El şairlərimizi unutmayaq - ŞİKƏSTƏ RÜSTƏM Featured

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

 

XATIRLAYAQ Kİ, BİZLƏRİ DƏ XATIRLAYANLAR OLSUN” silsiləsindən...

 

 

“Dördəlli tutmadım dünya varını,

Adımı gözlədim el arasında”

Şikəstə Rüstəm..

 

Kəlbəcərimizin həmişəyaşar şairlərindən biri də Şikəstə Rüstəmdir. Elə gəncliyindən yazdığı şeirlərlə həmişə gündəmdə olmuşdur. Şairin şeirləri bütün saz-söz məclislərinin yaraşığına çevrilmişdir..

 

RÜSTƏM  XƏLİL OĞLU XƏLİLOV..

1882 cı ildə Kəlbəcər rayonunun Qamışlı kəndində anadan olmuşdur. Lakin bəzi mənbələrdə şairin düzgün olmayaraq doğum tarixini 1890-cı il yazmışdılar. Rüstəm kişi də zamanın tələbinə uyğun molla məktəbində təhsil alıb. Uzun müddət Meşə təsərrüfatı idarəsində meşəbəyi işləyib. Müəyyən müddətlərdə kənd soveti sədri, kolxoz sədri vəzifələrində olub. O nəinki öz kəndinin, hətta rayonun sayılıb-seçilən, mötəbər insanlarından biri idi. 

1930-cu illərdə Rüstəm kişi kolxoz sədri işlədiyi müddətdə şair Növrəs İman, Ağdabanlı şair Qurban müxtəlif vaxtlarda onun yanında katib vəzifəsində çalışmışdılar. Şairin yazdığı qoşmalar, gəraylılar və müxtəlif səpkili şeirləri elə o zamandan aşıqların dilinin əzbəri və məclislərin bəzəyi olmuşdur...

Rüstəm kişi də digər Kəlbəcərlilər kimi dostluqda çox etibarlı, hörmətcil və səxavətli bir insan kimi yadda qalıb. Onun duzlu-məzəli deyimləri indi də camaatımız arasında yeri düşdükcə söylənilir:

 

Həqiqi dostların  hər zəhmətini,

Çəkərəm cahanda el əvəzində..

Desələr tikan var dostun yolunda,

Tutaram dəstimdə gül əvəzində..

 

Dost zəhməti  dosta gül gərək olsun..

Dəqiqə ayrısı il gərək olsun...

Arada bir şirin dil gərək olsun,

Yamanı yaxşılıq bil əvəzində...

 

Şikəstə Rüstəməm, şikəstə halım,

Sədaqət yolunda qurbandı malım..

Leyli- nahar kəşt eyləyər xəyalım,

Dastanım dolaşar dil əvəzində.

 

Şair-tədqiqatçı Yusif Hüseyn danışır:

-Xoşbəxtliyimin biri də odur ki, Rüstəm əmi ilə şəxsən, üzbəsurət görüşmüşük və birlikdə çörək yemişik. Bu 1972 ci ilin avqustunda olub. Onda rəhmətlik Meşəbəyi idi, Qamışlı zonasında. Qışa odun tədarükü üçün icazə bileti alıb onun yanına getmişdik. Bu o zaman idi ki Rüstəm kişinin yaşı doxsanı haqlamışdı. Amma insafən çox qıvraq və yaxşı qalmışdı. Ömrü-günü qədirbilən dostlarla  gözəl məclislərdə, gözəl yaylaqlarda at belində keçən adam belə gümrah da qalmalı idi. 

Meşədə süfrə saldıq və birlikdə yemək yedik. Rəhmətlik öz atı ilə gəlmişdi. Odun doğrayan “Drujba” işlədənə dedi ki, mən gedirəm. Bu kişilər əlini hansı ağaca uzatsa onu da kəsərsən. Amma bircə baxın ki, sağlam ağac olmasın. 

Belə bir geniş ürəkli ağsaqqalı necə yaddan çıxarmaq olar. Həm də ki gözəl təbli şair ola?!....

 

Hiss edirsən ki, şair yaşlandıqca həyatın keşmə-keşlərini olduğu kimi necə də aydın və təsirli bir şəkildə nəzmə çəkə bilir:

 

Kəpəzin tərlanı, dağlar qartalı,

Qocalıb şikardan qalan çağıdı...

Ömür baharının gülü, çiçəyi,

Könül baxçasının solan çağıdı...

 

Köhlənim yorulub, nə mənzil basa?!

Gedibdi xəyalım, batıbdı yasa...

Qatarım kürk olub, tüfəngim əsa,

İllərin saçını yolan çağıdı...

