“Ədəbiyyat və incəsənət” portalının Redaksiyasına ünvanlanan növbəti şeirlər sevilən şair Yusif Nəğməkardandır. “Yeni + (lər)...” silsiləsindən yazılan şeirlər elə bu yaşadığımız dekabr ayında yazılıbdır.
BU GECƏ
Bu gecə şirin yuxuda
xəmrəsi acımış şeir yazırdım.
Yazırdım
səndən, məndən, dünyadan...
Yazırdım sökülüncə dan...
Ayılıb,
bayırda yağış gördüm.
Səkilərdə, ağaclarda,
Evlərin damında
ağappaq qış gördüm...
Bu gecənin qaranlığını
vüsal yağmuru bürümüşdü.
Onu ayıqda görməyəndə
"Sındı qol-qanadım yanıma düşdü".
Oyuncağa aldanan uşaq kimi
yenidən yumdum gözlərimi-
Vüsal yuxum olan yerdə-dedim, həsrət neçin olsun?!.
Allah, Allah,
Bircə şeirim çin olsun!..
ODALA
Odumdan od al,
Od içib, dad al.
Vücudumda od tala,
Talada od qala,
Odumu odala.
Prometey deyiləm ki,
Sənə oğurluq od verəm.
Mən odu ruhumdan süzülən
bir alov dilli qələmlə
sənə yazacağım
iki sözlük şeirəm...
QALAN QALIQ
Bəhr görəvimin deltasıdır
fikir ələklərim.
Ələnən əməllərimin həndəvərində dolanıb
Əhdimə əl-ayağı dəyməsin
bekar fələklərin...
Madam ürəyimlə əqlimin
hökmündən götürdüklərim
birbəbir leqaldı,
Onda soruşaq:
-- "qeyri"...lərə nə qaldı --
Qalıq-qalıq oyulmağımmı,
Ya öyülüb, yayılmağımmı?!.
QALDIRIB-ENDİRMƏ
Məni qaldırma çox yüksəkliyə --
Sınıq-salxaq misralarımın
başı g i c ə l l ə n m ə s i n...
Orda özümlə vuruşum olsun,
Döyüşdə duruşum olsun...
Məni endirmə çox dərinliyə-
Qəlbi fikrimin qollarındakı,
Dizlərimdəki sıldırım yoxuşun
üzü aşağı dikəli daşıtək
g ü c h e l l ə n m ə s i n...
YAXINLIĞIN UZAQLIĞI
Gözlərdən axan
hər bulanıq damla yaş deyil.
Hər soyuq, hər tufan, hər çovğun qış deyil.
Dizə çıxan bəyaz axar-baxar da,
Göy üzündə şimşəkçaxar da
qış deyil.
O, nə təbiətin qəzəbi,
Nə də zillətin söz-sovudur.
Əsl qış ürəklərdə çatılan ocaqların
yaxınlıq soyuğunda
burum-burum tüstülənən
uzaqlıq alovudur...
YOL AÇIRAM...
Mən
özümdən sahilimə can atan,
Köhlən sular yalmanına yatan
dilman dəniz dalğasıyam-
Daim qıjov ötəcəm.
Cismim qərib sahildəki
Susuz ağac gövdəsidir-
Quraqlıqda bitəcəm.
Suya təşnə budaqlarım-
Arzular ünvanına
uzalı qollar.
Öndə qumlu, islaq, daşlı yollar...
Yolların ağuşunda amacımın sınağı.
Üstümdə
zəif vücudların qınağı...
Qarşıda
aşacağım aşırımlı yallar...
Bir yanda çırpınan zorluq,
Bir yanda çarpan ürək...
Təəccüblər, heyranlar
güzarımın çəpərinə
sancılıb dirək-dirək
Dirəşməyin mənimlə.
Gedirəm yol aça-aça;
Qaçarıma,
Uçarıma,
Açarıma qənimlə...
“Ədəbiyyat və incəsənət”
(16.12.2024)