdən fraqmentləri səpələmişdi ustalıqla. Bu, Yusifin barəsində üzbəüz, yanbayan ilk, müfəssəl təəssüratım oldu.
Üçüncü boy
Sumqayıta gedirdik Yusifin arabasında. İbrahim İlyaslının 50 illik yubiley törəninə yönlənib yol almışdıq. Yol bu nəğməkar şairin mənəvi dünyasının hər kəsə bəlli(açıq) olmayan 40-cı otağının qapısı qismən üzümə açıldı. Ədəbi cameyə gəlişində və sonrakı dostluq əlaqələri zamanı Bəxtiyar Vahabzadənin haqqında təsnifatının incə məqanlarını agah elədi. Ustada deyəndə ki:
Qızılgülün budağında tikan bitib,
Qaratikan kolunda yaşıl sığallı yarpaq.
Gözəlliyi qoruyan sərtliyə,
Sərtliyi gizlədən zərifliyə bax!..
Bəxtiyar müəllim əllərini göyə açıb: “Allah, sənə şükür, Allah! Ədəbiyyatımızın sabahı var”. Bax, bu bir kəlmə, bütün xeyir dualardan, uzun-uzadı ön sözlərindən ötə deyilmi?!
Yolboyu ən önəmli yenilik Yusifin səsində, zümzüməsində muğam parçalarını eşitməyim, eşidib heyrətlənməyim oldu. Süleyman Abdullayevin nəfəsini, ləmsini xatırladan unikal oxusu hələ də huşumda səslənir. Görünür, Allah istedad verdiyi adamlara istedadını nümayiş etdirmək üçün fərqli qabiliyyətlər də verir.
Dördüncü boy
Ötən yay sevgimizin ortaq ünvanı olan Şuşaya rəsmi səfər-ziyarət zamanı yenə qoşalaşdıq. Seçkin qələm dostlarımızın yerləşdiyi avtobusda yan-yana oturduq. Orda da həmişə olduğu kimi yenə hamıdan fərqləndi, mikrafon götürüb aparıcılıq elədi. Öz-özünə, təbii şəkildə koordinatorumuz oldu. Şeir şeir söylətdi, şeir söylədi:
Arxa-arxayadı silsilə dağlar,
Üstünə gürşadlar tökülsün, nə qəm!
Zirvələr buludu başına bağlar,
Bir daşı tərpənməz titrəsə aləm.
Sellərin ağzında yallar yalansa,
Təmkinli gədiklər baxar, sarsılmaz.
Şimşəyin qılıncı qızıl ilansa,
Qayalar kirpiyə dönər, basılmaz.
Ağaclar hörülər biri-birinə,
Helləşən kəllərin buynuzu kimi.
Mat qalıb dağların bu hünərinə,
Mələr təbiət də bir quzu kimi.
Dağları əbədi yaşadan belə
O dağın bu dağa kömək əlidi.
Əl-ələ verməyi, birliyi hələ
İnsanlar dağlardan öyrənməlidir!
Yusif Nəğməkarın onda səsləndirdiyi yerinə, məqamına düşən bu şerini dinləyib əl çalanlara mən də böyük məmuniyyətlə qoşulmuşdum.
Yolboyu yenə yaxşı bir coğrafiya dərsi keçdi yolçulara. Yusif Aran Qarabağdan(Beyləqan) olduğu və oraları ağac-ağac, daş-daş tanıdığı üçün Arandan Aran Qarabağa, Aran Qarabağdan Dağlıq Qarabağa keçid yerlərini və keçid yerlərində təbiət dəyişkənliklərini əyani şəkildə göstərir və yenə hər kəsin bilgisinə, marağına vəsilə olurdu. Şuşada qaldığımız üç gün müddətində davranışı ilə xarakterini də hir daha sərgilədi. Deyirlər ki, yol, səyahət adamı göstərib tanıtmağın ən yaxşı güzgüsüdü. Düz deyirlər.
Beşinci boy
Sonralar bizim Qazax Xeyriyyə İctimai Birliyinin bir sıra tədbirlərinə dəvət aldı, elə qaynadı-qarışdı ki, sədrimiz prof. İlham Pirməmmədov Birliyimizin fəxri üzvlüyünə qəbul etmək üçün ona zəmanət verdi. Görüşlərimiz intensivləşdi. 70 yaşımın tamamında digər yaxın dostlarin, həmkarların sırasında həm Atatürk mərkəzində rəsmi törəndə, həm də “Xarı Bülbül”də süfrəli, sazlı-sözlü ikinci hissədə də bir yedəydik. İncəli ola, İncəli məclisi ola, aşıx tünlüyü olmaya. Heç ağıl kəsən şey deyil. Aşıq Şaiq, aşıq Avdı meydan sulayırdılar. Onları əvəzləyənlər də olurdu. Sifarişlər davanbasaraq gəlirdi. Söz şair Yusif Nəğməkara veriləndə, dübarə aşiq Yusif Nəğməkar da peyda oldu. “Yanıq Kərəmi”si ustad aşıqların havacatları yanında heç sıxılıb-zad eləmədi. Şeirinə tuş gələn alqışlar, sazına da tuş gəldi.