 

Gəzdiyim oylaqlar yad olub məndən,

Həsrətin çəkirəm kənardan, gendən..

Qəlbim təlaşlanır dumandan, çəndən,

Gözümün leysantək dolan çağıdı...

 

Rüstəm yüz yaşını qoyubdu gerdə...

Huşu dağılıbdı, qalmayı sərdə...

Ölüm xoşdu baş əyməkdən namərdə,

Viranə könlümün talan çağıdı...

 

Şikəstə Rüstəm şerin bütün növlərində gözəl sənət nümunələri yaratmışdır. Onun təcnisləri, divaniləri də gəraylıları və qoşmaları kimi axıcı və yadda qalan idi. Ölümündən sonra övladları əldə olan şeirlərini kitab halında nəşr elətdirmişdilər. Əfsuslar ki mənə o kitabdan gəlməyib...

Şairin bir şerini də sizlərə ərməğan edirəm dostlar:

 

Köhnə yaram qövr eylədi təzədən,

Bülbül kimi gül yadıma düşəndə..

Güneylərdə cüyür-ceyran oylağı,

Sona kəklik, çil yadıma düşəndə...

 

Kamil ovçu oldum, oxum-kamanım,..

Yorulmaq bilməzdi cavan zamanım..

Daha qocalmışam, qaralır qanım,

Laçın qaya, Çal yadıma düşəndə...

 

Könlümü bürüyüb çiskinli duman,

Ömür sarayıma qalmayıb güman..

Düşəndə yadıma sirdaşım Qurban,

Göz yaşımdı sel, yadıma düşəndə...

 

Rüstəmin qəlbini oxuyan bilər...

Kimisi ağlayar, kimisi gülər...

Divanə könlümdən gör keçir nələr?!

Şux gözəllər, tel yadıma düşəndə...

 

Şikəstə Rüstəm ağırtaxtalı bir el ağsaqqalı idi... Mən çəkinmədən deyərdim ki, Şikəstə Rüstəm də Kəlbəcərin Filosof şairlərindəndir. Elə o zamanda əzbərimdə qalan bir bəndi:

 

Dördəlli tutmadım dünya varını,

Adımı gözlədim el arasında...

...Şikəstə Rüstəməm özümdən sonra

Söz-söhbətim gəzər dil arasında..

 

Bəli, həqiqətən də sən dillərdə gəzən, könüllərdə yaşayan şairsən Rüstəm Əmi...

Həyat yoldaşları dünyasını vaxtsız dəyişdiyindən Rüstəm kişi dördüncü dəfə ailə qurub.. Bu evlilklərində 20 övladı olub..

Rüstəm əmi 1987-ci ilin sentyabr ayında 105 yaşında dünyasını dəyişdi.. Və doğma Qamışlı kəndində dəfn olundu...

Sonuncu  evlənmə ərəfəsində qardaşı şair  Zal Cabbarlı zarafatyana, duzlu-məzəli  bir şeir yazmışdı. Sizlərə həmin şeri də təqdim edirəm əziz oxucular:

 

Eşitmişəm təzə eşqə düşmüsən?!

Təzədən evlənmək çala yaraşmaz...

Uşaq olsan öyüd vermək asandı,

Daha sən tək əhli-hala yaraşmaz...

 

Üç arvad almısan bəsdi, bezə var...

Dördün arzulasan el səni qınar..

Böyüklər bir yana, cavan  uşaqlar,

Baxar, gülər bu münvala, yaraşmaz...

 

Altmışa yetməyə yaşın az qalıb...

Saç tökülüb, başın tamam daz qalıb...

Saqqalın ağarıb, haran düz qalıb?!

Nəinki Rüstəmə, Zala yaraşmaz...

 

Allah qəni-qəni rəhmət eləsin hər iki qardaşa. Onların hər ikisinin yaradıcılığı da Kəlbəcər mənəviyyatının tərkib hissəsidir. Belə insanları unutmaq özü günahdır.

Sonda onu da xatırladım ki, şəkildə Rüstəm əmi qızı Şükufə ilə birlikdədir...

İndi Şükufə xanım Mərdəkandakı Kəlbəcər məktəbində müəllimə işləyir. Onun oğlu Tahir Xəlilzadə müəllim idi, xalq arasında sözü, şeiri və hörməti ilə  ad qazanmışdı. 80 yaşında rəhmətə gedibdir. Və çoxlu nəvələri var. Özü də onların içində şairlər də var, gözəl şeirlər müəllifidirlər.

 

“Ədəbiyyat və incəsənət”

(20.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.