“Canım-gözüm mənim Azərbaycanım” - Sumqayıtda Nəbi Xəzrinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib Featured

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət”

 

Əgər ki, yıxılsam çinar göstərin,

Mən ona söykənib Arana baxım.

Gözlərim görməsə Göygölü verin,

Mən onun gözüylə cahana baxım,

Hər yerdə, həmişə sənsən gümanım,

Canım-gözüm mənim Azərbaycanım.

 

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin 2024-cü il sentyabrın

9-da imzaladığı Sərəncama əsasən bu il Xalq şairi, Dövlət mükafatları laureatı, Azərbaycan sevdalısı Nəbi Xəzrinin 100 illik yubileyi  ilə bağlı ölkəmizin hər yerində tədbirlər gerçəkləşdirilir.

Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi, Ə.Kərim adına Poeziya klubu və Milli qəhrəman Polad Həşimovun adını daşıyan 28 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə  Poeziya Evində Xalq şairi Nəbi Xəzrinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Şəhərin tanınmış qələm adamları, ziyalılar və məktəblilərin iştirak etdiyi tədbirdə

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Ofelya Babayeva,Əşrəf Veysəlli, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu, filologiya elmləri doktoru, professor Avtandil Ağbaba, AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, AYB Poeziya Seksiyasının rəhbəri, Poeziya Evinin direktoru İbrahim İlyaslı, Əməkdar artist Nazir Rüstəm və qəzəlxan Lilpar Cəmşidqızı çıxış ediblər.

Şagirdlərin ifasında N.Xəzrinin şeirləri və eyni zamanda, şeirlərinə yazılmış mahnılar əsasında hazırlanan kompazisiya iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Şairin oğlu Arzu Babayev tədbirin təşkilində əməyi olanlara təşəkkürünü bildirib, atasının xatirəsini əziz tutan hər kəsə ailəsi adından minnətdarlığını ifadə edib.

Sonda məktəblilərin ifasında şairin sözlərinə SSRİ  Xalq artisti Müslüm Maqomayevin bəstələdiyi "Azərbaycan" mahnısı səslənib.

 

“Ədəbiyyat və incəsənət”

(22.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.