Yusifin solo-saz ifaçılığı yarışmasının qalibi olmasını, çalğısında impirvizəli gedişlərini, özünün təbirincə desək sinə kamanının da (sikripka) mahir ifaçısı olmasını hamı bilir. Bir daha xridarların meydanına sazla girməsi (girib yarıtması) isə ayrı mətləbin nişanıydı.
Altıncı boy
AMEA-nın bağında Beynəlxal Kitab sərgisi düzənlənmmişdi. Möhtəşəm panellər həm paralel səsləşir, həm də bir-birini əvəz edirdi. Əraziyə girəndə kitablarını stollara düzənlər yalan oldu, Yusif gerçək. Tanyanların əhatəsində yenə də haylı-haraylı, eşqli-enerjili dialoqlar, söz-söhbətklər... Mənə də söz verdilər və mən təbrikimi və şair dostumun gözüm alan bu şeirini dedim:
ÖMÜR YOLU KİMİ...
Gör dünyanın harasında
Yar-yarğanlar arasında
Gözlərimin qarasında
Axan bulud xəyalımdır.
Heyrətim-ahım, amanım,
Fikrim-çəhlimli dumanım,
Qıjov çay-sazım, kamanım,
Sel-çağlayan royalımdır.
Yermi, göymü, heç bilmirəm,
Barı sən bax, seç, bilmirəm,
Yal aş, keçid keç, bilmirəm,
Yamac yaşıl boyalımdır.
Əlvan, sərgin tüllərə bax,
Kövrək, zərif tellərə bax,
Döşdə gəlin güllərə bax,
Qız qönçələr həyalımdır.
Bulaq təbim süvarlanan --
Dərya dərə avarlanan...
Axşamüstü yuvarlanan;
O gündöyən Ay alımdır.
Sərt kahalar daş küməli;
Yaradanın rahim əli...
Dağ sükutu vahiməli --
Nağılım, röya halımdır...
Yolu sağa, sola əyin,
O sıldırım sınmaz deyin.
Güzarımın bəxti yeyin,
Qədəmlərim sayalımdır.
Dağlar ucadır, uludur,
Ərzin bükülməz qoludur...
Keçdiyim ömür yoludur --
O da daşlım, qayalımdır...
Yeddinci boy
Tarix saatını durdurdu birdən,
Ümid baharımız qandan qışladı...
Zaman buzlaq kimi donduğu yerdən
İsinib, sındığı andan başladı.
Üşüyən torpağa isti qan töküb,
Çoxdan ər səsləyən meydana girdik.
Ürəyi qeyrətə, hünərə büküb,
Qarabağ səbrinin üstünə sərdik.
Qırx dörd gün içində hesab qanunu
Pozuldu hesabsız illərə rəğmən;
Otuzun cəmindən kəm gördük onu -
Məğzi kəmiyyətin dəyişdi həmən...
Atəşlər önündə leş qalaq-qalaq...
Bəlkə od yağdıran Tanrı əliydi.
Vətən sevgisinin yağmuruna bax -
Axışan əsgərmi, ya ruh seliydi?!
Məkrin qərinəcə çatılan qaşı
Ya şər, xəyanətin qəfil qəsdi ya...
Otuz il - torpağın əsarət yaşı,
Qırx dörd gün -
"məhbus"a şok "amnistiya"...
Sinə sipərimiz - çətən arzular...
Səda Rəbbimizdən, can özümüzdən.
Doğdu günəşimiz - Vətən arzular
Şəhidlik, qazilik danüzümüzdən.
...Otuz il sıxıldıq yaytək, sonunda
Dəli nərə kimi açıldı ünüm;
Haqqa süvar oldu heyrət donunda
Dünyanı mat qoyan o qırx dörd günüm!..
Boylarımız boy verə-verə irəliləməkdə… Yusif Nəğməkar ömrünün müdrik çağının müdrik şeirlərini yazmaqda… Hər yerdə, hər zaman görünrülü və sevilən bir ömür hekayəsi yazmaqda… Gələcəyə, görəcəyə Salam olsun!
“Ədəbiyyat və incəsənət”
(25.01.2025)